Sabiq deputat: "Bu beş ildə
dostlarım mənə
dəstək olub..."
Modern.az saytının suallarını eks-millət vəkili
Anar Axundzadə cavablandırır
- Anar müəllim, siz uzun müddətdir ki, görsənmirsiniz.
Hətta, sizin aktiv siyasi fəaliyyətdən getməyiniz
haqda da fikirlər səslənirdi. Bilmək istərdik bu
müddət ərzində haralarda idiniz, nə işlə məşğul
idiniz?
- Əvvəla fəaliyyətlə
bağlı "görsənmirsiz" ifadəsi doğru
deyil. Bilirsiniz ki, mən 2000-2005-ci illərdə Milli Məclisin
deputatı olmuşam. Hesab edirəm ki, bu müddət ərzində istər qanunların qəbul
edilməsində, istərsə də beynəlxalq təşkilatlarda
qənaətbəxş fəaliyyət göstərmişəm.
Mən Yeni Azərbaycan Partiyası yaranan gündən onun
üzvüyəm. Hətta o yaranarkən onun təşəbbüs
qrupunun üzvü olmuşam. Milli Məclisə deputat seçilənə
qədər Yeni Azərbaycan Partiyasının
Naxçıvan Muxtar Respublikasında Gənclər Təşkilatının
5 il sədri olmuşam. Yeni Azərbaycan Partiyasında fəal
iştirak etmişəm. 1999-cu ildə birinci qurultayda Siyasi
Şurasının üzvi seçilmişəm. Mənim
yolum Heydər Əliyev yolu olub və bu gün də onun
idealarının təbliğatçısıyam. Biz bu
baxımdan özümüzü möhtərəm Prezidentimiz
İlham Əliyevin əsgəri hesab edirik. Bu gün də
Yeni Azərbaycan Partiyasının üzvü kimi fəaliyyətimi
davam etdirirəm. Lazım olan ictimai-siyasi tədbirlərdə,
dəvət olunduğum yerlərdə iştirak edirəm.
- Anar müəllim, bu parlament seçkilərinə
qatılmadınız.
- Mən Yeni Azərbaycan
Partiyasının üzvü olaraq majoritar sistemdə
partiyanın dəstəyi ilə Naxçıvan şəhərindən
3 saylı dairədən namizədliyimi irəli
sürmüşdüm. 2000-ci ildə 27-28 yaşında Anar
Axundzadə Yeni Azərbaycan Partiyasından dəstəkləndisə
və 2005-ci ildə digər partiyanın bir üzvünə
məsləhət oldu ki, o seçilsin. Biz də bununla
razılaşırıq. O mənadakı bu bizim
strategiyamızdır. Bizim yolumuz vəzifə davası deyil.
Bizim yolumuz Heydər Əliyev strategiyalarını həyata
keçirməkdir. Ona görə düşünürəm
ki, dövlətçiliyə, xalqa xidmət tək parlamentdən
keçmir. İstənilən sahədə sən öz
sözünü deyə bilərsən. Mən də
Prezidentimiz İlham Əliyevin məsləhət bildiyi yerdə
durmağa önəm verirəm. Buna görə də
özüm müstəqil addım atmadım, yəni Anar
Axundzadə olaraq namizədliyimi vermədim, çünki mənim
partiyamın və mənsub olduğum iqtidarın rəhbəri
var. Buna görə öz təşəbbüsümlə
müstəqil namizədliyimi vermədim. Bu, prinsipdir. İstəyirəm
ki, Prezidentimizin və partiyamızın nizamnaməsinə
qarşı olmayım.
- Yeni parlament formalaşıb və bu parlamentin fəaliyyəti
ilə bağlı sizin münasibətləriniz necədir?
- Azərbaycanda
ümumiyyətlə ilbəil bütün sahələrdə
inkişaf gedir. Bu baxımdan hesab edirəm ki, yeni tərkibdə
formalaşan parlamentdə də geriyə
yox, irəliyə addım var. Hesab edirəm ki, 2010-cu ilidə
formalaşan parlament xalqımıza,
millətimizə, ölkəmizə öz tövhələrini
verəcək. Mənim buna şübhəm yoxdur.
- Ümumiyyətlə, parlamentin fəaliyyəti ilə
maraqlanırsınızmı? Parlamenti izləyirsinizmi?
- Əlbəttə, nəinki
parlamentlə, ölkədə gedən bütün proseslərlə
maraqlanıram. Təbii ki, dəvət olunduğum tədbirlərdə
də iştirak edirəm. Parlamentin fəaliyyətini də
izləyirəm, xüsusən beynəlxalq təşkilatlarda
keçirilən görüşləri. Möhtərəm
Prezidentimizin apardığı xarici siyasətin davamı
olaraq deputatlar tərəfindən atılan addımları
mütəmadi olaraq izləyirəm və Milli Məclisin fəaliyyətini
qənaətbəxş hesab edirəm.
- Hazırda keçmiş deputat
yoldaşlarınızla əlaqələriniz varmı?
- Əlbəttə,
bütün mənim keçmiş həmkarlarım və bu
gün parlamentdə fəaliyyət göstərən, mənimlə
eyni vaxta deputat olmayan insanlarla da münasibətlərim var.
Bunların adını açıqlaya bilərəm.
- Ümumiyyətlə, kimlərlə
görüşürsünüz, hansı məsələlər
ətrafında fikir mübadiləsi aparırsınız?
- Bəli,
görüşürəm, parlamentə də ara-sıra gedirəm.
Mən parlamentdə Aqrar Siyasət Komitəsinin
üzvü olmuşam. Ona görə də
vaxtaşırı komitənin sədri Eldar İbrahimovu gedib
ziyarət edirəm, Hadı Rəcəbli ilə
görüşürəm. Əli Hüseynov, Şahin
Mansurov, Aydın Abbasov, Rövşən Rzayev, Adil Əliyev,
Elman Məmmədov, Vəsadət Əzizov, Vüqar Rəhimzadə
ilə də əlaqə saxlayırıq,
görüşürük. Hazırda deputat olmayan şəxslərdən
Oqtay Səmədov, Ağakərim Rəhimov, Tofiq Hüseynli,
Novruz Quliyev və digərləri ilə də xoş
münasibətimiz var. Qeyd edim ki, iqtidarın
apardığı siyasəti dəstəkləyən hər
bir millət vəkili mənim dostumdur.
Biz xeyir-şər məclislərində,
tədbirlərdə rastlaşırıq, eyni zamanda boş
vaxtımız olanda zəngləşib
görüşürük. Bizim ümumi məqsədimiz var
ki, ölkəmizdə firavanlıq olsun. Ona görə də
biz istər Prezidentimiz tərəfindən verilən
tapşırıqlar olsun, istərsə də ölkəmizin
gündəmində olan vacib məsələləri,
ara-sıra görüşəndə də öz aramızda
da müzakirə edirik.
- Həmin görüşlər zamanı bir-birinizə
tövsiyələriniz olurmu?
- Biz Prezidentimizin
korrupsiyaya qarşı fəaliyyətini çox
alqışlayırıq. Eyni zamanda Bakı şəhəri
və ətraf ərazilərdə qanunsuz tikilmiş evlərin
sənədləşdirilməsi ilə bağlı göstərişini
Prezidentimizin xalqa hədiyyəsi kimi qəbul edirik. Prezidentimizə
daima minnətdaram ki, o, xalqı düşünür. Hesab
edirəm ki, Azərbaycan çox sürətlə inkişaf
edir və belə də davam edəcək. Statistikaya baxsaq,
95-ci ildən inkişaf müşahidə olunur. Mən həm
də 5 il büdcənin qəbulunda iştirak etmişəm. Deyə bilərəm ki, hər il büdcəmiz
böyük sıçrayışla artır. 1995-ci ildə
Azərbaycanın büdcəsi altı yüz milyon dollar idisə,
bu gün 12 milyarddır.
-Bir neçə müddətdir ki, ərəb
dünyasında inqilablar baş verir. Bu prosesləri siz necə
qiymətləndirirsiniz?
- Bu proseslər qlobal məsələlərdir.
Dərinliyə getsək haradasa demokratik ölkələrin də
ərəb dünyasına müəyyən təzyiqləri
var. Amma çevrilişlər bu ölkələrdə xalq
inqilabı adı altında gedir. Xalq digər ölkələrə
baxıb inkişaf etmək istəyir. Mən hesab edirəm ki,
bunlar təbii proseslərdir. Sadəcə, bir məsələyə
təəssüf edirəm ki, Azərbaycanda müxalifət
adı ilə formalaşan təşkilatlar belə ölkələrdə
gedən məsələlərdən nə isə öz
ölkəmiz üçün tətbiq etmək və yaxud
ondan ruhlanıb hərəkətə keçmək, mitinq etmək
istəyir. Bir dəfə mitinq etdilər, indi ikinci dəfə
mitinq təyin ediblər. Ola bilər ki, bu gün 90- cı ildə
dünyaya gələn Azərbaycan gəncləri və digər
o yaşda olan insanlar bizim yaxın keçmişimizi görməyiblər.
Amma biz 1990 və 92-ci illəri, Azərbaycanda gedən prosesləri
yaşamışıq. Mən o müxalifət nümayəndələrinə
xatırlatmaq istəyirəm ki, Azərbaycanda ilk növbədə
xalq inqilabı olub. Azərbaycanda AXCP, Müsavat cütlüyünün
yaratdığı anarxiya ölkəmizi dağıtmaq təhlükəsinə qoyduğu halda,
xalq ayağa qalxdı, öz xilaskarına-Naxçıvana
üz tutdu və Heydər Əliyevi hakimiyyətə dəvət
etdi. Bu gün onun qurduğu dövlət dünyanın ən
oturuşmuş dövlətləri içərisindədir. Təəssüf
ediləsi hal odur ki, bizim müxalifət nümayəndələri
Azərbaycanın qlobal məsələlərində
iqtidarın yanında durmaq əvəzinə öz şəxsi
mənafelərinə uyğun addımlar atırlar. Onlar nə
yolla olur olsun hakimiyyətə gəlmək istəyirlər. Həmin
bu insanların xalq arasında sosial bazası yoxdur. Bu
bazanın olmamasının sübutu xalqın
"Torqovı" dediyi ərazidə gedib mitinq keçirmələridir.
Əgər sənin sosial bazan varsa, partiyanın kifayət qədər
üzvü varsa, gedib boş yerlərin birində mitinq
keçir. Müxalifət nümayəndələrinin rəhbərləri
deyirlər ki, sərbəst toplaşmaq hüquqları var. Mən
də deyirəm ki, Azərbaycan vətəndaşlarının
da istirahət etmək hüququ var. Əgər mən ailəmlə,
yaxınlarımla "Tarqovı"da istirahət edirəmsə,
onların nə ixtiyarı var səs-küy salıb mənim
istirahətimi pozsunlar. Azərbaycan müxalifətinin
bugünkü düşüncəsini mən qəbul etmirəm.
Onlar Azərbaycan xalqına nə verə biləcəklərini
artıq göstəriblər. Onlar geridə Azərbaycanın
hər bir regionunda olan Şəhidlər xiyabanları, 1
milyondan çox qaçqın və tənəzzül
etmiş iqtisadiyyat qoydular.
Bilirsiz, fəaliyyət
tək danışmaqdan ibarət deyil. Bu gün Azərbaycan
iqtidarının nümayəndələri danışmaqdan
daha çox əməli işə üstünlük verirlər.
İndi təkcə Bakı şəhərində yox, Azərbaycanın
bütün regionlarında gedən inkişaf, iş yerlərinin
açılması, Bakı şəhərinin günbəgün
gözəlləşməsi və eləcə də digərlərini
saymaqla qutaran deyil. Vaxt var idi, bunlar barmaqla
sayılırdısa, indi bizim çatışmayan tərəflərimizi
barmaqla saymaq olar. Bu da daimi aparılan uğurlu dövlət
siyasətin nəticəsidir. Bu gün Naxçıvan Muxtar
Respublikası blokada şəraitindədir. Naxçıvanla
Azərbaycanı birləşdirən yalnız bir hava yolu var.
Lakin bütün bunlara baxmayaraq Naxçıvandakı
inkişafa gedib baxın. Bunların hamısı Heydər Əliyev
siyasətinin və NMR-nın rəhbərliyinin, o cümlədən
Vasif Talıbovun apardığı işin nəticəsidir.
Bu gün Azərbaycanın ən ucqar rayonlarına, istər Cənub
bölgəsi olsun, istərsə də Şimal bölgəsi
olsun, hər tərəfdə inkişaf var. Bugünkü
inkişaf Prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən
aslıdır. Əgər kapitan yerindədirsə,
sükanı düzgün idarə edirsə, deməli, gəmi
də rahat gedəcək. Bizim də gəmimizi sürən,
tam təhlükəsizliyimizə təminat verən və onu
bacaran dövlət adamı var.
Mən
düşünürəm ki, Azərbaycan xalqı lazım gəlsə
meydana çıxmalı, Azərbaycanda
ictimai asayişi pozmağa çalışan insanlara "Biz
sabitliyi pozanlara yox deyirik" şüarını səsləndirməlidir.
Təbii ki, problemlər də var. İş olan yerdə problem olar, iş olmayan yerdə problem olmaz. Ölkəmiz inkişaf edirsə,
problemlərimiz də
olacaq. Gəlin biz dövlətimizin yaşına baxaq. Azərbaycan
20 yaşlı bir dövlətdir. Bu yaşda bu inkişaf
mənə elə gəlir ki, çox təqdirə layiqdir.
Əlbəttə, müxalifət nümayəndələri
də Azərbaycan vətəndaşlarıdır. Ancaq söhbət
təşkilatdan, sosial
bazadan gedirsə, onlarda bu, yoxdur.
Azərbaycan vətəndaşı olan insan bugünkü
inkişafa qara yaxmamalıdır.
- Bir müddət öncə gənclər sosial şəbəkə
vasitəsilə "Böyük xalq günü" adlı
mitinqlər keçirməyə çalışdılar.
Ümumiyyətlə, siz necə
düşünürsünüz Azərbaycan gəncinin
hansı problemləri var ki, onlar belə aksiyalar keçirirlər?
- Bu gün Azərbaycanda
kifayət qədər intellektli gənclər var. Onların
istər Azərbaycanda olsun, istərsə də xaricdə təhsil
almaq üçün geniş imkanları mövcuddur. Əlbəttə
gənclərə bu şəraiti dövlətimiz yardır.
Bunun təməli ümummilli liderimiz tərəfində
qoyulub. Gənclər bir vaxtlar başsız
qalmışdırlar, bilmirdilər neyləsinlər. Heydər
Əliyev hakimiyyətə gələndən sonra onlar öz
yerlərini tapdılar. İndi əgər
internet vasitəsi ilə hər hansı təbliğat
aparılırsa, bu ölkəmizdə gənclərin komputerlə
bağlı olan inkişafından irəli gəlir. Yəni məncə
bu gün dünyanın ən məşhur universitetlərində
təhsil alan Azərbaycan gənci məhz cənab Prezidentin
apardığı siyasəti dəstəkləyir. Hər bir insan dərk
etməlidir ki, o, hansı yolu tutur, bu yol
ona nə verir? Əgər kimsə dərk
etmirsə, gənclər
məndən inciməsinlər,
hansısa potensialı
bitmiş adamın dalınca getmək nə dərəcədə
düzgündür? Bu
gün Azərbaycan gəncliyinin 90%-i tam düzgün
yoldadırlar. Hər şey
göz qabağındadır,
İdmanımız bu
gün necə inkişaf edir? Bunların hamısı elə-belə
əldə olunmayıb.
İndi Azərbaycanın hər bir yerində idman kompleksləri, internet
mərkəzləri, kitabxanalar
var. Mən sizə deyim, Naxçıvan şəhərində yeni
müasir üslubda tikilmiş gözəl bir kitabxana var. Bu baxımdan mən düşünürəm ki,
dövlətimiz tərəfindən
bu gün gənclər üçün
hər bir şərait yaradılıb.
Çox
təəssüf ki, onların içində yolunu azan insanlar da var. Hesab edirəm
ki, zaman-zaman cəmiyyətin özü
o, gəncləri utandıracaq.
Bu gün bir
çoxları Azərbaycanı hansısa ərəb ölkəsinə
bənzədirlər. Mən ümumiyyətlə hesab edirəm
ki, bu gün Azərbaycanın durumu ərəb ölkələri
ilə eyniləşdirilməməlidir. Unutmayaq ki, Azərbaycanın
ərazilərinin böyük bir hissəsi işğal
altındadır, buna baxmayaraq ölkəmiz sürətli
inkişaf yolundadır. Belə bir halda biz Azərbaycanı niyə
geridə qalmış, diktator ölkələri ilə
müqayisə edirik ki. Mən Azərbaycanı gələcəyin
Avstriya, Almaniya, Amerika kimi görürəm. Bu az
yaşıyla Azərbaycan inkişaf etmiş ölkələr
arasına daxil olub. Bu gün əksər beynəlxalq təşkilatlarla
Azərbaycanın əməkdaşlığı var. Hətta,
bəzilərinin üzvüdür.
Azərbaycanın beynəlxalq
təşkilatlarda həmişə mövqeyi çox
nüfuzlu olub. Mən özüm istər Strasburqda, istər
Belçikada, o cümlədən Parisdə bir sıra təşkilatlarla
görüşlərdə iştirak etmişəm. Azərbaycanı
ərəb ölkələri ilə müqayisə etmək
olmaz. Bu gün o, 3-5 nəfərin xülyasıdır.
Bu, o zaman reallaşar ki, orada xalq kütləsi hakimiyyətdən
narazı olsun. Bizdə bu xeyli fərqlidir. Xalq İlham Əliyev
cənablarını ikinci dəfə prezident seçdi.
Prezidenti birmənalı olaraq dəstəkləyir. Bu sabah da
belə olacaq. Çünki, İlham Əliyev öz
xalqını hər gün düşünən prezidentdir.
Bu baxımdan xalq da öz borcunu yerinə yetirməlidir. Xalq
meydana çıxaraq sabitliyi pozmaq istəyənlərə,
İlham Əliyevin apardığı uğurlu siyasətə
mane olanlara "yox" deməlidir. Mənə elə gəlir
ki, bu, lazımdır. Təbii ki, xalq bizimlədir.
Adını müxalifət qoyan qüvvələr şou
göstərmək istəyirlərsə, Azərbaycanın sirki
var, buyurub orada şou göstərə bilərlər. Siyasət
aparmaq istəyirlərsə, onu sivil qaydada aparmaq
lazımdır.
- Bizdə olan məlumata görə yaxın zamanlarda
siyasi aktivliyiniz güclənəcək.
- Mənim saytım var
idi. Sonra texniki səbəblərdən saytın fəaliyyəti
dayandırıldı. Açığı mən
özüm də bir o qədər maraqlı olmadım ki,
yenidən saytım fəaliyyət göstərsin. Yəqin
ki, tərcümeyi-halım sizə məlumdur. Deyim ki, ilk əmək
fəaliyyətimə 16 yaşımdan başlamışam.
Amma 23 yaşımda Naxçıvanda Nazirlər Kabinetində
işə başlamışam, ondan sonra Ali Məclis sədrinin
köməkçisi olmuşam. Daha sonra Naxçıvan şəhər
İcra başçısının birinci müavini işləmişəm.
Mən qeyd edim ki, tutduğum bu yoldan heç vaxt dönən
deyiləm. Hesab edirəm ki, ölkəmizdə Prezident
İlham Əliyevin başçılığı ilə gedən
inkişafdan mənə də pay düşür. Cənab
Prezidentimizin nə zaman bir əmri olarsa, onu yerinə yetirməyə
hazıram. Biz Prezidentimizə öz sədaqətimizi
nümayiş etdirməyə hazırıq. Mənim
tutduğum yol Heydər Əliyev yoludur. Bunu başa
düşmək üçün çox da savadlı olmağa
ehtiyac yoxdur. Heydər Əliyev yolu inkişaf deməkdir, bu yol
xalqa xidmət deməkdir. Mən də işlədim, işləmədim
bu yoldan geri çəkilən deyiləm. Ən gənc
yaşlarımdan bu yola qədəm qoymuşam. İnşallah
bundan sonra da bu siyasəti dəstəkləyəcəm.
- Anar müəllim, hazırda nə işlə məşğul
olursunuz?
- Elə bir ciddi işim yoxdur. Düzdür, indiki dövrdə
nə iləsə məşğul olmaq lazımdır. Yaşamaq üçün,
ailəni dolandırmaq
üçün mütləq
işləməlisən. Siyasəti bir kənara qoysaq, deyə bilərəm ki, mən valideynəm
3 övladım
var. Övladları böyütmək, onlara təhsil vermək üçün
çalışmaq lazımdır.
Mən də əlimdən gəldiyi qədər çalışıram. Amma deyim
ki, konkret hansısa Holdinqim var, marketim var
belə şeylər məndə yoxdur. Ümumiyyətlə, bizneslə məşğul
deyiləm. Səmimi
deyim ki, yaxşı dostlarım
var. Mənə 5 il fasilə dövründə dostlarım
dəstək olublar. Onların dəstəyi məni ayaqda saxlayır. Bu baxımdan mən
narazı deyiləm.
Təbii
ki, belə bir aktiv enerjili
dövrümdə xalqıma,
dövlətimə xidmət
etmək istərdim.
- Növbəti parlament seçkilərində namizədliyinizi
irəli sürəcəksinizmi?
- Qarşıda 4 il var.
Hər dövrün öz hökmü var. Növbəti
parlament seçkilərinə kimi hansısa icra orqanında təmsil
oluna bilərəm və bu seçkilərə qatılmaya
bilərəm. Əgər növbəti seçkilərdə
YAP tərəfindən namizədliyim irəli sürülərsə,
məmnuniyyətlə namizədliyimi verərəm. Hesab edirəm
ki, seçkilərə qatılsam səs toplayıb
seçilə bilərəm. Çünki ətrafımda
kifayət qədər insan var.
- İndi millət vəkili olsaydınız, parlamentdə
hansı təkliflərlə çıxış edərdiniz?
- Millət vəkili
olduğum dönəmdə də əsas diqqəti çəkdiyim
məsələlər regionların inkişafı olub. Bu
gün regionlardan işi oldu, olmadı, insanların kütləvi
şəkildə Bakıya gəlmələrini düzgün
hesab etmirəm. Mən dəfələrlə bu məsələni
qaldırmışam. Bundan başqa, mən
çıxışlarımda bildirmişəm ki, rayonda
işləyən müəllimin, həkimin əmək
haqqı Bakı şəhərində işləyənin əmək
haqqından yüksək olmalıdır. Rayonlar, kəndlər
inkişaf etməlidir. Mən bu məsələləri diqqətə
çatdırardım. Düşünürəm ki, nə
vaxtsa deputat olsam deməyə sözüm çox olacaq.
Bu gün kiminsə
çıxıb hay-küy salmasına ehtiyac yoxdur. Kimlərsə
özlərini çox da ağıllı hesab etməsinlər.
Təbii ki, dövlətdə çalışan insanlarda da
nöqsanlar var. Bu nöqsanlar dövlətimiz tərəfindən
mütəmadi olaraq aradan qaldırılır. Rayon başçısından tutumuş hər
bir kəs ona göstərilən etimadı
doğrultmalıdır. Bununla biz ancaq daha böyük
inkişafa gedə bilərik. Bu yol bizi zəfərə
aparacaq.
Ədalət.- 2011.- 31 mart.- S.
1, 3.