EDAM OLUNAN QƏHRƏMAN
Qərb
dünyası uzun əsrlər boyu müsəlman aləminə
qarşı düzənlədiyi açıq və gizli
savaşlarını bu gün də sürdürməkdədir.
Səlib yürüşləri bu və ya digər şəkildə
bu gün də həyata keçirilir, müsəlmanlar mənəvi
və fiziki cəhətdən məhv edilir. Onlar hətta
"beynəlxalq" adlandırdıqları qanunları da
hazırlayanda onun yalnız islam ölkələri
üçün nəzərdə tutublar, çünki Qərbə
heç bir qanun keçərli deyil. Xalqları məhv etmək
üçün əllərində heç bir bəhanə,
heç bir səbəb olmayanda da mücərrəd "demokratiya"
oyunlarını ortaya atıb görünməmiş
soyqırımlar, qətliamlar törətməkdədirlər.
Və bu zaman döyüş meydanına çevirdikləri Əfqanıstanda,
İraqda, Fələstində, Pakistanda... hər cür
silahlarını sınaqdan çıxarırlar. "Fundamentalizm", "diktatura", "antidemokratik
rejim"... bəhanələri ilə iki milyona yaxın
günahsız iraqlını, əfqanı... məhv ediblər.
Əgər bu doğrudan da demokratiyanı yaymaqdırsa həmin
demokratiyanın, xristian siyasətidirsə həmin siyasətin
üzünə tüpürüm. Şəhərləri
xaraba qoymaqla, uşaqları, qadınları "icazəli"
və icazəsiz silahlarla qırmaqla, müqəddəs
inanc yerlərini, abidələri dağıtmaqla həmin
ölkələrə yalnız səfalət, aclıq, terror,
bədbəxtlik, xəstəliklər aparmaq olar və
aparırlar da. Özləri etiraf etməsələr də
bunların adı böyük soyqırımdır.
Və çox təəssüf ki, müsəlmanlar da Qərbin hər cür avantüralarına aldanıb ölkədə belə qətliamların törədilməsi üçün onlara səbəb və şərait yaradırlar. İndi Liviya kimi qədim bir ölkə qan içərisindədir. Qərbin hiyləgər təhrikiylə qardaş qardaşın, müsəlman müsəlmanın qanını axıdır, özü də çox amansızcasına. Və ən dəhşətlisi də budur ki, onlar bilmirlər bütün bu oyunlar xristian dünyasının qurduğu tələlərdən başqa heç nə deyil. Çox həvəslə bu oyuna giriblər və Liviyanı başdan-başa qan gölünə çeviriblər. Arvadına belə nəzarət edə bilməyən yəhudi əsilli Sarkozi - Fransanın prezidenti Liviyanın, oradakı müsəlmanların müqəddəratı ilə bağlı ölüm-dirim qərarı verməkdədir. Qərb razı ola bilmir ki, İslam dünyasında hansısa ölkə qüdrətlənsin, hansısa ölkə onlara qarşı "dikbaşlıq" etsin. Hətta vaxtıyla liviyalı xalq qəhrəmanı Ömər Muxtarın zərbələrini yemiş italyanlar belə indi o günlərin intiqamını almağa fürsət qazandıqları üçün hərəkətə keçiblər. Onlar bu liviyalı şirin əlinin duzunu görmüşdülər. Ömər Muxtar xristianların işğal etdikləri Liviyada onların əsl kabusu olmuşdu... Kim idi bu əfsanəyə dönmüş qəhrəman?..
Ömər Muxtar
O, (Omar əl-Moxtar) 1862-ci il avqustun 20-də Barqanın Şərq hissəsində yerləşən kiçik Canzour kəndində dünyaya göz açmışdı. Onların ailəsi Mnifa tayfasından idi. Ömərin həyatı elə kiçik yaşlarından başlayaraq sınaqlardan keçdi. Belə ki, uşaq vaxtı atasını itirən Ömər çox çətinliklərlə üzləşməli oldu. Atasının vəfatından sonra ailəyə kömək məqsədiylə yaxın qohumu Hüseyn Kerianik kiçik oğlanı öz himayəsinə götürdü. İlk təhsilini yerli məsciddə alan Ömər sonradan Senusiya universitetində təhsilini davam etdirdi. Bu təxminən səkkiz il sürdü. Və onu qeyd edim ki, ilk dövrlər böyük nüfuza malik Hüseyn Kerianikin yanında olması, sonra isə yadellilərin hücumlarına məruz qalan xalqının çəkdiyi məşəqqət, ən əsası da içinə sığmayan cəsarəti onu azadlıq mücahidinə çevirdi. Bu zaman o elə yaşda idi ki, çoxları sakit həyatı seçərdi.
İŞĞALIN BAŞLANĞICI
Uzun əsrlər dünyada tüğyan edən Qərb kolonializminin iştahı doymaq bilmirdi. Başda ABŞ, İngiltərə olmaqla demək olar ki, bütün Qərbi Avropa dövlətləri düyanın ən müxtəlif yerlərində yerləşən ölkələri işğal edərək həmin məmləkətlərin xalqlarını əzmiş, onların sərvətlərini daşımış, onlara qarşı çıxanları "quldur" adlandıraraq cəzalandırmışlar. İşğalçılıq siyasətində "önəmli" yer tutan italyanlar da Liviyanın təbii sərvətlərinə sahib olmaq, xalqı özünün quluna çevirmək üçün 1911-ci ildə bu ölkəyə hücuma başladı. Admiral Luidci Faravellinin komandanlığı altında olan gəmilər Liviya sahillərinə yanaşdılar və Tripolinin təhvil verilməsini tələb etdilər. Əks təqdirdə geniş hücuma başlayacaqlarını bildirdilər. Dinc əhali qadınlar, uşaqlar şəhəri tərk etsə də liviyalılar düşmənə müqavimət göstərməyə başladılar.
Admiral işğalın elə ilk günündən xalqın gözünü qorxutmaq, həm də avropalı işğalçı dövlətlərə də İtaliyanın hərbi qüdrətini nümayiş etdirmək məqsədi ilə böyük yürüşə əmr verdi. Şəhər qurudan və havadan güllə, mərmi, bomba yağışına tutuldu. Bu cəhənnəm ara vermədən üç gün davam etdi. Amansızcasına xeyli sayda günahsız insan qırıldı. O dövrün şahidlərinin məlumatına görə, şəhər qadın və uşaq cəsədləri ilə dolu idi. Üç günlük hücumdan sonra özlərini müasir cəmiyyət adlandıranlar cəhənnəmə çevirdikləri şəhərə girdilər. Amma oktyabrın 23-də İtaliya əsgərləri Tripoli yaxınlığında əl-Hanidə liviyalı mücahidlərin müqaviməti ilə qarşılaşdılar. Qızğın müqavimətə baxmayaraq hərbi-texniki üstünlüyə malik olan italyan ordusu döyüşü öz xeyrinə həll edə bildi.
İtaliya ordusu ölkəyə daha tez nəzarəti həyata keçirmək məqsədi ilə ilk növbədə liman şəhərlərini ələ keçirməyi planlaşdırırdı. Bu üzdən də İtaliya hərbi qüvvələri Tripolidən sonra Benqaziyə, Misrata, Deniyə də hücuma başladı. Burada da italyanlar sərt müqavimətlə üzləşdilər. Döyüşlər xeyli çəkdi. İşğalçılar 1912-ci ilin ortalarında istəklərinə çata bildilər. Bundan sonra Liviya xalqının italyanlar tərəfindən soyqırımına start verildi. İtalyan ordusu Liviyanın içərilərinə doğru irəliləməyə başladı. Yaşayış məntəqələri bir-birinin ardınca təpədən-dırnağadək o dövrün müasir silahları ilə silahlanmış italyan ordusu tərəfindən ələ keçirildi. Amma xalqın müqavimətini tam şəkildə qırmaq onlara müəssər olmadı. Belə ki, dağlara, səhranın içərilərinə çəkilən mücahidlər işğalçılara sözün əsl mənasında "rahatlıq" vermirdilər. Bu üzdən də onlar xalqının müqavimətini məhv etmək üçün insanlığa sığmayan qəddarlığa əl atmağa başladılar. Onlar - kim bizim yanımızda deyilsə, bizim düşmənimizdi və məhv olmalıdır - şüarı ilə on minlərlə günahsız insanı qətlə yetirdilər. Heç kimə güzəşt və rəhm edilmirdi. Xalqa daha yaxşı nəzarəti həyata keçirmək üçün görünməmiş bir plana start verdilər. Liviya xalqı kütləvi şəkildə düşərgələrə köçürüldü. Hər yerdə hərbi-səhra məhkəməsi fəaliyyətə başladı. Şübhəli görünənlər sözsüz-söhbətsiz mühakimə olunaraq asılırdılar.
Dünya isə həmişə olduğu kimi onda da bütün bu faciələri görməmək, fəryadları eşitməmək üçün "kor" və "kar" olmuşdu. Eynən müasir günümüzdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı görməzdən gəldikləri, haqqın səsinin eşitmədikləri kimi. Bəli, xristianlar Liviyada əsl cəhənnəm yaratmışdılar. Qətliamın hansı ölçüdə baş verdiyini təsəvvür etmək üçün yalnız tarixçilərin yazdıqları bir fakta diqqət etmək kifayətdi: İtalyanlar Liviya xalqının tən yarısını qətlə yetirmişlər.
İŞĞALÇILARIN KABUSUNA
ÇEVRİLƏN "SƏHRA ASLANI"
Ömər Muxtarın yadellilərə qarşı mübarizəsi 1912-ci ildə alovlandı. Təbiətcə cəsur, ağıllı və çevik mühakimə qabiliyyətinə malik bu adam çox çəkmədi ki, liviyalıların müəyyən qismini başına toplayaraq xalqın qatillərinə qan uddurmağa başladı. İlk döyüşlər kiçik masştabda keçsə də sonralar bu daha geniş xarakter almağa başladı. Yerli coğrafi şəraiti əzbər bilməsi, fitri hərbi istedadı, vətənpərvərliyi ona imkan verirdi ki, biri-birinin ardınca uğurlu əməliyyatlar keçirərək italyanların canına qorxu salsın. Ömər Muxtarı məhv etmək üçün hərəkətə başlayan hərbi hissə onun döyüşçüləri tərəfindən pusquya düşürülərək məhv edildi. Bu ağır itki komandanlığı bərk qəzəbləndirdi. Artıq xalq qəhrəmanına çevrilməkdə olan Ömər Muxtara qarşı aparılan bir neçə hərbi əməliyyat iflasa uğradı. Əvəzində düşmən özü böyük itkilərə məruz qaldı.
(ardı qəzetimizin 5 aprel sayında)
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 29 mart.- S. 5.