BİR GÜNƏŞ
İŞIĞI...
(Əvvəli
ötən sayımızda)
Camaat başçının təşəbbüsünə
qahmar çıxdı
Təbii
ki, xalqa doğru atılan addıma müsbət də reaksiya
verilməli idi. Rayon icra hakimiyyətinin
başçısı Alı Alıyevin kəndlərə
gedib camaatla görüşməsi və onlarla səmimi
söhbət etməsi qaldırılan problemlərin həllini
asanlaşdırdı. Yəni Alı müəllimin rayonun Kərimbəyli,
Aşağı Yağlıvənd, Böyük Bəhmənli,
Bala Bəhmənli, Araz Dilağarda, Araz Zərgər, Əhmədbəyli,
İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar, Şükürbəyli
kəndlərində və eləcə də Horadiz şəhərində
əhali ilə keçirdiyi səyyar qəbullar səmimi
münasibətin açarı idi. Elə hər şey də
səmimiyyətdən yaranır. Alı müəllim öz təşəbbüsü
ilə bağlı və eləcə də rayonda yeni layihələr
ilə əlaqədar fikirlərini camaata söyləyəndə
görüşdə iştirak edən insanlar ona qahmar
çıxdı, dəstək verdi. Dedilər ki, əgər
siz bizə qarşı bu qədər diqqət göstərib,
böyük işlərə imza atmaq istəyirsinizsə, biz
də sizin arxanızdayıq...
YAŞIL İZLƏR...
...
Rayonun girəcəyindən hiss olunur ki, yeni bir ab-hava və
ruh yüksəkliyi var. Yolların kənarındakı
kol-koslar təmizlənib və onların yerində minlərlə
müxtəlif ağaclar əkilib. O, ağaclar ki, bir neçə
ildən sonra onlar yaşıllıqlar zolağı yaradacaq və
bu yurdu daha da gözəlləşdirəcəkdir. Yaşıl
ağacların isə qurumuş budaqları daranıb,
gövdələri əhənglənib. Bunu da o məqsədlə
ediblər ki, ağacları qurd yeməsin və inkişafdan
dayanmasın.
Yol
boyu yeni əkilmiş müxtəlif növ ağaclara baxanda
adamın ürəyi dağa dönür. Sanki
"yaşıl izlər"dən yeni bir dünya yaratmaq istəyirlər.
Həmin ağaclar rayonun girəcəyindən düz Horadiz
şəhərinə qədər magistral yolun sol və
sağ hissəsində əkilib. Artıq o ağaclar
yaxşı bitdiyinə görə, yarpaqlayıblar da. Bundan
da gözəl nə ola bilər?! Axı biz uzun müddət
yaşıllıqlara, ağaclara qənim kəsilmişik. Elə
ona görə də havamız, təbiətimiz pis günə
düşüb. Demək olar ki, Horadiz şəhərində
və eləcə də əksər kəndlərdə
böyük abadlıq, quruculuq işləri
görülür. Hara baxırsan orda insanlar əllərində
bel nəsə iş görürlər. Rayonun baş yolu və
Horadiz şəhərinə uzanan yol da tamamilə düzəldilib.
Yəni bu yolla hərəkət edəndə heç bir
çətinliklə və problemə rastlaşmırsan.
YENİ LAYİHƏLƏRDƏ NƏLƏR
OLACAQ?!
Füzulidə
böyük tikintilərin və quruculuq işlərinin həyata
keçirilməsi üçün yeni layihələr
hazırlanıb. Bu layihə əsasında rayonda qeyri-adi
tikinti və yenidənqurma işləri görüləcək.
İlk növbədə Horadiz şəhərinin yenidənqurulması
nəzərdə tutulub. Belə ki, həmin layihəyə əsasən
şəhərin kanalizasiya, içməli su, istilik sistemi,
elektrik təsərrüfatı, küçələri,
daxili yolları tam bərpa ediləcək. Bununla
yanaşı, Horadizdə işğal dövründə
yandırılmış iki uşaq bağçasının,
səkkizillik məktəbin, kompüterləşdirilmiş mərkəzi
kitabxananın, kollec üçün yeni binanın,
poliklinikanın, 2 nömrəli orta məktəbin əsaslı
bərpası, Heydər Əliyevin adını
daşıyacaq yeni parkın inşası və
avtovağzalın tikintisi nəzərdə tutulub. Hələ
bunlar da görüləcək işin hamısı deyil.
Eyni
zamanda rayon ərazisində 100 çarpayılıq müasir
xəstəxananın tikintisi və dünya standartlarına
cavab verən rabitə sisteminin yenidən qurulması
planlaşdırılıb. Şəhərin yenidənqurulması
ilə yanaşı, Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondu rayonun Bala Bəhmənli, Araz
Dilağarda, Araz Zərgər, Birinci Mahmudlu kəndlərinin
daxili və kəndarası yollarını bərpa edəcəkdir.
Eyni zamanda ərazidə iri broyler fabriki tikmək, içməli
su məqsədi ilə 6 yerdə artezian quyusu vurmaq, Əhmədbəyli
və Araz Dilağarda kəndlərində uşaq
bağçaları tikmək, Araz Zərgər kənd məktəbinin
binasında bərpa işlərini görmək nəzərdə
tutulub. Tarixi və mədəni abidələrin də bərpası
nəzərdən qaçmayacaq. Bu yaxınlarda Babi kəndindəki
XIII əsr Şeyx Babi türbəsinin bərpasına
başlanılacaq. Həmçinin Əhmədalılar kəndindəki
XIII əsr Arqalı türbəsinin də bərpası
planlaşdırılıb...
İŞ ADAMLARI FÜZULİLƏRƏ
ARXA DURUR
Yazımızda
qeyd eləmişdik ki, böyük quruculuq işləri ilə
bağlı rayon icra hakimiyyətinin başçısı həm
camaata, həm də Füzulidən kənarda yaşayan
insanlara müraciət eləmişdi. O, müraciətində
demişdi ki, hər bir adam gəlib Füzulidə gedən
quruculuq, abadlıq işlərinə kömək göstərə
bilər. Füzuli camaatı kimi kənarda yaşayan
füzulili iş adamları da Alı müəllimin bu təşəbbüsünü
dəstəkləyiblər. Belə ki, Aybasanlı kəndindən
olan iş adamı Nəriman Əliyev, Mollaməhərrəmli
kəndindən olan Xaləddin Hüseynov, Horadiz şəhərində
böyüyüb, boya-başa çatan və indi Moskvada
yaşayan Məcnun Mehdiyev görülən işlərə
təmənnasız yardım edəcəklərini bildiriblər.
Onlar həm rayonda quruculuq, abadlıq işlərinə kömək
edəcək, həm də yeni iş yerlərinin
açılmasına yardım göstərəcəklər.
İş adamı Nəriman Əliyev Kərimbəyli kəndinin
yaxınlığında hər cür şəraiti olan
"Ailəvi" istirahət mərkəzinin, Məcnun
Mehdiyev Horadiz şəhərində uşaq istirahət
guşəsinin tikintisini, Xaləddin Hüseynov isə ərazinin
yaşıllaşdırılmasına dəstək verəcəklərini
bildiriblər. Təbii ki, bu cür təşəbbüslərin
reallaşması yaxın gələcəkdə Füzulinin
daha da gözəlləşməsinə və
abadlaşmasına xidmət edəcəkdir. Bundan isə qazanan son nəticədə
el-oba, camaat olacaq...
YENİ OTEL...
Aydındır
ki, indi tək Bakıda və eləcə də digər şəhərlərdə
deyil, regionlarda da dünya standartlarına cavab verə biləcək
otellər inşa edilir. Axı o da sirr deyil ki, 2011-ci il ölkə
başçısı tərəfindən "Turizm ili"
elan edilib. Elə buna görə də turizmi inkişaf etdirmək
məqsədi ilə yeni istirahət mərkəzlərinin
tikintisi və otelin istifadəyə verilməsi mühüm əhəmiyyət
kəsb edir. Heç kimin ağlına gələ bilməz
ki, Füzulidə nə vaxtsa doqquzmərtəbəli dörd
ulduzlu otel olacaq. Amma bu zaman-zaman gerçəkləşəcək.
Ən azından ona görə ki, regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında bu məsələlər
nəzərdə tutulub. Doqquzmərtəbəli otellə
yanaşı, Füzulidə bir neçə istirahət mərkəzinin
bayaq dediyimiz kimi, inşası da planlaşdırılıb. Bununla
yanaşı, mədəniyyət sahəsinin inkişafına
da xüsusi önəm yetiriləcək. Çünki
Füzuli mədəniyyətin beşiyi sayılır. Yəni
burda Muğam Mərkəzi olduğu kimi, Dövlət Dram
Teatrının da tikilməsi gözlənilir. Hər bir
tikintinin inşa olunması və istifadəyə verilməsi
insanların böyük sevincinə, fərəhinə səbəb
olur.
İŞIĞA GEDƏN YOL...
Burda
yaz səhərinin və yaz günəşinin özgə bir
gözəlliyi var. Səhər saat 6-da yuxudan qalxanda otun və
çəmənliyin üstündə yaz şehini görmək
olar. Adətən həkimlər deyir ki, səhər
saatlarında şeh qurumamış çəmənliyin
üstündə ayaqyalın gəzmək insana şəfa
verir. Mən də ağrıyan adam olduğuma görə, səhər
saat 6-da yuxudan qalxıb Bəhmənlidəki evimizdən həyətə
düşdüm. Çəmənliyin üstünü
şeh almışdı. Ayaqyalın bir neçə metr
çəmənliklə gedib güllərin
açdığı yerə çatdım. Burda
qızılgülün ləçəklərinin
üstünə hopmuş şehi gördüm.
Özümü saxlaya bilməyib qızılgülün
birini dərmək istədim. Amma ürəyim gəlmədi.
Elə gülün tikanlı yerindən tutub iylədim. Sanki cənnətin
qoxusunu, gözəlliyini hiss elədim. Çünki bu
gülün ətri o qədər xoş və o qədər
gözəl idi ki, bir anın içində özümü
yüngül hiss elədim və içimdəki
ağrı-acı əriyib getdi. Bir azdan isə üfüqdən
günəş doğdu. Günəşin şəfəqləri
altında qızılgülün üstündəki şeh bərq
vurur, sanki adama gəl-gəl deyirdi.
...
Yaz nə qədər gözəl idisə, günəş
şəfəqlərinin qızılgülün üstünə
düşməsi və onu rənglərə boyaması da bir
o qədər gözəl idi. Günəşlə
qızılgül arasında sanki bir yaxınlıq, bir
doğmalıq yaranmışdı. Bu işığa
doğru gedən yol idi. Qoy hamının yolu və eləcə
də füzulilərin yolu həmişə işığa
doğru getsin...
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 18 may.- S. 7.