Tarzən Əhmədbəy

 

Şəki Azərbaycan mədəniyyəti və incəsənətinə bir çox el sənətkarları bəxş etmişdir. Onlardan biri də bütün həyatını xalqımızın mədəniyyətinin və incəsənətinin çiçəklənməsinə həsr etmiş, xalq musiqisi və folklorunun mahir bilicisi, məşhur tarzən Əhmədbəy Mahmud oğlu Tahirov idi.

Babam Əhmədbəy Tahirov 1887-ci ildə Nuxa şəhərində (indiki Şəki şəhərində) anadan olmuşdur. O, dövrünün ən məşhur tarzənlərindən biri olmaqla, ilk müəllimi dövrünün ustad sənətkarlarından biri olan Samavar oğlu Çələbi olmuşdur.

Əhmədbəy hələ uşaqlıqdan tar çalmağa böyük həvəs göstərirdi. Bunu görən atası Mahmud kişi ona balaca bir tar alır. Şəkinin adlı-sanlı tarzənləri parlaq istedada malik olan Əhmədbəyin gələcəyinə böyük ümid bəsləyirdilər.

Hələ gənclik illərindən Əhmədbəy böyük xanəndələrdən Ələsgər Abdullayevi (ona şəkili Ələsgər də deyirdilər) və bir çox digər görkəmli sənətkarları el şənliklərində müşayiət etmişdir.

Əhmədbəy öz sənətini başqalarına da öyrətmək üçün əlindən gələni əsirgəmirdi. 1917-ci ildə o, Şəkidə ilk dəfə tar dərnəyi yaradır. Qısa müddət ərzində bu dərnəyə çoxlu həvəskar üzv yazılır.

İllər keçdikcə Əhmədbəy Tahirov tarzənlik sənətinin sirlərinə daha yaxından bələd olur. Əvvəllər dörd divar arasından kənara çıxmayan balaca tarzənin sinəsinə basdığı tarın səsi sonralar böyük məclislərdən, toy-düyünlərdən eşidilir.

1937-ci ildə Əhmədbəy Tahirov unudulmaz el sənətkarlarından biri olan İbad Rəhmətullayevlə birlikdə Şəkidə ilk uşaq musiqi məktəbini təşkil etmişlər. Uşaq musiqi məktəbində tar sinfi açan və uzun illər tarın ecazkar sirlərini şagirdlərə öyrədən ustad sənətkarın Məhərrəm İsmayılov, Fərrux Abdulrəhimov, Abdurrəşid Seyidov, Nemət Məmmədov və Ələsgər Rəsulov kimi tarzənlərin yetişməsində əvəzsiz xidməti olmuşdur.

Əhmədbəy 1934-1940-cı illərdə Sabir adına Şəki Dövlət Dram Teatrının xalq çalğı alətləri orkestrinin tərkibində ifaçılıq etmişdir. Eyni zamanda o, Şəki Pedoqoji Texnikomunda uzun illər musiqi müəllimi işləmişdir. Keçmiş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə 1943-cü ildə ona "Azərbaycan SSR-nin Əməkdar müəllimi" fəxri adı verilmişdir.

Babam Əhmədbəy zatən bəy nəslindən olmamışdır. Onun atası Mahmud kişi dərzilik edirdi. Lakin qazandığı pul ailəsinin xərcini ödəməzdi. Ona görə Əhmədi kiçik yaşlarından ipək fabrikinə işə düzəltmişdi. Lakin babamın zadəgan davranışına görə ona "bəy", deyə müraciət edirdilər. Babamın həyat yoldaşı-nənəm Şövkət xanım isə bəy nəslindən idi. O, Tiflis şəhərində qızlar gimnaziyasını bitirmişdi rus dilini gözəl bilirdi. Onun dayılarından Hüseynbəy Parisdə ali təhsil almışdı, digər dayısı Bəhrambəy isə Çar Rusiyası zamanı hərbi məktəbi bitirmişdi Azərbaycan zorla sovetləşdirildikdən sonra Nuxa rayon hərbi komissarlığında xidmət edirdi.

Nənəm Şövkət xanım 1955-ci ildə vəfat etdikdən sonra babam Əhmədbəy köçərək bir müddət Bakı şəhərində yaşadı. O, 1958-ci ilin may ayının əvvəllərində Şəkidə vəfat etmişdir.

Son vaxtlar babam yaşlaşdığından səhhətində problemlər əmələ gəlmişdi və həkimlər ona doğulduğu yerə getməyi məsləhət bilmişdilər. Mən indi bunun səbəbini başa düşürəm. Sən demə, həkimlər ümidsiz və yaşlı adamlara belə hallarda anadan olduğu yerə getməyi məsləhət görürlərmiş.

Yaxşı yadımdadır, bir dəfə Bakıda həkimin yazdığı reseptlə bir aptekə getdik. Aptek işçisi reseptə baxıb, dedi ki, bu dərman bizdə yoxdur və soruşdu ki, dayı, haralısınız?

Babam cavab verdi ki, Nuxalıyam. Aptek işçisi dedi ki, dayı, sənə heç bu dərman lazım deyil, sənə anadan olduğun yerə getməyi məsləhət bilirəm. Aptek işçisinin bu məsləhətindən çox razı qaldı Nuxa şəhərinə gələrək, həyatının, təxminən, yarım ilini bizdə yaşadı.

Babam olduqca mədəni həssas adam idi. O, trupka (qəlyan) çəkirdi. Trupka çəkənlər bilir ki, trupkanı tənbəki ilə çəkirlər onun da çox kəskin iyi olurdu. Lakin babam heç vaxt trupkanı evdə çəkməzdi. O, havanın soyuq olmasına baxmayaraq, trupkanı şüşəbənddə çəkərdi. Belə hallarda anam deyərdi ki, şüşəbənd soyuqdur, sənə soyuq olar, elə trupkanı otaqda çək. Lakin babam Əhmədbəy heç vaxt bununla razılaşmaz, deyərdi ki, yox, evdə balaca uşaqlar var, tənbəkinin iyi ağırdır.

Bir gün babam mənə dedi ki, bu dəfə pensiyamdan sənə fotoaparat alacağam. Elə də oldu. O zamanlar mən orta məktəbin üçüncü sinfində oxuyurdum. Növbəti dəfə pensiya alarkən babam mənə 150 manat (1961-ci ilin pul miqyası ilə 15 manat) pul verdi ki, özünə bir fotoaparat al. Babamın qardaşı oğlu rəssam Ağa müəllim (Ağa müəllim keçmiş SSRİ Rəssamlar İttifaqının üzvi idi, Şəki İpəkçilik Birliyinin rəssamı vəzifəsində işləyirdi, 1974-cü ildə Leypsiq (Almaniya) Beynəlxalq yarmarkasının qızıl medalı ilə təltif edilmiş, keçmiş Azərbaycan SSR-nin Əməkdar rəssamı fəxri adına (1975) layiq görülmüşdü və fotoqrafiya işindən yaxşı başı çıxırdı) ilə gedib mənə "Smena" markalı fotoaparat aldıq. Həmin fotoaparatla Ağa müəllim mənim fotoşəklimi də çəkmişdi və həmin şəkil ailə albomunda indi də qalır.

Həmin vaxtlar babam Əhmədbəy mənə bir tar da bağışlamışdı. O, mənə və əmimoğlu Vaqifə tar öyrətməyə başladı. Lakin səhhətinin vəziyyəti onun bizə tar öyrətməsinə imkan vermədi. Mən sonralar Şəki ibtidai musiqi məktəbinin tar sinfini də bitirdim və Şəki Musiqi Texnikumuna da imtahan verib daxil olsam da, təhsilimi texnikumda davam etdirmədim. Çünki həmin vaxtlar mənim ictimai işlərim çox olduğundan və hüquqşünas olmaq həvəsim daha güclü olduğundan texnikumdakı dərslərimə davam edə bilmədim.

Nədənsə, babam Əhmədbəyin həyatının son vaxtlarını xatırlarkən böyük ədib və dramaturq Əbdürrəhimbəy Haqverdiyevin "Qoca tarzən" hekayəsi yadıma düşür. Hekayədə təsvir edilir ki, qoca tarzən bütün qışı xəstə yatıb, yaz gələndə özünü bir qədər yaxşı hiss edir və ürəyi darıxdığından arvadına deyir: "...ürəyim bərk darıxır, mənim paltarımı ver geyinim, gedim şəhər bağında bir az nəfəs alım, qayıdım evə. Bu neçə ayda bədənimə təmiz hava dəyməyib, bəlkə baharın istisi məni halətə gətirə". Arvadı qoca tarzəni geyindirib şəhərə yola salır, lakin əri gec gəldiyindən çox narahat olur. Qoca tarzən evə gələndən sonra arvadı ona soyunmağına kömək edib, yatağa uzadır. Qoca tarzən (Cavad) divardan asılmış tarını ona verməsini arvadından xahiş edir. Lakin tarzən bir neçə dəqiqə sakit tara tamaşa edərək, dərin bir ah çəkib, tarı sinəsinə basıb, bir neçə mizrab vurandan sonra əli boşalıb tarı yerə qoyur və arvadına deyir:

- Gəl, arvad, götür as yerindən, lənət sənə, dünya! Lənət gəlsin sənə, qocalıq! Məgər mən tar çalmaqdan yorulardım?

Bir azdan qoca tarzənin şagirdləri gəlirlər və tarzənin halını xəbər aldıqdan sonra onlardan biri tarı götürüb, "Rast" muğamını çalmağa başlayır və muğamın "Şikəsteyi-fars" şöbəsinə keçəndə, qoca tarzən hövlnak yerindən qalxıb qışqırır:

- Dayan! Bunu siz çalmırsınız. O şikəstəni mən çalıram. O barmaq mənim barmağımdır. Afərin, Cavad! Mərhəba sənə! Ölmə, yaşa, ölmə, yaşa! Baxın, baxın, göylər aralandılar, orada mənə əl eləyirlər. Odur göydən mənim üçün təxti-rəvan enir, daha mən bundan sonar yerlərə lazım olmayacağam! Gəlirəm! Gəlirəm!

Bu yerdə qoca tarzənin səsi birdən kəsilir.

Bir az sonra iki şagird müəllimlərinin yumulmuş gözlərinə, rəngi qaçmış sifətinə baxaraq gözlərindən yaş axıdırdılar.

Babam, yazının əvvəllərində qeyd etdiyim kimi, nənəm Şövkət xanım dünyasını 1955-ci ildə dəyişəndən sonra Bakıya köçüb, təxminən, iki il orada yaşadı. 1956-cı ildə artıq Bakıda televiziya studiyası fəaliyyət göstərirdi. Babamı Qurban Pirimov və Əhsən Dadaşov kimi məşhur tarzənlər şəxsən tanıyırdılar. Böyüklərin söhbətinə görə həmin vaxtlar Qurban Pirimov babamı televiziya verilişində çalmağa dəvət edir. Lakin babam bu dəvətdən imtina edir.

Yaxşı yadımdadır ki, anam, xalalarım bunun səbəbini soruşanda babam deyərdi:

-Yox, artıq qocalmışam, barmaqlarım sözümə baxmır, mən televiziyaya çıxıb özümü biabır edə bilmərəm.

O da yadımdadır ki, nənəm Şövkət xanım dünyasını dəyişəndən sonra hərdən axşamlar babam tarını əlinə götürər və üzü pəncərəyə sarı oturub, tarda, yadımda deyil, hansısa muğamatı çalardı. Lakin o, bir az çalıb tarı yerinə qoyardı və deyərdi:

- Artıq əvvəlki həvəslə tarı çala bilmirəm, qocalmışam, Şövkətsiz də tar çalmaq mənə ləzzət vermir.

Babam Əhmədbəy əksər şəkililər kimi təbiətcə baməzə, zarafatcıl və hazırcavab adam idi. Onunla bağlı aşağıdakı lətifəsayaq hadisələri oxucuların nəzərinə çatdırmağı mənəvi borc hesab edirəm.

 

***

 

Günlərin birində babam bazardan 4-5 çolpa-xoruz alıb gətirir və həyətə buraxır. Adətən, təzə alınmış toyuq-cücəni bir neçə gün hində saxlayıb, elə hində də yemləyirlər ki, toyuq-cücə həyət-bacaya öyrəşsin, axşamlar da özləri hinə qayıtsınlar. Çünki belə eləmiyəndə, bəzən görürsən, təzə alınmış toyuq-cücə başqa həyətə keçir və bir də qayıtmır.

Babam axşam toyuq-cücəni hinə salanda görür ki, təzə aldığı xoruz yoxdur. Ona görə də o, balkona çıxıb, qonşu həyətdə yaşayan köhnə dostu Ələsgərbəyi (ona faytonçu Ələsgər də deyirdilər) səsləyir:

 

- Ay Ələsgərbəy, ay Ələsgərbəy!

Ələsgərbəy qonşu həyətdən səs verir:

- Eşidirəm, ay Əhmədbəy.

- Ay Ələsgərbəy, sizin həyətdə xam xoruz yoxdur ki?

Ələsgərbəy bir qədər sonra cavab verir:

- Ay Əhmədbəy, bizim həyətimizdə xoruzun nə xamı var, nə də ustası...

 

 

***

 

Ötən əsrin 50-ci illərində Bakı-Şəki marşrutu ilə uçan İL-12 markalı təyyarə reysi vardı. Həmin təyyarə Bakıdan Şəkiyə, təxminən, 1 saat 10 - 1 saat 20 dəqiqəyə uçardı. Həmin vaxtlarda Şəkidə, digər yerlərdə olduğu kimi, nəqliyyat vasitələri az idi. Onu demək kifayətdir ki, o dövrdə Şəkidə cəmi iki taksi maşını vardı: biri "Pobeda" markalı, digəri isə Amerika istehsalı olan "Villis" markalı taksi maşınları idi.

Şəki təyyarə meydanında babam xeyli gözləməli olur və təxminən, 2 saatdan sonra yük maşınının kabinkasında Şəkiyə evlərinə gəlir. Evə çatan kimi nənəm Şövkət xanım babamdan soruşur:

- A kişi, uzaq yolu necə gəldin, yol səni yormadı ki?

Babam cavab verir:

-Yox, yol məni yormadı, ancaq bir şey çox təəccüblüdür. Mən Bakıdan Şəkiyə bir saata, Şəkidən Şəkiyə iki saata gəlmişəm...

 

***

 

Yazının əvvəlində qeyd etdiyim kimi, nənəm Şövkət xanım 1955-ci ildə dünyasını dəyişəndən sonra babam Əhmədbəy 1956-1957-ci illərdə Bakıda yaşayıb. Həmin illərdə Böyük Vətən müharibəsinin qurtarmasından 11-12 il keçdiyinə görə əhalinin yaşayış səviyyəsi aşağı idi və ona görə də şəhərdə cibgirlik geniş yayılmışdı.

Həmçinin, o dövrdə Bakı şəhərində istər ictimai nəqliyyat vasitələri, istərsə də digər avtonəqliyyat çox az idi.

Mənim şəxsən yadıma gəlir ki, 26-lar bağının (indiki "Sahil" bağının) yanından dairəvi xətt üzrə 8 nömrəli trolleybus işləyirdi. Digər eyni nömrəli trolleybus xətti isə bunun əksi istiqamətində hərəkət edirdi və hər iki trolleybus xətti təzə kolxoz bazarının (indiki "Təzə bazar" ticarət mərkəzinin) yanından keçirdi və orada da dayanacağı vardı.

Bu dövrdə cibgirlər, adətən, ictimai nəqliyyatda dəstə halında "fəaliyyət" göstərirdilər. Belə ki, oğrulardan biri avtobus, trolleybusda süni surətdə tıxac yaradır, bununla da o biri yoldaşının vətəndaşın cibinə girməsi üçün şərait yaradırdı. Cibgir həmin yerdən uzaqlaşana kimi o biri yoldaşı isə tıxac yaradıb, vətəndaşın oğrunun dalınca qaçmasına qəsdən mane olurdu.

Həmin gün babam xalamdan 50 manat (1961-ci ilə qədər pul miqyası ilə) alır ki, xalamın ailəsi üçün bazarlıq etsin. Babam bazara həmin vaxtlar ADU-nun (indiki BDU-nun) kimya fakültəsində oxuyan, digər xalamın qaynı Fikrətlə gedəsi olur. Babamla o, 8 nömrəli trolleybus marşrutuna minərək təzə bazara gedirlər. Trolleybusda çox tünlük olur. Babam hiss edir ki, deyəsən, onun cibinə giriblər. Əlini cibinə atır, xalamın verdiyi 50 manatlığı tapmır. Bu zaman yanındakı qohumu Fikrətə deyir ki, ay bala, deyəsən, cibimə giriblər. Babam həmin vaxt trolleybusdan düşüb şübhələndiyi adamın dalınca getmək istəyir. Lakin bu zaman bir sarışın, cavan oğlan babamın trolleybusdan düşüb, cibgirin dalınca getməsinə faktiki mane olur və rus dilində soruşur:

- Dədə, skolğko ukrali?(Dayı, neçə manatınızı oğurladılar?).

Babam rus dilində cavab verir:

- Pətğsot rubley (500 manatımı).

Elə babamın ağzından sözü qurtarmamış, həmin rus oğlan babama deyir

- Dədə, pravda pətğsot rubley ukrali? Ə eqo ubö (Dayı, doğurdan, sizin 500 manatınızı oğurladılar, mən onu öldürəcəm), - deyib, babamın şübhələndiyi şəxsin dalınca qaçır.

Babamın həmin vaxt yanında olan Fikrət babama deyir:

- Əhməd dayı, axı deyəsən, qızınız, mən biləni, sizə 50 manat vermişdi, bəs siz niyə 500 manat dediniz? Yəqin çaşıb dediniz?

Babam cavab verir:

- Oğul, Fikrət, düz deyirsən, mənim 50 manatımı oğurlayıblar, lakin mən qəsdən 500 manat dedim, heç çaşmamışam da, mən biləni, onlar əlbirdilər, indi gedib oğurluq pulu böləcəklər, qəsdən özüm 500 manat dedim ki, qoy gedib bir-birlərini qırsınlar...

 

***

 

Babam bir gün Şəkidə bazara gedir və yumurta satan qadından yumurtanın qiymətini soruşur, münasib qiymətə yumurtanın satıldığını görüb, 20 ədəd yumurtanı sayıb zənbilinə yığmasını qadından xahiş edir.

Yumurta satan qadın, təxminən, 4 yumurtanı babamın zənbilinə qoyduqdan sonra babam deyir:

- Ay qızım, saxla, yumurtaları zənbilimdən götür, daha səndən yumurta alası olmadım.

Yumurta satan qadın təəccüblə soruşur:

- Dayı, niyə alası olmadın? Qiyməti ilə razılaşdınız axı, yumurta da təzə kənd yumurtasıdır.

Babam cavab verir:

- Ay bala, arvad mənə bazara gələndə həmişə ölçü verir və dönə-dönə tapşırır ki, ölçüdən keçən yumurtanı almayım. Bu gün ölçü yadımdan çıxıb evdə qalıb, indi sən istəyirsən ki, arvad iki köpüklük yumurtaya görə məni şil-küt eləsin.

Babamın bu sözlərindən sonra yumurta satan qadın çox təəccüblənir və mənalı-mənalı heç nə demədən babamın sifətinə baxır. Səbəbi də o idi ki, yumurta satan qadın babamın bu sözləri zarafatca, yaxud ciddi deməsini ayıra bilmir...

 

 

İlham Abbasov

 

Ədalət.- 2011.- 19 mart.- S. 17.