ÜRƏKLƏRİ TƏRPƏDƏN SƏS

 

...Bir az aralıdan musiqi səsi gəlir. Bu səs o qədər şirin məlahətlidir ki, istər-istəməz adamı özünə çəkir. Bir qədər yaxınlaşanda səs daha ucadan eşidilir. Tarın, qarmonun kamançanın səsi bir-birinə qarışıb. Bir-birinə qarışan bu səslərin şirinliyindən heç cürə doymaq olmur. Bir qədər həmin yerə yaxınlaşıram. Musiqinin xoş ritmi şirinliyi ürəyimə damarlarıma axır...

Həmişə belə musiqi selinə düşəndə özümü daha rahat hiss edirəm. Bu dəfə də musiqi selinə Füzuli rayonunun Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbində düşdüm. Öncə onu qeyd edim ki, bu kənd mənim üçün çox doğmadır. Əvvəla, bu kənd Bəhmənli ilə qonşudur. Uşaq vaxtı yığışıb həmyaşıdlarımla həmin kənddə futbol oynamağa gedərdik. Vaqif Bəhmənli, Şirxan Adıgözəlov, Təbriz Süleymanov, Tehran Süleymanov bizim futbol komandamızın ən yaxşı qol vuranları idi. Amma Aşağı Yağlıvəndin uşaqları ilə futbol oynayanda çox vaxt uduzardıq. Yadımda qalan həmin kəndin uşaqlarından Qurban, Əhliman, Həşim, Musa çox mehriban insanlar idi. Bir sözlə, uzun illərdən sonra yenidən bu kəndə yolum düşmüşdü. Elə musiqi sədaları da məni həmin uşaqlıq illərinə apardı, dostlarla görüşdürdü və yenidən bu günə qaytardı.

Aşağı Yağlıvənd musiqi məktəbinin direktoru çox ziyalı, savadlı və əsilli-nəcabətli bir oğlandır. Atası fəlsəfə doktorudur. Elə özü də dünyaya baxışı və eləcə də qeyri-adi fikirləri ilə başqalarından seçilir. Elmin İdrisli sözün həqiqi mənasında ziyalı, işıqlı gəncdir. Onunla söhbət etdiyim qısa zaman kəsiyində bir daha zəngin və dünyagörüşlü bir ziyalını dərindən tanıdım. Söhbətimiz o qədər şirin və maraqlı oldu ki, vaxtın necə gəlib keçdiyini hiss eləmədik...

Bu musiqi məktəbində fortopiano, tar, qarmon, kamança, xanəndəlik, nağara, balaban şöbələri fəaliyyət göstərir. Füzulidə həmişə musiqiyə böyük maraq və sevgi olub. Düzdür, bu böyük maraq və sevgi Füzuli şəhərinin özündə daha qabarıq hiss olunub. Sonradan kəndlərdə də istedadlı və musiqiyə marağı olan uşaqlar olduğuna görə, musiqi məktəbləri açılıb. Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbində də istedadlı və bacarıqlı gənclər musiqinin sirlərini öyrənirlər. Burada uşaqlar 5 və 7 il ərzində musiqi təhsili alır və sonra da təhsillərini yüksək ixtisaslı musiqi məktəblərində davam etdirirlər. Belə ki, ötən il bu məktəbi bitirən 31 şagirddən 5-i orta ixtisas musiqi məktəbinə daxil olub.

Məktəbin direktoru Elmin İdrisli deyir ki, kollektivimizdə 48 müəllim var. Eyni zamanda, Zobucuq qəsəbəsində filialımız fəaliyyət göstərir. Orada da uşaqlarımıza musiqinin sirləri aşılanır. Bir sözlə, məktəbli uşaqlara musiqini öyrətmək üçün müəllimlərimiz çox işlər görürlər. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədovun həmişə qayğısını hiss etmişik. Çünki uğurlarımızın əldə edilməsində onun əvəzsiz zəhməti var. Aprelin 15-də Ağcabədi şəhərində keçirilən ümumrespublika musiqi məktəblərinin xor müsabiqəsində uşaqlarımız yaxşı iştirak ediblər. Eyni zamanda, digər bir şagirdimiz - Adəm Pəhləvan oğlu Şükürov Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Qarabağ bölgəsi üzrə keçirilən muğam müsabiqəsində diploma layiq görülüb. Hətta bizim məktəbdə bir başqa millətin nümayəndəsi Loloy Qoloşka qarmon çalmağı öyrənir. İndi o, qarmonda müxtəlif xalqların musiqilərini səsləndirə bilir. Rəhilə Məhərrəmova isə gözəl tar çalmağı ilə başqalarından seçilir. O tək milli musiqimizi deyil, həm də klassik və Avropa musiqisini tarda çox gözəl səsləndirir.

...Otaqların birindən balaban səsi eşidilir. Milli musiqimizin alətlərindən olan balaban qara zurnaya son vaxtlar yeni bir ömür verilir. Elmin İdrisli deyir ki, Şahlar kişi (o gözəl qara zurna çalırdı) rəhmətə gedəndən sonra yaxşı ki, balaban qara zurnanı çalanlar var. Fariz Hacıyev balabanı o qədər şirin gözəl çalır ki, adam bu səsdən doymaq istəmir. Həqiqətən balabanın səsi ətrafa yayıldıqca xoş bir ovqat hiss olunur. Hiss olunur ki, bu musiqi məktəbində uşaqlara çox yaxşı sənət öyrədirlər.

...Tarın, kamançanın və qara zurnanın səsi yenidən sinif otağına dolur. Uşaqların böyük həvəslə musiqi alətlərini səsləndirməsi müəllimlərini də sevindirir. Özü də bu məktəbin uşaqları tez-tez bayramlarda hərbi hissələrdə olur və onların qarşısında maraqlı konsert proqramı ilə çıxış eləyirlər. Təbii ki, hər bir musiqi gözəl səslənəndə insana daha çox zövq verir. Bu məktəbdə də musiqi alətlərinin hər birində gözəl ifa etməyi bacaran istedadlı uşaqlar var. O uşaqların gələcəyi və sabahı qarşıdadır. Bu yaxınlarda kənd uşaq musiqi məktəbinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir piano da hədiyyə edilib. Bu da uşaqlarda musiqiyə marağı daha da artırıb.

Musiqidən gözəl heç nə ola bilməz. Çünki hər bir musiqi gözəl səslənəndə insan dərdini, kədərini unudur və bir anlıq onun içində rahatlıq yaranır. Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin uşaqlarının da səsləndirdiyi gözəl musiqilər mənim içimdə bir xoş ovqat yaratdı və ürəyim işıqla doldu. O işıq ki, insanlar həmişə onu böyük sevgi ilə gözləyirlər...

  

  

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2011.- 19 may.- S. 5.