"OCAQ YERİ"
POVESTİNİN FÖVQÜNDƏ
Keçən ilin bir
payız günü, yəni 2010-cu ilin Kasım ayının
20-də Yusif Məhəmmədoğlu fizik xətti ilə
UniPrint nəşriyyatı tərəfindən yenicə
işıq üzü görmüş "Ocaq yeri"
povestini aftoqraflayıb mənə təqdim etdi. Məmuniyyətlə
qəbul etdiyim bu povestin redaktoru təcrübəli jurnalist,
tanınmış şair E.Məmmədli, ön sözün
müəllifi, qıfılbənd şeirlərin
açması açarını heç kimə etibar etməyən
və özündə gəzdirən, gözəl şairimiz
İbrahim İlyaslı, kitabın məsləhətçisi
isə Hacı Vəfadar Axundovdur.
Kitabın adından
göründüyü kimi povest bir dağ rayonunun, dağ kəndinin
tüstüsü göylərə həmişə bülənd
olmuş və heç vaxt əksilməyən bir
ocağın ətrafından, həndəvərindən pərvazlanıb
şana-şöhrətə çatmış bir ənənəvi
ailənin həm ağrısından, acısından, həm
də milli və mənəvi dəyərlərimizə
qarşı etik normalara, eləcə də bütün
xoş və sağlam düşüncələrə rəğmən
hörmətlə yanaşmaları səmimiyyətindən bəhs
edilmişdir.
"Dədə
Qorqud" tarixi abidəmizdə qəbilələrin bir-biri ilə
savaşından, döyüşündən sonra hər bir bəni
insanın birdən-birə daşa çevrilməsi və
yenidən həyata qayıdışın
başlanğıcı təsvirində ozanlar ozanı, tariximizin müdriklik salnaməsi Dədə
Qorqud insanları əkinə-biçinə səsləyir və
mövcud həyatın yeni bir başlanğıcı öz
tarixi axarına düşür. Göstərdiyim bu abzas
povestin ilk sətirləri ilə məcazi olaraq eyni və
oxşar peyzaj daşıyıcılarıdır. Belə ki,
"müharibə təzəcə qurtarsa da adamların,
torpağın, daşın üstünə
çökmüş müəyyən görkəm hələ
bitməmişdi.": İnsanlar
özlüyündə bir rahatlıq hiss etsələr də
müharibənin ağrıları, acıları hələ
canlarından, yollardan yığılmayan kipriklərindən
asıla qalmış kimiydi. Ancaq Dədə Qorqud
dövründən fərqli olaraq amiranə istila,
yanlış ideologiya insanları onların öz xeyrinə
yox, məhz "ictimai xalq " yolunda həyatın axarına
cəlb edir.
Əslində zamanın
o keşməkeşli dövründə təkəmseyrək
adamları istisna təşkil etməklə heç kəs nə
bu amirənəliyi dərk edirdi və nə də onların
istismar yolu ilə əməklərinin müsadirəsini və
hamısı bir ağızdan, həm də eyni ruh və eyni
həvəslə "kolxozdan qızlar gəlir, tarlalar üzə
gülür" mahnısını xorla oxuya-oxuya günlərini
əkin-biçin sahələrində keçirirdilər.
Bütün bunlara
baxmayaraq "Ocaq yeri" povestinin əsasən maraq dairəsi
qədim kökə bağlı, qürurlu və zəhmətkeş
bir kişilər kişisi Kazım kişinin, onun həyat yoldaşı
Sultan xanımın mehriban ailəsinin Vətənə, yurda bəxş
etdikləri övladlarından, onların Vətənə xidmətindən,
ləyaqətli təhsil və ləyaqətli işlərindən
söhbət açılır. Əsərin süjet xətti
bu istiqamətdə pərvəriş tapsa da, İkinci
dünya müharibəsinin həm əvvəli, həm də
arxa cəbhə deyilən hissəsi əsərdə daha
qabarıq verilməklə yanaşı insanların da
başına gətirilən müsibətlər, amansız
işgəncələr əsər boyu yazıçı məharətinin
axtarış və müşahidə qabiliyyətinin üzə
çıxmasını ehtiva etmişdir.
Onsuz da arxa cəbhədə
çox ağırlıqlar çəkmiş Kazım
kişi və onun həyat yoldaşı Sultan xanım bu bəs
etmirmiş kimi, müharibəyə yola saldıqları Nemətin
geriyə od-ocaqlarına qayıdışını səbirsizliklə,
narahatlıqla gözləyirlər. Və yaxşı ki,
Kazım kişinin evinin böyük oğlu müharibədən
sağ-salamat Vətənə qayıdır. Bu nəinki, ailənin
sevincinə səbəb olur, hətta bütöv bir kəndin
və onu tanıyan hər kəsin sevincinə səbəb
olur. Sonra Nemət Sənaye İnstitutuna
qəbul olur, ali təhsil alır, özündən kiçik
qardaş-bacılarına həyan olur, onların da təhsil
almalarına dayaq durur və beləliklə atası Kazım
kişinin və anası Sultan xanımın
qayğılarına yüngüllük gətirir, sevinc əlavə
edir.
Əsərin süjet xəttinin
ən maraqlı yerlərindən biri də lirikizmin,
romantikliyin fonunda ailənin kiçik övladı Farizin kəndsayağı
sevgisi, onun utancaqlığının aynası kimi haşiyələnmiş
və təsadüfi oxşarlıqların nəticəsi kimi
sabit bir mövqedə arzularının çin olmasına gələnəkli
etmişdi.
Mövzunun kəndli,
şəhərli bir ailənin fonunda ictimai-siyasi təsir dairəsinin
zənginliyi və maraqlı tərəfləri ondan ibarətdir
ki, gənc yazar bir müəllim kimi qısa müddətli
peşə təcrübəsini ömür səbətinə
iç etdiyindəndir ki, şeir və nəsr məsələlərində,
jurnalistika məsələlərində müvafiq
boşluqların doldurulmasında ustalıqla istifadə edə
bilmək qabiliyyətindən çıxış edir. Bu
baxımdan Kazım kişinin papağından tutmuş, onun
xrom çəkmələrinə kimi, həyat yoldaşı
Sultan xanımdan tutmuş evin sonbeşiyi Həliməyə
kimi, böyük övladı Nemətdən tutmuş
kiçik qardaşı Farizə kimi, bütün bu
obrazların tarixi və milli mentalitetlərini ümumən bütün Türk dünyasının əzəli
və əbədi mentaliteti hesab etmək olar. Niyə və nə
səbəbə? Elə bu cavabı da özüm
cavablandırım. Əsərin oxucuları da məni təsdiq
edə bilər. Çünki, əsərin əsas xətti
bir kənd ailəsi olsa da, o öz
çözümünü ocaqdan başlayır. Ocaq
Türkün qan yaddaşıdır, tərbiyə, əxlaq mənbəyidir
və bu ocağın başında ərən bir Türk
kişisi durur və bu kişi Kazım kişidir. Və bu
ocağın gözünə danın dan üzündə
xırdaca bir tüstü qarışıq qor qoyan var, od qoyan
var, bu evin xanımı Sultan xanımdır, Burla xatundur. QOR-OD,
bu elə Qorqud olaraq və Burla xatun olaraq, həm qan
yaddaşımızı özümüzə qaytarır, həm
də ənənəvi olaraq gələcək imkanları
müəyyən edir. Bu ocağın istisinə isinə-isinə,
qızına-qızına cocuqluğunun cocuq anlarını
dağın ayazından, şaxtasından qoruna-qoruna
boya-başa çatmış Nemət kişi də
atasının, anasının nəvazişinə
sığına-sığına bir amalı, bir əqidəni
özündə hifz edib saxlaya bilmişdir. Və bu ailənin
sonrakı taleyində mühüm bir vəzifəni, yəni
ziyalılığı təmin edə bilmişdir və Kazım
kişinin üzünü eldə, obada ağ-yığval
etmişdir. Ancaq burda bir məsələni də unutmaq olmaz,
belə ki, bütün bu ağ gün, ağ yığval
ölkəmizin Sovet imperiyasından
asılılığı fövqündə baş verir. Yəni
imperiya bizi nə qədər sıxmışsa nə dilimizdən, nə adət-ənənəmizdən
və ən əsası da qürurumuzdan
bizi endirə bilməmişdir.
Sovet dönəmində
neft yataqlarında, xüsusən də Neft Daşlarında
işləyən neftçilərin qəhrəmanlığı,
onların əməyi sovet bədii nəsrində,
poeziyasında əsas aparıcı bir xətt təşkil
edirdi. Kazım kişinin oğlu Nemət də özündən
asılı olmayaraq bu yola qədəm qoymuş və şərəfli
bir həyat yolu keşmişdir. Onun bu
şərəfli yolunu onun özündən kiçik
qardaşı Əsəd də tutmuş və zamanın
fövqündə həyatın ilişgilərindən
üzü ağ çıxa bilmişdir.
Əsərdən göründüyü kimi "imperiya"
öz mövcudluğunu təmin etmək üçün
"dırnaqarası" yerli kadrlardan da istifadə etmək
məcburiyyətində qalaraq, insanları "aza"
ruhlandırmaqla, cüzi həyat tərzi bəxş etmiş
və qorxunu, vahiməni də əlində soyuq bir silaha
çevirərək kürəyimizdə, boynumuzda saxlaya
bilmişdir. Bu imperiya cəmiyyəti qapalı bir çərçivədə
haşiyələməklə şuarçılıq pafosunu
"kommunist" ideologiyası altında diktə etmiş,
insanların qabiliyyət və bacarığını onlara bəxş
etdiyi "şükranlıq" pərdəsi altında
saxlaya bilmişdir.
Bu günlərdə
Rusiyanın televiziya kanallarının birində zaman-zaman
Amerika və Avropanın ağ insanlarının
dünyanın qara dərili insanlarına verdikləri
qeyri-insani işgəncələrindən bəhs edilirdi və
tarixi fakt kimi təkcə XIX əsrin ortalarında Afrikada on
milyondan yuxarı insan balta ağzına verilməklə,
asılmaqla, tonqalda yandırılmaqla, bir sözlə
ağır-ağır işgəncələr verilməklə
məhv edilmişdir. Bu proseslər keçən əsrin
90-cı illərinə kimi bütün dünyada mövcud
olmuşdur.
Bir faktı qeyd edim.
Keçən əsrin 70-80-ci illərində Moskva-Bakı
uçağına bilet növbəsində, növbədə
birinci olan qarabala, bəstəboy bir kişinin bilet
aldığını seyr edən bir rus zabiti donquldanmağa
başladı, -mı ne mojem na svoi doma bilet pokupat, deyə
qışqır-bağır saldı, qarabala isə, - ya s
toboy eto dom postroil, -deyib uzaqlaşdı.
Yuxarıdakı
detalları xatırlatmaq da bir məqsədim var, o da ondan ibarətdir
ki, gənc yazar Y.Məhəmmədoğlu öz
yaşından, yaşamından asılı olmayaraq, ondan
çox-çox əvvəl baş vermiş müharibə
mövzusuna elə-belə müraciət etməyib, o həm o
dövrün içindən başlayan və
günümüzdə, dolayısı ilə bizi dünya
siyasətində piyada qoyan bir ictimai-siyasi fəlakətin əvvəlini,
axırını açıqlamaqla yazı manevrəsinin
ardıcıllığını qoruya bilmişdir. Məsələn,
" ..faciə o idi ki, rayon uşaqları Bakıda ermənilərin
evində kirayədə qalır, onların yalançı
meyllərinə qulaq asmağa məcbur olurdular". Əsərdən
aldığım təəssürat əsasında onu qeyd edə
bilərəm ki, Azərbaycan nefti o dövr üçün həm
"xoşbəxtlik" rolunu oynayıb, həm də fəlakət!
Çünki neftin iyisinə Bakıda top olmuş yadlar,
emiqrantlar bizim sərvətimizə yiyələnə-yiyələnə
bizə qarşı ən qəddar düşmənə
çevrilmişdi, biz isə fil qulağından ayılmaq
bilmirdik. Ancaq Nemət kişi kimi də insanlar vardı ki, bu
qaranlıq dünyanın içərisində öz
haqqını tələb etmək yolu ilə qabiliyyət və
bacarığını ortaya qoya bilirdi və ictimaiyyətdə
hörmət sahibi kimi adını, sanını qoruya bilirdi. Əlbəttə,
verilən bu şanslar o dövrün siyasi ambisiyaları kimi dəyərləndirilə
bilər.
Əsərin bir yerində
belə bir yazı var: "1947-ci ildə şəhərdən
110 km aralı bir yerdə "Qara Daşlar" adlanan bir ərazidə
ilk dəfə neft axtarışına başlanıldı. Bu
öz bəhrəsini 1949-cu ildə verdi və dünyanı
heyran qoydu". Və bu münasibətlə Azərbaycanın
çox ünlü yazıçısı Mehdi Hüseynin bu
mövzuda yazılmış romanının qəhrəmanlıq
obrazlarını biz hamımız orta məktəb
dövründə oxuyub, yaşamışıq. Elə o
vaxtlar məşhur yazıçımızın bu əsərinin
ruhuna qatlanaraq öz yolunu Neft Daşlarına salmağı və
orda işləməyi sevərdi. Həm də başqa sənaye
sahələrindən fərqli olaraq bu sferada cüzi də
olsa maaş fərqi, 12-13-cü əmək haqqı deyilən
illik mükafatlar da mövcud idi. Bütün bunlar insan amili
üçün aldadıcı xarakter daşısa da, bunlar
anlaşıla-anlaşıla, dərk edilə-edilə sakit və
dinc həyatın başa vurulması üçün zəruri
hesab edilirdi. Çünki hər bir azəri-türk ailəsinin
gözləri önündən nə 37-ci illər, nə
ikinci dünya müharibəsi, nə də
"imperiyanın" şovinist siyasəti çəkilmirdi.
Yuxarıda qeyd etdiyimiz
kimi, əsərin süjet xəttinin aparıcı
obrazlarından biri də Nemətin kiçik qardaşı
Fariz obrazıdır. Fariz sovet ənənəsinə uyğun
təhsil forması görmüş bir gənc müəllim
kimi təyinatla İsmayıllı Maarif şöbəsinə
göndərilir. Onun doğulduğu Bircan kəndində yer
olmadığına görə qonşuluqda yerləşən
İnci kəndində dərs deməyə başlayır.
Tale onu burda məyus edir, çünki, məktəbin direktoru
orta ixtisas təhsillidir və bu gənc müəllimin yenilikləri
və savadı onu qısqandırır. O, şəhərə
qayıdır Bakının rayonlarından birində orta məktəb
direktoru vəzifəsində çalışır.
İsmayıllının dağ çiçəklərinə
olan eşqi, sevgisi onun kənddə yarımçıq
qalmış tale eşqini, əvvəlki eşq xiridarı ilə
yarı alma olan başqa bir eşq ilahəsinə qovuşdurur
və onun ömrünə yeni bir ömür calayır.
Əsərin
fövqünə uyğun olaraq, bir haşiyənin də
çıxılması yerinə düşər. Belə ki,
əgər zaman-zaman Bakıya yön
almış ziyalılarımız üçün
doğulduğu yerdə, yurdda lazımi işlə təmin
olunmağa şərait yaranardısa, bugünkü fəlakətlərlə
bəlkə də bu qədər üz-üzə
qalmazdıq. İstər Ermənistanda, istərsə də
Qarabağda torpaqlarımız bu qədər də
işğal olmazdı, Dərbənddə, Borçalıda
isə çətinliklərlə bu dərəcədə
üz-üzə gəlməzdik.
Gənc yazarlarımızdan olan Yusif Məhəmmədoğlu
ədəbiyyata şeirlə gəlməsinə baxmayaraq
öz iti qələmini nəsrdə də sınağa
çəkə bilmişdir. "Ocaq yeri" povesti təmiz,
saf, zəhmətkeş və nəhayət ziyalı bir ailənin
dərin qatlara köklənmiş mehriban, əxlaqi, etik,
milli-mənəvi dəyərlərə, bir sözlə ocağımızın istisinə, hənirtisinə
arxa-dayaq olmaq keyfiyyətlərini qiymətləndirməyi
bacarmışdır. Ona bu yöndə yeni-yeni
yaradıcılıq arzuları ilə...
FƏXRİ MÜSLÜM
Ədalət.- 2011.- 31 mart.- S. 7.