Soyqırım - Bu ifadənin mahiyyətini ermənilər hamıdan yaxşı bilir
Çünki törətdikləri vəhşilik
insanlıqla bir araya sığmır
Bu gün təkcə Azərbaycanda
deyil, həm də dünyanın bir çox ölkələrində
Azərbaycanlıların soyqırım günü
anılır. Ötən əsrin əvvəllərində
ermənilərin bütün ölkə ərazisində
xalqımıza qarşı həyata keçirdiyi
soyqırım siyasəti tarixi faktlarla bu gün ortaya
çıxarılaraq dünya ictimaiyyətinə
çatdırılmaqdadır. Əslində ermənilərin
yerli xalqa qarşı törətdiyi cinayət hadisələri,
soyqırımların tarixi onların Azərbaycan ərazilərində
məskunlaşdırılması ilə başlayır. Bu mənada
təqvimdəki günlərin böyük əksəriyyəti
qara xətlə keçir ki, ermənilərin azərbaycanlıların
başına gətirdikləri oyunları nə hansısa
hadisə, nə də günlə əlaqələndirmək
qeyri-mümkün görünür.
Amma bütün bunlara rəğmən
ermənilərin azərbaycanlılara qarşı ədavəti
özünün xüsusi tarixi ilə yaxşı məlumdur.
Tarix boyu torpaqlarımızın işğalı niyyəti ilə
yaşayan, torpaqlarımızda yerləşdirilib dövlət
yaradılmaqla bədnam qonşularımıza çevrilən
ermənilər istənilən fürsətdən istifadə
ediblər. XX əsrin əvvəllərində,
çar imperiyasının süqutundan sonra
qarmaqarışıqlıqdan istifadə edən erməni
siyasətbazları müxtəlif siyasi donlarda Azərbaycana
qarşı olan çirkin məqsədlərini həyata
keçirməyə cəhd ediblər. Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasına aparılan yolda
xalqımızın apardığı mübarizəyə erməni
daşnaklarının və siyasətbazlarının necə
mane olduğunu göstərən tarixi faktları
araşdırarkən Azərbaycan xalqını böyük
geopolitik savaşa sürükləyərək onun sərvətlərini
hərraca çıxarmaq istəyən Bakı Sovetinin onun
erməni-daşnak rəhbərlərinin apardığı
xain siyasətə ayna tutmaq istəmişik. Təsadüf nəticəsində
günümüzə gəlib çıxan sənədlərlə
tanış olduqda XX yüzilliyin əvvəlində necə mənfur
bir düşmənlə üz-üzə
qaldığımız bir daha aydın olur. İstər mart
soyqırımı, istərsə də milli sərvətimiz
olan neftin talan edilməsində ermənilərin xain
simaları tam çılpaqlığı ilə üzə
çıxır.
Leninin erməni silahdaşı
Xatırladaq ki, Leninin
Qafqazdakı canişini, fövqəladə komissar səlahiyyətli
Stepan Şaumyan və onun rəhbərlik etdiyi Bakı Soveti məkirli
planlarını reallaşdırmaq üçün cidd-cəhdlə
Azərbaycanın müstəqilliyinə mane olmağa
çalışırdı. Bu minvalla Azərbaycanın
baş şəhəri Bakıda Rusiyanın xeyir-duası ilə
baş verən hadisələrdə başlıca məqsəd
Bakını ölkənin digər hissələrindən
ayırmaq və bununla da Azərbaycanı paytaxtsız qoymaqla
onun bütünlüyünə imkan verməmək idi. Öz
növbəsində Azərbaycanın türk-müsəlman əhalisi
də bolşeviklərin və ermənilərin məkirli niyyətlərinin
baş tutmaması üçün onları dəstəkləmirdi.
Xüsusilə də ölkənin istər ziyalı, istərsə
də sadə vətəndaşları arasında milli
özünüidarə ideyasının həyata keçirilməsi
daha real idi. 1917-ci il noyabrın 2-də Bakıda
Şaumyanın ali hakimiyyət orqanı elan etdiyi Bakı
Sovetinin əsas arxalandığı qüvvənin də yerli
vətəndaşlar deyil, Bakıda yerləşən rus hərbi
qarnizonu olması da təsadüfi deyildi.
Yeri gəlmişkən
qeyd edək ki, həmin dövrdə müvəqqəti olaraq
bolşeviklərin idarəetməni ələ alması ilə
cərəyan edən siyasi proseslərdə azərbaycanlılar
(türklər) arxa plana keçirilmiş, ölkənin yiyəsi
olan Azərbaycan əhalisi rusların, ermənilərin və
digər gəlmələrin hakimiyyət uğrunda mübarizəsindən
kənarda saxlanılmışdı. Hətta onların
adları belə çəkilmir, bir sıra müraciətlərdə
isə sadəcə "müsəlman əhalisi kimi" qeyd
edilirdi. Konkret olaraq misal göstərə bilərik ki, 1918-ci
ildə Balaxanıdakı fəhlə
yığıncağında qəbul edilən müraciət
"Müsəlman, ləzgi, gürcü və erməni fəhlələrinə"
sözləriylə başlayırdı. Əlbəttə ki,
maraqları təmin edən bu siyasət Rusiya tərəfindən
açıq dəstəklənirdi. 1918-ci il fevralın 14-də
Leninin Şaumyana göndərdiyi teleqram bu baxımdan deyilənlərin
əyani sübutu sayılmalıdır. Sözügedən
teleqramda Lenin yazırdı: "Sizin qəti siyasətiniz bizi
çox sevindirir. Bacarıb həmin siyasəti indiki çox
çətin vəziyyətin tələb etdiyi çox
ehtiyatlı bir diplomatiya ilə birləşdirin". Bəllidir
ki, bu "diplomatik" tövsiyənin fəsadları
özünü çox gözlətmədi. Bakıdakı
mart qırğını, Bakı Sovetinin erməni daşnak hərbi
birləşmələri ilə birgə hərəkət
planı və Bakı neftinin Rusiyaya ötürülməsi
kimi hadisələr üçün bu teleqram razılıq
aktı oldu.
Planın tərkib hissəsi - Mart
qırğını
Bu danılmaz bir həqiqətdir
ki, 1918-ci il Novruz bayramı ərəfəsində həyata
keçirilən mart qırğını təsadüfi bir
hadisə deyildi. Bu Bakı Sovetinin xain avantürası idi.
Bakıda və Azərbaycanın digər yerlərində
milli hisslərin özünü daha qabarıq göstərməsi,
Azərbaycan türklərinin öz ölkələrinə
sahiblənmək istəyinin ön plana çıxması
bolşevikləri çıxılmaz vəziyyətə
salırdı. Onlar buna yol verməməyi qərara
almış, yaranmaqda olan milli kimlik və dövlətçilik
xəttini nəyin bahasına olursa-olsun dağıtmaq və
şəhəri birbaşa Rusiyaya tabe etdirmək xətti
tutmuşdular. 1918-ci il martın 15-də, Bakı Sovetinin
iclasında "Zaqafqaziyada işlərin vəziyyəti haqqında"
məruzəsində Şaumyan həyasız bir
soyuqqanlılıqla deyirdi ki, "Bakı Soveti Rusiya Xalq
Komissarları Sovetinin açıq elan etmiş olduğu vətəndaş
müharibəsinin Zaqafqaziyada başlıca dayağı və
mərkəzi olmalıdır".
Xatırladaq ki,
"Dikaya Divizaya"nın tərksilah edilməsi mart
qırğınları üçün bəhanə oldu -
bolşeviklər təxribata əl atmaqla bu faciə
üçün zəmin qazandılar. Mart
qırğınından sonra Rusiya Xalq Komissarları Sovetinə
göndərdiyi məktubda Şaumyan yazırdı ki
Bakıda sovet hakimiyyəti müsəlman millətçi
partiyalarının müqaviməti nəticəsində daim
havadan asılı vəziyyətdə idi: "...Onların qələbəsi
Zaqafqaziyanın Rusiya üçün itirilməsi demək
olardı... Buna görə də bizim süvari dəstəmizin
üzərinə ilk silahlı basqın cəhdindən istifadə
edib bütün cəbhə boyu hücuma başladıq".
Göründüyü
kimi bu etiraf dəhşətli bir siyasətin
konturlarını açır. Rusiyaya azərbaycanlı
(türk) olmayan Bakı lazım idi, çünki "sovet
hakimiyyəti qurmaq" adı altında Azərbaycan bölgələrinə
gedən erməni-bolşevik güruhu yerli əhalidən dəstək
görmürdü. Onlar başqa millətlərin köməyi
ilə oyuncaq "sovet hakimiyyəti" elan etməyə məcbur
olurdular. Qubadakı soyqırım Muğan Sovet Respublikası
avantürası məhz rusların və ermənilərin əli
ilə ortaya atılmışdı.
"Beynəlmiləlçi
və ideyalı kommunist" Şaumyan öz məqsədinə
çatmaq üçün sinfi düşmən elan
olunmuş daşnaklarla razılaşma imzalamaqdan belə
utanmamışdı. Bakıda azərbaycanlı əhalinin cəzalandırılması
məhz daşnakların əli ilə həyata
keçirilirdi. Bakı Soveti 1918-ci ilin martında cinayətkar
planı həyata keçirməyə başlayır və təxminən
7 min əsgəri müxtəlif yerlərdən Bakıya gətirir.
Bundan başqa "Qırmızı Qvardiya" adı
altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən
ibarət idi. Martın 30-da axşam saatlarında Bakıda ilk
atəş səsləri eşidilir. Erməni dəstələri
müsəlmanların evinə basqın edərək
onları vəhşicəsinə öldürməyə
başlayırlar. Həmin soyqırım zamanı təkcə
bir gün ərzində 12 mindən artıq azərbaycanlı
qanına qəltan edilir. Bu faktlar Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yaradılmış istintaq komissiyasının
hesabatında əksini tapıb. Həmin hesabatda mart hadisələri
zamanı ölənlərin sayının 20 mindən
çox olduğu bildirilir. Mart soyqırımında təkcə
bir gün ərzində Bakıda 12 mindən çox azərbaycanlı
öldürülməsi bolşevik-daşnak dəstələrinin
vəhşiliklərini göstərir.
Hər yerdə ölüm xofu
Onu da deyək ki,
bolşevik-daşnak vəşhiliyi yalnız Bakı ilə
bitmir. Onlar Quba, Şamaxı,Kürdəmir, Salyan və Lənkəran
qəzalarında soyqırımı davam etdiriblər. Qatil
S.Lalyansın dəstələri 3-16 aprel tarixində
Şamaxı əhalisinə divan tutur. Onun Yerli ermənilərin
köməyi ilə təkcə mart ayında
Şamaxının 58 kəndi Bakı Sovetinin erməni ordusu tərəfindən
dağıdılıb. Təxminən 8 mindən artıq
insan öldürülüb. Bunların 1653 nəfəri
qadın 965 nəfəri uşaq idi. 1918-ci ildə 15 min əhalisi
olan Şamaxının 1921-ci ildə cəmi 1700 nəfər
adam qalmışdı. Ermənilərin 1918-ci il mart və
aprel aylarında Şamaxı və ona bitişik kəndlərində
törətdikləri qətliamı sübut
edən çoxlu sayda arxiv materialları var. Bu materiallar
arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı
A.Xasməmmədovun ADR-in Ədliyyə
Nazirinə Şamaxı şəhəri və ona bitişik kəndlərinin
dağıdılması, əhalinin öldürülməsi
barədə məlumat, həmin komissiyanın bu məqsədlə
komissiya başçısına verdiyi məlumatı,
çinayətkar şəxslərlə bağlı təcili
məhkəmə işinin başlanması haqqında
komissiyanın 12 iyul 1919-cu il tarixli qərarını göstərmək
olar. Həmin soyqırımı əks etdirən faktlar isə
7 cild, 925 səhifədən ibarətdir. Quba qəzasında
hadisələr də eyni istiqamət üzrə cərəyan edirdi. Aprel ayında Quba qəzasına
göndərilən Hamazasp ona "Xəzər dənizindən
Şahdağadək olan ərazidə müsəlmanları məhv
etmək əmrinin" verildiyini bildirir. Onun
başçılıq etdiyi daşnak-bolşevik dəstələri
Quba qəzasında 122 kəndi yandırmışdılar. Ermənilər
tərəfindən törədilən bu soyqırım
zamanı 30 mindən artıq adam öldürülüb.
Qırğının əsas təşkilatçılarından
olan S.Şaumyan RSFSR XKS-ə 1918-ci ildə yazdığı məktubunda
həyasızcasına etiraf edir-" Daşnakstyunun 3-4 minlik
milli hissələri bizim ixtiyarımızda idi. Milli hissələrin
inkişafı vətəndaş müharibəsinə qismən
milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək
mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran
və digər ərazilərdə erməni bolşevik
-daşnak guruhu 50 min azərbaycanlını qətlə
yetirmiş, 10 minlərlə insanı
öz torpaqlarından qovulmuşdu. Vəziyyət o qədər
qəliz idi ki, Bakı Sovetini dəstəkləyən Müsəlman
Sosialist Partiyaları Bürosu təcili olaraq Erməni Milli
Komitəsini buraxmağa, bu komitəyə tabe olan silahlı
qoşunları Bakıdan çıxarmağa
çağırırdı. Vəziyyətin böhran həddinə
çatdığını anlayan Şaumyan, Leninin tövsiyə
etdiyi kimi, "diplomatiya" oyunu qurdu. 1918-ci ilin aprelin 20-də
İnqilabı Müdafiə Komitəsi yaradıb ermənilərin
komitəsini ləğv etməyi təklif etdi. Amma
bütün bunlar gözdən pərdə asmaq
üçün idi - bu qurum da, erməni qoşunları da
sona qədər Bakıda fəaliyyət göstərdilər.
Məsum mart soyqırımında
onlar öz qanlı missiyalarını məharətlə yerinə
yetirdilər. 100 minlərlə soydaşımız mart
soyqırımının qurbanı oldu.
Milli sərvətin talanı
Aydındır ki, 1918-ci
il aprelin 25-də yaradılan Bakı Xalq Komissarları Sovetinin
əsas məramlarından biri Rusiyanı havayı Azərbaycan
nefti ilə təmin etmək idi. Daha əvvəl isə
(1918-ci ilin martında) Rusiya Xalq Komissarları Soveti ona aid
olmayan Azərbaycanın neft ehtiyatlarına həyasızlıqla
müdaxilə edərək ehtiyatları öz mülkiyyəti
elan etmişdi. Lenin Bakı neftinin Rusiya üçün həyati
əhəmiyyət daşıdığını deyir və
komissarlardan onun daşınmasının təşkilini tələb
edirdi. 1918-ci ilin mayında Bakıya onun belə bir göstərişi
gəldi: "Birinci növbədə və hökmən neft
çıxarılması işi təmin edilməlidir..."
Leninin cümlələrindəki əmr tonuna fikir verirsinizmi?
Bakıda aclıq hökm sürür, siyasi
çaxnaşmalar baş verir, yüz minlərlə insan
siyasi avantüralara qurban gedir, amma bütün bunlar
"proletariatın dahi rəhbərinin" vecinə deyil, o,
neft istəyir! 1918-ci il mayın 23-də göndərdiyi
teleqramda Lenin öz neft ehtirasını daha qabarıq göstərir:
"...Lap çoxlu miqdarda neft çıxarılması
işi birinci növbədə və DANIŞIQSIZ təmin
edilsin". Bolşevik liderinin hökmüylə Rusiya Ali Xalq
Təsərrüfatı Şurası 1918-ci il iyunun 2-də
Bakıya sərəncam göndərir (Bu vaxt Azərbaycan
Cümhuriyyəti artıq qurulmuş və ölkə sərvətlərinin
qanuni sahibi elan olunmuşdu, amma yoldaş Lenin sanki kardır!), əmr
edir ki, ...Bağlanmış mədənlər dərhal bərpa
edilsin. Keçmişdə istismar olunan quyuların
hamısı işə salınsın, neft və neft məhsulları
dərhal göndərilsin!"
Bir yazıya sığmayan dəlillər
Şübhəsiz, erməni
daşnakları ilə birlikdə bolşeviklərin törətdiyi
əməlləri bir yazı ilə yekunlaşdırmaq
qeyri-mümkündür. Əldə olunan faktlar kifayət qədər
kədərlidir. 1918-ci ilin yazında və yayında
Bakıdan Rusiyaya 4 milyon 300 min ton neft və neft məhsulları
göndərilib. Təbii ki, əvəzsiz, havayı!
Ümumilikdə Bakı Sovetinin fəaliyyəti dövründə
Rusiyaya 80 milyon pud neft aparılıb.
Bu bir həqiqətdir
ki, XX yüzilliyin əvvələrində baş vermiş
hadisələr bu gün üçün də ibrətamizdir.
Bu mənada milli dövlət quruculuğu sahəsində vacib
olan tarixi həqiqətlərin zamanında təhlil edilməsi
və ictimai müzakirəyə çıxarılması son
dərəcə zəruri məqamlardandır. Tarixin təcrübəsindən
nəticə çıxarmaq müstəqillik tarixi çox gənc
olan dövlət kimi Azərbaycanımıza, millətimizə
olduqca gərəklidir.
Gültəkin
Ədalət.- 2011.- 31 mart.- S. 5.