Azərbaycanlılar Avropada bir arada

 

Martın 10-13-də Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası Parlament Assambleyası Avropa Şurası Gənclər Mərkəzində 25 ölkədən 250 Azərbaycan gəncinin iştirakı ilə keçirilən Xaricdə Təhsil Alan Məzun Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) başa çatıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə tədbir Azərbaycanlı gənclərin bilik bacarıqlarını artırmaq, şəbəkələşmə, lobbiçilik diaspora fəaliyyətlərində aktiv iştirakla yanaşı müxtəlif mövzularda dövlət, media biznes nümayəndələrindən yeni təcrübələrin öyrənilməsi gələcək 10 ildə Azərbaycan Respublikasının davamlı inkişaf yolunda bu təcrübələrdən istifadə üçün təşkil olunub.

Qeyd edək ki, "Müstəqilliyimiz 20, Baxışlar 2020" devizi altında keçirilən tədbirdə iştirak hüququ qazanmış tələbələrin seçim prosesi forumda iştirak etmək üçün müraciət edən 40 fərqli ölkədə təhsil alan və məzun olmuş 800-dən artıq gənc arasından edilib. Forumda iştirak edən Azərbaycanlı gənclər dünyanın ən aparıcı universitetlərində təhsillərini davam etdirməklə yanaşı, müvəqqəti yaşadıqları ölkədə Azərbaycanın maraqlarını təbliğ etmək, keçirilən aksiyalarda aktiv fəaliyyətləri ilə seçilirdi.

Xatırladaq ki, Forum çərçivəsində iştirakçılar ASAİF təşkilatının yaranma səbəbləri, bu yolda görülən işlər, vətənimizin maraqların qorunması yolunda Azərbaycan gəncliyi üçün hazırlanmış tədbirlər və strategiyalar haqqında məlumatla tanış olublar. Bununla yanaşı, iştirakçılar birbaşa olaraq dövlət rəsmiləri, səfirlər, media və biznes nümayəndələrinin iştirakı ilə təşkil olunmuş "Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları", "İnsan kapitalı - Azərbaycanın inkişaf prioriteti", "Gənclik və İctimai Diplomatiya", "Azərbaycançılıq- Gələcək naminə birlik" adlı dörd fərqli panel zamanı yeni fikirlərin yaranması və onların tətbiqi yolları haqqında fikirlərlə tanış olublar və eyni zamanda müstəqil fikirlərini belə bir platformada səsləndirmə imkanı əldə ediblər.

ASAİF-in təşkilatçılığı və Azərbaycan Hökümətinin dəstəyi ilə keçirilən forumun iştirakçıları Avropa Gənclər Mərkəzində qeydiyyatdan keçdikdən sonra Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovun martın 10-da qeyri rəsmi-salamlama mərasimi və qısa nitqi ilə qarşılanıblar. Daha sonra tədbir iştirakçıları xüsusi hazırlanmış milli mətbəxin təamları ilə bəzədilmiş şam yeməyinə dəvət ediliblər. Martın 11-də media nümayəndələrinin də iştirakı ilə Avropa Gənclik mərkəzinin ən böyük konfrans zalında başlayan tədbir ASAİF sədri Orxan Əkbərovun salamlama nitqi ilə başlayıb. Daha sonra açılış mərasimi ASAİF baş katibi Mikayıl Yusifovun ASAİF-in gələcək fəaliyyəti və əməkdaşlıq strategiyası haqqında məlumatı ilə davam edib. Millət vəkili Ceyhun Osmanlının, Gənclər və İdman nazirliyinin şöbə müdiri Fərhad Hacıyev, Diaspora ilə iş üzrə dövlət komitəsinin sədri Vaqif Seyidbəyli, ASAİF həmtəsisçiləri Rüfət Əzizov, Elkin Nurməmmədov və Ülkər İsayeva çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.

Tədbirin davamında ASAİF sədri Orxan Əkbərov, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, Türkiyənin Avropa Şurası yanında daimi nümayəndəsi, Avropa Nazirlər Komitəsinin sədri, səfir Daryal Batıbay, Avropa Şurasının Təhsil, mədəniyyət, irs, gənclər və idman komitəsi üzrə Baş direktoru Gabriella Battaini-Dragoni, Azərbaycan Respublikası Təhsil Naziri müavini Elmar Qasımov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, TÜRKPA Baş Katibi Ramil Həsənov və digər məsul şəxslər çıxış ediblər.

Onu da bildirək ki, sözügedən tədbir Rusiyadakı Azərbaycan Gənclər Təşkilatının (AMOR) təqdimatı və birliyin sədri xanım Leyla Əliyevanın forum iştirakçılarına ünvanlanan təbrik məktubu ilə davam edib. Bununla yanaşı "Xocalıya Ədalət" kampaniyasının təmsilçisi Nicat Məmmədli bu kampaniya haqqında, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən "Qarabağ Fondu"nun təmsilçisi Tural Kərimli isə fondun fəaliyyəti barədə iştirakçılara məlumat verib. Daha sonra Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış türkiyəli jurnalist Cem Oğuz tərəfindən çəkilən "Qaçqın: Anar Usubovun uzun səyahəti" adlı film tələbə və iştirakçılara təqdim olunub. Çıxış zamanı filmin müəllifi Cem Oğuz belə bir ekran əsəri yaratmaqda əsas məqsədinin Xocalıda baş verənləri bütün dünyaya yaymaq olduğunu bildirib.

Günün sonunda forum iştirakçıları şam yeməyi və Azərbaycan DJ-lər Assosiasiyasının sədri Mənsur Əhmədovun ifasında mədəni əyləncəli proqramın iştirakçısı olublar. Asudə vaxtlarını səmərəli dəyərləndirən forum iştirakçıları yeni şəbəkələrin qurulması və tələbələr tərəfindən müvəqqəti yaşadıqları ölkələrdə keçirilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi ilə 11 mart proqramları başa çatıb.

Martın 12-də - tədbirin rəsmi hissəsinin ikinci günündə isə proqram xüsusi olaraq əvvəlcədən planlanmış 4 fərqli panel üzrə davam edib. İlk panel mövzusu olan "Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları" - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Səməd Seyidovun rəhbərliyi və Avropa Azərbaycan Cəmiyyətinin sədri cənab Taleh Heydərov və digər azərbaycanlı qonaqların iştirakları ilə başlayıb. Panel ərzində Azərbaycanı beynəlxalq arenada ən effektiv şəkildə təmsilin yolları və bu prosesdə şəbəkələşmənin vacibliyi haqqında qonaqlar və forum iştirakçıları arasında maraqlı diskussiyalar olub.. Eyni zamanda Azərbaycanın dünya mediasında daha effektiv təbliğ etməyin yolları birgə müzakirə edilib.

İkinci panel "İnsan kapitalı - Azərbaycanın inkişaf prioriteti" mövzusuna həsr olunmuş və Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru cənab Şahmar Mövsümovun rəhbərliyi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Ceyhun Osmanlının moderatorluğu ilə davam edib. Panelin qonaqları qismində Azərbaycanın təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası baş katibi Elxan Məmmədov və ASAİF həmtəsisçisi, ASAİF idarə heyətinin üzvü, Azərbaycan Diplomatiya Akademiyasının baş müəllimi Elkin Nurməmmədovun insan kapitalının Azərbaycanın davamlı inkişafında önəmi və bu mövzuda gənclərin fikirləri ilə davam edib.

Üçüncü panel mövzusu "Gənclik və İctimai Diplomatiya" Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Azərbaycan Diplomatiya Akademiyasının dekanı Fariz İsmayılzadənin moderatorluğu ilə davam edib. Qonaq qismində iştirak edən Azərbaycan Prezidenti Administirasiyasının Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Həsən Məmmədzadə, Milli Məclisin deputatı Fuad Muradov, Türk PA-nın baş katibi cənab Ramil Həsənov, News.az portalının baş redaktoru, Yurd.tv direktoru Elnur Baimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədri Şahin İsmayılovun gənclərin ictimai diplomatiya sahəsində bilik və bacarıqlarının artırılması, gənclər tərəfindən bu mövzuda atılan addımların qısa xülasəsi və gələcəkdə izlənməli yolların sağlam təməlləri barədə ətraflı müzakirələr baş tutub.

Sonuncu panel zamanı isə Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimovun rəhbərliyi və Azərbaycan Respublikası Prezident Administrasiyasının baş məsləhətçisi cənab Fərhad Məmmədovun moderatorluğu ilə "Azərbaycançılıq- Gələcək naminə birlik" adlı mövzu müzakirə olunub. Xəzər Universiteti idarə heyətinin sədri cənab Hamlet İsaxanlı, BMT-nin "Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı"nın ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev, "NOVCO" Şirkətlər Qrupunun prezidenti cənab Fərid Novruzi, QARANT Sığortanın direktoru Vaqif Həsənov, Trend və Day.az xəbər agentliklərinin direktoru İlqar Hüseynovun qonaq qismində qatıldığı panel cənab Azad Rəhimovun gənclərin Azərbaycanının uğurlu gələcəyi naminə birləşməsinin vacibliyindən və bu yolda atılan addımlara və Azərbaycançılığın təbliğində maraqlı gənclərə xüsusi təşəkkürünü bildirib. Panel zamanı həmçinin müstəqilliyimizin 20 ili ərzində keçilən çətinliklər və doğru istiqamətlənmiş ideologiyanın vacibliyi forum iştirakçıları tərəfindən təqdirlə qarşılanıb.

Daha sonra ASAİF Strasburq forumu gənclərin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov, Fransadakı səfirimiz Elçin Əmirbəyov, Avropa İttifaqı və Belçikada səfirimiz Emin Eyyubov, Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirimiz Fəxrəddin Qurbanov, Almaniyadakı səfirimiz Pərviz Şahbazov, Niderlanddakı səfirimiz Fuad İsgəndərov və Macarıstandakı səfirimiz Vilayət Quliyevlə görüşü ilə davam edib. Səfirlərin təqdimatından sonra görüş gənclərin maraq dairəsindəki sualların cavablandırılması, səfirlərin iş təcrübələrinin paylaşılması, fikir mübadiləsi və Azərbaycanın müxtəlif ölkələrdə "mənəvi səfirləri" olan gələcək diplomatlara tövsiyyələri ilə başa çatıb.

Forumun yekunu Strasburq şəhərində Hilton otelində təşkil olunmuş şam yeməyi və Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanın və Jazz qrupunun ifasında konsert proqramı, pianoçu Emil Əfrasiyabın maraqlı ifası ilə yadda qalıb. Yekun tədbirdə ASAİF tərəfindən 2010-cu ildə fəallığı ilə fərqlənən gənclərə 4 nominasiya üzrə "Yaxşıların yaxşısı" plaketləri təqdim olunub. "Ən yaxşı şəbəkə qurucusu" adına York Universitetinin tələbəsi Ramin Hakimov, "Ən fəal tələbə" adına Mançester Universitetinin tələbəsi Raul Gülməmmədov, "Ən yaxşı layihə" adına Türkiyənin "Birlik" təşkilatının Xocalı Soyqırımına həsr olunan layihəsi, "Ən peşəkar gənc" adına isə mühəndis Vüqar Səmədli layiq görülüb. Daha sonra ASAİF tərəfindən layihənin həyata keçirilməsində dəstək olmuş qurumlara Təşəkkür Plaketləri təqdim edilib.

Qeyd edək ki, 3 gün davam edən bu tədbir gənclərimiz arasında yeni əlaqələrin qurulmasında və gələcək şəbəkələşmə üçün atılan ilk addımlara təkan olmaqla yanaşı, yeni fikir məktəbi, gələcək liderlərin inkişafında xüsusi addım olaraq iştirakçıların xatirəsində və gələcək fəaliyyətlərində xüsusi rola malik olacaq. Tədbir zamanı dünyanın ən önəmli universitetlərində təhsil alan və məzun olmuş gənclərin aktivliyi, vətənə sevgisi və gələcək fəaliyyətlər üçün əvvəlcədən göstərilən əzmkarlığı xüsusi olaraq qeyd olunub. Bu isə öz növbəsində Azərbaycan Respublikasının 2020-ci il inkişaf hədəfinə çatmaqda gənclərin vacibliyini və parlaq gələcəyin qaçınılmaz olduğunu göstərməkdədir. Tədbir iştirakçılarının xüsusi arzusu isə bu kimi tədbirlərin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra Xankəndi, Şuşa və Laçın kimi torpaqlarımızda keçirilməsi və o torpaqlarda böyüyəcək gənclərin dövlətimizin suverenliyini və inkişafını qoruyacaq fərdlər olaraq yetişməsi olub.

Tədbir zamanı dünyanın ən önəmli universitetlərində təhsil alan və məzun olmuş gənclərin aktivliyi, Vətənə sevgisi və əzmkarlığı xüsusi nəzərə çarpıb.

 

 

Gülgün

 

Ədalət.- 2011.- 17 mart.- S. 2.