TANIDINMI, DAĞLAR GÖZƏLİ?..
... Mən bir vaxtlar
İlisu haqqında söhbət açarkən
hansı hisslər keçirdiyimi indi də eləcə yaşamaqdayam. Bütün
bunlar izahı mümkün olmayan və tez-tez təkrarlanan valiyə kimidir. Bir az
heyrətli, bir az qorxulu, bir
az mürgülü, amma nə gözəl,
amma nə şirin...
Yazırdım: Burada
dayandığın yerdən dönüb hara baxsan zirvələri
buludlara toxunan dağlardan savayı heç nə görməzsən.
Yalnız göyüzüdür. Bir də bu əzəmətli
dağların qayalıqlarından şığıyan dəli
Kürmük. Dağlar bu kəndi qolları arasına alıb
da keşiyini çəkər, hərdən buludları
toqquşdurub ildırımlar çaxdırar, pis niyyətlərdən,
bəd nəzərlərdən qoruyar onu. Aydın gecələrdə
o dağların zirvəsinə qalxa bilsən, göydəki
ulduzlara əl uzadıb alma kimi dərmək istəyərsən.
O qədər yaxın görünür ki... Bu xəyallar səhərin
alatoranında sis-dumana ilişib başqa bir ovqat oyadar. Orada,
uzaqlarda bir yalquzaq da yol gedər...
...Sanki burdan o yana
heç nə yoxdur, dünya, kainat burada sona çatır. Sanki kənd
evlərinin tək-tək
səpələnib sona
çatdığı qayalıqlarda
o qarşı dağlar
da, o dəlisov çay da, o seyrək meşələr
də bu dünyanın son qapısında
dayanan dahiyanə bir kədərdi...
İlisu rayon mərkəzindən
12 kilometr aralıda, Kürmük çayının sahilində,
dəniz səviyyəsindən 1400 metr yüksəklikdə,
eni 1 kilometr, uzunluğu isə 5 kilometr olan dağ yamacında
yerləşir. Kəndin mərkəzi "Beşbulaq"
deyilən yerdir. İlisu yaşayış məntəqəsi
buradakı isti bulağın adı ilə
adlandırılmışdır. Bu, kənddən 5-6 kilometr
şimal-şərqdə Hamamçay dərəsində
Oğlanbulaq və Qızbulaq adlı hərarəti 40 dərəcəyə
çatan isti qaynaqdır. Lap qədimlərdən
insanların yel xəstəliyindən müalicə
aldığı açıq yerdir.
Həmin yerlərə,
eləcə Tovlatalaya, Dağıstanla sərhəddə yerləşən
qədim Sarıbaş kəndinə gediş-gəlişi birdəfəlik
rahatlaşdıran bir aşırımlı körpü salınmışdır.
Eni 6, uzunluğu 100 metr olan müasir körpü bir çox
problemləri həll etməklə yanaşı, rayonda turizmin
daha da inkişaf etməsi üçün əvəzsiz
töhfədir.
İlk orta əsrlərdən
başlayaraq Cənubi Qafqazdan Dağıstana gedən karvan
yolları İlisu ərazisindən keçib. Bu qədim
yaşayış məskəni XVI əsrin ikinci
yarısından XIX əsrin ortalarına qədər mövcud
olan İlisu sultanlığının mərkəzi idi. İlisuda
Qarabulaq ərazisində yerləşən Alban məbədi
(VII əsr), kənddən 5 km. cənub-qərbdə yerləşən
Çinli qala (VII əsr), Orta Köhnə dağında yerləşən
VII əsrə aid məscid qalıqları və qəbiristanlıq,
XVII əsrə aid Ulu körpü, XVIII əsrə aid Sumuq
qala, XVI əsrə aid Ulu məscidi, XIX əsrə aid Bucaq məscidi,
istehkam qala bürcləri və tağları, Yezli (Yazlıq)
dağı üstündəki qalaça, Tovlatala məscidi
kimi tarixi-memarlıq abidələri mövcuddur. Təsadüfi
deyil ki, bütün bunları nəzərə alan Azərbaycan
hökuməti burada İlisu Dövlət Təbiət və
İlisu Dövlət Tarix-Mədəniyyət
qoruqlarının yaradılması haqqında sərəncam
vermişdir.
Son illər daha çox
məşhurlaşan İlisunun dəqiq yaşını
müəyyənləşdirmək hələ ki,
mümkün olmayıb. Tovlataladakı qəbiristanlığın
da məzar daşları əlimiz-sübutumuz çatmayan uzaq
qədimliyin nişanələridir. Eləcə İlisudan
yuxarı, sanki İlisunun bir peyki olaraq göy qübbəsinə
dirənən Sarıbaşın özü də baş evlər,
daş yollar, daş cığırlar da sanki qocalıb
keçmişdə qalıblar. Burada dağlar da qoca
görünürlər. Ancaq ilk baxışda belədir. Adam
özünü bu kənddə əvvəl-əvvəl sirli
bir qədimlik havasında hiss edir. Onunsuz da İlisuda daimi
yaşayan sakinlər özlərinin bütün adət-ənənələrini
gündəlik məişətlərində yaşadırlar.
Süfrələrindən tutmuş geyimlərinəcən. Ən
əsası yüz illərlə öyrəşdikləri
özünəməxsus danışıq dili. Bu dil Qafqazda
yaşayan azsaylı-çoxsaylı xalqların heç
birinin dili deyil. Öz dilimizdir. Bir az qədim, bir az şivəli
təmiz türkcəmizdir.
Mən yerlilərin
bir-biri ilə çaparaq danışdığı məqamlara
diqqət yetirib hələ 25-30 il deyəndə ki,
ilisuluların danışıq dili heç bir dağlı
xalqının oxşarı deyil, Azərbaycan və Türkiyə
türkcəsinin qarışığıdır,
inanmırdılar. İddiamı
"pantürküstlüyümlə" əlaqələndirirdilər.
Mən hətta misallar da göstərirdim. Dilimizdəki
"Ay qız, nə baxa-baxa qalmısan" kimi cümlə
ilisuluların danışığında belə səslənir:
"Kız, nə baka durursan". Artıq bir müddətdir
bu kəndin özünəməxsusluğu tarixçi və
dilçi alimlərimizi söylədiyim mənada özünə
cəlb edir.
İlisuda Oğlanbulaq və
Qızbulaq müalicəvi qaynaqlardan başqa, həm də
çox dadlı suları olan digər bulaqlar da insanı valeh
edir. Təkcə yayda yox, qış fəslində də, lap
10-15 dərəcə şaxtada da bu suların dadını
bilən bu bulaqlardan yan keçə bilməz.
İlisu ilə
bağlı digər heyranlıqlarım.
Qoyun otaran, pendir tutan o
kiçik dağ kəndindən 300 nəfərdən
çox alim yetişib...
İçi dağ
çiçəkli bənzərsiz dağ pendiri bu kənddə
kəşf edilib...
Üç gün
üç gecə davam edən toy şənlikləri
yaxın vaxtlara qədər yalnız İlisuda
yaşanırdı...
Yalnız mart ayında
bu dağlarda tapılan xalyar...
İlisu
sülhülüsü...
Əgər sən Bərdədə,
Ağcabədidə, Göyçayda, Masallıda
yaşayıb iyun ayının əvvəllərində
sonuncu çırpılan tuta çatmamısansa, narahat olma,
ürəyin istəsə İlisuda tutun ilk
çırpımı avqustun əvvəllərində olur...
Birini də deyim.
İlisunun zirvələri
qılınc təki parlayan dağları, gözəl meşələri,
iti çayları, buz bulaqları kimi "Ramramay"
adlandırılmış orijinal görkəmli şəlaləsi
var. Bu mənada ki, şəlalənin haradan
başladığını bilmək olmur. Eləcə
qayalıqların üstündən üzü
aşağı göz tutduqca aşıb sellənir.
Son illər İlisu daha
çox diqqət mərkəzindədir. Kənd
özünün təbiət gözəllikləri,
xüsusilə saf suyu və havası ilə yanaşı,
bir-birinin ardınca burada istifadəyə verilən istirahət
mərkəzləri ilə də məşhurlaşır. Hazırda
İlisuda "Eden", "Yaşıl park",
"Ulu", "Uludağ" turizm istirahət mərkəzləri,
"İlisu" pansionatı fəaliyyət göstərir. Vaxtilə
İlisu sultanlığının mühafizə qalaları
yerləşən "Səngərqala" adlanan məhəllədə
eyni adlı yeni bir turizm obyektinin də birinci korpusu istifadəyə
verilmişdir. Çox güman ki, İlisu kəndi yaxın
illərdə təkcə yay fəsli üçün deyil,
ilin bütün fəsillərində turizm həvəskarlarının
və mənalı istirahət seçimi edənlərin maraq
göstərdiyi məşhur məkana çevriləcəkdir.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 15-16 mart.- S. 7.