YADDAN ÇIXMAZ QARABAĞ
Paris məzarlığında Qarabağ
torpağına dönmüş Ceyhun bəy Hacıbəylinin,
cümlə qürbətçilərin xatirəsinə
Şuranın ulduz
papaqlı süvarilərinin atlarının kişnərtisi
Qarabağ bəylərini də yerindən-yurdundan pərən-pərən
salmışdı. Xanzadələri, bəyzadələri həyət-bacasında
güllələyən kəmfürsətlərin əlindən
Əlpənahlılar da az qaçıb, üz qaçıb,
gəlib Parisə yerləşmişdi. Bütün qürbətçilər
kimi onlar da üzü vətənə sarı çəkilməyə
başlamışdı. Üzdən şuxluğu
soyunmuş, içdən zəfəran rəngli alt paltarı
geyinmiş qürbətçilər az müddətdə
bir-birlərini tapıb həyan olmağa
başlamışdı. Vətən yetimlərinin
ağsaqqalına çevrilmiş Əlipənah bəyin
işlətdiyi çay evi onların isinə bildiyi ocağa
dönmüşdü. Birliklərini diriliklərinə
döndərib özlərini birtəhər ovudurdular. Necə
olsa yenə qürbət zərbəsini həkləyir,
yazıqları bir-bir təkləyirdi. Bu dəfə də
növbə Əlpənah bəyə
çatmışdı. Dağdan ağır kişinin
özü qov kimi yüngülləşmiş,
balışı qurşun kimi
ağırlaşmışdı. Qənşərindəki, rəhmətlik
atasının çərkəzi libasdakı zəhmli şəkli
də kömək əlini uzada bilmirdi. Halbuki əvvəllər
hər ona baxanda gözü önünə Cıdır
Düzü, İsa Bulağı gəlir, qulaqlarında
Qarabağ atlarının kişnərtisi,
Qaryağıoğlunun Heypatısı səslənirdi.
İndisə o bəylər bəyinin nə çiynindəki
aynalı qara-quralarını qara görglər tək
hürküdüb uçura, nə də belindəki
qızıl dəstəkli xəncəri
ağrılarını doğraya, kəsə bilirdi.
Sinəsi dəmirçi
körüyünə dönəndə vəsiyyətini
bişirməyin, düşünməyin möhlətinin
yetişdiyini başa düşdü. Qürbətin divara dirədiyi
adam son sözlərini oğlu Elpənaha üzü divara
söylədi. Ata qrubunu göstərmək istəmədi.
- A bala, ay uşaq
qanımız Pənah xan, südümüz Xan qızı
çeşməsindədi. Neyləyək ki, zaman bizi
Şuşa qalasından ayırıb qürbətlərin
qazamatına saldı...
Kişiyə son kərə
dillik-dilavarlıq verilmişdi. Canı çıxmadan ağrı-acısı
kimi tərini çıxarır, öz qarabağnaməsini
bitirirdi.
- Ağamın məclisini
Cabbar yola vermişdi, lələninkini Məşə Cəmil.
Olum, ölüm arası göz dolusu görə bildiyimiz
toyumuz, düyünümüzdü. O, Çələbi
xalısından asılı xəncər ki var, ata-baba
yadigarımızdı. Toylarımızda təzə bəyimizin
belinə bağlanır. O düşmən üçün
yox, nəsldən-nəslə keçmək üçün
yaradılıb. Nəvəmin toyunu Qarabağ dəm-dəzgahıyla
Zülf söz vermişdi eləməyə. Əzrayıl
sarıdan öz toyu tez tutuldu. İndi son bir arzum, bir vəsiyyətim
var. Arzum nənənlə bərabər üstümüzə
vətən torpağı səpməyiniz
yorğanımız doğma torpaqdan sırınsa
sümüklərimiz sızlamaz.
Sözlər gözləri
üzüm qorasına döndərirdi. Acısı içi
yandırırdı.
- Nəvəm Əlpənaha,
amanın bir günüdür Qarabağ toyu çaldır.
İnankı bunu bacarsan bu viran
qürbətdəki ölülərimiz, dirilərimiz
yallıya düzüləcək, bir ağız olub şikəstəmizi
oxuyacaq. Belindən də həmin xəncəri as, bəlkə
həsrəti kəsib ona Qarabağ
baftaşı-çuxası geyindirə.
***
Elpənah ata vəsiyyətinə
görə nişanlı oğlu Əlpənahın xeyir
işini ləngidirdi. Goraxlı Qiyas bəyin nəslindən
olan, gəlinin anası Nigar xanımın
kürlüyünün seli-suyu get-gedə yar
ağızlarının Kür çayınınkına
ötürürdü:
- Guya bizim
toylarımız oralar adətiylə olmayıb. Hərəsində
neçə aşıq, xanəndə səs
ötüşdürüb nəmər alırdı. Buralarda
ömrümüz onsuzda ah-zarla keçdi, el gözünə
eyləyəcəyimiz toyda da təzədən ağlaşma
qurmağımızın nə mənası...
Oğlu Əlpənah da
onlara qoşulub, arvadağız danışıb, barelyefləri
bol olan bir şəhərdə kişini divara dirəyirdilər.
Əlpənahlılar
köç saldığı məhəllənin üst
yanındakı yarı aşxana, yarı çayxanadan ilboyu
az-maz Qarabağ ətri və ətəri gələ bilirdi.
Mühüm xəbər olanda kirvələrindən
sayılan Xankəndi erməniləri də ora baş çəkirdi.
Bu yerin, evdə divarlarında çərkəzli, xəncərli
dədə-baba şəkilləri olan sakinləri də
onları el adətiylə xəncərsiz-bıçaqsız
qarşılayır, ağayana hal-əhval tuturdu. Kirvələrdən
biri axır ki, Elpənaha şad xəbər yetirdi - sizinkilər
gəlir "Azərbaycan günləri"nə...
Elpənahı başa
saldılar ki, belə mərəkələrin ipi rəhbərlərinin
əlində olur. Onlar da xanları -bəyləri divara dirəyib
güllələyənlərdən, pərən-pərən
salanlardan seçilib, göndərilir. Elpənah
özünü, əliqanlı sandığı adamın
yanına saldı. "Yetim segahı" üstə bir
kövrək buluda dönüb əlimi ətəyinə
uzatdı.
- Ağam üzü
Qarabağda yaşayıb öldü. Gorunu da üzü qibləyə
yox, oralara tutdurdu. Boynumuzda Şuşa dağlarından
ağır son istəyi qalıb: nəvəsinə Qarabağ
toyu çaldırmaq.
Sözünü bitirib
qarşısındakına baxa bildi. Suyu şirin bir
cavandı, üzündən, gözündən də qan
damırdı. Həm də nə desə yaxşı idi.
Erməninin bir
milyonçusu millətini yığdı apardı, hələ
Xankəndi dağları da onlara qoşuldu. Bizlərə nə
olub, ocağına yolumuzu salacağıq, Azərbaycan toyumuzu
çalacağıq...
...Qız evinin duz
yüklü mərəkəsi
üstəlikdə iynə üstə oturmuşdu elə bil.
Bu toyun necə başlayıb içlərinə qor
doldurmuşdu, yazıqların. Əlləri xınalı
Züleyxanın qulaqlarına sevimli mahnısının səsi
elə bil xəyallarından uçub gəldi. Səs
yaxınlaşır, mahnının seli-suyu dörd həndəvəri
basırdı. Ən əziz günündə bir qız
balasını doğma yurdu tək qoymamışdı. Məhrum
olduqlarından xonça tutub göndərmişdi.
Əvvəl mahnı
uçub gəldi. Gəlin balanın üst-başına vətən
ətri çilədi. Sonra da Azərbaycanın
sözlü-sazlı elçiləri. Adamların
yadırğadıqları mahnıları qatara düzüb, bir durna səfinə
döndərdilər. Gözlərdən də bir yaz
yağışı yağdırdılar. Havalar dəyişsə
də Züleyxa öz mahnısını oxuyurdu:
Saçın ucun hörməzlər,
Anam sarı
gəlin, sonam sarı gəlin.
Gəlin bala tək bir
mahnısı ilə üzünü görmədiyi
vətənin qoynuna düşə bilmədi. Bir az da atası Vəkil ağanın sözləriylə:
yuvalarına dönməyə
ona qaranquşların
ömrü çatmır.
Üzlərini görməsələr
də bala qaranquşlar gedib onları tapır...
Gözlərini dörd açmış qürbətçilər, həmin
gün Azərbaycan Parisə köçmüşdü
desəydilər yanılmazdılar. Elatın qapıları
illərcə üzlərinə
bağlı adamlara övladları vətəni
gətirə bilmişdi.
Bir günlük də olsa əsl toylarını,
düyünlərini yaşayırdılar.
Milli geyimdəki masabəyi toyqabağı günəşi
tutulmuş gözləri
göründüyündən üzərinə nələr
düşdüyünü anlamışdı. O gözlərdən
yenidən dədə
günəş şəfəqləri
parlamalı idi.
Bütün sağlıqlarımız
Züleyxa gəlinimizi,
Əlpənah bəyimizi
bəzəyəcək. Əvvəl-əvvəl...
Sözünün qüvvəsi bir oyun havası oldu. Milli geyimdə bir
qızla, bir oğlan süzə-süzə
bəylə-gəlinə yaxınlaşdı.
Oğlan
Züleyxanın başına
ipək kələğayı
örtdü, qız Əlpənahın başına
qaragül dərisindən
papaq qoydu.
Cavanlara səhərisi başqa toy
çaldırmaq istəyən
qız anası xəcalət çəkirdi. Həmin
an özündə də
deyildi, qürbətdə də, doğma Goraxda, bir mağarada Ədalət sazıyla qolboyun olur, o da Kərəmi
üstə alışıb
yanırdı.
- Bəylə,
gəlinimizə
qaynənə, qaynata xeyir-duası Nigarbəyimlə
Elpənah ortaya çəkildi. Onlardan birinin alın qırışları Şuşanın
dolanbac yollarını,
ağ daşlarını,
dağlarını xatırladırdı.
O birinin bütün varlığı
Göyəzən ətəklərinin
nərgizi, bənövşəsi
ilə butalanmışdı.
Tamaşa körpüsündən
sellərin, suların
ağzında gedən
baxtına tamaşa edir, tale mahnısını
eşidirdi:
Apardı sellər
Nigarı...
Hər ikisinin sözlərlə yox gözlərlə oldu, - yəni sevinc yaşları ilə. Hamı da eşitdi
və başa düşdü.
- Qarabağ
şikəstəsi oxuyur
Qarabağ bülbülləri...
...Üç
yeniyetmənin səsi
bəylə gəlini
Qarabağ otlarının
yalamanında Cıdır
düzünə gətirə,
gəlin qayası hüzuruna yetirə bildi.
Nənə, baba qəbrini iki nəhəng gözə çevirməyi bacardı:
özümüz də,
yan-yörəmiz də
hər şeyi gördük və eşitdik...
Zəngulələr, xallar ölənlərin, qalanların qara xallarına qara kəpənəklər kimi
uçurdu. Qarabağ şikəstəsi, yapalı, şikəst könüllərin məlhəminə
çevrildi.
Bir günlüyə
də olsa,
Buna da şükür,
buna da şükür:
Aləm cənnətə
dönsə yaddan çıxmaz Qarabağ!
Vaqif Nəsib
Sarıhüseynoğlu
Ədalət.- 2011.- 31 mart.- S. 6.