Yeni kitab
haqqında
QORÇU- OD
SAXLAYAN DEMƏKDİR
Əməkdar
incəsənət xadimi, filologiya elmləri doktoru, professor
Timuçin Əfəndiyevin yenicə çapdan
çıxmış "Heydər Əliyev və milli-mənəvi
dəyərlərimiz" adlı sanballı tədqiqat əsəri
ilə tanışlıqdan sonra bu qənaətə gəldim
ki, biz, XX əsrin 70-ci illərindən sonra pərvəriş
tapan sənət adamları çox maraqlı, dolğun və
məhsuldar bir dövrdə yaşamışıq.
Bəli,
biz xoşbəxt idik ki, işimizi dəyərləndirən,
onun incəliklərini çox vaxt bizdən də
yaxşı bilən bir rəhbərin əsrdaşıyıq.
Əməyimizə qiymət verən, ideyalarımızı bəyənən
və onun pərvəriş tapması üçün
münbit mühit yaradan bir şəxsiyyətlə işləmişik
ki, bu da əslində böyük bir məktəb idi.
Heydər
Əliyev kimi bir nəhənglə işləmək
sözün həqiqi mənasında həm unudulmaz zövq, həm
sonsuz yaradıcılıq ilhamı, həm də məsuliyyət
hissi tələb edirdi. Bu işgüzar dövrün nəbzini
tutanlar yaxşı bilirdilər ki, xalqın milli-mənəvi
yaddaşının yeni səhifələrini yazmaq
missiyası məhz onların qismətinə düşür
və onlar da bu missiyanı
zərgər dəqiqliyi ilə cilalayıb yazmağa
borcludular. Çünki bu dövrün Heydər Əliyev kimi
dahi memarı, ideyalar daşıyıcısı, sənət
xiridarı vardı. Bu insan Azərbaycan Respublikasına rəhbərlik
etdiyi dövrlərdə (1969-2003-cü illər) həm
müdrik el ağsaqqalı, həm təcrübəli siyasi
lider, həm də ədəbiyyat və incəsənətimizin
gözəl bilicisi və hamisi kimi cəmiyyətin mənəvi
bazisi sayılan prinsiplərin qorunub saxlanılması və
inkişaf etdirilib zənginləşdirilməsi
üçün çox dəyərli ideyalarını
hamı ilə bölüşürdi. Özü də bunu elə
ustalıqla, elə səmimiyyətlə, elə sadə, elə
ürəkdən və mərhəmanə edirdi ki, deyilən
sözlər, söylənən fikirlər və verilən
tövsiyyələr görüş
iştirakçıları ilə bərabər milyonlarla dinləyici
və tamaşaçının da qəlbinə yol tapır,
yaddaşında yaşayırdı.
Professor
Timuçin Əfəndiyev də "Heydər Əliyev və
milli mənəvi dəyərlərimiz" əsərində
Ulu öndərimizin məhz bu keyfiyyətlərini ön plana
çəkir. Tanınmış alim və pedaqoq illər boyu
fəaliyyətini diqqətlə izlədiyi Heydər Əliyevin
Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində
çalışan insanlarla - ədəbiyyatçılar,
teatr, musiqi, kino xadimləri, təsviri sənət ustaları
ilə görüşlərdə dediyi hər bir fikrin, irəli
sürdüyü hər bir təşəbbüsün, təklif
etdiyi hər hansı bir ideyanın xalqımızın mənəvi
cəhətdən daha da zənginləşməsində
mühüm rol oynadığını konkret nümunələrlə
gözlər önündə sərgiləyir. O, ulu rəhbərin
hər kəlməsinin, hər ideyasının həyatda dəfələrlə
öz təsdiqini tapdığını, güclü məntiqə,
zəngin həyat təcrübəsinə
arxalandığını qeyd edir.
Heydər
Əliyev belə bir gerçəkliyi dönə-dönə
vurğulayırdı ki, sərvət toplamaq, dünyanın ən
ləzzətli təamlarını nuş etmək, son dəbdə
geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə
malik olmaq olar, lakin hər bir insan və hər bir millət ilk
əvvəl öz xalqının mənəvi dəyərlərinə
sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini,
mentalitetini və milli-mənəvi dəyərlərini
qorumalıdır. O özü bu sahədə birincilərin
birincisi-qoruyucu və ötürücü missiyasını məharətlə
yerinə yetirən əvəzolunmaz şəxsiyyət idi.
Deyirlər
ki, qədimlərdə insanlar kəşf etdikləri odu
saxlamağı tayfanın ən mərd, ən cəsarətli,
ən qorxmaz və etibarlı adamına əmanət edərdilər
və bu insan da o bir ovuc odun keşiyini çəkər, onu qəfil
küləkdən, qardan-yağışdan, oğrudan-quldurdan
qoruyarmış. Heydər Əliyev də illər boyu
xalqın etibarlı od saxlayanı - Qorçusu kimi onun
yaddaş xəzinəsini qorumaq işinə xidmət elədi,
"Kitabi Dədə Qorqud" dastanının 1300 illiyinin
YUNESKO tərəfindən bütün dünyada bayram edilməsinə
nail olmaqla, əslində bu abidəni bir az da azərbaycanlaşdırdı,
onu bu xalqın mənəvi yaddaşı kimi
"pasportlaşdırdı". Füzuli, Nəsimi kimi dahi
Azərbaycan şair və mütəfəkkirlərinin
yubileylərinin beynəlxalq aləmdə qeyd edilməsi
üçün də biz bu unudulmaz İnsana minnətdarıq.
Məhz
Heydər Əliyevin bilavasitə təşəbbüsü və
yorulmaz səyi nəticəsində romantik poeziyamızın
günəşi, 37-ci illərin sürgününə məruz
qalmış Hüseyn Cavidin nəşi uzaq Sibir çöllərindən
Azərbaycana, görkəmli şairin doğulub boya-başa
çaydığı Naxçıvana gətirildi, onun şərəfinə
ucaldılan abidədə əbədi dinclik tapdı.
Şuşada Molla Pənah Vaqifin məqbərəsinin
inşası, Bakıda İmadəddin Nəsiminin, Nəriman
Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin
ucaldılması, bir sıra dəyərli memarlıq komplekslərinin
yaradılması da məhz Heydər Əliyevin yadigarıdır.
Timuçin Əfəndiyevin bu qiymətli
kitabında belə bir fikir ön plana çəkilir ki, Heydər Əliyev
Azərbaycanın taleyüklü siyasi və iqtisadi problemlərinin
həllinə cavabdeh olduğu illərdə bir an belə
unutmayıb ki, xalqı, milləti yaşadan və onun var
olmasına təminat verən bu xalqın əsrlər boyu zərrə-zərrə
yaratdığı dəyərlərdir! Ulu öndərimiz bu
dəyərləri qoruyub yaşatmağı tövsiyyə edərkən
qürur hissi ilə deyirdi: "Xalqımızın incəsənət,
mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini,
millətini sevən hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir."
Müəllifin
böyük məhəbbət və diqqətlə tərtib
etdiyi bu kitabda biz əfsanəvi bir insanın obrazını
görürük. Bu insan qibtəedici yaddaşa, tükənməyən
enerjiyə, daxili zənginliyə, xarici gözəlliyə, hərtərəfli
biliyə malikdir. Onun hər kəsi heyrətə gətirən
keyfiyyətlərini əslində, heç sayıb qurtarmaq da
mümkün deyil. Bu insanda qəribə bir cazibə qüvvəsi
vardı, o müsahiblərini heyran etməyə, onları
yönəltməyə, öz maraq dairəsində
saxlamağa qadir idi.
Azərbaycanın
milli-mənəvi dəyərlərinə sevgi və
sayğı ilə yanaşan, məxsus olduğu xalqın
dilini bütün gözəllikləri ilə mənimsəyən,
öz fikrini səlis və güclü məntiqi arqumentlərlə
ifadə edən, ünsiyyətdə olduğu sənət
adamlarının, çalışdığı, təmsil
etdiyi sənətin incəliklərini professional səviyyədə
bildiyini nümayiş etdirən bu unikal şəxsiyyət
baxdığı tamaşalar haqqında ən yaxşı
teatr bilicisindən daha konkret və faydalı fikirlər
söyləyər, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov,
Tahir Salahov, Lətif Kərimov, Kamil Əliyev, Mikayıl
Abdullayev, Rasim Babayev kimi rəssamların əsərləri barədə
sənətşünaslardan da sərrast və dolğun rəy
bildirərdi.
O
musiqi mədəniyyətimizin görkəmli nümayəndələri
Qara Qarayev, Niyazi, Bülbül, Rəşid Behbudov, Tofiq Quliyev
və onlarla digər tanınmış bəstəkar,
müğənni, ifaçının yubiley tədbirlərində
böyük məhəbbətlə çıxış edərək
onların xalq qarşısında xidmətlərini yüksək
dəyərləndirərdi.
Həm
ölkə, həm də dünya kinosunun ulduzları ilə
görüşlərində Heydər Əliyev təcrübəli
kinoşünas kimi rejissor və operator işindən, aktyor
oyunundan, bəstəkar və rəssamın fəaliyyətindən,
bir sözlə, kadr arxasında qalan hər bir işçinin
zəhmətindən elə ustalıqla danışar, bu və
ya digər ekran əsərinin ideya-bədii keyfiyyətlərindən
elə böyük bir səriştə ilə söz
açardı ki...
Bu
dahi şəxsiyyətin şair və yazıçılar
arasında da dostları çox idi və Ulu öndərimiz
onların hər birinin yaradıcılığını
mütamadi izləyər, hər birinin həyat şəraiti,
məişət qayğıları ilə maraqlanar, xoş
günlərində, ağır məqamlarda bu insanların
yanında olardı.
Kitabdakı
nəfis şəkillər də bu unudulmaz görüşlərin
maraqlı və yaddaqalan anlarını bir daha xatırlamaq
imkanı verir. Bu şəkillərdən bizə nə qədər
tanış, doğma sima boylanır. Bu sənətkarların
hamısının milli mədəniyyətimizin, ədəbiyyatımızın,
elm və təhsilimizin inkişafında xüsusi yeri, çəkisi
var. Heydər Əliyev onların hər biri ilə səmimi
ünsiyyət qurmağa müvəffəq olurdu, yeri gələndə
hər birinin yaradıcılığından nümunələr
səsləndirirdi, hər bir əsər haqqında maraqlı
və dəyərli fikirlər söyləyirdi.
İnsan
bəzən bu qüdrətin, bu böyüklüyün
qarşısında çaş-baş qalardı. Əcaba, bu
qüdrətli siyasət adamı bu qədər vaxtı,
imkanı haradan tapırdı ki, həm Azərbaycanı
qorumaq, onu müxtəlif dönəmlərdə, əlalxüsus
da, Sovetlər birliyinin buxovundan xilas olub milli müstəqilliyini
qazanmaq uğrunda mübarizələrdən salamat qurtarmaq
üçün dünyanın aparıcı dövlətləri
ilə döş-döşə gəlməkdən çəkinmir,
həm min bir bəla ilə üzləşən, Qarabağ
boyda göynəyən yarası olan bir ölkəni
düşmənlərin caynağından almaq
üçün çaba göstərir, həm daxildəki
müxalif qüvvələrə qarşı mübarizə
aparır, həm də xalqın sabaha inamını
formalaşdırmaq, ruhdan düşən, sınan milləti
yenidən dirçəltmək, onda vətənpərvərlik
hissləri aşılamaq üçün yorulmadan, usanmadan
çalışırdı.
Ümummilli liderimiz təklənmiş Vətənin,
torpaqlarının 20 faizi işğal olunmuş, yüzlərlə
övladını Qarabağ müharibəsində şəhid
vermiş, milyonlarla qaçqına və köçkünə
sığınacaq olmuş Azərbaycanın taleyinə
cavabdeh olduğu illərdə bu "tarixi və əfsanəvi
şəxsiyyət" (Çingiz Aytmatov) görəsən
bu boyda həvəs və marağı, bu humanist
duyğuları, bu işıqlı ümidi, gələcəyə
nikbin inamı necə yaşada, qoruyub saxlamağa necə nail
ola bilirdi!?
Sonra
da düşünürsən ki, bunu yalnız Heydər Əliyev
kimi SEÇİLMİŞLƏR bacarardılar,
çünki Tanrı məhz sevib-seçdiyi bəndələrinə
dünyanın, necə deyərlər, "axarını dəyişməyi
etibar edib".
Əməkdar
incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin "Heydər
Əliyev və milli-mənəvi dəyərlərimiz"
kitabının ən dəyərli və qiymətli keyfiyyətlərindən
biri də onun məntiqi ardıcıllığa söykənmiş
quruluş və vahid konsepsiya axıcılığına
malik olmasıdır. Müəllif oxucusunu və gələcək
tədqiqatçısını (əminəm ki, bu kitab Heydər
Əliyev irsini öyrənmək istəyən hər kəs
üçün əvəzsiz vəsaitdir) bu yorulmaz şəxsiyyətin
şərəfli və mənalı ömrünü tarixi
sıralama ilə izləməyə yönəldir, müxtəlif
dönəmlərdə, ulu rəhbərimizin xalqın bədii
yaradıcılıq yaddaşına münasibətinin ən
vacib anlarını öyrənməyə, bu gün də əməlləri,
arzu və istəkləri ilə millətinin ilham
qaynağına çevrilən, onunla bərabər daha
işıqlı və xoşbəxt günlərə
addımlayan Dahinin mübarizə dolu, quruculuq amallı illərinə
qaytmaq, hər bir azərbaycanlının qürur və fəxarətlə
yad etdiyi şəxsin portret cizgilərini daha dolğun
cızmaq imkanı verir.
Bu
gün həm ölkə daxilində, həm də Azərbaycan
dövləti ilə siyasi, iqtisadi və mədəni müstəvidə
görüşən hər hansı xarici məmləkətdə
hər kəsə yaxşı bəllidir ki, Heydər Əliyev
fenomenal bir şəxsiyyət, görkəmli mədəniyyət
hamisi, istedadlı insanların yaxın dostu, mənəvi
yaddaşımızın qoruyucusu, bir sözlə, qədim və
zəngin ənənələri olan Azərbaycanımızın
QORÇUSU - Odlar ölkəsinin müqəddəs
ocağının, odunun qoruyucusu olan İNSAN, RƏHBƏR,
DAHİ idi.
Bu
dahi insan haqqında çox yazılıb, hələ bundan
sonra da yazılacaq, danışılacaq. İnanıram ki, bu
sanballı kitablar və tədqiqat əsərləri
arasında tez-tez müraciət ediləcək dəyərli mənbələrdən
biri də professor Timuçin Əfəndiyevin sonsuz məhəbbət
və qayğı ilə araya-ərsəyə gətirdiyi
"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
" kitabı olacaq.
Əliqismət Lalayev,
Əməkdar incəsənət
xadimi, Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Ədalət.- 2011.- 19 may.- S. 6.