"Biz sovet elm-təhsil gəmisi ilə okean sularına çıxırdıq...

 

Bu gəmidə bizə də bir kayuta ayırmışdılar"

 

Xeyli müddətdir ki, Azərbaycanın universitetlərinə rəhbərlik edən şəxslərlə silsilə həmsöhbət olmağı düşünürdüm. Təxminən ötən ilin sonunda istəyimi reallaşdırmaq üçün qəzetin rəhbərliyi ilə razılaşdım və arxada qalan yaxın günlərin birində ilk ali məktəbimiz olan Bakı Dövlət Universiteti ilə əlaqə saxladım sonra razılıq əldə etsəm də söhbətimiz müəyyən texniki səbəblərdən baş tutmadı. Nəhayət uzun gözləntidən sonra BDU-nun rektoru bizimlə görüşə hazır olduğunu bildirdi. Elə "Ali ünvanların təmsilçiləri" rubrikamızın da ilk qonağı, ilk ali məktəbimizin- BDU rektoru, millət vəkili, AMEA-nın müxbir üzvü, alim Abel Məhərrəmov oldu.

Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Rumıniya Respublikasının ali dərəcəli "Komandor" ordeni, İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl medalı ilə təltif edilib. Rumıniya Respublikasının Ovidius Universitetinin və Türkiyə Respublikasının Kırıkkale Universitetinin fəxri doktorudur. 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 1000-dək elmi məqalənin müəllifidir. 37 ixtirası vardır. 30-dan çox kimya elmləri namizədi və doktoru hazırlayıb.

1971-ci ildən Ümumittifaq Olefinlər Elmi Tədqiqat İnstitutunda operator, mühəndis işləyib. 1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993-1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 2002-2004-cü illərdə Qara dəniz universitetlər şəbəkəsinin prezidenti olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Evlidir, 2 Övladı var.

- Təhsil strateji sahə olduğundan inkişaf etmiş dövlətlərdə hakimiyyətə iddialı olan qüvvələr ilk növbədə onu diqqətdə saxlayır. Bəs Azərbaycanda necə, belə bir tendensiya varmı?

- İstənilən bir ölkənin dünya dövlətləri sırasındakı mövqeyi yalnız onun iqtisadi qüdrəti ilə deyil, ilk növbədə maarifçiliyi, elmi, təhsili ilə müəyyən edilir. Qloballaşan dünyanın tələbi də budur. Hansı dövlət ki, beynəlxalq qurumlarda yaxşı təmsil olunur, elm, təhsil islahatları uğurla aparılır və dünya standartlarına uyğunlaşdırılır o daha yüksək qiymətləndirilir. Baxmayaraq ki, müstəqilliyimizin bərpasının qısa tarixi var, amma müstəqillik dövrünün son illərində uğurlarımız böyükdür. Hesab edirəm ki, əldə olunan uğurlar içərisində elm və təhsildəki yenilikləri önə çəkmək lazımdır. Bu baxımdan hazırda Azərbaycanda çox ciddi elm və təhsil islahatları aparılır. İslahat dedikdə də təkcə dəyişilmə nəzərdə tutulmur. Yeni proqramlar hazırlanır, onlara maliyyə vəsaitləri ayrılır ki, müəyyən sahələr gücləndirilsin. Amma biz nə qədər islahatlar aparsaq da Avropanın səviyyəli universitetlərinin elm, təhsil müstəvisinə çata bilmirik.

- Problem nədədir?

- Bizim məqsədimiz təhsilimizin səviyyəsini Avropa təhsili səviyyəsinə çatdırmaq, bərabərləşdirməkdir. Bunun nəticəsində tələbələrimizin inteqrasiyası, mobilləşməsi prosesi baş verə bilər. Tələbə gedib Avropada oxuyanda deməsinlər ki, sizin universitetləriniz zəifdir və ona görə də biz sizi qəbul etmirik. Körpünün hər iki başı eyni olmalıdır ki, effektiv nəticə də əldə olunsun. Əgər körpünün bir başı çox aşağı, digəri isə çox yuxarı olsa, ondan keçənlər yıxıla bilər. Ona görə də bu bərabərliyi tənzimləmək üçün təbii ki, biz tələb olunan mühiti yaratmalıyıq. Elmi məktəblər, yeni innovasiya sahələri meydana gəlməli, tələbələrin təhsil keyfiyyəti yüksəlməli, onların qarşısına qoyulan tələblər artmalıdır. Bunun üçün də iki istiqamətdə proses gedir. Həm ölkə daxilində islahatlar aparılır, həm də Azərbaycana qərb-şərq səviyyəli elmi mühitin gətirilməsi əsas məqsəd daşıyır. Artıq 2007-ci ildən bu istiqamətdə fəaliyyət göstəririk. Azərbaycan Respublikasının Prezidentinin təhsildə islahatlar proqramına əsasən yaxın altı il ərzində 5 min azərbaycanlı gənc Avropa ölkələrinə, həmçinin də şərq dövlətlərinə göndərilib. Hesab edirik ki, bu iki istiqamətin vəhdəti nəticəsində Azərbaycanda yeni elm, təhsil mühiti formalaşacaq. Artıq bu mexanizm də işlək vəziyyətdədir və nəzərdə tutulan 5 min tələbədən 1000 nəfəri xaricdə təhsil alır. Onlardan bəziləri təhsilini başa vurub ölkəmizə qayıdır, bəziləri isə bitirmək üzrədir. Xaricdə təhsil alan gənclərimiz Avropanın elm-təhsil mühitinin dəyərlərini Azərbaycana gətirəcək və ölkədə təhsilin səviyyəsinin müəyyən dərəcədə yüksəlməsinə kömək edəcəklər.

- Yüksək təhsil alıb ölkəyə döndükdən sonra həmin məzunların qarşılaşa biləcəkləri problemlərin aradan qaldırılmasına başlanılıbmı?

- Təbii, paralel olaraq ölkədə də yeni maddi-texniki baza güclənməlidir ki, xaricdə təhsil alan məzunların orada istifadə etdikləri, gördükləri avadanlıqlardan, cihazlardan burada istifadə imkanları olsun. Bu baxımdan müasir tipli yeni avadanlıqların alınmasına üstünlük verilir. Şübhəsiz, ölkədaxili islahatların aparılması, xaricdə tələbələrin təhsil alma imkanlarının genişləndirilməsi, yeni avadanlıqların alınıb maddi-texniki bazanın gücləndirilməsi Azərbaycan təhsilinin gələcək uğuru deməkdir.

- Maraqlıdır, bəs bu inkişaf niyə görülmür, niyə yenə də insanlar sovet təhsil sisteminin əvəzedilməzliyindən danışır?

- Doğrudan da biz əvvəllər sovet elm-təhsil gəmisi ilə okean sularına çıxırdıq. Bu gəmidə bizə də, SSRİ-yə daxil olan digər dövlətlərə də bir kayuta ayırmışdılar. Ancaq bizim heç o gəminin maşın zalından, sürətindən çox da xəbərimiz yox idi. Hərə öz masştabında, öz konturları çərçivəsində fəaliyyət göstərirdi. Biz milli kökümüzlə türk dünyasına bağlıyıq və bununla da fəxarət hissi keçiririk. Amma tarix elə gətirib ki, biz elmi genetikamızla rus-sovet elminə bağlı olmuşuq. Bu gün Azərbaycanda elmi məktəblər deyəndə göz önünə əksəriyyəti rus-sovet elmi məktəbinin qolları olan təhsil müəssisələri gəlir. Bizlər ondan bəhrələnmişik, Moskvada təhsil almışıq və elmi dəyərləri ölkəmizə gətirmişik. Ancaq "sovet təhsil sistemi, yoxsa bu gün Avropa dəyərləri əsasında qurulmuş təhsil yaxşıdır"- sualına gəldikdə hazırda qloballaşan dünyaya inteqrasiya olmaq, vətəndaş cəmiyyəti yaratmaq üçün rus təhsilinin özü də öz köhnə gəmisini buraxıb, yeni-Avropa tələbləri çərçivəsində qurulmuş gəmi ilə okean sularına çıxıb. Əlbəttə, Boloniya prosesinə qoşulandan sonra ilk dövrlər müəyyən çətinliklərlə qarşılaşanda mən özüm də narahatlıq keçirirdim. Amma zaman keçdikcə, bu prosesi tamamilə tətbiq etdikcə görürəm ki, biz Boloniya prosesinin tələbləri ilə də, Avropa standartları ilə də daha yüksək səviyyədə dəyərlənəcəyik. Bu sahədə 30 il rəhbər vəzifədə çalışan şəxs kimi bunu hiss edirəm.

- Dediklərinizdən aydın olur ki, təhsilimizin səviyyəsinin yüksəldilməsi istiqamətində proses gedir. Amma yenə də universitetlərimizin məzunları istənilən səviyyədə tələblərə cavab vermir.

- Mən elə düşünməzdim. Səviyyəni nə ilə ölçmək olar? Universitetlərin səviyyəsi reytinqlə ölçülür və əgər universitetin reytinqi yüksəkdirsə, deməli, onun tələbələrinin elmi səviyyəsi də yüksəkdir. Keçən il bakalavrlarımızın yüzdə yetmiş faizi ixtisaslar üzrə elan olunmuş magistr yerlərini tutmuşdular. Yaxud da dövlət qulluğuna qəbul zamanı elan olunan yerlərin yüzdə doxsan faizini bizim məzunlarımız tutur. Bu BDU-nun müəllim kollektivinin, bakalavr dərəcəsini bitirən məzunların savadlı olmalarının göstəricisidir. Eyni zamanda bu o deməkdir ki, Boloniya sistemi ilə yetişən məzunlar müəyyən səviyyəyə malik olduqları üçün belə yüksək göstərici əldə edilir. İmtahanı aparan mütəxəssislər də bizim tələbələrin səviyyəsindən razılıq edirlər. Ola bilsin digər universitetlərdə müəyyən dəyişikliklər, gərginliklər var. Ancaq biz öz yetişdirdiyimiz tələbələrdən razıyıq. Niyə? Çünki biz yekunda tələbələrimizdən dövlət imtahanı da götürürük. Dövlət imtahanı tələbənin seçdiyi ixtisas üzrə oxuduğu dörd ana fənnin strategiyasını özündə əks etdirən proqram çərçivəsində götürülür. Tələbə I kursda təhsil aldığı zaman IV kursda dövlət imtahanı verəcəyini düşünür. Ona görə də qiymətə görə deyil, biliyə görə oxuyur ki, IV kursda dövlət imtahanı verərkən çətinlik çəkməsin. Bütün bunlar nəzərə alındığından son zamanlar tələbələrin bilik səviyyəsinin, təhsilin keyfiyyətinin olduqca yüksək olduğunu müşahidə etmək mümkün olur. Hətta elə hallar olur ki, tələbə bizdən qiymət almayıb, amma magistraturaya qəbul olunub. Çünki biz proqramı magistratura qəbul proqramından çətin etmişik. Əksər hallarda isə bizim dövlət imtahanının nəticəsi ilə magistratura imtahanlarının nəticəsi üst-üstə düşür.

- Sovet təhsil sistemindən imtina olunduğu iddia olunsa da tələbələrimiz hələ də köhnə tədris vasitələrindən istifadə edir. Bəlkə Avropa standartlarının tələblərindən danışdığımız halda sovet dönəmindən qalma ədəbiyyatlardan istifadə məzunlarımızın səviyyəsinin yüksəlməsinə imkan vermir?

- Bu məsələ bizim özümüzü də çox düşündürür. Sovet təhsil sistemində tələbələrin bir auditoriya müəllimi vardı və tələbələr onun mühazirələrindən və yaxud da yazdığı kitabdan nəsə öyrənirdilər. Bu gün isə tələbənin iki auditoriyası-müəllimi var. Onlardan biri köhnə sovet sistemində olduğu kimi tələbələrlə dialoqda olan müəllim, digəri isə tələbənin virtual universitetidi. Hazırda informasiya-kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, tələbə internet vasitəsilə dünyanın istənilən bir ölkəsinin hansısa universitetinin, istənilən bir müəlliminin mühazirəsini öyrənə bilirlər. Bunun sayəsində bəzən tələbələr müəllimlərindən daha çox informasiyaya malik olurlar. Ola bilər müəllim sovet təhsili alıb, kompüter texnologiyasını, dili bilmir və müdaxilə etmək iqtidarında da deyil. Ancaq tələbələr dili bilir və kompüter vasitəsilə də istənilən bir müəllimin mühazirəsindən, kitablardan yararlanmaq imkanı əldə edir. Bununla da tələbə bir neçə mənbədən-həm fənn üzrə auditoriya müəllimindən, həm də internetlə müxtəlif mənbədən məlumatları mənimsəyir. Sonra hər ikisini ortaq məxrəcə gətirmək üçün tələbə sərbəst fərdi iş-tələbə-müəllim dialoqu zamanı fənn haqqındakı düşüncələrini ortaya qoyur. Belə olan halda müəllim də daha çox öz üzərində işləməyə, bu üsula əl atmağa məcbur olur. Qoşulduğumuz Boloniya prosesinin tələbləri çərçivəsində tələbələrimiz qlobal cəmiyyət müstəvisində formalaşır. Əgər tələbə virtual universitetlərin imkanlarından istifadə etməsə, seçdiyi ixtisasa uyğun müəllim heyətini tanımazsa, sabah onu ABŞ, yaxud da Avropa dövlətlərindən hansısa birinə göndərərkən orada qəbul etməzlər. Ona görə də Boloniya sisteminin öz üstünlüklərini nəzərə almaq lazımdır.

- Boloniya sistemindən çox danışılsa da heç də hamı onun mahiyyətindən tam xəbərdar deyil. Nədir bu sistemin tələbləri, tələbələrin dərslərdə iştirakı, yoxsa gərəkli olan vəsaitlərin mənimsənilməsi əsasdır?

- Boloniya prosesinin qiymətləndirməsi 100 baldır. Onun 50 balını tələbə dörd ay davam edən semestr, 50 balını isə imtahan ərzində qazanır. Dörd ay ərzində tələbəni hazırlaşdıran, mühazirə, məşğələ keçən müəllim iki dəfə kurikulum keçirərək ona 50 bal sistemi ilə semestr balını yazır və tələbəni təhvil verir. Ondan sonra rektorat ikinci bir komissiya yaradaraq tələbənin qiymətini təkrar yoxlayır və əvvəlki müəllimlərin ikinci dəfə keçirilən imtahanda iştirakı qadağan olunur. Tələbələrin dərsə gəlməsinin önəm daşımasına gəlincə, semestr dövründə toplanan 50 bal dərsə davamiyyət, mühazirələrin yazılmasına, məşğələlərdə verdiyi cavaba və bir çox parametrə görədir. Əgər tələbə dərsə gəlməsə, mühazirə yazmasa, məşğələdə cavab verməsə onda tələb olunan 50 balı toplaya bilməz. Ola bilər bir-iki belə tələbə olsun və onlar virtual universitetlərdən bilikləri mənimsəsinlər. Onlar heç dərsə gəlməsələr də çox yaxşı hazırlaşırlar. Amma 8-10 tələbə nə dərsə gəlib, nə də hansısa vəsaitdən istifadə edib. Belə olan halda onlar 2 alırlar biz onları universitetdən xaric etməli oluruq. Belə halların qarşısını almaq üçün biz bunları vahid bir sistemə gətirmişik. Biz həqiqətən bu prosesin tələbələrimizi qabağa apardığını görürük.

- Siz, bir çox beynəlxalq səviyyəli universitetlərdə olursunuz. Bizim tələbələrlə həmin universitetlərin tələbələrini müqayisə etdikdə hansı fərqləri görürsünüz?

- Açığını deyim ki, bizim tələbələr son zamanlar təhsilə daha məsuliyyətlə yanaşırlar. Avropada sərbəstlik daha çoxdur. Avropada çox az tələbə tapılar ki, bakalavr pilləsini 4 ilə bitirsin. 90 faizi 7-10 ilə bakalavr pilləsini bitirir, amma bizdə əksər tələbə 4 ilə tədrisi tamamlayır. Avropada niyə sərbəstlikdir? Tələbələr təhsil üçün kreditlər götürürlər ki, onu 4 ilə , 8 ilə götürə bilərlər. Əslində isə norma 4 ildir qəbul olunan tələbə bu müddət ərzində təhsilini başa vurmalıdır. Bizdə sevindirici haldır ki, yüzdə doxsan beş faizi 4 il ərzində bakalavr pilləsini bitirir. Bizdə tələbə var ki, IV kursda oxuyur, amma I kursdan kəsiri var hələ qiymət ala bilmir. Yəqin ki, o kəsirini aradan qaldırmasa, universiteti bitirə bilməyəcək. Əgər tələbə tapşırılsaydı, zəif oxusaydı qiymət alardı. Kəsiri varsa, deməli, çox ciddi yanaşma var.

- BDU həm də ilk ali təhsil ocağıdır. Bu öncüllüyü qoruya bilirsinizmi və buna necə nail olursunuz?

- Əlbəttə ki, biz özümüz haqqında nəsə deyə bilmərik. Dünyanın reytinqləri müəyyənləşdirən agentlikləri var və o universitetlərin reytinqini elan edir. Agentliyin reytinqinə əsasən Azərbaycandan yeganə BDU dünyanın 2000 universiteti arasında yer alıb. Bəzən bizə niyə 300-500 universitet arasında deyil, 2000 universitet arasında yer tutmağımız irad tutulur. Bu gün biz çalışırıq ki, dünyanın 500 universiteti arasında yer alaq. Buna şansımız da var, ancaq bizi bu şansdan geri qoyan bir-iki xırda məsələ həllini tapmalıdır. Yataqxanalar reytinq cədvəlində xüsusi çəkiyə malik olsa da bizim yataqxanamızın olmaması bütün ballarımızı aşağı endirir. Hazırda universitetin yataqxanalarında məcburi köçkünlər məskunlaşır. Dövlət başçısının sərəncamı ilə köçkünlərimiz üçün tikilən mənzillərə köçürmə prosesi başa çatdıqdan sonra yeni müasir şəraitli yataqxanalar tikiləcək. Belə olan halda hesab edirəm ki, xaricdən bizə çoxsaylı müraciətlər olacaq. Bu gün universitetimizdə 1500-ə qədər xarici tələbə oxuyur. Ancaq ildə bizə 10 min tələbə müraciət edir. Xarici tələbələrin bizdə təhsil alması isə reytinq cədvəlində mövqeyimizin qalxmasına stimul verən amillərdəndir. qədər xarici tələbə çox olarsa, bir o qədər universitetin xaricdə mövqeyinin yüksək olmasına işarədir. Yataqxana yoxdursa, xarici tələbələrə bu şansı vermiriksə, onda necə öz reytinqimizdən danışa bilərik. Bizim 2000 universitet arasında yer tutmağımız elmimizin, təhsilimizin, laboratoriya, maddi-texniki bazamızın güclü olması, xaricdə çoxlu məqalələrimizin nəşr olunması sayəsindədir. Beynəlxalq qrant proqramları çərçivəsində ildə 6 milyon dollar qrantlar alırıq. (Hələ ölkə daxili proqramlar bura daxil deyil-red.A.M). Bu o deməkdir ki, bizi dünyada tanıyırlar. Əgər yataqxana məsələmiz həll olunsa, dünyanın ən azı 500 universiteti arasına düşmək şansındayıq.

- Universitetlərdə dövlət imtahanlarının aradan qaldırılması məsələsi son günlər müzakirə olunur. BDU da belə bir addım atmağı düşünür?

- Hər bir universitetin özünün fərdi qaydası, elmi şurasının qərarı, spesifikası var. BDU-da həm təbiət, həm humanitar fənlər tədris olunur bizim təcrübəmiz göstərir ki, ana fənlərin strategiyasını özündə əks etdirən proqramlar səviyyəsində tələbələr dövlət imtahanı da verməlidir. Çünki tələbələr dövlət imtahanı ilə ana fənləri tam mənimsəmələri barədə sertifikat alırlar. Buraxılış imtahanı elmi yaza bilmələri üçün, dövlət imtahanları isə ixtisas üzrə mənimsədikləri ana fənn elmlərinin başlarında yerləşdiyinin təsdiqi üçündür. Universitetlərin reytinqi müəyyənləşəndə bizim bu metodikaya görə dünyada bizə çox yüksək bal verirlər. Yəni tələbələrin qiymət üçün deyil, bilik üçün oxuduqları aydın olur.

- Deputat, rektor, alim: bunların öhdəsindən gəlmək asandırmı? Siz onlardan hansında daha çox özünüzü rahat hiss edirsiniz?

- Hər üçünü bir müstəviyə gətirmək, vaxtı bölmək, istədiyinə çatmaq çox da asan deyil. Çətin də olsa bu üç vəzifənin-rektor, elmi işçi və millət vəkili- öhdəsindən gəlirəm. Bəzən vaxtdan çox istifadə edirik, işdən evə gec gedirik ki, bu üç sahəni bir-biri ilə birləşdirə bilək. Düşünürəm ki, hələlik çalışıb üçünün də vəhdətini təşkil edə bilmişəm. Axı aspirantları necə yarı yolda qoymaq olar? Hazırda professorlar var ki, onlar mənim rəhbərliyim altında işləyir. Həmçinin böyük elmi-tədqiqat laboratoriya var. Bu günə qədər rəhbərliyim altında 34 elmlər doktoru, elmlər namizədi yetişib. Bunlar böyük elmi məktəbdir. 1000-ə qədər elmi məqaləm var və onlardan 600-dən çoxu yalnız xaricdə-ABŞ, İngiltərə, Yaponiyada işıq üzü görüb. Çox şadam ki, rektor olarkən də elmi məktəbimi qoruya bilmişəm. Bəlkə də bu elmi məktəbin inkişaf dinamikası daha da sürətlənib. Bəzən mühazirələr də aparıram, orta məktəbdə də dərs deyirəm. Eyni zamanda universitetimizin nəzdində fəaliyyət göstərən liseydə də dərs deyirəm ki, şagirdlər necə yetişməyin lazım olduğunu bilsinlər. Həmişə insanın əlində belə şans olmur. Bir vaxtlar mən fikirləşirdim ki, müəyyən zirvəyə qalxdıqdan sonra bir qədər də özüm üçün yaşamalıyam. Amma indi görürəm ki, özümdən çox əldə etdiyim təcrübəni nə qədər çox başqalarına öyrətsəm o qədər yaxşı olar. Mən Moskva Dövlət Universitetində təhsil alıb, elmi məktəb keçmişəm və hazırda da onlarla əlaqələrim var. Eyni zamanda da dünya universitetlərində olub geniş təcrübə toplayıram. Mən təcrübəmi insanlara aşıladıqca daha çox xoşbəxt oluram. Ən əsas insanları sevmək lazımdır. Ən xoşbəxt insan da insanları sevməyi bacaranlardır. Bunu dərk edənlər üçün isə vaxt bəhanəsi olmamalıdır. Çünki insanı sevmək, onu dinləmək, ona yol göstərmək lazımdır. Əgər təcrübəli insanlar bunu başa düşüb, əməl edirsə, deməli o xalqa daha çox lazımdır. Ona görə ki, kimsə sənə üz tutursa, deməli, səndən mərhəmət, məsləhət, istiqamət gözləyir. Ola bilsin sən ona elə istiqamət göstərəsən ki, o dünyanın ən ağıllı adamına, böyük aliminə çevrilər. Axı mən bu yolu böyük əziyyətlər içərisində keçmişəm və ona görə də ona hazır formula verirəm ki, o əziyyətsiz daha böyük müstəvilərdə qabağa getsin.

 

 

Gültəkin Qəhrəmanlı

 

Ədalət.- 2011.- 4 may.- S. 3.