BİR GÜNƏŞ
İŞIĞI...
...
Bu torpağa, bu yurda, bu gözəlliyə baxanda ondan kimsə
doya bilməz. Ən azından ona görə ki, hər tərəfi
əsrarəngiz gözəlliklə əhatə olunmuş bu
yurda yaz qeyri-adi bir gözəllik gətirir. Bu gözəlliyi
isə duymamaq, görməmək və hiss etməmək
mümkün deyil. Füzulinin yazı daha gözəl olur.
Bilmirəm başqa yerlərdə yaz insanlara necə təsir
edir, amma bir onu bilirəm ki, bu yurdun yazda çiçəklərinin,
güllərinin, çəmənlərinin ətri çox
qeyri-adidir. Bu qeyri-adilik onunla bağlıdır ki, Qarabağ
torpağının bütün fəsilləri gözəl
olur. Havası, torpağı, suyu kimi, onun hər fəslinin
öz rəngi, öz çaları, öz ətri var.
Yasəmən ətri...
Çox
qəribədir ki, bütün çiçəklərin ətri
gözəl olsa da, yasəmənin qoxusu və ətri
insanı daha çox özünə çəkir. Füzuli
rayon icra başçısının qəbulunda olanda köməkçi,
şöbə müdiri və mənim vaxtı ilə müəllimim
olmuş gözəl insan, istedadlı yazar Məcnun Namazəliyevdən
soruşdu ki, otaqda hansı gülün ətrini hiss edirsən?
Təbii ki, otaqda heç bir gül yox idi. Ancaq qəbul
otağının pəncərəsi açıq idi. Biz hər
ikimiz bir qədər duruxduq, heç bir şey deyə bilmədik.
Köməkçi yenidən fikrini davam etdirib dedi:
- Yasəmənin
ətrini hiss etmirsiniz?!..
Doğrudan
da otaqda yasəmən ətri duyulurdu. Çöldəki
güllərin, çiçəklərin və
ağacların ətri otağa dolmuşdu. Əlbəttə,
hər bir gözəlliyin, hər bir çiçəyinin
öz rəngi, öz ətri var. Bu ətir təbii ki,
insanlara daha gözəl ovqat, xoş əhval-ruhiyyə və
nikbinlik bəxş edir. Elə bu nikbinliyi hər bir
füzulilinin çöhrəsində hiss etmək olurdu. Hiss
etmək olurdu ki, yazın gəlişi ilə hər tərəf
yaşıl dona büründüyü kimi, insanların da
ürəyində böyük ümidlər və arzular
göyərir...
Ümidlər göyərdi...
Son
illər Füzulidə regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramına (2009-2013-cü
illər) uyğun olaraq çox böyük tikinti, quruculuq və
abadlıq işləri görülüb. 1993-cü ilin
yanvarında Füzulinin 22 kəndi və Horadiz şəhəri
işğaldan azad edildi. Elə həmin vaxtdan da rayonda
böyük abadlıq və quruculuq işlərinə önəm
verilib. Çünki ölkə prezidenti İlham Əliyev
füzulilərə həmişə böyük hörmətlə
yanaşıb və onlara əvəzsiz qayğı göstərib.
Qısa zaman kəsiyində rayonun erməni
işğalçıları tərəfindən çox
sayda dağıdılmış sosial obyektləri, məktəbləri,
xəstəxanaları, uşaq bağçaları və
yaşayış binaları yenidən bərpa edilib. Yəni əvvəllər
kimin yolu bu yurda düşsəydi, müharibənin
ağır fəsadlarını görə bilərdi. Hər
yanda yanmış evlər, külə dönmüş
binalar, dağılmış yaşayış məntəqələrini
görmək olardı. Amma zaman keçdikcə, erməni
işğalçılarının vurduğu bu yaralar
sağalmağa başladı. Əhali dədə-baba yurduna,
öz el-obasına dönəndən sonra isti
ocağının, yurd yerinin qədrini bir daha dərindən
anladı. Ona görə də camaat qolunu
çırmalayıb öz ev-eşiyini təmir etməklə
yanaşı, əkin-biçin işlərinə
başladı. Təbii ki, dövlətin, hökumətin və
öncə ölkə prezidenti İlham Əliyevin
qayğısı ilə bərpa işlərinə start
verildi. Bu işlərdə Füzuli camaatı dövlətə
arxalandığı kimi, özləri də yaxından
iştirak elədi...
Camaat çörək
qazanmağın yolunu tapdı
Əlbəttə,
hər bir tikilən tikili insanların rahatlığı
üçündür. Çətin anlar yaşamış
Füzuli camaatı üçün də qısa zaman kəsiyində
yeni yaşayış qəsəbələri
-"Qayğı", "Zobucuq" və yeni tikililər
inşa edildi. Bu yeni qəsəbələrdə on minlərlə
insan məskunlaşdı və həyat zaman-zaman öz
axarına düşməyə başladı. İnsanlar
görəndə ki, onların rifahı üçün
yaşayışı naminə çox işlər
görülür, istər-istəməz həmin adamlar da bu
quruculuq işlərinə təkan verməyə
başladılar. Vaxtı ilə böyük təsərrüfata
və iqtisadi gücə malik olan Füzuli yenidən dirçəlməyə
başladı və inkişaf etdi. Aydındır ki, hər
bir rayonun iqtisadiyyatında, kənd təsərrüfatında
irəliləyiş olanda onun sakinləri də firavan
dolanır. Elə Füzuli camaatı da alın təri
tökməyin və zəhmət çəkməyin nə
olduğunu yaxşı bilir. Bir vaxtlar başqalarına
ehtiyacı olan adamlar illər ötdükcə heç kimdən
asılı qalmadılar. Onlar həm özləri əkin-biçin
işləri ilə məşğul oldular, həm də təsərrüfatlarda
yetişdirdikləri məhsullarla üz ağartdılar. Yəni
bu insanların dolanışığı
yaxşılaşdı və rifah halı yüksəldi.
Mavi qazın sevinci...
Bayaq
dediyimiz kimi, Füzulinin qısa zaman kəsiyində sürətli
inkişafı üçün çox böyük layihələr
həyata keçirildi. Yəni rayonun
qazlaşdırılmasından tutmuş digər sahələrinə
qədər bütün problemlər önə çəkildi.
Az bir müddətdə Horadiz şəhərinə, eləcə
də Kərimbəyli, Böyük Bəhmənli və
Şükürbəyli kəndlərinə qaz çəkilişi
başa çatdırılıb. Təbii qazın sərhəd
bölgəsinə gedib çıxması o qədər də
asan məsələ deyil. Bu bilavasitə ölkə
prezidentinin cəbhə bölgəsində yaşayan insanlara
olan böyük diqqətidir. Mavi qaz yaşayış məntəqələrinə
veriləndən sonra insanların həyat və məişət
şəraiti bir qədər də yaxşılaşıb. Yəni
əvvəllər adamlar qışda sobalarda yandırmağa
odun və digər yanacaqlar axtarırdılarsa və bunu da
çətinliklə tapıb qızınırdılarsa, indi
təbii ki, onlar daha rahat yaşayırlar. Mavi qaz olan yerdə
həyat daha qaynar, daha dolğun və daha rahat olur. Ona görə
də evlərinə mavi qazın gəldiyini görən
insanların sevincinin həddi-hüdudu yoxdur...
Yeni tikililər...
Ümumiyyətlə,
Füzulidə son vaxtlar böyük tikililər inşa edilib.
Təbii ki, onlar rayonun yeni tikililərinə əlavə edilməklə
yaşayış məntəqələrinə bir gözəllik
gətirib. Əlbəttə, bu tikililərin və yeni sosial
obyektlərin istifadəyə verilməsi elə ilk növbədə
insanların problemlərinin çözülməsinə xidmət
edir. Öz möhtəşəmliyi ilə seçilən Olimpia
İdman Kompleksi, Muğam Mərkəzi, Füzuli Tibb Mərkəzi
bu deyilənlərə əyani misaldır. Həmin tikililərin
istifadəyə verilməsi ilə Füzulidə həyat daha
da canlanıb, insanların yaşamaq, mübarizə aparmaq və
işləmək həvəsləri birə-beş artıb. Düzdür,
bəzən gecələr yaşayış məntəqələrində
atəş səsləri eşidilir, ancaq artıq buna
füzulilər alışıblar. Ermənilərin tez-tez atəşkəsi
pozması bu adamları o qədər də narahat etmir. Onlar
deyirlər ki, onsuz da biz bu cür atəş səslərinə
öyrəşmişik. Nəinki biz, uşaqlarımız da
buna alışıblar. "İt hürər, karvan keçər"
deyimi burada yada düşür. Burada yada düşən həm
də o olur ki, insanlar öz yurd yerlərinə daha ürəkdən
və daha dərindən bağlanıblar. Bu torpağa, bu
yurda bağlanan insanları isə heç bir atəşkəs,
heç bir erməni qüvvəsi qorxuda bilməz. Ən
azından ona görə ki, Füzuli camaatının
arxasında çox qüdrətli bir Azərbaycan dövləti
və onun Prezidenti durub.
Bir yaz havası...
Yazımın
əvvəlində qeyd etmişdim ki, Füzulinin yazı,
baharı, gülü-çiçəyi və ormanları
çox gözəldir. Rayonda heç harada olmayan yaz
havası hiss olunur. Güllərin, çiçəklərin
ətrindən doymaq olmur. Bu təbiətin bəxş etdiyi
bir gözəllikdir. Amma bu gün Füzulinin siyasi həyatında
da yeni bir ab-hava hiss olunur. Alı Alıyev ölkə
prezidentinin sərəncamı ilə Füzuli rayonuna icra
başçısı təyin olunandan sonra burada ab-hava da dəyişib.
Yəni işə yaradıcılıqla yanaşmaqdan
tutmuş, insanlara münasibətə qədər hər
şeydə bir yenilik hiss olunur. Hiss olunur ki, ab-hava dəyişib,
tələbkarlıq bir az da artıb və insanlar arasında
xoş ovqat yaranıb. Alı Alıyev uzun müddət
müxtəlif məsul vəzifələrdə
çalışıb. Rayonun camaatını və
insanları yaxşı tanıyır. Elə ilk gündən
də camaata sarı addım atıb, əl uzadıb...
(Ardı var)
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 17-18 may.- S. 7.