Vaqif Bayatlı Odər: "Onları təəssüf ki, yaza bilməyəcəm"
Şair Vaqif Bayatlı Odərin Milli.Az xəbər
portalına müsahibəsi
Onunla hər dəfə
gəzdiyi, idman elədiyi yerdə - Şeyx Şamil
küçəsindən bir qədər aralıdakı parkda
görüşdük. Onu görən, söhbət edən
adamlardan biri olduğuma yenə sevindim. Gecəydi. Dedim, ustad,
bir yerdə oturaq, bir az söhbət edək.
Razılaşmadı. Dedi, qapalı yerdə
sıxılıram. Elə burda söhbətləşək.
Heç skamyada da oturmadan, ayaq üstə söhbətləşdik.
Yaradılışdan, insanın ruhi aləmindən, düşünənlərdən, əql
sahiblərindən - bu kimi dəyərli çox şeydən
danışdıq...
- Vaqif bəy, özünüzü necə hiss edirsiz,
səhhətiniz necədi?
- Özümü, təbiət
necəsə, elə. Get-gedə təbiətə
qovuşuram. Ümumiyyətlə, bütün insanlar təbiətin
bir parçasıdılar. Yəni torpağın, suyun,
havanın. Ömrümün sonunda - sonu da demək istəmirəm,
hələ xeyli var - təbiətin bir parçası
olduğumu hiss edirəm. Yağış yağanda mən də
yağıram, ildırım çaxanda mən də
çaxıram, ətrafımdakı insanlar dilxor olanda mən
də dilxor oluram... Yəni hər şey məndən gəlib
keçir. Bu, yazıçı, şairçün
yaxşıdı, amma sağlamlıq baxımından
ziyanlıdı. Mən təxminən o insana bənzəyirəm
ki, elə bil avtomat güllələrindən
deşik-deşik olub. Bütün dünya duyğuları məni
o cür hər yerimdən deşik-deşik edib.
- Cavanlıqda da
bunları hiss edirdiz?
- Hiss edirdim,
amma belə duymurdum. Yəni bilmirdim mən beləyəm. Sadəcə
indi nəzəri cəhətdən daha yaxşı ifadə edə bilirəm bunu.
- Adətən insanlar yaşlaşdıqca daha
çox axirət haqqında düşünürlər. Daha
çox "hara gedəcəm" sualı üzərində
düşünürlər. Bəs siz - Vaqif Bayatlı Odər...
- Birinci, mən bu
yaşda yaşlanmamışam, özümü heç vaxt
yaşlı hiss etməmişəm. Özümü həmişə
dünyanın ən gənc qocası, ən uşaq
insanı, ən uşaq qocası, ən uşaq gənci hesab
eləmişəm. Məni ancaq uşaqların, o uşaq gəncin,
o uşaq qocanın maraqlandırdığı nə varsa,
maraqlandırıb. Ona görə mənim kitabımın
adı "Yupyumru bir eşq ilə"di. Elə bil
kitabın özü də yumrudu, mən onu yumru görürəm.
Elə bir şey yoxdu mənim gözümə yumru
görünməsin. Bütün insanlar yumrulana-yumrulana gedirlər...
- Bəs yaxşılıqla pisliyin fərqi də
sizinçün eyni dərəcədə yumru
görünür?
- Mənimçün
pis yoxdu axı. Hərdən mənim pisləri pis görməməyimə
görə tənqid edirlər. Niyə mən hər şeyi
yaxşı, gözəl görürəm... Ən azı mən
insanları görmək istədiyim kimi görürəm. Yəni
hamını gözəl görmək istəyirəm, həmişə
də elə görürəm. Bizim camaat, ümumiyyətlə,
tənqidi qəbul eləmir. Tənqidi aradan
qaldırmaqçün həmişə
çalışıram dostların, yaxınların
yaxşı tərəflərini üzə
çıxarım. Onun özünə bəlli olmayan gözəlliyini
də tapıb deyirəm. Söhbət xanımdan getmir, həm
də kişidən gedir. Onun mənfi tərəflərini
gizlətməklə onu daha da gözəlləşdirirəm.
Mənim yanımda o adam tamamilə başqa olur.
- Amma sizin yanınızda yaxşı olan biri
qıraqda kiməsə pislik eləyə bilər. İnsanlar
çox vaxt aktyorluq edirlər. Birinin yanında
özünü yaxşı göstərib, başqa birinin,
belə deyək, özündən hardasa asılı olan
adamın yanında tamam başqa cür göstərə bilər...
- Mən bu fikirlə
razı deyiləm, deyirlər, bütün insanlar aktyordu. Hətta
Şekspir də bu yalnış ifadəni işlədib. İnsanlar
aktyor deyil, hətta ən aktyor sayıla bilən insanlar da
haradasa özlərini oynayırlar. Bu dünyaya teatr kimi baxsan,
əslində özünü oynayan adamları görərsən.
Dəqiq oynayanlar da var, fars oynayanlar da. Belə bir fikir deyim, -
bəlkə bu, pedaqoqikada, dünya elmində yoxdu, - insanı
tərbiyə eləməyin ən gözəl yolu onu sevməkdi.
- Dostoyevski demiş, dünyanı gözəllik xilas
edəcək...
- Dostoyevski onu bir az
yarımçıq deyib. Tək gözəllik xilas eləmir.
Dostoyevski bunu deməklə səhv eləyib. Cünki gələcəkdə
xilas edəcək. Elə Dostoyevskinin yanında olan gözəl
xanımlar, onu o vaxt oxuyan xanımlar xilas eləyərdi də.
Yəni bu, ədəbi prosesdi. Bu, bir dəfəlik olan bir
şey deyil, bir gün gözəllik gəlir hər şeyi
xilas edir. Belədə ki, bu, Dostoyevskidən qabaq da, sonra da, hər
gün xilas edirdi. Onun yazdığı
o gözəl romanlar da hər an o gözəlliyi xilas edirdi.
- Nitsşenin belə
bir sözü var: "Əxlaqın pərdələməyə çalışdığı
həyat həqiqətlərini
sənət açır".
Məsələn, bir
valideyn övladına
"pis yola düşmə, pislik eləmə" deyir, amma arxada özü
bunları eləyir. Sənət və əxlaq məsələsi...
Sizin dedikləriniz adama elə gəlir sənətə yox, daha çox
əxlaqa aiddi...
- Birinci Nitsşedən başlayaq.
Nitsşe mənim ən çox sevdiyim filosof yox, şairdi. Yəni filosof şairlərdən biridi.
Nitsşenin bu sözündəki həqiqəti
onun 100 faiz filosof olmağı qədərdi. Yəni dediyi ifadə elə-belə şairanə
deyilən ifadədi. Nitsşe həyatını
düzgün qurmadı.
Düzgün qurmadı
deyəndə, bu, əslində ilahidən gələn şeydi. Öz düşüncəmdə
deyirəm, onun fikirlərinin əksəriyyətini
bölüşmürəm. Amma o fikirləri şairanə deməyi, qurmağı maraqlı idi. Dünyada çox adamlar var ki, pis
bir şeyi də çox yaxşı qurur. Nitsşe də belələrindəndi. Ona
maraq da odur ki, o, yaxşı
qurur. Amma qurduğu bir şey tam şəkildə
qurduğunun səviyyəsində
deyil, çox aşağıdadı. İkincisi,
məndə sənətdi,
əxlaqdı, fəlsəfədi,
dünya haqqında düşüncələrdi-bunların sərhədi yoxdu. O vaxt sərhəd olur, o vaxt buna
əxlaqçı, bu
yazıçı, rəssam,
buna filosof deyirlər. Mən həm rəssamam, həm əxlaqçıyam,
həm şairəm, həm filosofam. Mən bütün sənətlərin sərhədlərini
silməklə məşğulam.
O sərhədlər çoxdan
yox olub mənimçün. Qarışıb
da deməzdim. Hamısının qarışığı
desək, düz olmaz. Bunların hamısını ayrı-ayrılıqda
qaldırmağa çalışan
varlığam.
- Siz dediz, Nitsşe öz həyatın düzgün
qurmadı...
- Mən
elə demədim. Məsələn, Nitsşe
fövqəlinsan ideyasını
qoymuşdu, onda Nitsşe mənimçün
bir şair kimi maraqlı oldu. Mən onu gənclik vaxtı oxumuşam. Sovet dövründə o heç kimdə yox idi. Yüz
manat verib onu o vaxt bir
gecəyə oxumuşam.
Bir gecəliyə vermişdilər. O vaxt o kitabı məndə tutsaydılar, həbs eləyərdilər. Mənimsə
vecimə deyildi - onsuz da məni
hər addımda tuturdular. Yenə deyirəm, o, mənimçün
bir şair kimi maraqlı oldu. Həyat tərzi də, fikirləri də. Nitsşe Hegelin, Kantın yanında filosof kimi heç
nədi. Nitsşe bəzi əsərlərində
hətta bunları söyür də. O, şairdi. Mən peşəkar filosof deyəndə Hegeli, Kantı düşünürəm.
Amma şair-filosof deyəndə Nitsşeni düşünürəm.
- Bəzən mənə
elə gəlir, hansısa insan, yaradıcı insan özü öz həyatını qurmur, seçmir. Elə bil ona bu
həyat tərzini seçən, bu ziddiyyətlimi deyək, hansısa asanmı deyək, necə olursa-olsun, ona bu həyat tərzini
seçən bir qüvvə var. Yəni bu həyatı o, özü istəmədən
yaşayır. Siz öz həyatınızda
bu şeylərə rast gəlmisizmi?
- Mən
bu fikirdəyəm ki, - mən bunu şeirlərimdə də yazıram - taleyi insana axıra
qədər Allah vermir.
Bu, mənim fikrimdi.
Bu, nə dində var, nə də
başqa yerdə. Məsələn, mən fikirləşirəm, əgər
Allah bütün insanların
həyatını proqramlaşdırsaydı
- bu, Allahçün
son dərəcə maraqsız
olardı. Bax, biz yaradıcı insanlarıq,
baxaq, fikir verək. Mənə elə gəlir ki, Allah, insanın
o şüursuz dövrü
var ey, o dövrdə müəyyən
qədər onu idarə edib, sonra isə müəyyən qədər
buraxır onun öz ixtiyarına. Arada görür o, çox səfehləyir, balaca düzəliş edir, mənəvi cəhətdən yıxılanda
kömək eləyir,
yönləndirir. Lakin
o, axıra qədər
bunlara fikir verir. Bilirəm ki, hər şeyi
Allah eləmir, ancaq hər şey Allahın diqqətindədi.
- İradəsindədi?
- İradə
sözünü işlətmirəm də mən. Bu, biraz
dediyimiz söhbətin mövzusuna dəqiq uyğun gəlir.
İradə burda daha geniş anlamdadı. Bu barədə gərək
biz ayrıca xeyli danışaq səninlə
(gülürük).
- Nə demək istəyirəm. İnsan
yaşadıqca həyatında baş verən hadisələr,
onu yönləndirən, dəyişən şeylər
özündən asılı olmadan baş verir. Elə bil
gizli bir əl sənin taleyini idarə eləyir. Qarşına
xəyal elədiklərindən tam fərqli şeylər
çıxarır, yaxşı ya pis formada. Bütün
bunlarla yanaşı, sizə elə gəlmirmi ölüm belə
Allahın iradəsilə baş verirsə, deməli,
insanın bütün taleyi Allahın əlindədi?
- Görünür, mənim
bayaq dediyimə diqqətlə fikir vermədin. Heç nə
elə-belə baş vermir. Allah insanı çox maraqlı
yaradıb. Əgər belə olsaydı, bayaq Allahın
özü üçün çox maraqsız olardı.
Dünya mənimçün çox maraqlıdı.
Çünki bunun özü göstərir ki, Allah son dərəcə
maraqlı düşünür. Bu hələ bizim, - mənim
görə bildiyimdi. Bu, hələ onun yaratdığı məxluqun
düşüncəsidi. Gör hələ Allahın
düşüncə sistemi nə gözəl və nə
boydadı. Mən çox cüzi hissəsini görürəm,
o, mənimçün çox dəhşətli və
gözəldi.
- Təzə çapa hazırladığınız
şeirlər kitabında bu fikirləriniz varmı?
- Mənim əvvəlki
şeirlərimdə də bunlar var. Mənim şeirlərim,
həmişə demişəm, şeir deyil, bu şeirlər
dünyadakı bütün şairlərin şeirlərindən
fərqlənir. İlahi mənimlə bir sistem yaradır,
böyük bir sistem. Hər şeyin sistemi var. Məni də İlahi bir sistem yaradır. Mən İlahinin bütün yaranan sistemləriylə bir əsəriyəm, yazdıqlarımla
bir yerdə. Mənə elə gəlir, yazdıqlarımı
İlahiylə bir yerdə yazırıq. Bu şeylər əslində
heç vaxt deyilməyib.
- Sizə elə
gəlir, bir şair olaraq kompleks şəkildə bunu ancaq siz
duya bilirsiz?
- Mən
bunu şair kimi demirəm. Ola bilsin ki,
bunu duyan adamlar var, məndən
başqa.
- Kompleks şəklində?
- Bəli.
Sən dedin, şair kimi.
- İnsan kimi olsun.
- Hə.
Bəlkə də şair kimi təkcə mən duyuram. O zaman səninlə razılaşardım.
Amma mən özümü təkcə
şair saymıram. Şairlik bilirsən nədi? Şairlik cəmiyyətdən, o ilahi
sistemdən ayrılmaqdı.
Amma hamısı bir yerdə çox mürəkkəbdi.
Mən özümü
İlahinin yaratdığı
dünyaçı adlandırardım.
- Maraqlı ifadədi...
- Dedim, bir anlıq ağlıma gəldi. Lap dəqiq ifadəsini tapa bilərik. Təxminən mən oyam. Şair mənim bir tərəfimdi, kiçicik
bir hissəmdi. Bunu kompleks şəklində
duyanlar var. Düşünürəm
hardasa məndən də gözəl duyanlar var. Amma yazılı şəkildə
mən oxumamışam.
Kimsə məndən
yaxşı duysun. Çünki bütün
insanlar yazmırlar axı. Minlərlə talantlı, ilahiylə bağlı insan var ki, ancaq
danışır. Bəlkə
də özü öz ürəyiylə danışır. Bəlkə
də məndən də gözəl danışır. Sən bu sualı ancaq
Allaha verməlisən.
- Təzə şeir kitabınızı nə vaxt
görərik inşallah?
- Bu ilin axırı, ya
da gələn ilçün.
- Adını müəyyənləşdirmisiz?
- Adını müəyyənləşdirmişdim,
amma o ad məni təmin eləmir. Görünür,
kitabımın gecikmə səbəbi də odur ki, daha
geniş bir ad tapmaq istəyirəm. Bir neçə ad var
fikrimdə. Əslində kitabımın bir adı olmayacaq. O biri kitabım da beləydi. Burada bir neçə adlar olacaq. Amma
bunlar sistem şəklində necə
olacaq bilmirəm.
- Söhbətlərinizin birində dediniz "mən yeganə insanam nəsrdən şeirə gəlmişəm"...
- Mən
nasir olmamışam. Sadəcə, birdən oturdum, iki ay ərzində iki dəfə povest yazdım. Sonra da yandırdım, cırdım, tulladım.
- Bəs öz xatirələrinizi yazmaq istəmirsiz?
- Yazmaq istəyirəm. Hətta bir hissəsini yazmışam. Amma mütləq yazacam. Çünki mənim həyatımdan elə gözəl, elə nəhəng insanlar gəlib keçir. Məsələn, Əbülfəz
Elçibəylə mən
saatlarla, illərlə,
on illərlə birgə
olmuşam. Onun gizli təşkilatında
iştirak eləmişəm.
Bayaq səninlə danışdıq. Rəhmətlik
Aydın Məmmədovla,
Xudu Məmmədovla, indi yadıma düşdükcə deyəcəm.
O qədər nəhəng
insanlarla Azərbaycandan
qıraqda da çox olub tanış olduğum, saatlarla söhbət elədiyim. Bunların hamısını mən yazmalıyam.
- Yazacaqsınızmı onları?
- Onları təəssüf
ki, yaza bilməyəcəm.
- Niyə?
- Yazsam da, bəlkə
deyəcəm ki, çapa sonra versinlər. Çünki onlar
üçün mən o mərhumlardan icazə almalıyam. Təəssüf
ki, bu, artıq mümkün deyil.
- Danışdıqlarınızdan anladım ki, sizin
xeyli siyasi fəaliyyətiniz olub. Şablon olsa da, belə bir
sual verim: ədəbiyyat və siyasət, bu haqda necə
düşünürsüz?
- Bilirsən, gülməli
şeydi. Bəzən deyirlər, yazar belə olmalıdı,
elə olmalıdı, yazar filan şeyi etməlidi, filan
şeyi etməməlidi. Mənsə deyirəm: yazar bunu da eləməlidi,
onu da. Hətta hamıdan artıq eləyə bilər. Əgər
ürəyi istəyirsə, niyə də yox?! Yazar nəyi
istəyir eləsin. İstəsə hoppana da bilər,
anqıra da bilər, yüyürə də bilər, başqa
bir şey də eləyə bilər, əgər
başqalarını narahat etmirsə. Yazar odur, onun heç
bir düsturu yoxdu. "Edilə bilməz" sözü
qoyulan yerdə o, yazar deyil, şair deyil. Yazar bütün
düstürları, qayda-qanunları kənara çıxan
adamdı. Adam da demək düzgün olmaz, onda bir az balaca
çıxar - varlıqdı. Məsələn, mən
Dostoyevskiyə, Nitsşeyə, Nizamiyə, Nəsimiyə,
Füzuliyə varlıq kimi baxıram. Artıq bunlar adam deyillər.
- Adamlığın fövqündədilər?
- Hə də. Nitsşe
insanı fövqəlbəşər adlandırırdı. Mən
o dərəcə də fərqləndirmək istəmirəm.
Nitsşe bir az çox quraşdırırdı. Ondan da qabaq
bu, var idi axı. Nizami İsgəndəri hara aparıb
çıxardı? Ən yüksək səviyyəyə.
Fövqəlbəşərlik ideyası Nitsşedən qabaq
Nizamidə var.
- Nəsimidə də var...
- Nizami Nəsimidən
qabaqdı...
- Bu gözəl söhbətimizin sonunda belə bir
sual da vermək istərdim. Nə gözləyirsiz ədəbiyyatımızın
bu günündən, sabahından?
- Mən ədəbiyyatımızdan
çox şey gözləyirəm. Həmişə deyirəm,
şeirimizi bir orduya çevirsək, dünyanın ən
güclü ordularından biri olar. Mənim bu fikirlərim
İngiltərədə də, Amerikada da, hətta Rusiyada da
çap olunub. İngilislər bunu qorxmayıb öz ölkələrində
çap elədilər. Şeirimiz çox güclüdü,
bu haqda istənilən adamla mübahisə edərəm.
- Nədədi onun gücü?
- Gərək səninlə
ayrıca oturaq əvvəlcə dünya şeirindən
danışaq, sonra öz şeirimizdən. Bəzi insanlar
öz ətrafındakı şairləri görüb elə
bilirlər şeirimiz budur. Mən təkcə bunları demirəm.
Dədə Qorquddan bəri, Nizamidən, Nəsimidən,
Füzulidən... Dədə Qorquda bax, bir sistemdi.
Sosializm, kapitalizm kimi bir sistem.
Mən cəsarətlə
deyirəm: Dədə
Qorqud tamamilə başqa bir sivilizasiyadı. Füzuli tamamilə başqa bir sivilizasiya, Nizami başqa, Nəsimi tamam başqa. Bunlar hamısı nəhəng
universitetlərdi. Dədə
Qorqud universitet yox, universitetlər universitetidi. Amma nəsrimiz yeni yaranıb. Əslində bizdə mənzum nəsr olub. Mən Nizamini daha çox nasir sayıram həm də. İndiki nəsrimiz praktik, Avropadan alınma şəkildə
hələlik təzədi.
Amma elə fikirləşirəm ədəbiyyatımız
çox sürətlə
inkişaf edir. Şeirimiz onsuz da çox güclüdü.
Nəsrimiz şeirimizdən
çox-çox geridə
qalır. Yəqin bir yüz il
də geri qalacaq. Sevinirəm nəsrimiz çox sürətlə inkişaf
edir. Xüsusən yeni nəsr cəhdləri. Oxuyuram, çox ləzzət eləyir. Yazılanlardan daha çox, cəhdlərin özü
mənə daha maraqlı gəlir. Görürəm, çalışırlar,
çırpınırlar, boğula-boğula üzmək
öyrənirlər. Ölüm-dirim
savaşı - ən gözəli də budur.
Ədalət.- 2011.- 29 mart.- S. 7.