"BİR PAYIZ
GECƏSİ QAYIDACAĞAM"
(İstedadlı şair Camal
Yusifzadənin 70 yaşına)
Camal
Yusifzadə mənim gəncliyimin şairidir. Biz
altmışıncı illərin tələbələri bizdən
yeddi-səkkiz yaş böyük, o zaman "gənc
şair" kimi tanınan İsa İsmayılzadənin, Ələkbər
Salahzadənin, Vaqif Səmədoğlunun, Camal Yusifzadənin
şeirlərini həvəslə oxuyurduq. 1970-ci ildə
Camalın bapbalaca bir kitabı-"Lənkəran nəğməsi"
çapdan çıxmışdı. Kitabda cəmi on
üç şeir vardı. Bu şeirlər Azərbaycan
şeirinə yeni bir SƏSin, təzə bir NƏFƏSin gəlişindən
xəbər verirdi.
Gözü yağışlı,
Buludu kövrək,
Yatağı nəm
Mənim
İslanmış,
Yaşıl,
Zərif
Nanəm.
Bu şeirin adı
"Lənkəran" idi. Və Camal
cəmi səkkiz kiçik misrada Lənkəranın təbii
mənzərəsini rəsm
etmişdi. Hiss olunurdu
ki, Camal Yusifzadə təbiətlə,
onun fəsilləri, ağacları, quşları,
çayları, dənizləri,
meşələri ilə
öz içindəki
duyğuları qovuşdura
bilir. Axı, insanın öz
içində də payızı, qışı,
yazı, yayı var. Və Camalın ən çox sevdiyi, ən çox da tərənnüm
etdiyi fəsil payızdır.
Bir stəkan yağışam,
Bir stəkan payızam.
Bürünüb həsrətimə
Çəkilmişəm içimə.
Bir stəkan payızam;
Təkrarıyam həsrətin,
Mən nəhəng bir
fil kimi
Gizlədirəm özümdə
Payızı-
Həsrətimi.
Artıq
ilk şeirlər kitabındaca Camal, necə deyərlər
"payızlaşmışdı".
Həsrəti yağışda
islatmaq üçün,
Bir payız gecəsi
qayıdacağam.
On
üç ildən sonra Camalın dördüncü şeirlər
kitabı çıxdı və o kitabın adı
"Payızdan gələnlər" oldu.
Əlbəttə,
Camalı təkcə "payız şairi" kimi təqdim
eləmək doğru deyil. Hərçənd ki, yenə təkrar
edirəm: Camalın şeirlərində payız bütün
görkəmiylə, görünüşüylə, gözəlliyilə
və təbii ki, şairin içindəki payızlı
duyğularla gözəl təsir bağışlayır.
İndi
Camal yetmiş yaşına çatıb, daha doğrusu,
ömrünün payız fəslinə. Və dönüb
arxaya boylananda C.Yusifzadənin müasir Azərbaycan şeirinin
xəritəsində öz adını həkk etdirdiyinin
şahidi olursan. Onun elə şeirləri var ki, bu gün də
oxunur, dinlənilir və sevilir. Çünki
ŞEİRDİR. Ritorikadan, hay-küydən uzaq, sadə, səmimi,
dilimizin saflığını, təbiiliyini özündə
əks etdirən, fikirlə hissin, ağılla ürəyin vəhdətindən
yaranan ŞEİRLƏR.
Qışam,
Qışam,
Qışam mən.
Bağçalara, bağlara
Qar olub qonmuşam mən.
Qışam,
Qışam,
Quşam mən,
Dəstəsindən
qırılmış
Bir ağ qaranquşam mən.
Bahardan qalmışam mən.
Qışam,
Qışam,
Qışam mən,
Dovşanın qorxusuna,
Ayının yuxusuna,
Quşbaşı
yağmışam mən.
İndi,
müasir dövrümüzdə belə gözəl uşaq
şeirləri nadir hallarda yazılır. Halbuki, Camal bu
şeiri altmışıncı illərdə qələmə
almışdı. Və o zaman ustad şairimiz Rəsul Rza
Camalın bu şeiri barədə yazmışdı: "Bu
şeir mənə sadəliyi, sözlərin təbii duyumu ilə
Sabirin "Gəl, gəl, a yaz günləri" şeirini,
"Dərsə gedən bir uşaq" şeirini
xatırlatdı. Belə şeirlər çox olsun. Bu
şeir nəğmə adlanır. Bu, doğrudan da, nəğmədir.
İndi bir Fikrət, bir Cahangir, bir Seyid lazımdır ki, onu
musiqi dilində səsləndirsin. Mənim fikrimcə, Camal
uşaqlar üçün yaxşı şeirlər yaza bilər".
Amma Camal uşaqlar üçün çox az şeirlər
yazdı, bu yolu davam etdirsəydi, məşhur bir uşaq
şairi olardı.
Camal
Yusifzadə müasir şairdir. "Müasir şair" ifadəsini
işlədərkən mən Camalın şeirlərindəki
mövzuların müasirliyini nəzərdə tutmuram (əslində,
mövzuların müasiri, qədimisi yoxdur, dünyada nədən
istəsən yazmaq olar), bu mövzuları yeni ifadə vasitələri
ilə oxucuya çatdırmağın özü
müasirlikdir. Məhəbbətdən, onun hicranından,
vüsalından çox yazırlar. Camal da yazır. Amma ənənəvi
hicran-vüsal motivləri Camalda bir ayrı poetik çalara
malikdir. Budur, baxın:
Səndən o tərəfə
Məndən bu yana
yol varmı?
Səndən o tərəfə,
Məndən bu yana-
Gözlərin didəsindən
Keçib getmək olarmı?
Səni bərk qucaqlasam
Məhəbbət boğularmı?
Səndən o tərəfdə,
Məndən bu yanda
Tək-tənha
yıxılıb ölmək
olarmı?
...Deyərdim
ki, Camalın şeirləri də özü kimi yaşa dolub.
Əlbəttə, Camal yaşlaşıb, bu, təbii fiziki
prosesdir, amma şeirlərinin bir çoxu üçün
qocalmaq qorxusu yoxdur. O zaman üçün təzə və təravətli
səslənən obrazlar, deyimlər, bədii təsvir vasitələri,
assosiativ düşüncə tərzinin ifadəsi olan
maraqlı, orijinal bənzətmələr
onun şeirlərinin də başlıca məziyyətlərindəndir
və hər yeni şeirlərində biz bunun yeni
çalarlarını görürük. O dövrün
(60-70-ci illərin) təbirincə desək, Camal Yusifzadə
intellektual şair kimi diqqəti cəlb edirdi. Bəziləri
intellektuallığı şeirdə fikrin aparıcı rol
oynamasında, bəziləri fikrin fəlsəfi axarında, bəziləri
isə dövrün, zamanın bütün texniki nailiyyətlərinin
şeirdə ifadəsi kimi yozurdular. Amma bu fikirlərin
hamısı havaya sovruldu. Əsl intellektuallıq şeirin,
poeziyanın kənarında, xaricində deyil, içində
idi-gözlənilməz və heç kimin ağlına gəlməyən
deyimlər, bənzətmələr, assosiativ təfəkkürdən
doğan məcazlarda idi. Əli Kərimin, İsa
İsmayılzadənin, Ələkbər Salahzadənin, Vaqif
Səmədoğlunun poeziyasında olduğu kimi, Camalın
"Cırtdanın əmisi oğlu", "Gecənin gecə
söhbəti", "Dənizin səsi", "Küləyi
döymək olmaz", "Sübh yuxusu", "Avara
qorxu" və s. şeirləri o zamankı modernist şeirin
maraqlı nümunələrindən idi.
Yenə qayıdıram PAYIZ
söhbətinə.
Payızın başı üstdən
Birər-birər qar gəlir,
Payızım oy, qışım
oy.
Çoxdan
idi belə həzin, kövrək misralarla
qarşılaşmırdım. Bir var insanı ağladan, sızıldadan şeirlər...
O şeirlər ki, hər misrası vay-şivən üstündə
qurulub. Bir də var içdən gələn
ağrı ki, "kövrək qəmin alatoranıyla" (Əli
Kərim) hissinə, duyğuna qarışır.
O şeirdə sən
içində bir payızın xəzəlləşdiyini,
bir qışın əsdiyini hiss edirsən və deyirsən "ay dadi-bidad, ömür keçdi, gün keçdi". Camal Yusifzadənin son beş
ildə "Azərbaycan"
jurnalında çap etdirdiyi şeirlərini oxuyanda mən də öz ömrümün payızını
hiss etdim. Xoş gəlmisən payız,-dedim.
İndi bilirəm ki, nə
itirmişəm,
Birər-birər günlərim;
Birər-birər yaşım oy.
Göy üzündən
Yer üzünə qar gəlir,
Kişilikdən danışmaq
Yaman mənə ar gəlir.
Ümidi vağam olan
Torpağım oy, daşım oy!
Mən
Camaldan yeddi yaş kiçiyəm. Amma jurnalda çıxan o
şeirləri oxuyanda özümü onunla həmyaş
saydım, elə bil, həmin şeirlərin
aşıladığı duyğuları, hissləri mən
də yaşadım. Beləliklə, Camalın kədəri də
mənimki oldu. Mən də bu şeirləri içimdə
yaşadıb Camalla müdam qocalığın həzin
hücrəsinə qapıldım. O hücrədə kimsə
yox... Özümüz. Bir də üz tutmalı
Allahımız..
Bir də uşaq olmaq-
Bir də böyümək!
Bir də uşaq olmaq-
Ta böyüməmək!
Bir də böyüməkçün-
Öləsən gərək!
Əfsus ki, böyüdüm-
Böyüdüm, Allah!
Naməlum sabahdan,
Gedən günümdən qorxuram
yaman!
Böyüdüm-
Bir ucu ölümdür daha!
İzn ver, İlahi, böyüməyim
ta!
Əlbəttə,
bu hisslər hamıya doğmadır, amma çoxumuz
ölüm haqqında, dünyanın faniliyi barədə belə nostalji
düşüncələrə dalmırıq.
İçimizdə ya doğru, ya da yalançı nikbinliklə
özümüzə təsəlli veririk. Məncə, Camal
Yusifzadənin bu tipli şeirlərini kədərli, qüssəli
şeirlər kimi yox, fəlsəfi şeirlər kimi qavramaq
lazımdır. "Dünya duracaq yer deyil, ey can, səfər
eylə" Nəsiminin bu misrası ilə Camal Yusifzadənin
şeirləri arasında kökdən gələn bir
bağlılıq var. Biz hamımız yol üstündəyik,
səfərdəyik.
Camal
Yusifzadə haqqında bu qeydlərimi başa
çatdıranda fikirləşdim ki, sözümü onun bir
şeiriylə bitirim. Elə bir şeir ki, onun ən gözəl
şeirləri ilə bir sırada dursun. Elə bir şeir ki,
ömrün payızı rəsm olunsun o şeirdə. Bunu
seçdim:
Yol gedən karvanım heyy,
Yolun haradı belə?
Yol gedən karvanım heyy!!!
Oyaqdı bəxtim hələ.
Yol gedən karvanım heyy!!!
Dəvələrin susuzmu?
Sarvanın yuxusuzmu?
Yükün göyərən
duzmu?
Vaxt axır, zaman axır,
Göy üzündən səhraya
Od kimi günəş baxır,
Soyuq üzlü ay baxır!
Yol gedən karvanım heyy!!!
Üfüqdə dirənmişik-
Gedib çatarıq axır!
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 19 mart.- S. 19.