Şirvan müasir sənaye şəhəridir

 

Kür çayının sol sahilində, Şirvan düzündə yerləşən Şirvan şəhəri 07 may 2008-ci ilə qədər Əli Bayramlı adını daşıyıb. Hacı Qəhrəmanlı və Bayramlı qəsəbələrini özündə birləşdirən bu yurda şəhər adı 1963-cü ildə verilib. 80 min nəfərə yaxın əhalisi, 30 kvadrat kilometr ərazisi olan Şirvan sənaye şəhəridir. Ətrafında və bəzi ərazilərində neft və qaz çıxarılan bu şəhərə "neftçilər", "energetiklər" şəhəri də deyilir. Çünki neft sənayesi ilə bərabər bu şəhərdə Şirvan Dövlət Rayonlar arası Elektrik Stansiya da var. Məqamı düşmüşkən qeyd edək ki, indi "Cənub" Elektrik Stansiyası adlandırılan bu müəssisənin daha müasir tələblərə cavab verən yeni tikintisi uğurla davam etdirilir.

Bir sıra sənaye obyektləri ilə bərabər şəhərdə 14 orta, 1 əsas və 1 ibtidai məktəb, Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleci, Türkiyənin özəl liseyi, texniki peşə liseyi, musiqi məktəbi, 14 klub, 20 kitabxana, 5 xəstəxana və digər sosial obyektləri var.

60-cı illərin sənaye şəhəri kimi tanınsa da, əslində

 

Şirvanın kifayət qədər qədim tarixi var

 

Şəhərin ərazisində olan Girov dağda indi də varlığını qoruyan "Vağan" adlı 933-cü ilə aid mağara var. Burada yaşayan, Allahı dünyanın fövqündə bilən Kufi adlı şəxs sonradan Şamaxının dağlarına üz tutub. Qarlı baba-Həzrət baba beləcə yaranıb.

Şəhərin digər ərazisində olan Muşov dağda isə XVI əsrə aid edilən duluz-yeraltı evlərin qalıqları tapılmışdır. Elmi araşdırmalar tələb edən bu qədim yaşayış yerindəki tapıntılar həm də burada inkişaf etmiş həyat olduğunu sübut edir.

Əsasən köçəri həyat tərzi keçirən insanların bu yurd yeri uzun müddət də Ərəbşahverdi obası adlanıb. Məşhur rus generalı Y.Zubov 1776-cı ildə burada, Kürün sahilində düşərgə salıb. 1886-cı ildə isə buradan keçən Kür çayının üstündə Su Nasos Stansiyası tikilib və ona Y.Zubovun adı verilib. Elə şəhərin uzun müddət "Zubovka" adlanmasına da səbəb bu olub.

1930-cu ildə kənd təsərrüfatı rayonu kimi yaranan Əli Bayramlıya 04 yanvar 1963-cü ildə şəhər statusu verildikdən sonra kəndləri, digər təsərrüfatları Salyan, Sabirabad, Şamaxı rayonlarına verilib. Əli Bayramlı-indiki Şirvan şəhəri sənaye mərkəzi olmaqla az müddətdə böyük inkişaf yolu keçmişdir. Burada ilk neft quyularının 50-ci ilin ortalarında qazılmasına baxmayaraq

 

Son illərin uğurları

 

göz qabağında olmaqla daha çoxdur. Şirvan şəhəri 2005-2010-cu illərdə sənayenin inkişaf tempinə görə ölkədəki qabaqcıl şəhərlər içərisində layiqli yer almışdır. 2010-cu ildə şirvanlıların maddi yaşayış səviyyəsi xeyli yaxşılaşmış, onların pul gəlirləri 42,9 milyon manat olmuşdur. Bu da hər bir sakin üçün 544 manat pul deməkdir.

Şəhərin abadlıq-quruculuq işləri daha da genişləndirilmişdir. Küçə və yolların təmiri daim diqqət mərkəzində olmuşdur. Bayramlı qəsəbəsinin giriş hissəsində 9 min kvadrat metr, Şirvan-Sabirabad yolunda 4900 kvadrat metr asfalt-beton örtüyünün tikintisi aparılmışdır. Ümumiyyətlə, ötən il Şirvanda yolların abadlaşmasına 812,3 min manat vəsait xərclənmişdir. Şəhərin mavi qazla təminatını yaxşılaşdırmaq məqsədilə təmir-tikinti işləri genişləndirilmişdir. Kür çayının yaratdığı fəsadlar nəticəsində çaydan Bayramlı qəsəbəsinə gedən qaz kəməri sıradan çıxmışdır. Şəhər rəhbərliyinin ARDN Şirkətinə müraciətindən sonra "Azəriqaz" İstehsal Birliyi qaz xəttini bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 01 aprel 2010-cu ildə Şirvan şəhərində olarkən gördüklərinin sevincini sakinlərlə bölüşmüşdür. Prezident həmin gün Heydər Əliyev Mərkəzinin, əsaslı təmir edilmiş Mədəniyyət Evinin, müasir tələblərə uyğunlaşdırılmış "Araz" və "Telemexanika" zavodlarındakı istehsal korpuslarının açılışında qırmızı lenti kəsmişdir. İlham Əliyev həm də "Cənub" Elektrik Stansiyasında aparılan tikinti işləri ilə ətraflı tanış olmuş, Şirvan Olimpiya İdman Kompleksinin təməlini qoymuşdur. Şəhərin iqtisadi, sosial, mədəni inkişafında

 

Digər qurumlar da fəal iştirak edir

 

Şirvan şəhərinin təsərrüfat, abadlıq, quruculuq işlərindəki uğurları çoxdur. Bu uğurlarda digər qurumlarla bərabər şəhər bələdiyyəsi də çalışır ki, daim diqqət mərkəzində olsun. Şəhər məhəllələrində, yaşayış massivlərində İcra Hakimiyyətinin hər gün genişləndirdiyi tikinti-abadlıq işlərinə bələdiyyənin mümkün köməyi buna bariz nümunədir. Şəhər bələdiyyəsi bu işlərlə bərabər yerli problemlərin həlli üçün 2010-cu ildə 433 min manatlıq iş görmüşdür. Bu qurum həmişə olduğu kimi ötən il də humanitar missiyasını davam etdirərək ehtiyacı olan şəhər sakinlərinə 7230 manat maddi yardım etmişdir. Şirvan şəhərinin 23-cü yaşayış massivindəki 131 ailənin elektrik enerjisindəki probleminə 30 min manat pul xərcləmişdir. Şəhər sakinlərinin daha çox üz tutduqları məhəllələrdəki istirahət guşələrində bələdiyyə işçilərinin əməyi çoxdur.

Şirvan şəhəri ətraf bölgələrlə müqayisədə

 

 

Səhiyyə, təhsil və mədəniyyətin səviyyəsi

 

ilə də seçilir. 2010-cu ildə Dövlət Proqramı çərçivəsində Şirvan şəhərindəki Mərkəzi Şəhər Xəstəxanasının əsas korpusu, Doğum evi, uşaq infeksion şöbəsi, cərrahiyyə bloku və şöbəsi Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilərək sakinlərin ixtiyarına verilmişdir. Binaların istilik və kanalizasiya xətləri tamamilə yenilənmişdir. Haqqında danışılan tibb müəssisələri həm də müasir avadanlıqla təmin edilmişdir. 7 hektara yaxın ərazisi olan Mərkəzi Şəhər Xəstəxanasının yaşıllıqları daim qorunur.

Şirvanın iqtisadi, sosial və mədəni həyatında çox böyük əməyi olan Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov təhsilin inkişafına da ayrıca önəm verir. Bunun nəticəsidir ki, arxada qalan ildə məktəblərdə kompüterləşmə işi sürətlənmişdir.

2010-cu ildə tələbə qəbulunda şəhər məzunlarından 17 nəfər 600-dən, 34 nəfər isə 500-dən çox bal toplamışdır. 5 nəfər xarici universitetlərə, 8 nəfər xüsusi təyinatlı, 9 nəfər isə xüsusi qabiliyyət tələb edən məktəblərə qəbul olunmuşdur. 188 nəfər respublikanın müxtəlif ali məktəblərində təhsil almaq üçün tələbə bileti qazanmışlar.

Bu kiçik əyalət şəhərinin mədəni həyatı da həmişə qaynardır. Müxtəlif mədəni-kütləvi tədbirlər, gecələr, konfranslar, disputlar yüksək zövqlə hazırlanır. 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər ağrılı-acılı olmaqla bərabər, həm də qəhrəmanlığın, mübarizliyin təbliğində mühüm rol oynayır.

 

Bu şəhərin qayğısına sığınan qaçqın, köçkünlərin güzəranı

 

daim diqqət mərkəzindədir. Şuşa şəhərindən, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Qubadlı, Laçın, Xocalı, Kəlbəcər, Xocavənd, Ağdərə rayonlarından 1156 ailə neçə illərdir Şirvan şəhərinə sığınıb. Orta Asiyadan, Qərbi Azərbaycandan didərgin düşən daha 37 ailə də bu şəhərə pənah gətirib. Onlar ən yaxşı kommunal xidmətləri olan binalarda - mehmanxanalarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə yerləşdirilib. Xüsusi qeyd etmək lazımdır ki, Şirvan şəhərində bu sahəyə çox böyük diqqət verilir. Bunun nəticəsidir ki, 972 nəfər məcburi köçkün işlə təmin edilib, daha 600 nəfərdən çoxuna isə kiçik ticarətlə məşğul olmağa şərait yaradılıb. Müvəqqəti qonaqların yaşadıqları binalar daimi olaraq elektrik enerjisi, mavi qaz və su ilə təmin edilir. Şəhər rəhbərliyi ilə bərabər hər bir şirvanlı çalışır ki, yurd-yuvasını itirmiş bu insanlar burada olduqları müddətdə daha böyük çətinliklərlə qarşılaşmasınlar.

Paytaxtdan o qədər də uzaq olmayan, bu gün ölkənin iqtisadi, siyasi, mədəni həyatında öz yeri olan Şirvan şəhəri sabahın qayğıları ilə yaşayır. Qayğılarsa həyatın, inkişafın davamı deməkdir.

  

  

Səxavət Məmmədli

 

Ədalət.- 2011.- 8-10 mart.- S. 7.