"Hər kim 100 il yaşamasa..."
Lerikdəki
"Uzunömürlülər muzeyi" hələ ki,
dünyada yeganədir
Dağlar
qoynunda yerləşən Lerikdə son illər bir-birindən
gözəl, yaraşıqlı xeyli bina inşa edilib. Yaz
aylarında, hər şeyin ancaq bir rəngdə -
yaşıl rəngdə - olduğu vaxt bu müasir, uzaqdan
diqqəti cəlb edən yeni binalar Lerik qəsəbəsinə
xüsusi bir gözəllik verir. İnanmaq olmur ki, son vaxtlara
kimi fərli-başlı yolu belə olmayan Lerik bu qədər
dəyişib. Yeni inşa edilmiş bu yaraşıqlı,
özünəməxsus binalardan biri də hələ ki,
dünyada yeganə olan "Uzunömürlülər
muzeyi"nin binasıdır.
Muzey
20 avqust 1991-ci ildə yaranmasına baxmayaraq bu yeni binaya 25 iyun
2010-cu ildə köçüb. 1 otaq, 2 böyük zaldan ibarət
olan binanın açılışını da Azərbaycan
Prezidenti İlham Əliyev edib və
çıxışında bu əzəmətli dağlarda
yaşayan əməksevər leriklilərə uzun ömür
arzulamaqla, böyük də nailiyyətlər diləyib.
Gözəl
bir yaz səhəri muzeyə bir daha baş çəkmək,
hansı qayğılarla yaşadıqlarını öyrənmək
məqsədilə orada oldum. Cəmi 4 nəfər
işçisi olan bir mərtəbəli, xudmani binada təmizlik,
səliqə-səhman işləri gedirdi. İçərinin
bir qədər soyuq olmasına baxmayaraq ən böyük
zalda, uzunömürlülərin foto-guşəsində bir
neçə qonaq da var idi. Ömrünün 20 ildən
çoxunu bu muzeyə bağlamış direktor Dilarə Fətullayevanın
qırımından belə başa düşdüm ki, onunla
həmsöhbət olmaq üçün bir az gözləmək
lazımdır. Axı bir azdan qonaqların axını
başlayacaq, həm də muzeyin 20 illik yubileyinə layiqincə
hazırlıq görülməlidir.
Kimlər uzunömürlü hesab
edilir?
Uzunömürlülər
haqqında danışanda heç şübhəsiz ki, bu
dağlarda 168 il ömür sürmüş Şirəli
Müslümov yada düşür. Yalçın qayalarda,
yaşıl ormanlarda, "göy yaylaqlarda",
gül-çiçəyin qoynunda, at belində çox
gümrah bir həyat sürmüş Şirəli baba planetin
ən uzunömürlü sakini olub. İndi də Lerik
rayonunda uzunömürlülərin sayı kifayət qədərdir.
Muzeydə onlar haqqında xeyli ətraflı məlumat var.
Mahmud Eyvazov 150, Məcid Ağayev 145, Qızıl Quliyeva 130 il
bu dağların məlhəm havasını udmuş, buz kimi
sərin çeşmələrindən su içmişlər.
Yaşı 100-ü çoxdan keçmiş Gülsarə nənə,
1898-ci il təvəllüdlü Məhbubə Fətullayeva,
1909-cu il təvəllüdlü Nənni Məmmədova,
1909-cu il təvəllüdlü Əlif Heydərov və
başqaları Allahın verdiyi ömür paylarını hələ
yaşamaqdadırlar. Fransız tədqiqatçısı-fotoqraf
Frednik Laşob lerikli uzunömürlüləri ilə dərindən
maraqlanmış, yaşı 100-dən çox olan insanlardan
40-nın şəklini çox yüksək səviyyədə
çəkməklə muzeyə hədiyyə etmişdir.
Bir sıra
elmi ədəbiyyatlarda, məlumat kitablarında yaxın
vaxtlara qədər yaşı 80-dən çox olan insanların
uzunömürlü kimi qeydiyyata götürüldüyü
bildirilirdi. Bir neçə il əvvəl isə
Ümumdünya Səhiyyə Təşkilatı qərara
almışdır ki, insan ömrü bir xeyli
uzandığı üçün bu rəqəm 90-la əvəz
edilsin. İndi 90 ildən çox ömür
sürmüş insanlar uzunömürlü hesab edilir və
onların hər biri haqqında xüsusi məlumat var.
Lerikin və muzeyin qonaqları
Bir
az əvvələ gedib xatırlatmaq lazımdır ki, Lerikin
tarixi abidələri, memarlıq nümumələri hələ
çox qabaqlar alimləri, tarixçiləri ciddi
maraqlandırıb. Azərbaycana qədər gəlib çıxan
Aleksandr Düma Lerikdə olmasından da bəhs etmiş, bu
yerlərin xüsusiyyətlərindən, tarixindən
"Qafqaz səfəri"ndən ayrıca bəhs
etmişdir.
Fransalı
tarixçı-tədqiqatçı Jak Mari de Morqan uzun
müddət Lerikdə olmuş, xeyli araşdırmalar
aparmışdır. O qədim tarixi olan qəbirlərdən
çıxan çox qiymətli tarixi nümunələri, məişət
əşyalarını, qızıl və
gümüşü Senjermen muzeyinə aparmaqla uzun müddət
onları çox uğurla nümayiş etdirmişdir.
Daha
bir fransalı tədqiqatçı-fotoqraf Fredrik Laşob
haqqında isə bir az əvvəl bəhs etmişdim.
Lerikdə
yaradılan "Uzunömürlülər muzeyi"nə
maraq isə zaman-zaman daha böyük olmuşdur.
Dünyanın bir çox ölkələrindən -
Pribaltikadan, Almaniyadan, Rusiyadan, Hollandiyadan gələn qonaqlar
xeyli çoxdur. Koreyalılar isə 2007-ci ildə bənzəri
və alternativi olmayan bu muzey haqqında ayrıca film çəkmişlər.
Uzun ömrün sirri nədir?
Nəhayət,
bir xeyli keçəndən sonra muzeyin tarixi-etnoqrafik
materiallarına, uzunömürlülərin şəxsi əşyalarına,
əl işlərinə, geyim nümunələrinə bir də
diqqət ayıran xanım direktorla həmsöhbət
olmağa vaxt tapıldı. Mənim, eləcə də bir
çoxları üçün maraqlı olan bir sualın
cavabını Dilarə Fətullayevadan öyrənmək istədim:
-Dilarə
xanım, siz xeyli vaxtdır ki, "Uzunömürlülər
muzeyi"ndə çalışırsınız. Yəqin
artıq təxmini də olsa müəyyənləşdirmisiniz
ki, uzun və sağlam ömrün sirri nədir. Axı siz
onlarla vaxtaşırı təmasda olursunuz.
-Əslində
uzunömürlülüyün elə bir sirri yoxdur. Sağlam
və çox yaşamaq üçün insan sadəcə
daim hərəkətdə olmalıdır. Mən muzeyimizin
"sakinləri"ndən də belə eşitmişəm,
həyatda da bunun şahidi olmuşam. Babam Səmi Xamıyevi
daim təmiz havada, dağda-dərədə, iş-güclə
məşğul olan görmüşəm. 120 yaşında
bütün dişləri ağzında idi. Qəbul etdiyi qida
əsasən süd-qatıq, dağlarda bitən təbii
bitkilər, bal olmuşdur. Tərkibində ən müxtəlif
minerallar olan, dağ-daşlardan süzülüb gələn
tərtəmiz bulaq sularının da əhəmiyyəti
böyükdür. Babam çalışardı ki, ət yeməklərini
çox az yesin. Çox yaşamağın sirri varsa, elə
sirr təxminən budur.
"Qadınlar kişilərdən
daha çox yaşayırlar"
Mindən
çox eksponatı olan muzeydə olarkən bir sıra
maraqlı məqamlarla bərabər buradakı bir incəlik də
diqqətimdən yayınmadı: Uzunömürlülər
arasında qadınlar üstünlük təşkil edirdi.
Dilarə xanım buna da aydınlıq gətirdi:
-İnsanların
qəfil dünyalarını dəyişmələrinə,
vaxtsız həyatdan köçmələrinə əsas səbəb
keçirdikləri gərgin həyat tərzləridir. Daim gərginlikdə
olan, sirrini kimsəylə bölüşə bilməyən,
vəziyyətdən çıxış yolu görməyən
adamın güclü stress keçirməsi çox təbiidir.
İş burasındadır ki, qadınlar bu stressdən ağlamaqla,
göz yaşı tökməklə, danışmaqla
çıxa bilirlər. Kişilər bunlardan istifadə edə
bilmədikləri üçün dünyalarını daha
tez dəyişirlər. Siz yəqin fikir vermisiniz,
qadının ağlamağı ilə gülməyinin
arası bir dəqiqə çəkir. Çünki göz
yaşları daxildə olan gərginliyi götürməklə
bədəndə olan bir sıra zərərli maddələrin
də xaric olunmasına şərait yaradır. İnsan
danışanda, dərdini bölüşəndə
yüngüllük tapır. Biz qadınlar da danışmaqdan
yorulmuruq ki. Ona görə də qadınlar kişilərdən
daha çox yaşayırlar.
"Müsafirlər axını
yayda başlayır"
Yaz
günəşinin pəncərədən düşən
qızılı şüaları altında bərq vuran
muzeyin zəngin avadanlıqlarına bir daha əl gəzdirən
Dilarə xanım bunları da əlavə etməyi
unutmadı:
-Əvvəla,
çox sağ olsun Lerik rayonunun İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırov ki, bir
sıra gözəl binalarla bərabər bu muzeyi də biz
leriklilər üçün inşa etdirib yadigar qoydu. Bu
avadanlıqları isə Dövlət Neft Şirkəti bizə
hədiyyə edib. Bilirsiniz, Lerikdə olan
gördüyünüz bu muzeydən dünyanın heç
bir yerində yoxdur. Burada işləmək fəxarətli
olmaqla bərabər, həm də çox böyük məsuliyyətdir.
Yayda müsafirlərimiz daha çox olur. Müxtəlif
ölkələrdən gələn qonaqlara
uzunömürlülər haqqında məlumat verməklə
bərabər bir çox hallarda onların müxtəlif
suallarına da cavab verməli olursan. Bu məqamda gərək
sayıqlığı itirməyəsən və hər bir
qonaqda Azərbaycan haqqında daha xoş təəssürat
yaradasan. Çalışırıq ki, işlərimizi elə
belə də davam etdirək. Məvaciblərimizə də
bir az fikir versələr lap yaxşı olardı. İstəyirsən
axırıncısını yazma, birdən yerinə
düşməz.
...Müsafirlər
Lerikə, Lerikdəki bu "Uzunömürlülər
muzeyi"nə yayda daha çox gəlir. Deyəsən,
mən onları qabaqlamışdım...
Səxavət Məmmədli
Ədalət.- 2011.- 19 may.- S. 7.