BÖLGƏDƏ
YAŞAMAQ ŞƏRT DEYİL
Elşad Səfərliyə
məktub
Vaxtilə
Lənkəranda yaşayan, burda yazıb-yaradan Şəkər
Aslana xalq şairi Məmməd Araz üzünü tutub
demişdi: "Sən bölgə şairi deyilsən, ölkə
şairisən". Bəs qüdrətli söz ustası Məmməd
Arazı bu sözü yüksək kürsüdən deməyə
nə vadar etmişdi? Sovet dönəmində zərərli
bir tendensiya yaranmışdı: güya kənddə-kəsəkdə
yaşamaqla böyük şair olmaq mümkün deyil,
yaradıcılığını inkişaf etdirmək
üçün mütləq gərək iri şəhərdə
yaşayasan. Halbuki istedadın ilkin mənbəyi kənd idi,
torpaq idi. Görünür, istedadlı şair Şəkər
Aslana bəzi yazarların yuxarıdan baxmaları, ona "əyalət
şairi" damğası yapışdırmaları Məmməd
Arazı o zaman yerindən oynatmışdı və o, qələm
yoldaşını mərdi-mərdanə müdafiə eləmək
üçün həmin məşhur, aktual ifadəsini
işlətmişdi.
Hələ
XVIII-XIX əsrlərdə xanlıq mərkəzi Lənkəranda
şeir məclisləri keçirilib, yarışmalar təşkil
olunub. "Fövcül-füsəha" ədəbi dərnəyi
çağdaş dövrümüzəcən fəaliyyət
göstərib. Təbiidir ki, görkəmli qələm sahibləri
zaman-zaman paytaxta üz tutmamış, məhəbbətlə
yazıb-yaratmış, şəhərin ədəbi
mühitini formalaşdırmış, mədəni həyatına
rəng qatmışlar. İndi yenə Lənkəranda qaynar
mühit var. Aqil Yaqub, Şahverən Cavad, Anar Həbiboğlu,
Mehman Qaraxanoğlu, Tərlan Əbilov kimi istedadların
adları indi bütün Azərbaycanda məşhurdur.
Onlardan biri də uzun illər boyu izlədiyim,
yazdıqlarını həvəslə oxuduğum Elşad Səfərlidir.
Elşad tərəddüd etmədən neçə il
öncə Bakıda işini-gücünü atdı. Lənkəran
Dövlət Universitetində pedaqoji fəaliyyətə
başladı, filologiya üzrə fəlsəfə doktoru
oldu, bir müddət paytaxtın xiffətini çəksə
də, bədii yaradıcılığından qalmadı, dəyərli
elmi məqalələrlə yanaşı yaxşı
şeirlər yazdı və bir daha təsdiqlədi ki,
bölgəyə həqarətlə baxmaq düz münasibət
deyil, Məmməd Araz demişkən, "bölgədən
də ölkə şairi" çıxa bilər.
Bu
yaxınlarda "Poemalar" adı altında Elşad Səfərlinin
yeni kitabı əlimə keçdi. Pedaqoq-alim Allahverdi Eminov
kitaba "Elşad Səfərlinin poemaları haqqında bir
neçə söz" adlı giriş məqaləsi
yazıb. Tədqiqatçı-alim öz qənaətlərini
belə ümumləşdirir: "Həyatında və
poeziyasında daim Elşad Səfərlini başa
düşmüşəm və duyğusunu qiymətləndirmişəm.
Zarafat gəlməsin, otuz illik bir dövrün
tanışlığı və yaradıcılıq söhbətləridir.
İlk şeirlərini mənə oxumuşdu, rəyimin
intizarını çəkmişdi. Hələ ötən əsrin
80-cı illərində onun istedadına inanmışdım.
O da sağ olsun, ilkin mülahizəmi doğrultdu. Sonuncu
söz ritorik çıxmasın, o mənada ki, mütaliə
elədi, əlləşdi-vuruşdu, buna bənzər əmək
mümkündü, bir şərtlə, istedadın varsa. Bu
yoxsa, hacət yoxdur şeirə gəlməyə. Elşad
sözümün həqiqi mənasında şairdir!"
Elşad
Səfərlinin yeni kitabına "Qiymət", "Əlvida,
kirli Rusiya", "Yarımçıq ömür",
"Böyük qardaş", "Vadim" adlı beş
poeması daxil edilib. Şair "Qisas himnləri" adlı
sonetlər çələngini də poemaların
sırasında verməyi lazım bilib. Bu şəkildə tərtibat
formasında hardasa müəllifə haqq qazandırmaq olar.
Çünki Avropa şeir janrı sayılan sonetlər
bir-birini tamamlaya-tamamlaya uzanır və istər həcminə,
istərsə də bədii siqlətinə görə
Elşadın "Qisas himnləri"ni yığcam poema
adlandırmaq mümkündür. Və xalqımızın
azadlıq mübarizəsinə, erməni
işğalçılarına qarşı ölüm-dirim
mücadiləsinə həsr olunmuş sonetlər çələnginin
təsir gücü hər misrada, hər sətirdə
obrazlarla ifadəsini tapır.
Əlbəttə,
toplanan əsərlər sırasında epik janrda
yazılmış və böyük rus şairi M.Y.Lermontova həsr
edilmiş "Əlvida, kirli Rusiya" poemasının kitabda
ayrıca yeri var. Bu irihəcmli nəzm nümunəsi son
vaxtlar unudulmaqda və yaddan çıxmaqda olan məşhur
epik janrının ən yaxşı nümunəsidir.
Elşad ustalıqla həm formanı dirildib, həm də həyatının
qalmaqallı böyük hissəsinin Qafqazla bağlı
Lermontovun obrazını yaradıb. O, rus ədibinin
yaradıcılığını, mühitini, ətrafını
yaxşıca öyrənib. Əgər Elşad Mixail
Yuryeviçin əsərlərini dərindən mənimsəməsəydi,
lirik, incə ruhlu şeirlərinin fəlsəfəsinə
varmasaydı, onda qəhrəmanı da solğun, dayaz
görünərdi, möhtəşəmliyi itərdi. Bu
axtarışların izləri detallaracan epik poemada təzahürünü
tapıb.
"Əlvida,
kirli Rusiya" da gözəl təbiət təsvirləri,
Rusiya qışının mənzərələri
ustalıqla misraların ruhuna hopdurulub:
Saflıq tutub dünyanı,
Dayanmadan yağır qar.
Ahıl qocalar kimi
Belini əyib küknar.
Ağacları qar əyib,
Yoxsa yaş
ağırlığı?
Qarın budaqlar üstə
Varmış daş
ağırlığı.
Bax,
bu mənzərə bütün zahiri
görünüşü və çılpaqlığı
ilə sadə rus kəndini oxucunun gözünün
qabağında canlandırır. Həqiqətən küknar
ağacının belini qocalarsayağı əyməsi, bu
ağırlığa tab gətirən ağacların mətanəti,
evlərin dizəcən qara batmaları, bacalardan
buğlana-buğlana qalxan tüstü, pəncərələri
kip örtən buz qalxanı ayrı-ayrılıqda poetik
ştrixlərdir ki, həssas şair müşahidəsinin
göstəriciləridir.
Məlumdur
ki, Lermontovun yaşadığı dövr imperialist bir
dövlətin tənəzzül dövrü olsa da, mədəniyyətinin,
ədəbiyyatının çiçəkləndiyi mərhələdir.
Ancaq imperiya cəlladlarının daim müharibə eşqiylə
yaşamaları xalqın həyat tərzini heçə
endirib. Elşad ustalıqla bir həqiqəti təsdiqləyir
ki, belə cəmiyyətdə duhalara, böyük söz
adamlarına da yer yoxdur. Çünki öncə Puşkini
duelə çıxaran bir quruluş Lermontova da vəfa
qılmazdı. Necə ki, vəfa qılmadı da. Onun da
ömrü namərd bir güllənin hədəfinə
çevrildi, yarıda qırıldı. Necə deyərlər,
Yevgeni Yevtuşenko söyləmişkən:
Şairlər doğulur rus
torpağında
Doğulur, köksündə Dantes
gülləsi...
Elşad
Səfərli poemasında bu cür ucuz ölümlərə
etiraz eləməklə imperiyanın kiçildiyini bədii
lövhələrlə canlandırır.
Uzun zamanlardan bəri,
Özünü iki şəkildə
göstərən
Rusiya olub.
Biri
Xalqların azadlığına
meyilli Rusiya.
Digəri
Xalqları və ölkələri
Əsarət zəncirində
saxlamağa
mailli Rusiya.
Bir tərəfdə azadfikirli
Rusiya,
Bir tərəfdə məkrli,
Kirli Rusiya...
"Əlvida,
kirli Rusiya" çağdaş Azərbaycan şairinin qələmindən
çıxıb və şübhəsiz, müasir təlatümlü
dövrümüzün ab-havası da poemada az-çox əksini
tapıb. Çünki Romanovlar sülaləsini qan dənizində
boğan proletariatın rəhbəri Lenin əslində
köhnə imperiyanın xarabalıqları üstündə
yeni təzahürlü sovet imperiyası qurdu. Ad başqa idi,
dad yenə əvvəlki idi. Yenə on dörd respublikanın
sərvəti talanır, azadlıq ideaları bətnində
boğulur, nicat yolu bağlanırdı. Onlarla
kiçiksaylı xalq imperiya qatarının relsləri
üstündə xurd-xəşil olur, dili unudulur, mənəviyyatı
təzyiqlərə məruz qalırdı. Şair göstərir
ki, hər bir əvvəlin sonu olduğu kimi, sovet
imperiyasının da sonu çatdı. Ancaq Puşkinin,
Lermontovun azadlıq odaları ölmədi, yenidən göyərdi.
Kitabda
çap olunan ikinci ən gözəl poema
"Yarımçıq ömür"dür. Əgər
"Əlvida, kirli Rusiya"da publisistik ruh
güclüdürsə, "Yarımçıq
ömür"də lirizm, həzinlik üstünlük təşkil
edir. Çünki bu əsərdə şair ana
obrazını ümumiləşdirib canlandırmağa
çalışıb. Əlbətdə, bu müqəddəs
mövzu ədəbiyyatda təzə deyil, lakin Elşad tapdaq
yolu seçməyib, özünəməxsus surət
yaradıb.
Analar könlündə boğar
kini də,
Analar könlündə min qəm, min fikir.
Dünyanın ən ağır dərdlərini
də,
Analar,
analar,
analar çəkir!
Əsərə
kövrək ovqat, lirik ruh hakimdir. Hiss olunur ki, müəllif
xeyli müşahidələr aparıb. Kiçik
ölçülü parçalardan ibarət poema birnəfəsə
oxunur. "Anam, hey..." başlığı altında gedən
hissələr həm axıcıdır, həm də mənalı.
Elşad heca şeirimizin müxtəlif forma ölçülərindən
məharətlə istifadə edir.
...Nəfəsinlə böyüyən,
Güllərin həşəm
oldu.
Adını andıqca mən,
Kövrəlmək peşəm
oldu.
İtən adım-sanım, hey...
Anam, hey!
Elşad
Səfərli "Qiymət" poemasını Azərbaycanın
ilk poliqrafçı alimi, əməkdar mühəndis Şəddad
Cəfərovun ömür yoluna həsr edib. Rusiyanın
müxtəlif şəhərlərində
çalışan, həmişə səmərəli fəaliyyəti
ilə seçilən Şəddad müəllim bizim
müasirimizdir. Və hər kəsin tanıdığı,
hörmət bəslədiyi şəxsdir. "Qiymət"
poemasında da maraqlı məqamlar var. Zəhmət adamı
kimi tanınan qəhrəmanımız yurdsevər
ziyalıdır və nə yaxşı, Elşad onun mənalı
həyatına biganə qalmayıb, bədii surətini ərsəyə
gətirib.
Elşad
Səfərlinin "Gənclik" nəşriyyatı tərəfindən
işıq üzü görən "Poemalar"
kitabının məziyyətləri çoxdur və bir qəzet
məqaləsində onlar barədə dolğun fikir ifadə
eləmək çətindir. Mən bu kiçik qeydlərimdən
sonra üzümü Lənkəranda yaşayan şair dostuma
tutub deyirəm: başını uca tutub şeirini yaz, bölgədə
və ya paytaxtda yaşamaq şərt deyil. Əsas şərt
nə yazmağında və hasilə gətirdiyinin məzmunundadır.
Ağacəfər Həsənli
Ədalət.- 2011.- 19 may.- S. 6.