Valideynlər uşaqlar haqqında nəyi bilməlidir
(əvvəli
ötən saylarımızda)
23 avqust - 23 sentyabr arasında
doğulan uşaqların xarakteri
Bunlar QIZlardır. Belə uşaqlar realist və
praktikdir. Onların iti
və soyuq ağlı, mühakimə
və analitik düşüncəsi, höccətliliyi
və tənqidi mülahizələri uşaqlıqdan
özünü göstərir.
QIZlar
bir qayda olaraq valideynlərin, müəllimlərin ümidini
doğruldurlar. Onlar əvvəlcə sanki
yaşıdlarından heç nə ilə fərqlənmirlər.
Ancaq tezliklə bu "sakit" uşaqlarda
çalışqanlıq, əməksevərlik, işgüzarlıq,
səliqə və diqqətcillik, müxtəlif adamlarla
müxtəlif şəraitdə işləmək
bacarığı və s. cəhətlər
görünür. Onlarda hansısa daxili narahatlıq və təlaş
baş qaldırır, qətiyyətsizlik, eqoizm və
tamahkarlıq özünü göstərir, deyingən
olurlar, məkr və hiylə ürəklərinə yol
tapır. Onlar nəinki sabahın, gələn həftənin
məktəb və məktəbdənkənar işlərini,
hətta gələn il üçün planlar cızırlar.
Onlarda
möhkəm yaddaş fəlsəfi düşüncə ilə,
sərrast mühakimə iti ağılla birləşir. QIZlarda
kiçik yaşlardan başlayaraq müəyyən əda,
naz, vasvasalıq və xırdaçılıq,
başqalarını öz məqsədi üçün
işlətmək, istifadə etmək meyli yaranır. Maddi cəhətlərə
üstünlük verdiyindən məcbur olur ki,
aldığı bilik və bacarığı zənginliyə,
bər-bəzəyə sərf etsin.
QIZ
erkən yaşlardan sözübütöv və səliqəlidir.
Vaxta riayət edir. Saatla yatır, saatla
durur. Hər şeyi vaxtında
eləyir. Bütün işlərini
- istər məktəb-dərs,
istərsə də məktəbdənkənar işlər
- planla, qrafiklə yerinə yetirir. Onlar öz məqsədlərinə
hansı yolla, hansı vasitə ilə olsa çatacaqlar,
istər bu vasitə yaxşı olsun, istər pis, rəvadır, ya yox. Kiçik yaşlardan hamıya, hər şeyə diqqət verir, hər şeyə qulaq asır, hətta tamamilə başa düşməsə
də.
Məktəb
partasından başlayaraq o, hamını və hər şeyi
müzakirə və tənqid edir, hamıyla öcəşir,
sataşır. Yaxşı oxuyur, amma tez-tez özünü
yuxarı tutur.
O da
düzdür ki, belə uşaqların əsl dostları ya
yoxdur, ya azdır, çünki onlar burunlarını hara
soxurlarsa, orada bir fəsad törədirlər.
Bu
uşaqlar kiçik yaşından bilirlər ki, nə istəyirlər
və nəyə nail ola bilərlər. Onlar böyük canfəşanlıqla
bütün bilik və səylərini səfərbər edirlər
ki, öz məqsədlərinə çatsınlar. Onlar elə
uşaq deyil ki, bir anlıq parlayıb-sönən ulduz kimi yox
olsunlar. QIZlar yanacağı qənaətlə işlədən
lampaya bənzər, onun yağı heç vaxt qurtarmır.
Mühakiməsi
iti olduğundan, onlar rəsmi və quru olur, yumoru başa
düşmür və sevmirlər, ona görə də hiss və
ehtiraslarına meydan vermirlər. Onlar qapalı, həm də
zahirən hissiyatsızdılar, robota oxşayırlar.
Onlar
ticarət və bank, yaxud hakimiyyət və təhlükəsizlik
orqanlarında işə, riyaziyyat və fizikaya, pedaqogika və
ya elmi-tədqiqat işinə - bir sözlə təşkilatçılıq
və planlaşdırma lazım olan hər yerə meyl
göstərirlər.
Məktəbdə
əlaçı şagird olduqları kimi, işdə də
yaxşı icraçıdırlar. Erkən yaşlardan
müxtəlif disput və müzakirələrə həvəs
göstərir. Valideynlər onların uşaq
yaşlarındakı meyllərini nəzərə alıb
buna uyğun sənət sahəsində işləməsinə
imkan verməlidirlər, xüsusən, əgər bu sahə ədəbiyyat
və incəsənət, tətbiqi elm və ya peşə
olsa. Onlarla ünsiyyət yaratmaq üçün nəzakət,
yumşaq rəftar, mehribanlıq gərəkdir. Onların rəğbətini
qazansan sənə hörmət və səxavət göstərəcəklər.
Amma təhqiri yaddan çıxarmır və
bağışlamırlar, çünki kinli və
qisasçıdırlar.
Uşaq
və yeniyetmə yaşlarında, həmçinin gənclik
və yetkinlik illərində təhlükəli xəstəliklər,
əməliyyatlarla, yaxud da bədbəxt hadisələrlə
üzləşə və bədən xəsarəti ala bilərlər.
Bundan başqa, doğma evdə onları heç bir xoşbəxtlik
gözləmir.
Onların
bədəninin ən zəif yerləri mədə-bağırsaq,
döş qəfəsi, 12 bağırsaq vəzi və kor
bağırsaq, mədəaltı vəzi, böyrək,
öd kisəsi və əsəb sistemidir.
Xəstəlikləri:
nevrasteniya, nevralgiya, qızdırma və soyuqdəymə,
müxtəlif maniya və fobiyalar, sayıqlama və psixoz. Həmçinin
epilepsiya, yaddaşın xarab olması və nitqin itməsi.
23 sentyabr- 23 oktyabr arasında
doğulan uşaqların xarakteri
Bu
ayda doğulanlar da TƏRƏZİlərdi. TƏRƏZİ
bürcü altında doğulanlar sülhsevər, sakit və
səmimi olur, mübahisə və dava-dalaşı sevmirlər.
Həssasdırlar, başqalarının qəminə həmişə
şərik olurlar. Dostcanlı, hamıya
qaynayıb-qarışan, nəzakətli və mehriban, olduqca
səliqə-sahmanlıdırlar. TƏRƏZİ nəinki
münaqişədən qaçır, həm də
ixtilafları aradan qaldırmağa, ziddiyyətləri həll
etməyə çalışır. Bir sözlə, hər
şeyi tərəziyə qoyub çəkmək, tarazlıq
yaratmaq istəyirlər.
TƏRƏZİlər
hiyləgər və kələkbaz olur, tükü tükdən
seçir, diplomatik qabiliyyət, idealist
dünyagörüşü də onlara xasdır, fiziki əməyi
sevmirlər.
Romantik
olaraq xasiyyətlərində sevgi, vurğunluq var. Cazibədar
və məlahətlidirlər.
Yeniyetmə
və gənclik illərində şöhrətpərəstliyə
olan meyli illər keçdikcə TƏRƏZİni daha
çox mübtəla edir. Evdə, ailədə, məktəbdə
olduğu kimi, həyatda da həmişə gərginlikdən,
yorğunluqdan qaçır. Tərif, alqış onları
xoşbəxt eləyir. Əvvəllər zinət və dəbdəbəyə
olan meylləri valideynlərini sevindirsə də sonralar bu
onları məyus edir, çünki bunlar böyük xərc
tələb edir.
TƏRƏZİ
gözəlliyi, harmoniyanı erkən yaşlardan hiss edir. Gözəl
zövqü var, amma bər-bəzəyi, zinətə həddən
artıq aludədir. Fiziki və mənəvi cəhətdən
həmişə inkişafdadır, üstəlik hər
şeyə tez uyğunlaşa bildiyindən səhnənin
şöhrət yolu onun üçün açıqdır.
Uşaqlıqdan səhnəyə, teatr sənətinə olan
sevgi və marağı sonralar TƏRƏZİyə uğur
və şöhrət gətirir, illər keçdikcə ona
pərəstiş edirlər.
TƏRƏZİlər,
bir qayda olaraq həm fiziki, həm də mənəvi cəhətdən
istedadlı olurlar. Amma valideynlər onların qabiliyyət və
meyllərini görüb inkişaf etdirməlidirlər, həm
də bu nə qədər vaxtında olsa bir o qədər
yaxşıdır. Çünki ilk təəssürat belə
uşaqlarda hər şeyi dəyişə bilir - öz
gücünə və imkanlarına inamsızlıq həmişə
bunların yol yoldaşıdır. Yalnız güclü,
etibarlı bir dost və yoldaş sayəsində onlar bu
inamsızlıqdan qurtula bilərlər, belə bir həmfikir
isə ata-ana, bacı-qardaş, məktəb və institut
yoldaşları, ər-arvad, iş partnyoru ola bilər. Ağlına
və istedadına, idealist və romantik xasiyyətinə rəğmən
TƏRƏZİlər az praktikdir. Onlar nəzəriyyəçidir,
real həyat təcrübəsindən uzaqdırlar. Belə
uşaqlarla sakit və nəzakətlə danışın, səsinizi
qaldırmayın, onlara tərəf-müqabil kimi
yanaşsanız, bu onlarda yalnız rəğbət oyadar.
Onlarda
minnətdarlıq hissi çox inkişaf etmişdir,
yaxşılığı heç vaxt unutmurlar.
Baxmayaraq
ki, belə uşaqların şöhrətpərəst
böyüməsi, yaltaqlanmaq bacarığı, yüngül
həyata meyl etməsi, qayğısızlığı sizi məyus
edir, gələcəkdə məhz bu keyfiyyətləri sayəsində
onlar müəyyən sosial və maddi təminat qazana bilirlər.
Unutmaq lazım deyil ki, yaltaqlıq onların özlərinə
həmişə gərək olsa da, bir qayda olaraq
başqalarının onlara yaltaqlanmasından
xoşlanmırlar. Xüsusən ədalətsizliyə
dözmürlər.
Təkrar
edirik, ilk təəssürat, ilk görüş onlara
çox bərk təsir edir, onlar bu təəssüratdan uzun
zaman qurtula bilmirlər.
Bir
şeyi də nəzərə almaq lazımdır: TƏRƏZİlər
birgə işləməyə, şərikli müəllifliyə,
əməkdaşlığa böyük əhəmiyyət
verirlər.
TƏRƏZİlərin
orqanizmində ən zəif yerlər: qasıq nahiyəsi,
uşaqlıq yolu (matka), sidik kisəsi, habelə böyrəklər,
bud və baldırlar, göbək, dəri, onurğa sütunu
və vena damarları.
Ədalət.- 2011.- 19 mart.- S. 14.