Azərbaycanın "cənub
qapısı" - Astara
Kim nə deyir desin soyuq,
yağışlı, qaş-qabağından zəhər
yağan bir qış günündən heç kimin xoşu
gəlməz. Lənkərandan Astaraya uzanan yolun cəmi 40
kilometr olmasına baxmayaraq sanki maşınımız nə
vaxtdır yol gedir. Çünki çılpaq
dağlardakı ağaclar, boz rəngli çöllər
çiskin yağış altında xeyli qüssəli, kədərlidir.
Azərbaycanın çox gözəl guşələrindən
olan Astara da qışın hökmünə tabe olduğundan
bir qədər məhzundur. Ancaq dağlara
sığınmış kəndlərdəki bir-birindən
yaraşıqlı evlər, həyətlər bu məhzunluğu
aradan qaldırır - demək həyat var və bu
görüntülər adamın içində bir nur kimi
parlayır.
08 avqust 1930-cu ildə təşkil
edilmiş, Talış dağlarının ətəklərinə
sığınmış, Xəzərin sahilində xumarlanan
Astara rayonunun indiki ərazisi 616,4 kvadrat kilometr, əhalisinin
sayı isə 95600 nəfərdir. 165 ərazi nümayəndəliyində,
49 bələdiyyədə birləşən Astara cənubdan
Azərbaycanın qapısıdır. Güneydə qalan daha
bir Astara isə burdan cəmi beş addımlıqda, İran
İslam Respublikasının tərkibindədir...
Astara şəhərinin
girişindən başlayıb, beynəlxalq normalara uyğun
inşa edilmiş, 205 nəfərin
çalışdığı Astara Gömrük İdarəsinə
- sərhəddə qədər uzanan Heydər Əliyev
prospektinin uzunluğu 8 kilometrdən çoxdur. Bu səliqəli,
axar-baxarlı prospekt bəlkə də ölkədə ən
uzun prospektdir. 2010-cu ildə salınmış Dövlət
Bayrağı meydanı da bu prospektin ən möhtəşəm
abidələrindən biridir. 65 metr hündürlükdə
üçrəngli, əzəmətli Azərbaycan
bayrağı aram-aram dalğalanaraq ətrafdakılara
qürur verir. Elə burda sahəsi 900 kvadrat metr olan 2 mərtəbəli
Gənclər evi meydana layiq müasir bir memarlıq incisidir.
Mənim sevdiyim şəhər
Özünəməxsus
görkəmi olan Astara şəhəri sanki Avropa ilə
Asiyanın sintezidir. Cəmi 20193 nəfər əhalisi olan bu
şəhər o qədər də böyük deyil. Şəhərin
çox müasir tikililəri, səliqəli küçələri,
yaşıllıqları Avropadırsa, sakinlərin xarici
görkəmləri, davranışları, bir də qonşu
İran İslam Respublikasından Astaraya gələn
çadralı qadınları Asiyadır. Maşınların
girişinə qadağa qoyulan meydan isə xüsusilə
gözəldir. Şəhər musiqi məktəbinin, DSMF
rayon şöbəsinin, Uşaq əyləncə mərkəzinin,
" Beynəlxalq" Bankın, cənubda çox məşhur
"Şindan" otelinin, Astara rayon İcra Hakimiyyətinin
yenidən təmir edilmiş inzibati binası doğrudan da
könül açandır. Ulu Öndərin heykəli ucalan
meydanda indi onun adına layiq, möhtəşəm Heydər Əliyev
mərkəzi inşa edilir. Və bu meydançadan- Heydər Əliyev
parkından bir neçə yüz metr aşağıda sərhədyanı
rüsumsuz Ticarət Mərkəzi yerləşir. İnsanlar
burada daha çoxdur, hamı harasa tələsir. Ticarətçilərlə
söhbətdən məlum oldu ki, Novruz bayramı ərəfəsi
olduğundan indi buranın "sakinləri" daha
çoxdur.
3 nəfər Sovet
İttifaqı Qəhrəmanı, 2 nəfər
"Şöhrət ordeni"nin hər üç dərəcəsini
almış Qəhrəman, 1 nəfər Azərbaycan
Respublikasının Milli Qəhrəmanı, 1 nəfər
Sosialist Əməyi Qəhrəmanı və bir çox fəxarətli
insanları olan Astara rayonunun mərkəzində elə
onların adına layiq də kiçik bir xiyaban var. Neçə
gün əvvəl başlamış və hələ də
davam edən çiskin yağışa baxmayaraq küçələrdə
gölməçə adında bir şey yoxdur, axı dəniz
iki addımlıqdadır. Çox ani yaranan sakitlikdə dənizin
sahilə çırpılan dalğalarının səsi
eşidilir.
Salam, köhnə dostlar!
Neçə illərin
dostluğunu yaşatdığımız, gözəl
jurnalist, Astara rayon İcra Hakimiyyətində ictimai-siyasi
şöbəyə rəhbərlik edən Azər Abdullayevlə
görüşümüz həmişə səmimi olub:
- Di gəl, bununla
görüş, hələ qucaqlaşıb öpüş də.
Jurnalist, sən tamam islanmısan ki.
Ancaq səni də qınamıram, belə çiskinli, romantik rüzgar sizdə olmur axı - deyib zarafatından da qalmır.
Ümumi hal-əhvaldan
sonra Astaradan yazı hazırlamaq fikrimə yenə zarafatla
reaksiya verdi:
- Dostları sonraya
saxlamısan, bilirsən ki, inciyən deyillər. Hərçənd
ki, əvvəl bizdən başlamağın haqqımız
idi. Bax, neçə illərdir Astaranı tanıyırsan,
heç belə olduğunu görmüsən? Hələ bu
işimizin görünən tərəfidir, görünməyən
çox böyük hissəsini də Astara rayon İcra
Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə
müavini Xanverdi Şirinov deyəcək. Bütün bu
uğurların qazanılmasında 08 sentyabr 2006-cı ildən
Astara rayonuna rəhbərlik edən Rayon İcra Hakimiyyətinin
başçısı Mahir Hacı oğlu Quliyevin əməyi,
zəhməti, haqqı çox böyükdür. Bunların
hamısı bu gün rəsmi rəqəmlərdir. Ancaq rəqəmlərin
arxasında çox böyük əziyyətlər, gərginliklər
durur. İndi görək Xanverdi müəllim bizi qəbul
edirmi?
Astara rəsmi rəqəmlərin dili ilə
Xanverdi müəllim
işinin çox olmasına baxmayaraq vaxt tapıb son vaxtlar kərpic-kərpic
böyüyən, inkişaf edən Astara rayonu haqqında
ürək dolusu danışdı:
- Ondan başlayaq ki, bizi
daim narahat edən, bərbad vəziyyətə
düşmüş Astara- Bala
Şahağacı yolunu
axır ki, yenidən qurub astaralıların ixtiyarına
vermişik. Bir neçə yaşayış məntəqələrini,
dövlət obyektlərini birləşdirən bu yolun yenidən
qurulması üçün möhtərəm Prezidentimiz 21
aprel 2010-cu il tarixli Sərəncam imzalamış, 3,5 milyon manat
da vəsait ayırmışdır. 19 kilometr uzunluğu olan
bu yolun çəkilişi az müddətdə başa
çatsa da, sevinci hədsiz-hüdudsuzdur. Astara şəhərinin
müxtəlif küçələrində də asfalt, təmir-tikinti
işlərinə xüsusi diqqət vermişik. Qısaca desək,
tikinti-abadlıq işlərinə 2007-ci ildən indiyə
kimi Dövlət Neft Şirkəti tərəfindən
üst-üstə 2 milyon manat vəsait
ayrılmışdır. Astaradakı Qaz Kompressor Stansiyası
genişləndirilmiş, gündəlik gücü 5 milyon kub
metrə çatdırılmışdır. Rayonda vaxtilə
qazlaşdırılmış 26 kəndə mavi qazın
verilməsi yenidən bərpa edilmişdir.
2010-cu ildə Astarada 116
milyon manatlıq məhsul istehsalına nail olmuşuq ki, bu da
ötən illərlə müqayisədə dəfələrlə
çoxdur. Bu dövrdə sənaye məhsullarının həcmi
21 dəfə, kənd təsərrüfatı məhsullarının
istehsalı 2,9 dəfə artmışdır. Nəticədə
insanların orta əmək haqqı da artaraq 5,5 dəfədən
çox olmuşdur.
Rayondakı
çayçılıq ənənələrini bərpa etmək
məqsədilə daha 200 hektar sahədə çay
plantasiyası salınması üçün ən vacib ilkin
işləri başa çatdırmışıq. Bu da 160 nəfər
Astara sakininin işlə təmin edilməsilə nəticələnmişdir.
Fikrimiz var ki, Astarada çayçılığı daha da
inkişaf etdirək.
Astaradakı sitrus və
subtropik meyvə sahələri 2000 hektara qədər
böyüdülmüşdür. Meyvə və sitrus bitkilərini
saxlamaq üçün müvafiq olaraq 2500 və 350 tonluq
soyuducu anbar tikilib. Bu məhsulların emalı
üçün 2 istehsal müəssisəsinin
yaradılması meyvəçiliyin inkişafına təkan
olacaq. Dediyim və deyə bilmədiyim bütün bu işlərin
nəticəsində yeni açılmış iş yerlərinin
sayı 4528-ə çatdırılmışdır.
22 yeni orta məktəb
binasının tikilməsi, 11-nin əsaslı təmir edilməsi,
müasir tələblərə cavab verən 4 həkim evi -
tibb məntəqəsi, şəhid ailələri və əlillər
üçün 16 və 32 mənzilli yaşayış
binalarının inşa edilməsi də son illərin məhsuludur.
Görəcəyimiz
işlər kifayət qədərdir. Pəncərədən
görünən o Heydər Əliyev Mərkəzinin, Olimpiya
İdman Kompleksinin tikintisini sürətləndirməliyik. Rayondakı
63 ümumtəhsil məktəbindən 12-sində əsaslı
təmir aparılmalıdır. 250 çarpayılıq yeni xəstəxana
binasını inşa etməyi qərarlaşdırmışıq.
95 kilometr kəndarası yolların təmiri və
asfaltlaşdırılması vacibdir. Belə,
görülmüş və görüləcək işlər
haqqında qısaca bu qədər. Görünür sən də
xeyli yol gəldiyindən yorulmusan, nahara da az qalır.
Doğrudan, vaxtın necə
keçdiyini heç birimiz hiss etməmişdik.
2011-ci il "Turizm ili"dir
Dənizi,
dağları, sıx meşəlikləri, yaşıl
ormanları olan Astaranın özünə məxsus gözəlliyi
var. Xüsusən yay aylarında onsuz da qonaqlı-qaralı
olan bu rayonun müsafirləri daha çox olur. Coğrafi
baxımdan çox gözəl məkanda yerləşən
Astara indi turistlərin ən çox üz tutduqları
regionlardan biridir. Ölkədə turizmi daha da inkişaf etdirmək,
Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq
üçün Prezident İlham Əliyev cənablarının
2011-ci ili "Turizm ili" elan etməsi də məhz bu səbəbdəndir.
Astaranın mərkəzindəki dörd ulduzlu
"Şindan" oteli, Siyakü kəndindəki
"Abşeron" turizm istirahət mərkəzi və bu
kimi digər obyektlər çoxdan istirahət sevərlərin
ixtiyarındadır. Hazırda isə mavi Xəzərin sahilində
insanların bütün ehtiyaclarını ödəyəcək
Turizm İstirahət Mərkəzi salınır. Hər il
Astaraya gələn qonaqların getdikcə
artdığını nəzərə alsaq, müasir tələblərə
cavab verən sanatoriya, pansionat, istirahət mərkəzlərinin
sayının artırılması vacibdir. Çox
böyük müalicəvi əhəmiyyəti olan İsti su
ərazisində belə obyektlərin inşa edilməsi
Astaraya, eləcə də ölkəyə iqtisadi, siyasi, mədəni
divident gətirərdi. "Yəqin ki, çox yaxın
vaxtlarda bu istiqamətdə Astarada geniş tədbirlər
planı həyata keçiriləcəkdir". Bunu da Astara rəsmilərindən
biri söylədi.
Sahibkarların meydanı genişlənir
45512 baş qara malı,
28873 baş xırdabuynuzlu heyvandarlığa malik Astarada
ötən il 5207,9 ton taxıl tədarük edilmişdir.
Heç şübhəsiz ki, aqrar sahədə daha
böyük uğurlar əldə etmək üçün
sahibkarlıq fəaliyyətinə də geniş yer verilməlidir.
"Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncama əsasən
istehsalçılara yanacaq, mineral gübrələr
baxımından əsaslı kömək göstərilir. 2010-cu
ildə Astarada 269 nəfər fermerə, fiziki şəxsə
513 ton mineral gübrələr güzəştlə
satılmışdır. Sahibkarlığa Kömək Milli Fondu da 36 sahibkara
420 min manat kredit vermişdir.
"Prezident təqaüdçüsü
hamımızın fəxridir"
Bu sözləri hər
bir astaralı fəxrlə söyləyir. Söhbət ondan
gedir ki, ötən il şəhər 5 saylı orta məktəbin
məzunu Fərid Elçin oğlu Məmmədəliyev ali məktəbə
qəbul imtahanında 685 bal toplayaraq Prezident təqaüdünə
layiq görülüb. Astara rayon Dövlət sığorta
filialının direktoru İlhamə Həşimova isə odu
lap qabağına çəkdi: "Fərid hər bir
astaralının övladıdır, ancaq mənim doğma
bacım oğludur. Mən də çalışıram ki,
öz işimlə Astara rayon rəhbərliyinin
etimadını doğruldum. Ötən il planı 84 faiz yerinə
yetirə bildim. Hərbi xidmət vaxtı şəhid
olanların ailə üzvlərinə, zərər çəkmiş
əlillərə 50600 manat sığorta yardımı verə
bilmişəm. Yəqin bu il daha fəal işləməli
olacağam".
Bütün yollar geri qayıdır
Mən Astaranı tərk
edəndə hələ də çiskin yağış
yağırdı. Bu tərəflərdə çox
olduğumdan belə havanın hələ bir müddət də
davam edəcəyini bilirəm. Ancaq yerli sakinlər buna öyrəndiklərindən
elə də narahat deyillər.
Rayon mərkəzindən
xeyli aralıda yerləşən Astara Dəmir Yolu
vağzalına getmək üçün xeyli vaxt
lazımdır. Axşamın qaranlığında vağzala
tələsən maşınlar çoxalıb. Bakı -
Astara sərnişin qatarı geri - paytaxta 20:05-də
qayıdır. Xəzərin dalğaları xeyli gücləndiyindən
elə bil vağzal binasını uçurmaq istəyir. Çünki
Astarada vağzal dənizin lap kənarındadır.
Mən də evə tələsirəm.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 17 mart.- S. 7.