OXU, MUSTAFA, QOY SƏSİN QƏDİR KİMİ ÜRƏKLƏRİ TİTRƏTSİN

 

44 ildi Qədir Rüstəmovun səsi ilə bir yola çıxmışam. Yolun sonunda da nə var, bilmirəm, bu səslə yaşayıram. Torpaq, günəş, hava, su nədirsə, mənim üçün Qədir Rüstəmovun səsi onların hamısı qədərdi. Qədir Rüstəmovun səsi ilə bağlı povest də yazmışam, bəlkə onlarla məqalə də yazmışam.

Ağdamda bir Yusif müəllim vardı. Qeyri-adi insanıydı və çox böyük də ədəbiyyatçıydı. Gənc idim, bir dəfə məndən soruşdu:

- Oğlum, nə yazırsan?

Dedim, Qədir Rüstəmovun səsi haqqında yazıram.

Gülüb dedi:

- Oğul, Qədir Rüstəmovdan min dəfə yazsan da, səsinin mində birini verə bilməzsən.

Qədirin səsi elə səslərdəndir ki, Tanrı da bu dünyadan bezəndə Qədirə qulaq asır.

Nə isə, Qədiri qoyduq bir kənara.

Möhtəşəm bir Muğam festivalı keçirilir. Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihə haqqında danışmağa ehtiyac yoxdur. Az qala muğamımız üzü qəbiristanlığa gedirdi, Heydər Əliyev Fondu muğamı yenidən ayağa qaldırdı və millətə qaytardı.

Milyonlarla insan kimi mən də bu festivalı izləyirəm. Sözün düzü, muğamın içində doğulsam da son illər muğama o qədər də qulaq asmıram. Çünki bir yeknəsəqlik var, sanki muğam oxuyanların hamısını bir qəlibə salıblar. Və əslində də bu Muğam festivalı qəlibə sığışmayanları üzə çıxartmalıdı. Hər festivalda da bu qəlibə sığmayan səsləri, iki-üç nəfər olsalar da, görürük.

Bir də Azərbaycanın muğam ustalarının, böyük müəllimlərin hamısında bir mərəz var: tələbələri mütləq onlar kimi oxumalıdı, onların yolu ilə getməlidi, ayağını bircə addım sağa-sola atsalar az qalırlar tələbəni salalar şapalağın altına. Nəticədə tələbələr də öz qanlarından gələnləri üzə çıxarmağa qorxurlar. Hətta səslərini açıb buraxmağa qorxurlar. Ya onda deyirlər ulayırsan, ya da deyirlər qışqırırsan. Bundan başqa muğam ustadlarının tələbələrini qısqanmaq da var. Nə isə, bu ayrı bir mövzudu. Qayıdaq festivala.

Bunlar gənclərdilər. Səsləri hələ xamdı, hələ tara otura bilmir, kamana otura bilmir. Böyük bir kütlənin qarşısındadırlar, baxışların basqısı altında, işıqların basqısı altında, kameraların basqısı altında və bir də Allah-Allah, münsiflərin basqısı altında. Vallah, bu uşaqlar əjdahadılar.

Çox qəribədir ki, 40 ildi, 50 ildi musiqinin, muğamın içində olanlar, muğamın ən incə çalarlarını bilənlər, yüz yolundan agah olanlar 18-20 yaşında bir gəncdən özlərinin bilgiləri qədər bilgi istəyirlər.

Qardaşım, əgər bu uşaqlar da onları bilsələr gəlib Arif müəllim kimi Konservatoriyada professor olarlar, Ramiz Söhrabov kimi musiqi üzrə alim olarlar, Əlibaba müəllim kimi mahnı yazarlar, ya da Nadir müəllim kimi böyük bir televiziyada musiqini, mədəniyyəti yönləndirərlər və sair və ilaxır. Bu uşaqları belə danlamaq nəyə lazımdı? Danlamaq nədi, hətta təhqir eləmək. Bunların könülləri o qədər saf, o qədər incədir ki, adi bir sözdən qırıla bilərlər, nəinki təhqirdən.

Baxıram, bəli, biri oxuyur, müəllimi öyrədib o yolu, o da başını salıb aşağı kor-koranə həmin yolla gedir, amma nə səsi səni öz arxasınca aparır, nə səsində bir şirinlik var: al bu da sənə 10! Həmin o gənc musiqimizə, muğamımıza heç nə gətirməyəcək. Amma elə ki biri bir balaca nəsə eləmək istədi, demək istədi, səsi ilə oynamaq istədi, səsi ilə bizim ürəyimizi oynatmaq istədi: ədə, qoyma ey! Şapalaq şapalaq dalınca, qapazın biri bir qəpik. Sonra da minnət. Sən 8-lik oxuyursan, 9 verirəm, 9-luq oxuyursan 10 verirəm. Qardaşım, 8-lik oxuyur 8 ver də, niyə düzgün qiymət vermirsən? Axı, sizi orda düzgün qiymət vermək üçün oturdublar. Sonra bir minnət də qoyursan, nəvən yaşlı uşağa.

Mustafa adlı bir uşaq var. Hər ifasını millət ayaq üstə alqışlayır, münsiflər heyəti az qalır basıb gözünü çıxarsın: sən Qədiri yamsılayırsan!

Necə olur Arif müəllimi yamsılayanda, Əlibaba müəllimi yamsılayanda, Ağaxan müəllimi yamsılayanda bəh-bəh-bəh, Qədir Rüstəmovu yamsılayanda xalq düşməni? Deməli, hamının yolu ilə getmək olar, bircə Qədirin yolu ilə yox.

 Sözgəlişi, hamının yolu ilə getmək olar və gedirlər də, amma Qədirin yolu ilə getmək olmaz və gedə bilmirlər də.

Mustafa da heç Qədirin yolu ilə getmir. Qədirin yolu özü də elə bir yoldur ki, heç birdən Qədir özü də o yolla gedə bilmir. Düşür daşlığa, çaylığa, onda ki 18 yaşlı bir uşaq o yolla gedə.

Mustafanın özünə məxsus, hamıda olmayan nadir səslərdən sayılan səsi var. Və bu səs bir qədər Qədirin səsinə oxşayır. Hələ Mustafa səsini təmizləyir, yonur, cilalayır və bunun üçün də uzun bir zaman lazımdı . Və səsini təmizləmək üçün, cilalamaq üçün asan bir yol yox, çətin bir yola üz tutub. Qədirin mahnılarını oxuyur, Qədirin boğazlarını vurmaq istəyir. Yəqin belə düşünür ki, səsi onda daha tez cilalanacaq, təmizlənəcək və bir bulaq kimi bir dağın döşündə qaynayacaq. Əslində Mustafanın səsi bir bulaq kimi bir dağın döşündə qaynayır və bizim təşnə olmuş qəlbimizin susuzluğunu yatırmaq üçün, qəlbimizə çatmaq üçün cığır, iz axtarır. Mustafa axtarmır ey, səsi axtarır. Özündən asılı olmayaraq.

Qədir Rüstəmovun səsi göylərdə təkdi, on illərdi təkdi, bəlkə yüz illər də tək qalacaq. Qədir Rüstəmovun səsi darıxır, özünə dost axtarır, həmdəm axtarır.

Və bəlkə Qədir Rüstəmovun tək qalmış səsi Mustafanın səsini axtarır, Mustafanın səsini özünə çağırır? Və Mustafanın səsi də havalandıqca göylərdə üzü Qədirin səsinə doğru uçur. Niyə "F-16"ları göndərib onun səsini vurub yerə salmaq istəyirsiniz? Qardaşım, qoyun uçsun da, pərvazlansın da.

Molla Nəsrəddinin məşhur bir lətifəsi var. Biri Hacıleyləyi tutur, qanadlarını yolur, quyruğunu yolur, deyir:

-Bax, indi düşdün quş həddinə.

İndi bu uşağın qolun-qanadını yolub quş həddinə salmaqla nə qazanacaqsınız və ya nə qazanacağıq?

Şair Əbülfəz Naxçıvanlının bir yaxşı şeiri var:

 

Döysən bir uşağı Qarabağda sən,

Muğamat üstə ağlar deyərlər.

 

Başqa bir zarafat da var, deyirlər ki, Qarabağda itlər sevinəndə "Şur" üstündə, dilxor olanda "Segah" üstündə hürürlər. İndi Qarabağda əlini atsan hamı muğam oxuyur və eləcə də Azərbaycanın hər hansı bir bölgəsinə əl atsan onlarla, yüzlərlə səsi olan muğam oxuya bilən uşaq tapa bilərsən.

Amma Mustafanı hər zaman tapa bilməzsən.

Mustafa festivalın qalibi olmayacaq, yüz faiz. Çünki nə özü, nə də səsi qəliblərə sığmır. Amma Mustafa hələ festival başa çatmamış milyonların ürəyini fəth eləyib. Qədir Rüstəmovun səsi kimi onun səsi də milyonların qanına hopub.

Oxu, oğlum, oxu! Qədirin göylərdə tək qalmaqdan bağrı çatlayan səsinə get qoşul, qoyma tək qalsın.

 

OXU, MUSTAFA, QOY SƏSİN

QƏDİR KİMİ ÜRƏKLƏRİ TİTRƏTSİN!

 

Özün də elə Qədir kimi ipə-sapa yatmaz ol, yoxsa səsin səndən küsüb çıxıb gedər.

 

 

Aqil ABBAS

 

Ədalət.- 2011.- 31 mart.- S. 1, 3.