O, SÖZDƏN HEYKƏL YONURDU...

 

Axşam işdən qayıdanda nəvəm qabağıma yüyürüb:

- Baba, - dedi, - Bəxtiyar Vahabzadə səni axtarırdı.

Tanış nömrəni yığdım. Dəstəyi özü götürdü. Xoş-beşdən sonra:

- Gözəl oğlan, - dedi, - tələbə müəllimini axtarmaz?

Mən onun sualına cavab olaraq televiziyada oxuduğu, qəzetlərdə çap etdirdiyi yeni şeirlərindən, öz dəvətilə premyerasında olduğum "Özümüzü kəsən qılınc" və "Atamın kitabı" pyeslərinin tamaşasından söz açdım və axırda:

- Bəxtiyar müəllim, - dedim, - eşq olsun! Gənclik coşğunluğu ilə müdriklik ürək-ürəyə verib yeni əsərlərinizdə.

Dediklərimi cavabsız qoymadı:

- Xoş sözlərə görə sağ ol, bilirəm, məni ürəkdən istəyən beş adam varsa, biri də sənsən.

- Rəhmətlik Şahmar da sizin vurğununuz idi, - dedim. - Həm bir insan kimi, həm də bir şair kimi sizi çox sevirdi.

- Şahmar ayrı oğlan idi, ürəyimdə xüsusi yeri var idi. - Səsinin titrəyişi aydınca hiss olunurdu. - Dünya haqqında mənim yeddi-səkkiz şeirim var. O şeirlər bir yanadır, Şahmarın "Dünya" şeiri bir yana.

 

Başladı misraları bir-birinə qoşmağa:

 

Bir ömür vermişdi, tufana döndü,

Xiffətim tağ atıb bostana döndü,

Qüssəm lələ döndu, mərcana döndü,

Tutdu ürəyimi zinətə dünya.

 

- Necədir? - soruşdu.

- Əliyyül-əla, - dedim.

- Şahmar əvəzsiz şair idi. Bu misraları Şahmardan başqa kim yaza bilər?!

 

Dəli sevdalara saldı başımı,

Taladı könlümü, aldı huşumu,

Qondurub çiynimə şahlıq quşunu,

Məni şah elədi həsrətə dünya.

 

Sən özün bilirsən ki, - səsi sozaldı, - yaxşı şeir təşnəsiyəm. Bu yanğını Şahmar söndürürdü. İndi o yoxdur... Elə bil bir qanadımı itirmişəm... Eh, neyləmək olar, vəfasız dünyadır... Biz qalanların gücü ona çatır ki, Şahmarı unutmayaq. Onun haqqında bir kitab buraxmaq fikrimiz var - xatirələr kitabı. Əzizim, bilirəm ki, Şahmarı sən də çox istəyirdin. Elə ona görə də zəng eləmişdim ki, bu kitabda hökmən sənin də yazın olsun.

...Bəxtiyar müəllim Şahmardan, Şahmar isə Bəxtiyar müəllimdən danışanda ikisinin də dili ağzına sığmırdı. Onlar bir-biri barədə necə geniş ürəklə, məhəbbətlə söz açırdılar!

Söhbətlərini eşidəndə qəlbimi xoş, qanadlı bir duyğu bürüyürdü. Düşünürdüm: "Bax, belə olar həqiqi dost ürəyi! Belə olar nəsillər arasında vəhdət, körpü!"

Görüşlərdə, məclislərdə bu iki sənətkarın - ustad zirvəsinə ucalmış Bəxtiyarla poeziyanın əngin üfüqlərinə doğru yorulmaz bir istəklə qanad açan, duyğusal qəlbinin çırpıntılarını, səsini misralara çevirən və bu misralardan zərif bənövşə dəstəsi kimi təzə-tər, insan ruhunu yerindən oynadan şeirlər bağlayan, söz-heykəllər yapan Şahmarın bütün təmənnalardan uzaq və uca dayanan dostluğunu, qardaşlığını misal gətirir, təqdir edirdilər. Onlar ikisi də bu insani sevincin qürurunu yaşaya-yaşaya daha da doğmalaşırdılar.

1985-ci ildə ustadın anadan olmasının 60 illiyi münasibətilə Əməkdar incəsənət xadimi, rejissor Nazim Abbas mənim ssenarim əsasında "Bəxtiyar Vahabzadə" adlı sənədli televiziya filmi çəkirdi. Orada belə bir epizod olmalıydı: Bəxtiyar müəllim şair dostlarından biri ilə Sahil bağında görüşür. Onlar dalğalara baxa-baxa deyir, gülür, mübahisə edir, hərdən də Xəzər kimi kükrəyib coşurlar.

Kadrların fonunda qaynayıb-coşan dəniz narahat şair təbiətinin rəmzi kimi seçilmişdi.

Çəkiliş günü kameranı qurub, intizarla filmin qəhrəmanını gözləyirdik. Fikirləşirdik: "Görəsən Bəxtiyar müəllim kimlə gələcək? Dostlarından kimi seçəcək ki, filmin kadrlarında gələcək illərə gedib çıxsın?"

Söz-sənət adamlarını gözümün qabağına gətirdim. Yadıma Bəxtiyar Vahabzadənin M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunda keçirdiyimiz yaradıcılıq gecəsi gəldi. Bu, əsil poeziya bayramı idi. Bəxtiyar müəllimlə Şahmarı gül-çiçək içində "itirmişdilər". İkisi də qürurlu idi, həyəcanlı idi!

Deyəsən bir az yorulmuşdular. Ancaq zal onları buraxmaq bilmirdi. Bəxtiyar müəllim əlini yuxarı qaldırdı. Zal susdu. Bildim ki, yenidən Şahmara söz verəcək. Bir az əvvəl o, ustadı haqqında özünəməxsus coşqunluqla ürək sözlərini deyib, onun neçə-neçə şeirini əzbər söyləmişdi.

Bəxtiyar müəllim salona üz tutaraq:

- Əziz müəllimlər, tələbələr! - dedi. - Şeirə, sənətə bu sevgi üçün sağ olun! Bu sevginin qarşısında baş əyirik! Min yaşayın!

Zal uğuldadı, alqış səsləri divarları titrədirdi.

Bəxtiyar müəllim sözünə davam elədi:

- Sizə bir sirr açmaq istəyirəm. Bu da ondan ibarətdir ki, mənim gözəl dostum, istedadına, ürəyinə həmişə heyran qaldığım Şahmar sizin institutun məzunudur. İstəyirəm mənim kimi siz onunla fəxr edəsiniz. Şahmar fəxr etməli şairdir. İstəyirəm mənim bu unudulmaz yaradıcılıq gecəmi qələm qardaşımın şeirlərilə sona çatdıraq. İndi özünüz görəcəksiniz ki, papaq altında necə oğullar, necə söz sərrafları var! Mən sizə qoşulub Şahmarın şeirlərini dinləmək istəyirəm.

Zal yenidən coşdu, dalğalandı. Tələbələr səs-səsə vermişdilər: "Qırx səkkiz ölçülü qadın paltarı"! "Mərkəzi poçtxana"!..

Bu sifarişlər qəlbimi yerindən oynatmışdı. Tələbələr mənim çox sevdiyim şeirləri istəyirdilər. Çox qəribə idi ki, adı çəkilən şeirlər bir vaxt Şahmarla mənim aramda ünsiyyət körpüsü salmış, bizi isnişdirib doğmalaşdırmışdı.

Çox-çox bundan qabağın söhbətidir. Gur məclisdən çıxmışdıq. Dedik, ağac kölgəsində çay içək, sərinləyək.

Akademiya bağına getdik, ora çatar-çatmaz bizi stol arxasına dəvət etdilər. Yazı-pozu adamları idilər. Stolları çəkib birləşdirdik.

Çay süfrəsi ola, söhbət olmaya - mümkün deyil.

Sakit, dostyana bir ovqatla başlayan söhbət get-gedə qızışır, mübahisəyə çevrilirdi. Təbii ki, şeirdən, sənətdən danışırdıq. Biri qayıtdı ki, Səməd Vurğundan sonra bizdə şair yoxdur.

Mənimlə üzbəüz oturmuş qıvrım saçlı, qaynar baxışlı kişi üzünü bu sözləri deyən adama çevirib əsəbi halda: "Dədə, - dedi, - gərək insafı itirməyək. Danışanda, söz deyəndə ehtiyatlı olaq. Səməd Vurğundan sonra şair yoxdursa, bəs onda Bəxtiyar Vahabzadə kimdir, sonra canım sənə desin, Əli Kərim, Məmməd Araz kimdir? Bu siyahını mən çox uzada bilərəm. Nədən kasıb olsaq da, şükürlər olsun ki, şair, yazıçı sarıdan kasıbçılığımız yoxdur. Azərbaycan böyük istedadlar ölkəsidir!"

Düzü, inkar yolunu tutan, bəlkə də hissə qapılaraq "Səməd Vurğundan sonra bizdə şair yoxdur" deyən adamın sözləri məni də tutmuşdu. Elə bil məhvərimdən çıxmışdım. Qorxurdum ki, birdən ona artıq-əskik söz deyərəm. Özümü ələ alıb: "Qardaş, - dedim, - bilmirəm oxumusan, oxumamısan, xahişim budur ki, "Qırx səkkiz ölçülü qadın paltarı", bir də "Mərkəzi poçtxana" şeirlərini tapıb oxuyasan. Onda özün görəcəksən, bir də inanacaqsan ki, bizim necə gözəl şairlərimiz var. Adam qibtə edir o şeirlərin müəllifinə. O köpəkoğlu (bu ifadəyə görə Şahmarın ruhundan, eləcə də oxuculardan dönə-dönə üzr istəyirəm) gör necə incilər yaradıb. Məncə, o şeirin ikisi də şedevrdir!"

Deyəsən mənim sözlərim məclisi tərpətmişdi. Bir az əvvəl müsahibini tutarlı cavabı ilə susduran qıvrımsaç kişinin rəngi alınan kimi oldu. Elə bildim ki, hücuma keçib, bayaqkı çılğınlıqla mənim dediklərimi yerlə-yeksan eləməyə çalışacaq. Gözlədiyimdən tam fərqli, bəlkə də heç ağlıma gəlməyən sözlər eşitdim. O, yarıincik, yarısevincək bir səslə:

- Nahid müəllim, sizə böyük hörmətim var, - dedi. - Başqası olsaydı, bəlkə də onunla ayrı dildə danışardım. Sizin bacıoğlunuz Firuzla dostluğum da qabağımı kəsir. Yoxsa...

- Axı nə olub ki? - təəccübümü boğa bilmədim.

- Nə haqla məni söyürsünüz? - Səsinə ovxar verdi. - Atam mənim Allahımdı! Bir köpəkoğlu söyə bilməz mənim atamı!

Tutuldum. Başa düşdüm ki, iş nə yerdədir.

Təriflədiyim şeirlərin müəllifi indi mənimlə üzbəüz dayanıb "dava-dava" deyirdi. O mənim aləmimdə şairdən daha çox, əli işdə-gücdə olan bir torpaq adamına bənzəyirdi.

Araya düşən anlaşılmazlığı və bunun nəticəsində yaranmış pərtliyi bir kənara qoyub, onunla səmimi söhbət eləmək keçdi ürəyimdən...

Dedim:

- Qardaş, dava deyirsən, gəl dalaşaq. Ancaq bunu bil ki, mənim dediyim o "köpəkoğlu" sözü ürəkdən gəlir, yaxşı mənada "köpəkoğlu"dur. Bunu hamıya demərəm. Bu, heyranlıqdır, heyrətdir!

Çaylarımız bir neçə dəfə təzələndi. Söhbət axardan axara düşür, heç kəs tələsmir, qalxmaq istəmirdi.

Şahmar sözün əsil mənasında bizi sehrləmişdi! O, şeiri şeirə qoşur, gah Xəstə Qasımdan, Aşıq Ələsgərdən, gah da Sabirdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan deyirdi...

Onunla yaxından tanışlığıma qəlbən sevinirdim...

O illərdə mən televiziyada işləyirdim. Demək olar ki, söz-sənət adamlarının hamısını yaxından tanıyırdım. Televiziyanın yolunu, ekranı yağır eləyənlərdən fərqli olaraq Şahmarı o həndəvərdə görməmişdim. Bəlkə də, ola bilsin ötəri görmüşdüm. Əlbəttə, bu, təəssüfləndirici idi...

 

* * *

 

Akademiyanın çayxanasındakı söhbətdən xeyli keçmişdi. Onu bacım oğlu Firuzun toyunda gördüm. Bu dəfə doğmalar kimi görüşdük və həmin günü yada salıb, bir az məzələndik də...

O, toyun tamadası idi. Məclisi necə də dost istəyilə, səmimi ovqat və ürəklə aparırdı! Deyərdin, söz sərrafıdır, səhnə ustasıdır, dünyagörmüş müdrik bir ağsaqqaldır. Onun dediyi hər sağlıq monoloq-hekayət idi, bir sənət nümunəsi idi!

O, sözün əsil mənasında insan-orkestr idi. Məclisi elə ram eləmişdi ki, yemək-içmək yaddan çıxmışdı. Baxışlar onun üzündən ayrılmırdı...

 

* * *

...Nə isə... Yenə qayıdıram Bəxtiyar müəllimin institutda keçirilən yaradıcılıq gecəsinə. Yadımdadır, Şahmar ilk anlarda bir az həyəcanlı idi. "Qırx səkkiz ölçülü qadın paltarı" şeirini deyəndən sonra səsi duruldu, başqa ahəng aldı. Zal nəfəsini içinə çəkmişdi...

Şahmar şeirin qanadlarında ucalara qalxmışdı. O, bu anlarda qartala bənzəyirdi. Şahmar ürəkləri bir-birinə qoşmuşdu, ürəklərdə şeir axırdı. Elə bil zal dönüb bir adam olmuşdu. Heç kəs vaxtın fərqində deyildi.

Söz onun dilində çiçəklənir, gül açıb güllənirdi. Mən dönüb Bəxtiyar müəllimə baxdım, ustadın gözləri sevincdən yaşarmışdı. O, necə də qürurlu idi! Coşub gedən alqışların son akkordları öləziyib sönəndə Bəxtiyar müəllim şirin uyğudan ayılmış kimi:

- Halal olsun, şair qardaş! - dedi. - Sən mənim bu gecəmə xüsusi ahəng verdin, şeirlərinlə bəzədin bu axşamı!

Bəxtiyar müəllimlə yanaşı dayanmış görkəmli tənqidçi, professor Yaşar Qarayev də hərarətlə onun əlini sıxdı:

- Şahmar, mən səni bu axşam kəşf elədim, - dedi. - Sənin poeziyanda böyük Səməd Vurğunun "Bizdə şeir də var, sənət də vardır" fikrinin bariz təsdiqini gördüm.

 

* * *

 

...Hə, dediyim kimi, Nazim Abbasla oturub gözləyirdik. Bir də gördüm ki, budur, Bəxtiyar müəllim gəlir, yanında da kim olsa yaxşıdır - Şahmar. Bir-birimizə əl uzadanda:

- Gör ürəyimiz necə düzdür, - dedim.

Bəxtiyar müəllim gülümsədi:

- Nə mənada?

- O mənada ki, bir hiss, duyğu mənə deyirdi ki, siz Şahmarla gələcəksiniz.

- Quzu kəsim sənin duyğularına! - deyə ustad əlini çiynimə qoydu. Bu filmə düşməyə haqqı olan sənət dostlarım çoxdur. Ancaq üzünə demək olmasın, ürəyimdə Şahmarın yeri ayrıcadır, daha doğrusu, əvəzsizdir. O mənim üçün təkdir. Bir də ölüm-itim dünyasıdır, qoy gələcəkdə də bizi bir yerdə görsünlər...

İndi Şahmar haqq dünyasındadır. Dəniz qırağında - Sahil bağında lentə alınıb əbədiləşdirilən o anlar kadrlarda yaşayır...

 

* * *

 

...On il sonra yenə mənim ssenarimlə Bəxtiyar Vahabzadənin ömür yolundan söz açan yeni bir sənədli film - "İstiqlal şairi" filmi çəkildi. Onun ekranda nümayişindən sonra ilk zəng edən Şahmar oldu.

- Dədə, - dedi, - təbrik edirəm. Ancaq doyumluq olmadı. Bəxtiyar kimi nəhəng üçün otuz dəqiqə nədir ki?! Onun hər günündən bir saatlıq film çəkmək olar.

Şahmar dostlarını çox sevirdi. Qəribə idi ki, qəlbən bağlandığı, ürəyini verdiyi, fəxr etdiyi dostlarının hamısı ondan yaşca böyük idi: Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rza, Zeynal Məmmədov...

Bir dəfə səbəbini soruşdum. Gülümsəyib dedi: "Ustadlar yanında şəyirdlik edirəm, məktəb keçirəm. Onların hər biri bir dəryadır".

Hər dəfə Çingiz Aytmatov barədə söhbət düşəndə o, bir dastan başlayır, dünyaca məşhur söz ustasının İssık-Kul gölü sahilindəki bağ evində günlərlə qonaq qalmasından, Bakıda, Moskvada, Bişkekdə olan unudulmaz görüşlərindən hərarətlə danışırdı!

"Çingizstan" sözünü də dünyaya yayan Şahmar olmuşdu. Onun bütün Türk dünyasının fəxri sayılan Çingiz Aytmatov haqqında "Kommunist" qəzetində dərc etdirdiyi silsilə yazıları jurnalistikamızın, publisistikamızın təkrarsız səhifələridir!

O, adlarını çəkdiyim dostlarına şeirlər həsr etmiş, onlar barədə yazmış, ürəkdən gələn sözlər demişdir. Dost qədri bilən idi Şahmar!

O, qəzetçilikdə ağır yol keçmişdi. Müxbir, şöbə müdiri, baş redaktor... Şahmar jurnalist kimi də özünəməxsusluğu ilə seçilirdi. Yazılarında xalq ruhu, xalq təəssübkeşliyi çox güclüydü. Publisistikası başqa bir aləm idi. Mənim ömrüm boyu şairlərimiz arasında publisist qələminə heyran qaldığım, qibtə etdiyim üç sənətkar olub - Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz. Sonralar bu cərgəyə Şahmar da qoşulub.

...Bacım oğlu Firuz Mustafa ilə ürək dostu idi. "Mədəniyyət" qəzetində bir yerdə işləyirdilər. Hərdən yolumu redaksiyaya salır, onlara baş çəkirdim. Şahmarla həmsöhbət olmaq nə qədər xoş idi!

Son illər Şahmarı daha yaxından tanıdım - şair kimi, insan kimi, ailəsinə, balalarına, nəvələrinə vurğun bir ata kimi, baba kimi... Onun heç bir təltifi, fəxri adı yox idi. Sinəsinə döyənlər, "şair mənəm" deyənlər onu qısqanır, gur məclislərdən, poeziya bayramlarından, görüşlərdən bir az aralı saxlayırdılar. Ancaq o, təpədən-dırnağacan şair idi.

Şahmarın uca kürsülərdə alqış çələnglərinə bürünməsinin, təkrar-təkrar şeir deməsinin, sözün əsil mənasında Allahlıq eləməsinin çox şahidi olmuşam. Şeir möcüzədir, həmişə heyrət doğurur. Şahmarın bu şeiri kimi:

 

Sərhəd kənarında cavan yaşımda

Həsədim utanıb yerə girirdi.

İki quş dimdiyi ağac başında

Vətəni vətənə birləşdirirdi.

 

Şahmarın "zəifdir, heç nə demir" deyə bircə şeirini də götürüb kənara qoymaq mümkün deyil.

 

O, nə yazıbsa, hər söz üstündə əsib, ürəkdən yazıb, yana-yana yazıb. Ona görə də kitablarının sayı o qədər də çox deyil. Qoy olsun! Bu "az" şeirlərin üzü gələcəyədir, bizdən çox-çox illər, bəlkə də əsrlər sonrayadır!

 

Ölüm ayağının altında,

İtim ayağının altında,

Bir qom bənövşə olum –

Bitim ayağının altında.

 

Vətənə belə şeir qoşan, himn yazan şairin yeri Vətənin, Xalqın ürəyidir. O, coşğun, təlatümlü, həm də bənövşə kimi zərif bir şair idi. Söz nəqqaşıydı, sözdən şeir-heykəllər yaradırdı - bənzərsiz heykəllər.

Şahmar böyük şair idi! Mən həmişə insanlara, dostlara deyirəm: "Şahmarı səmimi ürəklə oxuyun".

Onun bir kitabı var - "Haqqa pəncərə". Neçə gün bu kitabla baş-başa qaldım. Ədəbiyyatdan aralı bir yoldaşım da oxudu bu kitabı. Sözü bu oldu: "Biz belə bir ürək şairini indiyəcən niyə tanımamışıq?"

O, istedad idi - dağ şəlaləsi kimi coşğun, qanadlı...

O, poeziyamızda səs idi - ulu kökümüzə, ulu şeiriyyətimizə bağlı gələcəyə üz tutan yeni, qüdrətli bir səs!

O, ilk misrasından son misrasına kimi milli şair idi!

O, ürək adamı, söz nəğməkarı və ruhumuzun mahir tərcümanı idi!

Əziz dost! Sən sevgilərlə ayrıldın bizdən, sevgilərlə də ürəklərə qayıtdın. Şeirlərin təzə ömür başlayır, Şahmar!...

 

 

Nahid Hacızadə

 

Ədalət.- 2011.- 19 mart.- S. 18.