UĞURLU ÇIXIŞIN
TƏƏSSÜRATI
Tələbə
aktyorlarımız İstanbuldan əli dolu qayıdıb
Məlum
olduğu kimi, Azərbaycanın incəsənət xadimləri,
mədəniyyət işçiləri tez-tez dünyanın
müxtəlif səhnələrində öz uğurlu
çıxışları ilə həm bizi, həm də
qonaq olduqları məmləkətin sənətsevərlərini
sevindirirlər. Təbii ki, istənilən sahədə
qazanılan uğur bütövlükdə
xalqımızın, mədəniyyətimizin göstəricisi
və onun inkişafına verilən qiymətdir. Bu mənada
Azərbaycan sənətçiləri daha çox türk
dünyasında, şərq aləmində öz
uğurlarını xüsusi ilə davamlı və
ardıcıl edirlər. Bu da anlaşılandı. Ən
azı ona görə ki, din və dil
bağlılığı, qardaşlıq əlaqələri
bu işdə öz sözünü deyir.
Tanınmış
sənət karifeyləri, ünlü incəsənət
ustaları hər dəfə öz uğurlarını yeniləşdirəndə
bu bir az adi qarşılanır. Çünki artıq onlar
özlərini təsdiq ediblər və hər bir yeni
uğurları sadəcə qələbələrin
sayının artım göstəricisi hesab olunur. Ancaq yenicə
sənətə qədəm qoyanlar, bu yolun
başlanğıcında olanlar ən kiçik uğuru belə
qazananda bu daha maraqlı, daha əlamətdar, daha sevindirici
olur. Ona görə ki, həmin uğur böyük həyata,
böyük səhnəyə həm həvəsi, həm
marağı artırır, həm də insanın ümidini,
inamını möhkəmlədir.
Bax,
bu mənada müxtəlif ölkələrdə keçirilən
tədbirlərə qatılan Azərbaycanın gənc
istedadlarının uğurları bizim üçün də
maraqlıdır və elə o maraqdan da çıxış
edərək bu günlərdə səfərdən
qayıtmış Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin tələbələrinin
səfərinə rəhbərlik etmiş, onların
çıxışlarını hazırlamış
çox böyük sənət fədaisi, tanınmış
rejissorumuz Ağakişi Kazımovla görüşdük. Söhbət
əsnasında Ağakişi müəllim təkcə təəssüratını
bölüşmədi, o həm də ürəkdolusu tələbələrin
uğurlarından danışdı. Orada çəkilmiş
şəkilləri, jurnalları bizə göstərdi və
məhz Ağakişi müəllimin söhbəti əsnasında
öyrəndim ki, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin "Aktyorluq və
rejissorluq" fakültəsinin 4-cü kurs tələbələri
İstanbulda çox uğurlu bir çıxış edərək
hər kəsi sevindirə biliblər.
Çox
hörmətli rejissorumuz Ağakişi Kazımov həmin o
sevincli anları dilə gətirərək dedi:
-
Öncə onu deyim ki, hər il İstanbulda maraqlı bir
festival keçirilir. Bu festivalın maraqlı olması iki məqamla
bağlıdır. Birincisi, festival beynəlxalq səviyyədə
təşkil olunur, yəni beynəlxalq statusludu. İkincisi, həmin
festivalda yalnız tələbə teatrları imtahan
üçün hazırladıqları tamaşalarla
çıxış edirlər. Bu il də məhz belə
oldu və on gün davam edən festivala biz də dəvət
edilmişdik. Festival aprelin 25-dən mayın 5-ə kimi
keçirildi. Ancaq biz festivala qatılanda öyrəndik ki, bizə
xüsusi sayqı ilə yanaşılıb. Belə ki,
İstanbul Kultur Universitetinin təşkil etdiyi bu beynəlxalq
festivala dəvət edilənlər öncədən hansı
gündə, hansı saatda çıxış edəcəklərini
bilirlər və çıxışlarından yalnız bir
gün əvvəl İstanbula dəvət olunurlar. Çıxışdan
sonra isə təbii ki, qonaqlar yola salınır. Ancaq bizi
aprelin 30-da dəvət etdilər və mayın 6-da
İstanbuldan yola saldılar. Bunun da iki maraqlı səbəbi
var. Həmin səbəbləri biz orda öyrəndik. Öncə
bizə məlum oldu ki, həmin universitetin rektoru, professor,
doktor Dursun Köçer bizim ədəbiyyatımızla,
dramaturgiyamızla çox yaxından tanışdır, hətta
bu universitetdə böyük yazıçımız
İlyas Əfəndiyevin "Mahnı dağlarda
qaldı" əsəri hazırlanıb və çox
uğurla da nümayiş etdirilibdi. Digər tərəfdən
yazıçı Elçin bu universitetin fəxri doktorudu və
onun əsərlərini də burada çox maraqla izləyir və
səhnələşdirirlər. Bütün bunlardan başqa
Azərbaycanla Türkiyə bağlılığı
ortadakı qardaşlıq münasibətləri azərbaycanlı
tələbələrə İstanbul Kultur Universitetində həm
rəhbərlik səviyyəsində, həm də
yaradıcılıq baxımından böyük sevgilər
var. Arada olan yaradıcılıq əlaqələri hər
iki universiteti bir-birinə daha da doğmalaşdırır.
Onu
da xatırladım ki, bizim 4-cü kurs tələbələri
İstanbulda İlyas Əfəndiyevin ən gözəl əsərlərindən
biri olan "Unuda bilmirəm" tamaşasını
oynadı. Biz, yəni universitetin "Aktyorluq sənəti"
fakültəsinin dekanı Ötkəm İsgəndərov,
xalq artisti, dövlət mükafatı laureatı Hacı
İsmayılov, eləcə də tamaşada rol almış
tələbələrimiz İstanbulda böyük sevgi və
coşqu ilə qarşılandı, hər yerdə bizə
xüsusi hörmət və qayğı nümayiş
etdirildi. Digər dövlətlərin təmsilçilərindən
fərqli olaraq, universitet bizə xüsusi avtomobil
ayırdı. Demək olar ki, İstanbulun bütün görməli
yerlərini gəzib seyr etdik, ən gözəl otellərin birində
bizə yer ayırmışdılar. Tamaşanı biz
mayın 2-də axşam saat 7:30-da oynadıq və çox
uğurlu da alındı. Alqışlar sonda "Billur
Priz" və xüsusi Diploma çevrildi. Bir sözlə,
bizim tələbələrimiz öz istedadlarını
İstanbulda gözlədiyimizdən də yüksək səviyyədə
nümayiş etdirdilər.
Bir məqamı
da vurğulayım ki, burada bizə göstərilən
qayğının bir nümunəsi də İstanbul Kultur
Universiteti tərəfindən oynadığımız əsərin
çox gözəl afişasının hazırlanması
oldu. Biz bir daha türk qardaşlığının və sənət
bağlılığının sevincini yaşadıq. Təbii
ki, universitet rəhbərliyinin, orada çalışan
ayrı-ayrı şəxslərin, xüsusi ilə Zəfər
Kaya Okayın və digərlərinin bizə olan böyük
diqqətinin hələ də təsiri altındayıq. Düşünürəm
ki, bu uğur təkcə universitetimizin yox, Azərbaycan mədəniyyətinin
və incəsənətinin uğurudur.
Bəli,
ürəkdolusu səfər təəssüratlarını
danışan hörmətli rejissorumuz Agakişi Kazımovun
ayaqüstü dediklərini dinləyə-dinləyə bir
daha düşündüm ki, son günlər böyük mədəniyyət
sevinci yaşayan Azərbaycanın İstanbulda qazandığı
bu uğur da halal haqqı və qiymətidir. Çünki
bizim sənət adamları, ümumiyyətlə Azərbaycan
insanı öz zəhməti və istedadı hesabına
özünü sübut etməyi bacarır. Bu bacarıq da
sonda tamaşaçı alqışına, dinləyici
sevincinə çevrilir.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 18 may.- S. 6.