Oskar alan ilk azərbaycanlı

 

Timur Oduşev: "Bu filmin çəkilişlərinə görə bir il sinifdə qaldım"

 

Bu günlərdə Azərbaycan kinosunda bir ilk yaşandı. Bu il "Oskar" mükafatının təqdimatı zamanı "Ən yaxşı xarici" film nominasiyasına iddialı olan "Sahə" bədii filmi Hollivuddan əliboş qayıtmayıb. Filmdə baş rolu ifa edən Timur Oduşev Kaliforniyanın Los-Anceles şəhərində keçirilən "Hollivudun Gənc Aktyorlar Mükafatı" mərasimində təltif edilib. O, "Xarici bədii filmdə ən yaxşı aparıcı rol" nominasiyasında fərqlənib. Bakı Xoreoqrafiya Məktəbinin tələbəsi Timur Oduşevin Vətənə qayıtdığını eşitdik. Azərbaycana ilk "Oskar" mükafatını gətirən aktyorla söhbətləşərək Hollivud təəssüratlarını və gələcək planlarını soruşduq. Timur Oduşevin ANS PRESS-ə müsahibəsini təqdim edirik.

-Timur, Azərbaycanda bütün aktyorların xəyallarında arzuladığı "Oskar"a sahiblənmisən, hansı hissləri keçirirsən?

-Ancaq sevinc hissləri keçirirəm. İndiyədək inanmıram ki, "Oskar"ı qazanmışam. Yorğunluqdan başqa heç nə barədə düşünməyə imkanım olmayıb. Bakıya bu səhər qayıtmışıq. 16 saat təyyarə ilə yol gəlmişik.

-İlk təbriki kimdən aldın?

-İlk təbriki hələ Hollivudda olarkən telefonla "Nərimanfilm"in rəhbəri Nəriman Məmmədov, Bakıda isə sizdən aldım. Yuxudan sizin zənginizə oyanmışam.

- Mədəniyyət və Turizm Nazirliyindən səni təbrik edən oldumu?

-Xeyr, amma gözləyirəm. Dedim axı, bu gün çatmışam Bakıya, 16 saat təyyarə ilə uçmuşuq, iki təyyarə dəyişmişik. Yol bizi çox yordu. Yuxudan da siz oyatdınız. İlk müsahibəmi sizə verirəm. Əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyinin təbriklərini eşitmək xoş olardı. Azərbaycanın sayılıb-seçilən rejissor və aktyorlarından təbriklər eşitmək istərdim.

-Neçə namizədin arasından seçildin?

-8 gənc namizəd arasından seçildim. Hardasa, 5 gənc aktyor "Oskar"ı qazana bildi. Sözün düzü, adımı eşidəndə çox həyəcanlandım. Həyəcanımdan dilim tutulmuşdu. Böyük çətinliklə bircə "Thank you", deyib səhnədən kənara çəkildim. Çıxış edə bilmədim. İlk avtoqrafımı verəndə də çox həyəcanlı idim.

- Azərbaycandan başqa hansı ölkələr iştirak edirdi?

- Braziliya, Kanada, Fransa, Rusiya, İsveç Hollandiya.

-Gələcəkdə Hollivuddan təklif alsan çəkilərsən?

-Sözün düzü, indiyədək bu barədə düşünməmişəm. Uşaqlıqdan balet artisti olmağı arzulamışam və bu sahədə təhsil alıram. Hələ də fikrimi dəyişməmişəm. Amma təklif olarsa əlbəttə ki, çəkilərəm. Ümumiyyətlə, filmə çəkilmək çox maraqlıdır, o ki qaldı Hollivudda... Hollivudda məşhur aktyorlarla çiyin-çiyinə işləmək istərdim.

-Hansı aktyorla çəkilməyi istərdin?

- Hollivud aktyorlarını çox tanımıram. Amma Leonardo Di Kaprio ilə şəxsən çəkilmək istərdim. Bu mənim ən böyük arzumdur. Çox heyfslənirəm ki, Hollivudda olarkən onu görmədim. Görsəydim bilirəm ki, "Oskar"ı aldığım qədər həyəcan keçirərdim.

-Hollivud özü sənə hansı təsiri bağışladı?

-Çox maraqlı şəhərdir və oranın sakinləri də mənə fərqli görünürdü. Hollivudda hər şey maraqlı idi.

-"Sahə" filmində oynadığın baş rola görə bu mükafata layiq görülmüsən. Necə oldu ki, bu filmdə rol aldın?

-Təhsil aldığım Xoreoqrafiya Məktəbində kastinq keçirildi. 15 uşağın içindən bu rola sonda məni daha uyğun gördülər.

-Bildiyimə görə, "Sahə" filmində rəqs yoxdur və rəqqaslığın bu filmdə oynamağında rol oynamayıb. Hansı keyfiyyətinə görə bu rolu məhz sənə verdilər?

-Bilirsiniz, iki baş rol vardı. Xarici görünüşcə digər baş rolun ifaçısı gürcü aktyoru Zaza Bezaşviliyə bənzərliyimə görə məni seçdilər. Mən onun uşaqlığını oynayırdım.

-Filmdə çəkildiyinə görə qonorar aldın?

-Bəli, 3000 manat.

-Sənin namizədliyini "Oskar" mükafatına kimlər təqdim etmişdi?

-Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə "Nərimanfilm" studiyası təqdim etmişdi. Əslində mükafatın təşkilatçıları özləri zəng edib, mənim namizədliyimin irəli sürülməsini təklif etmişdilər və bildirmişdilər ki, bu aktyor, yəni mən gənc aktyorlar arasında "Oskar"ı götürə bilərəm.

-Onlar "Sahə" filmini harada görmüşdülər?

-"Sahə" "Oskar" mükafatı üçün müsabiqəyə göndərilmişdi, amma müsabiqədən keçə bilməmişdi. Sözsüz ki, film Los -Anceles və digər şəhərlərdə nümayiş olunmuşdu. Və mən onların diqqətini çəkmişəm, obrazı yaratmağımı bəyəniblər

-18 yaşın var və sən hələ də Bakı Xoreoqrafiya Məktəbinin tələbəsisən. Məktəbə gec getmisən?

-Bir il sinifdə qalmışam. Filmin çəkilişlərinə görə dərslərdə iştirak etmirdim, oxumurdum. Səhərdən axşamadək çəkilişdə olurdum. İnanırsınız, çəkilişlər zamanı sutkada 2-3 saat yatırdım.

- Məktəbi bitirdikdən sonra hansı peşənin arxasınca gedəcəksən, aktyorluğun, yoxsa baletin?

-Sankt-Peterburqa və ya Moskvaya getməyi düşünürəm. Orada balet artisti kimi fəaliyyət göstərmək istəyirəm. Çünki burada baletə önəm verilmir.

 

 

Ədalət.- 2011.- 17 mart.- S. 8.