MUZEY MƏRKƏZİNDƏKİ İŞIQ

 

Xalq yazıçısı İlyas Əfəndiyevin ruhu bu işığı bir az da artırmışdı

 

Dünən, yəni xalqımızın ilin son çərşənbəsini qeyd etdiyi gözəl bayram ovqatının tonqalları hələ sönməmiş paytaxtımızın Muzey Mərkəzində möhtəşəm bir tədbir düzənləndi. Əslində bu tədbirdən daha çox bizlərin Muzey Mərkəzini və bütövlükdə Azərbaycan ədəbi ictimai fikrin zaman-zaman öz işıq selində yaşadan xalq yazıçısı İlyas Əfəndiyevin ziyarət mərasimi idi.

Ola bilsin ki, kimsə mənimlə razılaşmasın. Düşünsün ki, xalq yazıçımız müqəddəs bir ünvanda dəfn olunub. Biz isə Muzey Mərkəzinə yığışmışıq. Mən də öz növbəmdə mənimlə razılaşmayanlara etiraz edirəm və qəti şəkildə bildirirəm ki, məhz həmin gün martın 16-da saat 16:00-da Muzey Mərkəzi İlyas Əfəndiyevin işığına bürünmüşdü və biz də bu işığın içində bu dünyadan, bu indiki auramızdan ayrılıb o işığa qərq olmuşduq.

Əslində bizim Muzey Mərkəzində bir araya gəlməyimizin səbəbkarı məhz İlyas Əfəndiyevin işığı idi. Sadəcə bu işığı yönəldənlər var idi və biz də o yönəldilən işığın şüaları altında Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev cənablarının səmimi və həqiqətən ürəkdən gələn açılış çıxışının sayəsində bir daha bildim ki, İlyas Əfəndiyev yəni, Azərbaycanın o zamanlara hökm edəcək böyük yazıçısı özündən sonra təkcə ədəbi irsi yox, həm də bu irsin layiqli nəsil davamçılarını qoyub gedibdi. Məhz İlyas müəllimin nəvəsi Günay Əfəndiyevanın tərtib etdiyi, həmçinin redaktoru olduğu "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabın təqdimat mərasimində biz sözün bütün mənalarında həm Əfəndiyev soykökünün, həm İlyas müəllimə aid ədəbi mühitin və Azərbaycan sözünün necə bir vəhdət təşkil edərək müsiqi sədaları altında Muzey Mərkəzini titrətmək gücündə olduğunun şahidlərinə çevrildik.

Mədəniyyət və turizm nazirinin giriş çıxışından sonra məclisə qatılanlar qısametrajlı "Sən həmişə bizimləsən" filmini seyr etdilər. Bu filmdə İlyas Əfəndiyevin həyatının müxtəlif anları əks olunmuşdu. Mənə elə gəldi ki, lentə köçürülmüş bu anlar əslində həmin o tədbir zamanı məclisə qatılanlarla xalq yazıçısı arasında bir könül körpüsü yaratdı. İştirakçılar artıq o körpüdən keçib İlyas müəllimin özünün qonağına çevrilmişdilər.

Sonra söz akademik Bəkir Nəbiyevə verildi. Azərbaycanın görkəmli alimi Əfəndiyevlər ailəsi barəsində, İlyas müəllim haqqında müəyyən fikirlərini söylədikdən sonra Günay xanımın bizlərə təqdim etdiyi kitabının böyük əhəmiyyətini vurğuladı və bu işin davamlı olmasını arzu etdi. Bəkir müəllimdən sonra söz məhz həmin kitabda yer almış şeirlərdən müəyyən parçaları dinləyicilərə çatdırmaq üçün Azərbaycanın dəyərli səhnə ustaları Nürəddin Mehdixanlı və Məleykə Əsədovaya verildi. Onların ifasında səslənən şeir parçalarından sonra millət vəkili, professor Nizami Cəfərov kitabla bağlı, bütövlükdə isə xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı onun Azərbaycan ədəbiyyatındakı, Azərbaycan dramaturgiyasındakı xidmətləri ilə əlaqədar fikirlərini dilə gətirdi. Sonra söz yenə musiqiyə verildi. Xalq artisti Aygün Bayramova xalq yazıçısı İlyas Əfəndiyevin ən çox sevdiyi "Qaragilə" mahnısını ifa etdi. Alqışlarla qarşılanan xalq şari Zəlimxan Yaqubun özünəməxsus çıxışı və bütün səmimiyyəti bu mərasimin demək olar ki, ən yaddaqalan anlarından biri oldu.

Bir oxucu kimi mən zaman-zaman mütaliyə etdiyim xalq yazıçısı İlyas Əfəndiyevin adı ilə bağlı olan bu tədbirdə gözəl pianoçu Şahin Növrəslinin, eləcə də balaca xanəndə Mirpaşanın "Qarabağ" şikəstəsini heç vaxt unutmayacam. Ümumiyyətlə, bu gecədə iştirak edən millət vəkilləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, görkəmli söz, sənət adamları Nəriman Həsənzadə, İlyas Tapdıq, Fikrət Qoca, Anar, Rəşad Məcid, Nizaməddin Şəmsizadə, eləcə də dövlət və hökumət nümayəndələrindən Misir Mərdanov, Elçin Əfəndiyev, Ədalət Vəliyev, Vaqif Əliyev, həmçinin səhnə xadimləri Amaliya Pənahova, Azər Paşa Nemətov, Rəssamlar, bəstəkarlar İttifaqlarının sədrləri və digər tanınmış ziyalılar yaddaqalan bir tədbirin iştirakçılarına çevrildilər.

Tədbirin sonunda çıxış edən Günay Əfəndiyeva təşkilatçılara və kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsə, eləcə də dəyərli müsafirlərə öz səmimi minnətdarlığını çatdırdı və mən bütün bunları bilgisayara diqtə etdikcə hələ də o səmimi mühitdən uzun müddət ayrıla bilməyəcəyimə bir daha əmin oldum.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 17 mart.- S. 18.