HAVALANSIN
İSLAMIN SƏSİ...
Elə səslər var ki, onlar nadir
səslərdən sayılır. O səslər
heç də adi xanəndələrin, müğənnilərin
səslərinə bənzəmir. Ən azından ona görə ki, bu səsin
öz rəngi var, bu rəngin adı isə
ağdır. Azərbaycan musiqi sənətində ağ
səsi olan müğənnilər
barmaqla sayıla bilər. Mənim
tanıdığım belə sənətkarlardan biri Rəşid Behbudov, digəri isə İslam
Rzayevdi. Ona görə
bu sənətkarları
yada saldım ki, martın 17-də Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam
müsabiqəsi Füzuli
rayonunun Horadiz şəhərində təşkil olunmuşdur.
Qarabağın
bir parçası olan Füzuli torpağı öz havası,
suyu, yurdu ilə həmişə seçilib. Və təsadüfi
deyil ki, muğam müsabiqəsinin təşkilatçıları
Ağcabədidən sonra Füzulidə bu müsabiqəni
davam etdirməyi planlaşdırmışdılar. Horadiz
şəhərində çox orijinal və müasir
memarlıq üslubunda inşa edilən muğam mərkəzində
müsabiqənin təşkili təbii ki, təsadüfi
deyildi. Açılış kimi də çox yaxşı
bir məqam seçilmişdi. Füzuli torpağının
yetirməsi olan böyük xanəndə və sənətkar
İslam Rzayevin ifa etdiyi muğam və mahnı səsləndi.
Səsin şirinliyi, məlahəti və
orijinallığı bir daha muğam mərkəzində əyləşib
ona qulaq asan dinləyicilərin hamısını mat eləmişdi.
Bal kimi şirin, məlahətli səsdən əlbəttə,
insan həmişə feyziyab olub. Həmin ifanı dinləyəndən
sonra muğam müsabiqəsinin
iştirakçılarından olan böyük xanəndə
və pedaqoq Əlibaba Məmmədov bir daha İslam Rzayev sənətinə
heyran olanları salamladı və İslam kimi böyük bir
sənətkarın yetişməsini, sənət aləmində
özünəməxsus iz qoymasını yada saldı. Əlibaba
Məmmədov Füzulinin doğurdan da muğam beşiyi
olduğunun təsadüf olmadığını
xatırlatdı. Bu torpaqdan Seyid Şuşinski, Ağabala
Abdullayev, İslam Rzayev, Süleyman Abdullayev, Təvəkkül
Musayev, Qəndab Quliyeva və ən nəhayət Eldəniz Məmmədov
kimi sənətkarlar yetişib. Onların hər birinin
özünəməxsus ifa tərzi və səs tembri var.
Bu
sözlərdən sonra salondakı tamaşaçılar Əlibaba
Məmmədovu alqışladılar. Bu alqışlar həm
Əlibaba Məmmədova idi, həm də Azərbaycan
muğam sənətinə. Çünki yaxşı sənətkarları,
məlahətli, bal kimi şirin səsləri
tamaşaçı heç vaxt yaddan çıxarmır.
Sonra
səhnəyə müsabiqədə iştirak edən gənclər
çıxdılar. Onların da ifaları bir-birindən maraqlı və yadda qalan
oldu. Hansı ki, Bakıda
səhnədə oxuyarkən
həmin ifaçıların
səsləri çox
vaxt yerində olmur və ifaçılar
özlərini rahat
hiss eləmirdilər. Artıq Ağcabədiyə
gələndən və
ordakı ifalardan sonra muğam müsabiqəsinin iştirakçılarının
səsində heç
bir dəyişiklik
hiss olunmurdu, yəni səslər yerində idi. O mənada yerində idi ki, ifaçılar da özlərini sağlam hiss edir və səhnəyə də çıxanda əvvəldən axıra
qədər mahnını,
təsnifi və muğamı gözəl ifa eləyirdilər. Füzulidə olanda isə
tamamilə hər şey dəyişdi.
Yəni əvvəlki çıxışlardan
fərqli olaraq burda bir ifaçı
belə zəif çıxış eləmədi.
Bunu münsiflər də bir daha təsdiq
elədilər. Təsdiq elədilər
ki, Qarabağın havası, suyu, torpağı muğam iştirakçılarının səsinə gözəllik
qatıb. Bəli, bu
həqiqətən də
belə idi. Bu torpağın havası,
suyu muğam ifaçılarının səsinə
bir şirinlik əlavə eləmişdi.
O şirinlik ki, onu bütün tamaşaçılar, dinləyicilər
hiss edrdi.
Bir
vaxtlar böyük sənətkar rəhmətlik İslam
Rzayev bizə verdiyi müsahibəsində deyərdi ki,
Qarabağ torpağı olmadığına görə, indi
zil səslər yoxdu. Bunu digər sənətkarlar da təsdiqləyirlər.
Sadəcə bu gənclərin Qarabağ torpağına gəlməyi
ilə səslərinin açılması, ona məlahət
qatılması bir oldu. Muğam müsabiqəsinin rəhbərlərindən
olan Nadir Axundov Bakıdakı konsert zamanı yaxşı oxuya
bilməyən muğam ifaçılarının biri barəsində
dedi ki, Bakının havasından zəhər
tökülür. Belə havada əlbəttə, oxumaq
çətin olacaq. Amma həmin günü Füzulinin
havasından, suyundan, torpağından bir şirinlik, bir məlahət
əlavə olunmuşdu həmin səslərə. O səslər
o qədər bal kimi şirinləşmişdi ki, ondan
çoxları doymaq istəmirdi. Bəlkə də bu
uşaqlar özlərini təbiətin qoynunda sakit və rahat
hiss elədiklərinə görə, istedadlarını ortaya
qoya bildilər. Elə ona görə də onların hər
çıxışı muğam mərkəzindəki
tamaşaçılar tərəfindən alqışlarla
qarşılandı. Səbinə Ərəblinin qeyri-adi
ifası isə həm münsiflərin, həm də tamaşaçıların
içini silkələdi və ora bir rahatlıq, xoş aura gətirdi.
Alqışlar səngimək bilmirdi. Çünki Səbinə
Ərəblinin qeyri-adi səsi ilə yanaşı, bir
xanım-xatın görünüşü və gözəlliyi
də var idi. Şirin səs və gözəllik bir-birini
tamamlayanda o daha əvəzsiz olur.
Müsabiqənin
sonunda əslən Füzulidən olan xanəndə Eldar
Novruzov da məlahətli səsi ilə muğam mərkəzində
olan tamaşaçıları riqqətə gətirdi. Yəni
Eldar o qədər gözəl və şirin, məlahətli
oxudu ki, münsiflər heyətinin üzvləri özlərindən
asılı olmayaraq, 10 xalı başlarının
üstünə qaldırdılar. Bu həm də o demək
idi ki, Qarabağ torpağından çıxan hər bir
şirin səs əvəzsizdi və bu səslər heç
vaxt digər səslərə bənzəmir.
Elə
arasında belə bir deyim var ki, qarabağlı uşaqlar
dünyaya gələndə ağlayırlar. Onların ağlamağı
da bir muğamdı. Yəni bu
hıçqırığın, ağlamağın
içində də qeyri-adi bir şirinlik var. Bu qeyri-adi
şirinliyi isə Qarabağ torpağına Ulu Yaradan verib. Gün
o gün olsun ki, müsabiqənin iştirakçıları
konsertlərinin birini Şuşada versinlər. Şuşanın
havası isə lap təmizdi, lap safdı. Həmin təmiz və
saf hava bu səslərə bir məlhəm gətirər, vətənin
dərdinə məlhəm qoyar.
FAİQ QİSMƏTOĞLU
Ədalət.- 2011.- 19 mart.- S. 10.