Sahibkarlar üçün
tədbir keçirildi
İqtisadi
İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək
Milli Fondu (SKMF) Binə qəsəbəsində "Bakı qəsəbələrində
sahibkarlığın inkişafına dövlət dəstəyi"
mövzusunda tədbir keçirib. "APA-Economics"in məlumatına
görə, tədbir çərçivəsində
sahibkarlar üçün güzəştli kreditlərdən
istifadə mexanizmi, investisiya layihələrinin
hazırlanması və təqdim olunmasına dair maarifləndirici
treninq keçirilib, həmçinin müasir
texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti
barədə tədbir iştirakçılarına məlumat
verilib.
Tədbirdə
şəhərətrafı qəsəbələrdə fəaliyyət
göstərən 200-ə yaxın sahibkar iştirak edib.
İİN-in Sahibkarlığın inkişafı siyasəti
şöbəsinin müdiri Zaur Qasımov
çıxışında bildirib ki, son illər ölkənin
qeyri-neft sektoru getdikcə inkişaf edir, regionların
sosial-iqtisadi inkişafına nail olunub, əhalinin həyat
şəraiti daha da yaxşılaşdırılıb,
sahibkarlığın inkişafına dövlət dəstəyinin
sistemli şəkildə həyata keçirilməsi nəticəsində
iqtisadiyyatda özəl bölmənin rolu daha da artıb.
Nazirliyin
Regionların inkişafı üzrə dövlət
proqramları şöbəsinin müdiri Sahib Məmmədov
məqsədli dövlət proqramında Bakı şəhərini
və ətraf qəsəbələri əhatə edən tədbirlər,
onların icrası, həmçinin görüləcək
işlər barədə danışıb.
SKMF-in
icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, fondun
güzəştli kreditləri hesabına şəhərətrafı
qəsəbələrdə fəaliyyət göstərən
sahibkarların intensiv zeytunçuluq təsərrüfatlarının
yaradılması, müasir tələblərə cavab verən
zeytun emalı və qablaşdırılması müəssisələrinin
tikintisi, zəfərançılıq təsərrüfatının
yaradılması, emalı və qablaşdırılması
müəssisələrinin tikintisi, quşçuluq,
çörək istehsalı müəssisələrinin
yaradılması, bu istiqamətdə fəaliyyət göstərən
sahibkarların dəstəklənməsi layihələrinin
reallaşdırılması nəzərdə tutulub.
Tədbir
çərçivəsində müvəkkil kredit təşkilatları
vasitəsilə şəhərətrafı qəsəbələrdə
fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə
2,2 mln. manat güzəştli kredit vəsaiti verilib. Bu kredit
hesabına 190-a yaxın yeni iş yerinin yaradılması nəzərdə
tutulub.
Ədalət.- 2011.- 19 mart.- S. 11.