Latviya mətbuatında
azyaşlı azərbaycanlı
uşağın ermənilər tərəfindən
öldürülməsi ilə bağlı məqalə dərc
olundu
Latviyanın
"Ças" qəzetinin 17 mart tarixli sayında 9
yaşlı azərbaycanlı Fariz Bədəlovun Ermənistan
Silahlı Qüvvələrinin snayperi tərəfindən
öldürülməsi ilə bağlı məqalə dərc
olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin
mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
məqalədə martın 8-də Ermənistan Silahlı
Qüvvələrinin snayperi tərəfindən 9
yaşlı Fariz Bədəlovun öldürülməsindən
sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi bölgəsində vəziyyətin gərginləşdiyi
qeyd olunub. Azərbaycan və Ermənistan prezidentlərinin
Soçi görüşünün keçirildiyini
xatırladan müəllif bildirib ki, orada verilən optimist bəyanatlar
münaqişənin tezliklə nizamlanmasında maraqlı
olmayan qüvvələri narahat edib.
Daha
sonra məqalədə bu həftənin əvvəlində Azərbaycana
rəsmi səfər etmiş İsveçrə
Konfederasiyasının prezidenti Mişelin Kalmi-Reyin Azərbaycan
prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat
konfransında "Ermənistanın özünü konstruktiv
aparmalı və beynəlxalq təşkilatların
işğalçı qüvvələrin qəsb olunmuş
torpaqlardan çıxmasına dair qətnamələrinə əməl
etməlidir" söylədiyi qeyd olunub. Bütün
nüfuzlu beynəlxalq təşkilatların münaqişə
ilə bağlı konkret mövqe ortaya qoyduqlarını yazan
müəllif məqaləni Azərbaycan prezidentindən gətirdiyi
sitatla tamamlayıb: "Minsk Qrupu artıq 19 ildir ki, fəaliyyət
göstərir. Əfsus olsun ki, bu müddət ərzində
heç bir əməli nəticə əldə olunmayıb. Status-kvonu
dəyişdirməyin, qaçqın və məcburi
köçkünlərin işğal olunmuş torpaqlara
qaytarılmasına başlanmasının zamanı yetişib.
Öz doğma torpaqlarında yaşamaq onların fundamental
hüququdur".
Ədalət.- 2011.- 19 mart.- S. 4.