Əlibaba Məmmədov:
"Muğama bu cür
yüksək beynəlxalq
qiymətin verilməsində
Mehriban xanım Əliyevanın böyük
zəhməti olub"
"Azərbaycan muğamı
qədim və zəngin ənənəyə
malikdir. Əsrlər boyu muğam sənəti Azərbaycan xalqının ən yüksək mənəvi
nailiyyətləri ilə
zənginləşib, inkişaf
edib. Ölkəmiz müstəqillik qazandıqdan
sonra isə bu inkişaf yeni mərhələyə qədəm qoyub. YUNESKO tərəfindən
Azərbaycan muğamının
qeyri-maddi mədəni
sərvətlər sırasına
daxil edilməsi heç də təsadüfi sayılmamalıdır.
Yaddan
çıxarmamalıyıq ki, Azərbaycan muğamına bu
cür yüksək beynəlxalq qiymətin verilməsində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın böyük zəhməti
olub". Bu sözləri "Muğam aləmi" II Beynəlxalq
muğam festivalının iştirakçısı, xalq
artisti Əlibaba Məmmədov AzərTAc-a müsahibəsində
deyib.
Artıq ikinci dəfədir
ki, Azərbaycanın ev sahibliyi ilə keçirilən Beynəlxalq
muğam festivalının tarixi əhəmiyyət
daşıdığını söyləyən Ə.Məmmədov
qeyd edib ki, bu layihələr xalqımıza məxsus muğam
sənətinin bütün dünyaya yayılmasına yeni
imkanlar açacaq: "Bu gün biz qonaqlarımızı
bir-birindən gözəl, yeni təmir edilmiş konsert
salonlarında salamlayırıq. Bu özü də hər bir
əcnəbiyə burada sənətə və sənətkara
verilən qiymət haqqında çox şey deyir. Mən
inanıram ki, beynəlxalq festival həm də bu ilin aprelində
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna dəstək verəcək".
Ədalət.- 2011.- 17 mart.- S. 8.