Ədəbiyyatda izi qalan...
(Xalq şairi Cabir Novruzu xatırlayarkən)
Cabir Novruzun rəhmətə
getmək xəbərini eşidəndə, əslən Giləzidən
olan Həmiyyə xanım (indi o da Allahın rəhmətinə
gedib) az qala yana-yana dedi: -Hər il biz Giləziyə qəbir
üstünə gedəndə Cabir Novruzu da
bacısının qəbrini ziyarət eləyən görərdik.
Bu söz mənə
ağır gəldi və o bacısı ki, Cabir müəllim
onu hər il yad eləyərdi, indən belə onun qəbrinin
qərib qalacağını düşündüm və qəlbim
xeyli vaxt aşağıdakı sözlər üstdə
çırpındı:
Daha Cabir də öldü,
öldü pənahın sənin,
Bilsəydin, yandırardı
göyləri ahın sənin.
Bir daha başdaşına
yağmayacaq göz yaşı,
Bir daha qəbrin üstə
gəlməyəcək qardaşın.
İnanın ki, bu illər
ərzində hər Cabir müəllim yadıma düşəndə
Giləzidə tənha qalan bacısının qəbri fikrimdə
od tutub yanır.
***
İlk dəfə Cabir
müəllimi nə vaxt gördüyümü yadıma sala
bilmirəm. Amma onu "Mənim muğamatım"
kitabından tanıyıb sevdiyimi gün kimi
xatırlayıram.
Onda orta məktəb
şagirdiydim və oxuyub bildiyim şairlər məni söz
aşiqi eləmişdi. Bir gün də kitabxanada "Mənim
muğamatım"ı gördüm. Qonşu Beyi kəndindən
piyada evimizə - Xəlsəyə gələnəcən
yoldaca oxuyub qurtardım.
Qəribədir ki, bu
kitabda toplanan şeirlər az qala dil açıb mənimlə
danışırdı.
***
Hansısa bəstəkarın
sözüdü, gərək ki, Rəşid Şəfəq
idi, bir dəfə Qara Qarayevdən söhbət
salmışdı, dedi: "O, sənətdə təmiz
idi". Hər dəfə bu fikir yadıma düşəndə,
rəhmətlik Cabir Novruzun pak ruhu gəlib gözümün
qabağında dayanır. Bu zaman onun şair Ağasəfaya
bağışladığı kitabına yazdığı
avtoqrafından yadımda qalan dörd-beş sözünü
xatırlayıram: "...ana südü kimi saf..." Məhz
ana südü kimi saflıq Cabir Novruz poeziyasının
canına-qanına hopmuşdu:
Kor bibim
qızı var, adı Tirmədi,
Bətndə itirmiş iki gözün o.
Otuz beş ildir ki, heç nə görməyir,
Antik heykəlidir kəndimizin o.
O vaxtı bu şeiri
oxuyanda rəhmətlik kor əmoğlum Qambayı
düşünmüşdüm. Açığı, Cabir
müəllimə qibtə eləmişdim: "Gərək əmoğlum
haqqında bu şeiri mən yazaydım!"
Onu da deyim ki, bu əsər
çap edildiyi vaxt ədəbi ictimaiyyətin marağına
səbəb olmuşdu. "Antik heykəlidir kəndimizin
o" bənzətməsi əsl tapıntıydı. İndi
o dövrün hansı şairini dindirsən, yuxarıda
xatırladığım misraları əzbər deyər.
***
Universiteti təzəcə
bitirib rayonumuza - Kürdəmirə təyinat
almışdım və vaxtı ilə oxuduğum
Axtaçı kənd orta məktəbində coğrafiya
müəllimi işləyirdim. Bir gün eşitdim ki,
Kürdəmirə Bakıdan şairlər gəlib. Mən də
rayon mərkəzindən 45 kilometr aralıda yerləşən
kəndimizdən uça-uça getdim Kürdəmirə.
Tədbir mədəniyyət
sarayında idi. Gördüm rəyasət heyətində
Kürdəmir rayon Partiya Komitəsinin I katibi Məmməd Məmmədovdu,
Cabir Novruzdu... başqaları yadımda qalmayıb... Tədbiri
M.Məmmədov açdı. Rəhmətlik son dərəcə
müdrik insan idi, ədəbiyyata, sənətə öz
baxışı vardı...
Burda mərhum
yazıçı Namiq Abdullayevin bir söhbəti yadıma
düşdü: "Siyəzəndə müəllim işləyirdim.
Onda Məmməd Məmmədov idi rayonumuzun I katibi.
Bakıdan, jurnalist Hacı Hacıyevdən, onun yanında (gərək
ki, "Azərnəşr"də - kursiv bizimdi) işləmək
üçün dəvət almışdım. Hacı
müəllim icazə üçün rayon Partiya Komitəsinə
də məktub yazmışdı. I katib də məni
çağırtdırmışdı.
Qapını
döyüb içəri girəndə, gördüm Məmməd
müəllim başını stolun siyirməsinə əyib,
hiss elədim ki, kitab oxuyur.
Onda Namiq müəllimdən
soruşmuşdum: -Nə əcəb aşkar oxumurmuş?
Demişdi:
- O dövr belə
şeylərə yaxşı baxmazdılar.. Bilsəydilər,
aləmə car çəkərdilər ki, bəs birinci katib
iş-gücünü buraxıb, kitab oxuyur..."
Mən də
yaxşı xatırlayıram ki, M.Məmmədov Kürdəmir
rayonunun tədbirlərində çıxış eləyəndə
dönüb olurdu əsl ədib. İndi isə şairlərlə
görüş məclisindəydi. O, söhbətinə
sözün gücünü ifadə eləyən təriflə
başladı: - Görün, Aşıq Ələsgər nə
deyib:
Mənim sözüm
öz yolundan dönəni,
İnşallah, qaytarar,
düz insan eylər.
Bu zaman Cabir müəllim
çevrilib heyrətlə altdan yuxarı M. Məmmədova
baxmağa başladı. Onun təəccüb və maraq dolu
baxışları aradan otuz beş ilə yaxın bir vaxt
keçməsinə baxmayaraq hələ də gözlərimin
qabağından getmir.
Bəli, Cabir müəllim
həmişə yaxşı sözü uca tuturdu.
Gərək ki, Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) ilk kurslarındaydım,
"Ulduz" jurnalına getmişdim. Təzə-təzə
fəaliyyətə başlayan bu gənclik məbədgahının
ilk baş redaktoru Cabir Novruz idi. Onda "Ulduz" bizdən
ötrü Kəbə kimi bir yer idi.
Canımı dişimə
tutub, utana-utana Cabir müəllimin qapısını
döyüb, otağına girdim. Məndən sonra rəhmətlik
Məmməd Faiq də gəldi. Cabir müəllimi tək
görmək arzum baş tutmadığından lap dilim
batdı. Nə isə, bir şeir oxutdurdular mənə. Cabir
müəllim, indi başa düşürəm ki, öz qənaətində
yanılmadığını aydınlaşdırmaq
üçün Məmməd Faiqə baxdı. O da, indiki kimi
yadımdadı, başını yana əyib, sağ əlinin
tilini şırım açırmış kimi
iki-üç dəfə stolun üstündə aparıb gətirib
təkrar elədi:
- Üzdən getmisən
ey, üzdən...
Mən gözümü
götürüb Cabir müəllimə baxdım. O da bu
sözü təsdiq edirmiş kimi Məmməd Faiqə
baxa-baxa gülümsünürdü. Onda Məmməd Faiqi
ürəyimdə məzəmmət eləmişdim: "A
kişi, qoyaydın baş redaktor sözünü deyəydi də,
sən niyə at saldırırdın!?"
Zaman göstərdi ki, mənim
şeirim həqiqətən adi yazıymış. Bir müddət
sonra "Ulduz" məni də sevindirdi. "Qızlar
yaxşı bilər" adlı şeirimi bu dəfə rəhmətlik
Məmməd Araza vermişdim. Deyəsən, pis deyilmiş.
***
İş elə gətirdi
ki, böyük istedad sahibi Cabir Novruzun sovet hakimiyyəti
dağılandan sonra ilk kitabının naşiri mən oldum.
Bir gün Cabir müəllim
mənə zəng elədi. Həyatımda ilk dəfə
onunla telefonla danışdım. Düzdü, buna qədər
bir dəfə onun evində olmuşdum; rəhmətlik
naşir Adıgözəl Qəmbərovla Cabir müəllimin
həyat yoldaşının yasına getmişdik. İndi isə...
Onda mən
"Şur" və "Şirvannəşr"in direktoruydum.
Rəhmətlik hansı nəşriyyatdansa məyus
qayıtmışdı və biz kitabının nəşriylə
bağlı ürəyi istədiyi kimi onunla
razılaşdıq...
Onu da deyim ki, Cabir müəllim
tək deyildi, oğlanları - rəhmətlik Mirzə və
Müşfiq də onunla gəlmişdi. Bu görüşə
qədər nə Mirzəni görmüşdüm, nə
Müşfiqi. Amma "Mirzələrim, Vüqarlarım,
Müşfiqlərim" şeirindən adlarını
bilirdim.
Xoş gəlmisiz bu dünyaya,
balalarım,
Sevinclərim, əzablarım,
bəlalarım.
Hara getsəm sizin üçün
dən yığıram,
Nə də yığsam, üçünüzə
tən yığıram.
Salam, mənim
Mirzələrim, Vüqarlarım,
Müşfiqlərim!
Evimizin işıqları, çıraqlarım...
Siz ölməzlik abidəsi,
Əsrlərdən əsrlərə
gedib çatan ata səsi.
Və onda nəşriyyatda
Cabir müəllim məni heyrətə salmışdı. İlahi,
oğlanlarıyla o necə də səmimi
danışırdı. Onların fikir və mülahizələrinə
qəbri nurla dolmuş necə də həssaslıqla
yanaşırdı... Bu, ata-oğul münasibətindən
çox, dost münasibəti idi, yoldaş münasibəti
idi.
Gizləməyin nə
yeri, biz atalar çox vədə övladlarımızın
fikrinə yuxarıdan aşağı baxırıq. Bir
növ uşaqlarımızın, lap böyüyüb ailə
sahibləri olsalar belə, söz-söhbətinə elə
uşaq fikri kimi yanaşırıq. Bəzən burdan da
narazılıqlar yaranır. Amma Cabir Novruzu övladlarıyla
münasibətdə mən ayrı biçimdə
gördüm.
Cabir müəllimin
kitabını nəşr elədik və sonralar, necə deyərlər,
aramız açıldı, zəngləşməyə
başladıq.
Bir gün də növbəti
zəngimdə gördüm sevincəkdi. Tez-tələsik
dedi: - Qəşəm, Mirzənin qızı olub, zəng elə,
onu təbrik et.
Bu sözlə Cabir
Novruz bir daha gözümdə ucaldı.
Cabir müəllim
şeirlə-sənətlə nəfəs alırdı. Gizli
deyil ki, adətən dinib-danışmaz
gördüyümüz Cabir Novruzu şeir oxuyanda tanımaq
olmurdu; çılğın, emosional bir varlığa dönərdi...
Bu yazının
üstündə işləyərkən gözləmədiyim
halda kağızlarımın arasından Cabir müəllimin
mənə yazdığı məktubu çıxdı. Bu
böyük şairin əl boyda vərəqdə balaca bir
etirafını, xırda bir yaxşılığa
özünəməxsus diqqətini gördüm. Odur ki
sözümü, sətirlərində Cabir müəllimin
isti nəfəsini duyduğum bu yazıyla bitirirəm:
"Qəşəm
......., salam!
Mən Bilgəhdən gəldim,
özümün səhvim ucundan düz hesablanmamış
kitabın beş çap vərəqindən çoxunu
çıxartdım. İndi həcmi dediyimiz qədər
oldu. Çıxartdığım əsərlərin
adlarını mündəricatda da qaraladım. Qızlar
sağ olsun, mənə xeyli kömək etdilər. Səni
gözləyə bilmədiyimə görə üzrxahlıq
edirəm. Çünki saat üçün yarısında
prezidentin sədrliyilə Füzuli yubiley komitəsi
keçirilir, mən də orda olmalıyam. Hörmətlə,
C.Novruz, 22.07.1996"
Bu, mənim Cabir Novruzdan
aldığım ilk və son məktub oldu.
Qəşəm İsabəyli
Ədalət.- 2011.- 15 mart.- S. 5.