ONLAR VƏ MƏMLƏKƏTİMİZ

 

"ORTADOĞU" qəzeti

 

Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu bu keçdimiz illərdə çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədi. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdın mənim yeni başladığım yazı dizisində,seriasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bəzən ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm.Onlar Kimlərdi və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsl üçün daha maraq doğura bilər. Beləliklə indiki qəzetçiliyimizin dili ilə desək yeni proyektimiz ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.

Səmimiyyətimə inanın, bu yazını mən o baxımdan yazmıram ki, bu qəzet mənim yazılarıma, mənim doğulduğum torpağın insanlarına, Azəri Türklərinin sənət və ədəbiyyat nümunələrinə üstün əhəmiyyət verir, siyasi ortamını gündəmdə saxlayır.

Vallah yox. Yəni işin içində bu da ola bilər. Oralarda yaşadığım illərdə hər gün on-on beş qəzetə baxırdım. Oxuyurdum mənə yaxın insanların yazılarını, xüsusilə qəzetlərin ədəbiyyat, sənət, mədəniyyət səhifələrinə daha diqqətlə baxırdım, diqqətlə oxuyurdum.

Obyektivlik xatirinə demək olar ki, bir çox qəzetlərdə ədəbiyyat, sənət, mədəniyyət səhifələri çox məhdud olur və həmin səhifələrdə nəşr olunan şeirlər xüsusilə ciddi ədəbiyyat baxımından aşağı səviyyədə olur çox zaman. Nə qədər istəsəniz nümunə təqdim etmək mümkündür.

Amma mənim məqsədim bu qəzetlərdəki ədəbiyyat və sənət üstünə yazıları qiymətləndirmək deyil.

Bir az irəli gedərək bunu əhəmiyyətli olaraq anlatmaq istəyirəm ki, Türk xalqlarını yaxınlaşdıran ən önəmli addımlardan biri də bu xalqların mədəniyyət dünyasını yaxınlaşdırmaqdır. Bəli, siyasət və iqtisadiyyat da mühüm hadisələrdəndir, bunu da inkar etmək olmaz.

Bəli, bu bir həqiqət ki, bu günləri qarşıdakı əsrlərə daşıyacaq əlaqələri indidən daha ciddi nəzərə almaq lazımdır. Və bu daşıyıcı nümunələr əsnasında dünyanı gözəlləşdirən "Sənətdir, ədəbiyyatdır, mədəniyyətdir." Bunlar hətta xarici beynəlxalq əlaqələrdə belə əhəmiyyətli sayılır. Sənət böyük mənada böyük döyüşləri belə dayandıra bilən bir qüvvədir. Amma, sənəti anlayanlar üçün. Sənəti qiymətləndirənlər üçün bu daha etibarlı ola bilər.

Yüzillərdən bəri axıb gələn sənət nümunələri, şeir, ədəbiyyat insanlar arasında inkar edilməz bir əlaqə imkanıdır. Bunu bu işlə məşğul olan kəslər daha çox bilməkdədirlər.

Belə bir atalar sözü var: "Halva, halva deməklə ağız şirin olmur."

Bu atalar sözü demək olar ki, bizim yazımızın bir mayakı kimidir. Bizləndən hər birimiz öz yerimizdə oturub saymaqla, nə qədər "qardaş, qardaş" desək də, yeni dünya düzəni mühitində əlimizi qolumuzu sallayıb oturmuş olsaq, daha da doğmalaşmağımız üçün bir kimsə bizə yardım edən deyil. Bu əsrlərcə sınanmış bir vəziyyət.

Bunu biz yaxşı bilməliyik.

Amma burada vacib bir anı da unutmaq olmaz: tələsən tərs düşər, - kimi bir ata sözü də var.

Türk Dünyasının "yeni düzəni" ortamında, yaxınlaşmasında mətbuat və yazı xidmətini unutmamaqla, illərlə bir-birindən uzaq düşməsini də nəzərdən qaçırmaq olmaz. Türk dünyası və insanları illərcə özzlərindən və bir-birilərindən ayrı düşmüşlər. Və bu ayrı düşmüş insanların inciksiz bir-birilərinə yaxınlaşdırmaqda təbliğatın, şirin tanıtmanın dəyəri ölçülməzdir. Və bu təbliğatda ən əhəmiyyətli ünsür də mətbuat-nəşr, televiziya vasitəçiliyidir.

Bu həqiqət ki, Türk mətbuatı və televiziyası bir çox şəxsi kəslərin əlindədir, rəhbərliyindədir. Və bu kəslər öz çıxarları daxilində təbliğatlar etmək istəyirlər. Bu da onların fərdi bir haqqıdır. Amma, milləti düşünən, məmləkəti sevən hər bir adam daha başqa şeylər haqqında da düşünməlidir. Ən azından bu məmləkət olmazsa, onların da heç bir dəyəri yoxdur. Bu baxımdan, deyək ki, məsələn, hətta öz mənfəətləri səbəbindən bu məmləkətin sabahını düşünüb daşınmalıdırlar.

İnkar edilməz bir həqiqət. Biz bir-birimizi yaxşı tanımırıq və tanımağa da tələsmirik deyəsən. Tələsməsək də, yenə də bəzi qığılcımlar parlamaqdadır. Belə ki, aşağıdakı sitata baxaq: "Türkistana möhtacıq. Türkiyənin gələcəyini təminat altına alması üçün Azərbaycan və Türkistanı yaxşı tanıması lazımdır. Əgər Türkistanı və Azərbaycanı yaxşı tanıyan insanlar iş başına gəlirsə, bunu həyata keçirmək çox asandır. Lakin bu gün bir çox nöqtədə olduğu kimi, iş bilməyənlər vəzifəyə gəlsə çox çətindir. Türkistanda yaşayan mədəniyyət ilə Anadoluda yaşayan mədəniyyət arasında eynilik vardır. Koroğlu, Türkistanda Goroğlu, Azərbaycanda Koroğlu, İstanbul türklərində Köroğludur. Eyvaz onlarda Eyvaz, Camlibel Çenlibeldir. Nasrettin Türkistanda Nasrettin Əfəndi, Azərbaycanda Molla Nəsrəddindir. Bütün bu ortaq nöqtələr ortaya qoyulduğu və münasibətlər bu bağlardan gücləndirildiyi zaman millət daha hüzurlu və birlikli yaşayacaq."

Hörmətli Yavuz Bülent Bakiləri bir aydın və bir yazar kimi narahat edən bu əskikliklər ümid edirəm tək siyasi münasibətlərlə deyil və başlıca olaraq mətbuat və nəşr vasitəsilə inkişaf etdirilə bilər. Bunun da qayğısını Türk ziyalısı və yazıçıları daşımaqdadır. Və Türk mətbuatının bu yolda lazımlı addımları gözlənilməkdədir.

Bu yolda "Ortadoğu" qəzetinin nəşr etdiyi işlər sonsuz dəyər daşımaqdadır.

Açıq danışmaq lazımdır. Bu boşluqları dolduran və mənim qənaətimcə bu işi yeni dünya nizamı ortamında Türk xalqlarının yaxınlaşmasını, onların siyasi, mədəniyyət, həyat tərzini və gündəlik olmasa da, davamlı izləyən və yazılar nəşr edən qəzetlərdən bir dənəsi "Ortadoğu"dur.

Heç şübhəsiz bu qəzetdəki bəzi yazılar Azəri Türklərinin bugünkü istək və arzularıyla üststə düşməyə də bilər və bu qəzetin öz düşüncəsi və öz haqqıdır. Amma, insafla yaxınlaşsaq "Ortadoğu" qəzeti qədər də Azərbaycana və Azərbaycan sənətinə, həyatına əhəmiyyət verən ikinci bir qəzet də tapmaq çətindir. Deyək ki, "Yeni Asiya" qəzeti xaricində. Hətta "Ortadoğu" qəzeti Azərbaycan mövzusunda mübahisəli bir yazı yayımlatsa, onun müzakirəsi üçün də imkan yaradırlar. Bir şeyi vurğulamaq məcburiyyətindəyəm və bilirik ki, bu bir o qədər də asan iş deyil. Həqiqətən yeni dünya nizamı mühitində "Ortadoğu" qəzetinin xidmət alanı, xidmət sahəsi də genişlənmişdir və bu geniş sahədə olan hadisələri izləmək məcburiyyətindədir. Və izləyir də. Təəssüf ki, qəzetin iqtisadi vəziyyəti, bizim düşüncəmizə görə bir o qədər də yaxşı deyil və bu ağrıdan qəzet gündəlik xəbərlər xaricində qalmaqda, yenə də bu boşluğu doldurmaq üçün bütün çabaları sərf etməkdədir.

Bütün bu çətinliklərə baxmayaraq, açıq söyləmək lazımdır ki, "Ortadoğu" qəzeti, Türk Dünyasının yaxınlaşması, bir daha qardaşlaşması acısından araşdırmalarını inadla davam etdirməkdədir.

Məsələn, "Ortadoğu" qəzetinin Azərbaycana verdiyi əhəmiyyət. Xatırlatmaq lazımdır ki, Azərbaycanda əhəmiyyətli olan elə bir hadisə və inkişaf yoxdur ki, onun haqqında bu qəzetin xəbəri keçməsin. Təkcə xəbər deyil, qəzetin yazarlarının Azərbaycan haqqında yazıları belə diqqət çəkməkdəydi.

Hələ neçə illər öncə yazar Nejdet Ərtoğrulun Azərbaycandakı 90-cı il hadisələri üstünə silsilə yazısı, mənim də iştirakımla tam on altı gün davam etdi. Azərbaycanda 90-cı il Yanvar qırğınını ən kiçik detallarına qədər izah edən Rus vəhşiliyini, Erməni xidmətçiliyini açıqlayan bu silsilə yazı Türkiyədə açıq qalan bəzi suallara cavab verdi və Azəri Türklərinin yaşadığı Qanlı Yanvarı geniş, əhatəli çatdırdı.

Təbii ki, ola bilsin bir çox halda qəzetin yazdıqları Azərbaycan Dövlətinin düşündükləriylə üststə düşməyib və deyildiyi kimi, qəzetdə bu tarazlıqlığın pozulması halında açıqlamalar verilir.

Azəri Türklərinin dərdini, həyatını izah edən xəbərləri Türkiyə üstündən dünyaya ötürən bu qəzet güman ki, bizim tərəfimizdən heç zaman diqqət mərkəzində olmamışdır.

Bütün bunlara baxmayaraq "Ortadoğu" qəzeti hələ də öz işini davam etdirməkdədir. Və Azərbaycana bir can qardaşı olaraq öz səhifələrində yer ayırmaqdadır.

Xatırlayıram: İstanbulda Azərbaycan Baş konsulluğu açılarkən, bu sevinci oxucularıyla paylaşan ilk qəzetlərdən biri də "Ortadoğu" olmuşdu.

Deyildiyi kimi Azərbaycandakı təkcə siyasi mühiti deyil, mədəni və ədəbi mühiti də davamlı izləyən qəzet bu sahələrdə də yaxşı yazılar və xəbərlər çap edirdi. Və etməkdədir. Bu yazılar xəbər olaraq keçmir. Türkiyəyə qonaq olaraq gələn Azərbaycan ziyalıları da qəzetin səhifələrində çıxış edirlər. İllər öncəsi Azərbaycanın tanınmış elm adamı dos.Dr.Kamil Nərimanoğlu Novruz bayramı haqqında elmi bir yazısını çap etdirdi və yazı Türk xalqlarının ortaq bayramı olaraq "Novruz"u qeyd etmələrini bir daha xatırlatdı.

Vaxtilə böyük Türk şairi Hüseyn Çavidə muzey açılmasıyla əlaqədar bir yazı nəşr edən və Ulu Öndər Heydər Əliyevin bu muzeyin açılışındakı çıxışını və açılışı hərtərəfli dəyərləndirən qəzet Namik Kamal Zeybekin yazısıyla Azəri Türklərinə nə qədər yaxın olduğunu bir dəfə daha vurğuladı. Türkiyənin bir çox populyar qəzetlərinə bələd olan bir adam olaraq bunu vurğulamaq istəyirəm ki, ZAMAN və YENİ SYA xaricində heç bir qəzet bu xəbəri nəşr etmədi. ORTADOĞU bu hadisəni təkcə xəbər olaraq yox, önəmli bir hadisə olaraq ikinci səhifəsində bir yazı da yayımlatdı.

Azərbaycan haqqında yazı yazan qəzetin aparıcı əməkdaşları (baxın hətta tənqidi yazılar yazan yoldaşlar belə) Yavuz Səlim Demirağın, Necdət Sevincin, Ferruh Hissin, Əmin Bazarçının, bir vaxtlar bu qəzetdə çalışan indi başqa qəzetlərdə işləyən yazarların Azərbaycanı sevdiyini və bu ölkə üçün səylər sərf etdiklərini inkar etmək nankorluq ola bilər qənaətindəyəm.

 

 

Tofiq Abdin

 

Ədalət.- 2011.- 19 mart.- S. 15.