Elmar Məmmədyarov
Meksikaya səfəri başa çatdı
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov Meksikaya ilk rəsmi səfərinin ikinci günü - martın
29-da Konqresin Deputatlar Palatasında Meksika-Azərbaycan
Parlamentlərarası Dostluq
Qrupunun üzvləri və palatanın Beynəlxalq Əlaqələr
Komitəsinin sədri
Porfirio Munyoz Ledo ilə görüşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş
parlament televiziyası
vasitəsilə canlı
yayımlanıb.
E.Məmmədyarov Azərbaycanın
xarici siyasət prioritetləri və beynəlxalq əməkdaşlıq
istiqamətləri, Azərbaycanda davam edən iqtisadi proseslər
mövzusunda ətraflı danışıb. O, Meksika ilə
ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq
məsələlərindən də bəhs edib. Nazir
meksikalı parlamentarları Dağlıq Qarabağ
münaqişəsinin nəticələri, münaqişənin
həlli istiqamətində aparılan danışıqlar
prosesi barədə də ətraflı məlumatlandırıb.
Parlamentlərarası dostluq qrupunun üzvləri isə
münaqişənin tezliklə həll edilməsinin vacibliyini
vurğulayaraq münaqişənin nizamlanması zamanı Azərbaycanın
suverenliyinə beynəlxalq hüquq çərçivəsində
hörmətlə yanaşmağın zəruriliyini dilə gətiriblər.
Elə həmin gün
E.Məmmədyarov Meksika Senatının dəvəti ilə
Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli
münasibətləri mövzusunda dəyirmi masaya
qatılıb. Meksika senatorları ilk dəfə Meksikada səfərdə
olan Azərbaycan xarici işlər nazirini salamlayaraq ölkələr
arasında parlamentlərarası münasibətlərə
mühüm əhəmiyyət verildiklərini bildiriblər.
E.Məmmədyarov senatorlara
Ermənistanın Azərbaycana qarşı təcavüzü
haqda məlumat verərək münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri əsasında həllinin
vacibliyini qeyd edib. O, Senatın gündəlik plenar
sessiyasının işinə də qatılıb. E.Məmmədyarovun
Meksikaya rəsmi səfəri başa çatıb.
Ədalət.- 2011.- 31 mart.- S. 2.