MƏMMƏD ARAZ QAFİYƏSİNİN
SEMANTİK TUTUMU
Məmməd
Araz poeziyası qeyri-adi deyim tərzi və
obrazlılığı ilə keçən əsrin iknci
yarısında, artıq, oxucuların diqqətini cəlb
etmişdi. Bu poeziya o zaman ən çox vətəndaşlıq
qayəsinə görə önə çəkilirdi.
Heç şübhəsiz, vətəndaşlıq motivlərinə
olan ehtiyacı bu poeziya doldururdu, ancaq bu "gözəl
parıltı" Məmməd Araz şeirindəki qafiyənin
qəfil, gözlənilməz gəlişindəki semantik, hətta
semiotik məna tutumunu bir az kölgədə qoyurdu. İllər
keçdi və bir gün bu qafiyənin özünəməxsusluğunu
açmağa cəhd də təbii yoluna düşdü.
Məmməd
Araz qafiyəsinin mənbələri vardır. Bu mənbənin
birisi dildəki omonimləşmə ilə müşayiət
olunan müxtəlif növ məna çalarları, eyni
zamanda, aşıq poeziyasındakı cinaslılıq və
cinas olsa da fərqli cəhətlər də kifayət qədərdir.
Bu da var ki, cinasda olan bir az "söz oyunu" imkan və cəhdi
oradakı fəlsəfi tutuma zərbə vurur, baxmayaraq ki, bu
fəlsəfi deyim mövcuddur:
Gəl sənə söyləyim
kamil dərdimi,
Sinəmdən asılan kamil dərdimi?
(Yəni, sinəmdən asılan kamil
qapıdırmı?)
Şəmşir şamamanı kamil
dərdimi?
Naşıyamsa, öyrət, qoyma pis
üzüm.
(Aşıq Şəmşir)
Göründüyü
kimi, sənətkarcasına deyilmiş bu sözlərdə
birinci beyt fəlsəfi tutumu tamam ifadə etsə də,
ikinci beyt həmin səviyyədən lirik-intim tona bir
keçid alır ki, bu da həmin məqama adekvat ola bilmir. Deməli,
mövzumuz cinasla bağlı deyil. Mövzumuzu Məmməd
Araz misralarındakı məcazlardan kənara çəkməyə
çalışacağıq. Halbuki burada kifayət qədər
qeyri-adi deyimlər vardır:
...Bir AĞILIN BUDAĞINDAN
sallanır
Neçə-neçə
ağlı dayaz yaşayır...
Məmməd
Araz poeziyasında isə qafiyə ictimai-fəlsəfi tona
yüklənmiş semantikaya yiyələnib. Qafiyənin
semantik tutumu, formanı ikinci dərəcəli bir hala gətirir,
lakin forma rəngarəngliyi "qulaq qafiyəsi",
"göz qafiyəsi", "inversiyalı qafiyə",
"məntiq qafiyəsi", "paronim qafiyə", qafiyə
alliterasiyası, və s. kimi qafiyə adlarınin (bunların
sayını dilçilik və ədəbiyyatşünaslıq
terminləri ilə ağırlaşdırmaq da olar)
ortalığa gəlməsinə səbəb olmuşdur. Ədəbiyyatşünaslıqda
bu məsələ ümumi qaydada araşdırılsa da,
dilçilər "elmi və soyuq" şəkildə dil
hadisəsi kimi yanaşaraq onu konkret olaraq izah etmişlər.
Lakin məsələyə dilçi kimi yanaşanda poetik ecaz
itir. Ona görə də mövzuya fərqli yanaşmaya
üstünlük verməyi məqbul hesab edirik. Ədəbiyyatşünaslıqda
qafiyə ciddi tədqiqat obyekti olmamışdır. Bu da qafiyənin
asan bir sahə kimi xatakterizə olunması ilə
bağlıdır. Lakin müşahidələr göstərir
ki, qafiyə haqqında ciddi, sistemli söz demək
lazımdır. Xalq ədəbiyyatında qafiyənin diqqətiçəkən
formaları vardır. Aşağıdakı nümunələrə
fikir verək:
Altında boz at, çiynində
tüfəng, əlində tatarı,
Ay oğlan, səni Tarı,
Dolan gəl bizə sarı
Gələrsən qadan allam,
Gedərsən, yola sallam.
Burada
qafiyənin başqa məqam və növləri ilə
yanaşı, tatarı, Tarı (yəni -Tanrı), kimi
sözləri qəfil deyimlə müəyyən edilən
qulaq qafiyəsidir.
Məmməd
Araz yaradıcılığını sevənlərdən bu
sevginin səbəblərini soruşduqda tam izahına rast gəlmirsən,
çox zaman bu yaradıcılığı ümumi şəkildə
izah edirlər. Bu da obrazlılığın izah edilməzliyi
ilə yozula bilər. Əslində, burada bir çətinliyin
olduğu da izahsızlığa haqq qazandırır.
Adil Babayevdə də qafiyə
"öz bildiyini eləyir":
...Dilbər guşələrdə
keçsə də ömrüm
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında
gördüm.
Qafiyənin
ənənəvi formaları soyuq gözəllik kimi insanı
çəkmir, oxucu "şıltaq qafiyə"
sorağındadır və onu da Məmməd Arazda tapır:
Nəğməlidir
qışı-yazı
Arpaçayı, Xan Arazı.
Taleyini Günəş yazıb
Bu torpağın, bu diyarın...
Burada
"yazı", "Arazı" sözləri normal qafiyə
ola bilər, ancaq üçüncü misradakı
"yazıb" qafiyəsi və onun "Taleyini Günəş
yazıb" misrası bədii siqləti ilə heyrət
doğurur və qafiyənin inadkeş
özgürlüyünü ortalığa qoyur. Belə
sözlər Məmməd Araz poeziyasında tez-tez rast gəlinən
poetik deyimdir:
Mən Arazam, səsim tutqun Arazdı
Ha çağırdım, ha
yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı
İsinərmi bir od-ocaq, nə
bilim...
Bu Məmməd
Arazdı. Səssiz-küysüz üsyan. Qafiyə məzmuna
diqtə edir və həmin "daxili üsyanı" müəyyənləşdirir.
Elə həmin şeirin birinci bəndində də diqqət
yetirəcəyimiz belə özünəməxsus qafiyə
var:
Səndən mənə bir
ömürlük xatirə,
Məndən sənə nə
qalacaq, nə bilim.
Çətin bir də daş üstə
daş bitirəm,
Niyə uçdu bu qalacıq, nə
bilim...
Şeirin
də, şairin də ənənəvi qafiyəyə tabe
olmaq istəyi yoxdur. Əsəbi ruh əsəbi qafiyəni
arenaya gətirir. Bədiiliyin təzə-tər performansı
özünü büruzə verir.
İkinci
bənd də qafiyənin qəfil rakurslarını bizə
sevdirir:
Damağımda bal sevdanın turş
dadı...
Uşaq ağlım inadını
qurşadı.
Kim hönkürdü bu naqəfil
gürşadı?
Kimə dedim, dedi ancaq nə bilim?..
Bu
misralarda "qurşadı" və
"gürşadı" sözləri köklü qafiyə
deyil, cinas da deyil, Bəs onda nədir? Məmməd Araz qafiyəsi!
Burada sözün qəfil rakursu, nisgilin poetik ecazı, təkrarsız
deyim tərzi var. Hələ burada misranın məcazi
tutumlarını demirik, çünki Məmməd Araz
poeziyasında məcazlar sistemi, məcazlaşma ayrıca və
geniş bir mövzudur. Ona görə də bəndin birinci və
sonuncu misrasına diqqət yetirmədik. Böyük Sabirdə
də "Ancaq mənim avazeyi-şənim ucalansın"
misrası var və buradakı "ucalansın"
sözü Azərbaycan dilində olmayıb, onu ilahi bir
eşq ilə Sabir dilimizə, poeziyamıza gətirib və
yüz ildir ki, bu "ustad fəndini", Sabir
möhürünü kimsə cəsarət edib işlətməyib.
Elə bu özünəməxsusluq - doğma dilin daxili
gizlinləri ilə "silahlanmış" poeziya Sabir
şeirində olduğu kimi, Məmməd Araz şeirini də
tərcümə burulğanına salır - bu ecaz tərcüməsizdir...
o, yalnız bir dilə məxsusdur, ulu Şəhriyar demişkən,
başqa dilə çevirdikdə bu şirinlik itər.
Daha nə
qaldı? Bu şeirdə üçüncü bənd qaldı
ki, bu şeirin məna yükü elə bu bəndə yeklənib:
"...Bu oyunda kim uduzdu, kim uddu, Peşimanı kim olacaq nə
bilim?.."
Ədəbiyyatşünaslar
və tənqidçilər Məmməd Araz şeirində əsasən
ideya-mənəvi məsələlərə diqqət
yetirdiklərindən qafiyəni sanki yaddan çıxarmışlar.
Çox zaman da bu qafiyələr cinaslar kimi başa
düşülmüş, fərqinə
varılmamışdır. Əlbəttə, bu poeziyada cinas
kifayət qədərdir. Cinas oyunu Azərbaycan şeirində
az heyrət doğurur - bir növ bu, keçilmiş mərhələdir.
Məsələn, "Məmməd Aslana" şeirinin bu bəndindəki
kimi:
Dağ ömrümü qış əritdi,
yaz yıxdı,
Dərdim keçən yollar
yazıq-yazıqdı,
Desəm dilim yanar, dilim
yazıqdı,
Deməsəm duymazlar üzümdən
mənim.
- burada
cinas ənənəvi postundadı və onunla işimiz yoxdur.
Məmməd
Araz şeirində qafiyənin "yolunu azması" bədii
məqamın orijinal hadisəsidi. Bu sırf poetik özünəməxsusluqdur
və onu təkrar etmək (yəni təqlid etmək)
mümkün deyil. Ruslarda "Onegin qafiyəsi, Onegin bəndləri"
ifadəsi Puşkinin məşhur poemasından
başlanğıcını alıb və Səməd
Vurğun tərcümədə onu ustalıqla saxlaya bilib.
(Yeri gəlmişkən, A.Səhhət də "Qafqaz"
şeirini orijinal gözəlliyində "yenidən yarada
bilib", çünki, tərcümə olunmuş poetik mətn,
tərcümədən daha çox orijinala oxşayır,
orijinal gözəlliyindədir.)
Məmməd
Arazla Məmməd Aslanı "Azərbaycan təbiəti"
(yəni jurnalı), bu "təbiətin" dil
mayasımı birləşdirmişdi? Məmməd Aslan hələ
də televiziya verilişlərində (məsələn elə
bu günlərdə - 16 dekabr 2009-cu ildə İctimai
televiziyada) təkərləmədən tutmuş bayatı
cinaslarınadək xalq şeirini, onun sirlərini
açıb-çözür... O, bu işin vurğunu və
ustadıdır.
Məmməd
Arazın şeirlərində "qafiyə" sözü
şeirin axırındakı uyuşmadan daha geniş
anlayışdır və aşağıda biz onu
müşahidə edəcəyik.
Söz verdim, söz adlı dəfinə
verə,
Tək bircə ölümsüz qərinə
verə
...(Səh.18)
Başının altına yastıq
qoyanlar
Ayağnın altına qumbara qoydu
Nadanlar bu yurdu qumara qoydu
Mən belə dünyanın nəyindən
küsüm?
Yaxud:
Olsan öz haqqının köləsi
belə,
Əri, öz içində, öləzi
belə,
Ondan inciyənin beləsi belə, ...
və s.
Göründüyü
kimi, bu misralarda bizə lazım olan "köləsi" və
"öləzi" sözləri oldu, lakin buradakı
"köləsi" və "beləsi" sözlərinə
toxunmadıq, çünki onlar adi uyuşma-qafiyə idi.
Birinci məqam qeyri-adiliyi, təkrarsızlığı ilə
diqqəti çəkirdi, ikinci məqamda qafiyə yox, misra -
"Ondan inciyənin beləsi belə" deyimi diqqətəşayan
idi. Əlbəttə burada qafiyənin "elmi" şəkildə
izahı misranın məna yükü ilə birlikdə
götürülməlidir, əks-təqdirdə quru izah
alına bilər.
Məmməd
Arazda qafiyənin yeni məna tutumu onun irəlidəki sözlə-qafiyə
sözlə tam uyuşmasına tamamilə məhəl qoymur,
poetik fəcrə can atır:
Yenə dağ döşündə
dənərləndi qar.
Yenə zirvələrin həsrətində
qal.
Göründüyü
kimi, şeir ənənəsinin bütün
rıçaqları oyundankənar vəziyyətdədir.
İkinci misra birinci ilə struktur rezonansına tabe deyil və
yeni ovqata yüklənib - həm deyimə görə, həm
də qafiyəyə görə. Burada zahirən cinasa
oxşarlıq var, ancaq M.Araz cinasların omoform
variantını yox, yeni, tamam başqa deyim və məna
variantını qəbul edir.
Bu dağlar qardaşım, bu
çaylar bacım,
Özündən gəlməyən,
özündən qaçır.
Zaman qapımızda əlində
qayçı... (Səh.13)
Bütün
poeziyasevərlər bilirlər ki, buradakı hər
üç "qafiyə" hesab edəcəyimiz sözlər
əslində qafiyə deyil, burada poetik inversiyanın morfoloji
inversiya növü yaranıb. Yəni cümlə yox, söz
inversiya olunub. Qafiyədəki yenilik deyim tərzinə də
təsir edib və semantika dəyişilib. Ona görə də
hər üç misra həm vəhdətdədir, həm də
əlahiddədir... Qafiyə də misra yükü kimi
özgürdür. Poetikada misra qitəsi yaranıb.
Məmməd
Arazda qafiyənin düzümü bəzən adidir, bəzən
cinaslıdır, daha çox isə özünəməxsus
qafiyə tipidir ki, bu cəsarət və sənətkarlıq
onun öz adı ilə bağlı olduğundan elə
adına da "Məmməd Araz qafiyəsi" deyilməlidir.
Fikrimizcə, bu məsələ sənətkarlıq, poetika məsələsi
olduğundan gələcəkdə də bu mövzuya daha
geniş və daha sistemli şəkildə qayıtmaq
lazım gələcəkdir.
Sözardı:
Təxminən 1968-ci il olardı. O zaman hələ cavan olan
xalq şairləri Məmməd Araz, Xəlil Rza, Söhrab
Tahir, Cabir Novrüz bu sətirlərin müəllifi ADPU- da tələbə
olanda, bizimlə görüşə gəlmişdilər.
Cabir Novruz gileyləndi ki, nə üçün kiçik akt
zalında görüş keçirilir? Halbuki Amerikada rus
şairi Robert Rojdestvenski ilə görüşə minlərlə
adam gəldiyi haqqında yazırlar. Görüş
iştirakçılarını pis vəziyyətdən Məmməd
Araz çıxartdı; o dedi ki, eybi yox, az adam gəlsin, amma
poeziyanı duyan, başa düşən insanlar gəlsin.
Sonra o, çıxış etdi və dedi ki, bir dəfə Xəlil
Rza və Söhrab Tahirlə Göy-gölə getmişdik.
Gecə Göy-gölün sahilində qalacaqdıq.
Üçümüz də söz qoyduq ki, səhərə
qədər hərəmiz Göy-gölə bir şeir yazaq.
Bunlar axşam yatdılar. Mən narahat idim. Belə güman
etdim ki, şeiri əvvəlcədən yazıblar, səhər
oxuyacaqlar. Mənim isə gözümə yuxu getmirdi. Gəzə-gəzə
gölün sahilinə çıxdım. Naəlac yerdən
bir daş götürüb gölə atdım. Daşın
çıxardığı səsə özüm də
diksindim və qəfildən ilk misra gəldi - "Daş
atdım, diksinib oyandı Göy-göl".
Göründüyü
kimi, şeir bu "ilk misra"nın (ağıla gələn
ilk misranın) qafiyəsi üzərində qurulub.
Seyfəddin Eyvazov
Ədalət.- 2011.- 19 mart.- S. 9.