SÜLEYMAN SANİ AXUNDOVUN PEDAQOJİ - İCTİMAİ FƏALİYYƏTİ

 

XX əsr Azərbaycan ədəbiyyatında realist ədəbi məktəb zəminində yetişmiş, görkəmli klassiklərdən biri də Süleyman Sani Axundovdur.

Süleyman Sani Axundov gözəl hekayə ustası, dramaturq, müəllim, mədəniyyət xadimi kimi, Azərbaycan ədəbiyyatında silinməz izlər buraxmışdır. O, ilk dəfə yaradıcılığa 1894-cü ildə tərcümə etdiyi "Bir bənövşə qurbanı" əsəri ilə başlamışdır.

S.S.Axundovun pedaqoji, ictimai fəaliyyətini daha yüksək qiymətləndirmək lazımdır.

1894-cü il oktyabr ayının 1-də Süleyman Sani Axundov Bakıdakı III rus-tatar məktəbinə müəllim təyin olunmuşdur. Görkəmli ədib müəllimlik illərini xatırlayaraq yazır: "O, vaxt Bakıda əhalinin azərbaycanlılar hissəsi üçün ancaq üç xalq məktəbi var idi. Mövhumatçı mollaların təsiri altında olan avam camaat öz uşaqlarını bu məktəblərə buraxmırdılar. Halbuki qaranlıq, rütubətli zirzəmilərdə yerləşən məhəllə məktəbləri-mollaxanalar şagirdlərlə həmişə dolu olurdu.

Mollaların təsirinə qarşı mübarizə edərək uşaqları məktəbə cəlb etmək üçün biz xalq müəllimlərindən çox əmək vermək, ehtiyatlı olmaq və bacarıq tələb olunurdu. Biz qapı-qapı gəzib ata-anaları başa salır və yalvarırdıq ki, uşaqları bizim məktəbə buraxsınlar. Ata-analarla bu barədə apardığımız mübarizə şair Sabir tərəfindən "Oxutmuram, əl çəkin!" şeirində təsvir olunmuşdur."

Süleyman Sani Axundov bu məktəbdə 1897-ci il oktyabrın 1-nə qədər işləyir. O, müəllimliklə yanaşı maarif və mədəniyyətimizin inkişafına da böyük xidmətlər göstərmişdir. Ədib "Tənqid-təbliğ" teatrının yaranmasında yaxından iştirak etmiş, bu teatrın repertuarını dövrün tələblərinə cavab verən kiçik formalı pyeslərlə zənginləşdirmişdi. 1894-cü ildə S.S.Axundov N.Nərimanov, S.M.Qənizadə, H.Mahmudbəyov və başqaları ilə yaxından əlaqə saxlamış, onlarla birlikdə Azərbaycan səhnəsində həvəskar aktyor kimi, oyunlarda iştirak etmişdir.

Süleyman Sani Axundov ilk dəfə səhnəyə N.Nərimanovun "Nadanlıq" adlı pyesinin tamaşasında çıxmışdır. Bu əsərdə aktyor kimi oynaması demokratik maarifçi görüşlərlə onun fikirləri arasında yaxınlıq olması ilə bağlı idi.

S.S.Axundovu aktyorluğa sövq edən amil, xalqımızın gözünü açmaq, avamlığa, köhnəpərəstliyə nifrət doğurmaq arzusu idi. O, yaxşı bilirdi ki, teatr vasitəsi ilə avam, nadan insanları tərbiyə etmək olar. Təsadüfi deyildir ki, bu yolda o, Ə.Haqverdiyevin "Dağılan tifaq", N.Vəzirovun "Müsibəti-Fəxrəddin", N.Nərimanovun "Nadir şah" əsərində şəxsən aktyor kimi çıxış etmişdir.

1905-ci ildə Bakıda "Nicat", "Nəşri-maarif", "Səfa", "Səadət" və s. mədəni-maarif cəmiyyətləri yaradıldı. S.S.Axundovun özünün yazdığına görə: "Nicat" cəmiyyətinin məqsədi azərbaycanlılar arasında maarifi inkişaf etdirmək və ali və ibtidai məktəbdə oxuyanlara ianə vermək, milli dilin və milli ədəbiyyatın tərəqqisinə səy etmək idi. Dramaturgiya sahəsində 1906-cı ildə özünü bir daha sınayan S.S.Axundov "Dibdad bəy", "Türk birliyi" kimi siyasi mövzuda qələmə aldığı əsərləri ilə diqqəti cəlb edir.

XX əsrin əvvəllərində həm bölgələrdə, həm də Bakıda Azərbaycan dilinin təlimində acınacaqlı vəziyyət hökm sürürdü. S.S.Axundov da buna öz münasibətini bildirir və məsələnin çox ciddi olduğunu göstərirdi: "1906-cı ilə qədər Azərbaycan dilinin təlimi pedaqoji üsuldan xəbəri olmayan şəxslərə həvalə edilmişdir. Bu da təlim işinə zərər gətirirdi."

S.S.Axundov yüksək müəllimlik məharətinə malik idi. Dərs dediyi şagirdlərdə xalq ədəbiyyatına, bədii ədəbiyyata, ana dilinin zənginliklərinə maraq oyatmaq istəyirdi.

Azərbaycan dilinin saflığı uğrunda mübarizədə S.S.Axundovun böyük xidmətləri olmuşdur. Professor Cəfər Xəndanın dediyi kimi: "XX əsrdə burjua ideoloqları ilə demokratik yazıçıların mübarizə etdiyi bir dövrdə Süleyman Sani Axundov realizm, demokratizm cəbhəsini tutmuş və "Füyuzat"çıların ziddinə olaraq təmiz Azərbaycan dilində əsərlər yazmışdır".

A.Şaiq Süleyman Sani Axundovun pedaqoji, ictimai, yaradıcılıq fəaliyyətini M.Ə.Sabirin, A.Səhhətin fəaliyyəti ilə birlikdə qiymətləndirərək yazmışdır: "XX əsrin əvvəllərində artıq dünya mədəniyyəti ilə yaxından tanış olan qabaqcıl ziyalılarımız çox yaxşı dərk edirdilər ki, beş-on ziyalı ilə bir millətə nicat vermək olmaz. Xalqımızın qarşısında duran böyük ictimai-siyasi vəzifələrin öhtəsindən gəlmək üçün dövrün məlumatlı, elmli ziyalılarımız çox az idi. Buna görə də yeni ruhlu mübariz ziyalı nəsli yetişdirmək, qarşımızda duran ən mühüm vəzifələrdən idi. Demokratik fikirli bütün müəllimlər, yazıçılar, maarif xadimləri yeni nəslin təlim-tərbiyəsinə böyük əhəmiyyət verirdilər. Onlar həm müəllimlik edir, həm dərsliklər yazır, həm uşaqlar üçün bədii əsərlər yaradır, bir sözlə, tərbiyə işi ilə əlaqədar olan bir neçə sahəni öz fəaliyyətlərində birləşdirdilər. Sabirin, Səhhətin, S.S.Axundovun fəaliyyətləri buna yüksək misaldır."

S.S.Axundov 1899-cu ildə yazdığı "Tamahkar" əsəri ilə dövrünün mənfiliklərini ifşa etməklə kifayətlənməmiş, feodal ənənələrinə qarşı çıxan İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlərin dili ilə insanları fədakarlığa, gözəl həyat qurmağa çağırır. Bu dövrdə Süleyman Sani Axundovun uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuşdur.

1920-ci ildən sonra Süleyman Sani Axundovun yaradıcılığında yüksəliş mərhələsi olur. O, ilk dramını "Laçın yuvası", ilk pyesini "Çərxi fələk", "Qaranlıqdan işığa" ilk faciəsini, "Eşq və intiqam", "Bir eşqin nəticəsi" janrının nümunələrini yaratdı.

Bu illərdə S.S.Axundov kiçik həcmli "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) hekayələrini yazır. Ədibin "Qonaqlıq" və "Kövkəbi-hürriyyət" əsərlərinin ideya və üslub xüsusiyyətlərində müəyyən bir yenilik diqqəti cəlb edir. Bu yenilik, hər şeydən əvvəl, həmin hekayələrin ideyasında, inqilabi mahiyyətində dövrün azadlıq hərəkatı ilə bağlı olan məzmununda özünü göstərirdi. "Kövkəbi-hürriyyət" və "Yuxu" hekayələrinin üslubunda şifahi xalq ədəbiyyatından gələn keyfiyyətlər vardır. Bu əsərlər nağıl tərzində yazılmışdır.

1916-cı ildə "Qorxulu nağıllar" kitabçası məzmun və üslub etibarilə uşaqlara gözəl hədiyyə idi. Bu kitabçada S.S.Axundov uşaqlar üçün beş hekayə yazmışdır: "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf". M.Arifin dediyi kimi: "Bu hekayələr doğrudan da qorxulu nağıllar idi. Lakin bunlar uşaqları qorxutmur, uşaqlara həyat həqiqətinin işıqlı-qaranlıq cəhətini açır, xeyirin və ədalətin təntənəsini - əks etdirir".

"Əhməd və Məleykə" (1912), "Abbas və Zeynəb" (1912) hekayələrində S.S.Axundov bir-iki epizodda o dövrdə uşaqların ağır, acınacaqlı həyatını əks etdirməyə çalışmışdır. Əhmədin, Məleykənin, Xədicənin faciəsi bu ailənin başçısı Nurəddinin həlak olması ilə məhdudlaşmır. Kənd əhalisi aclıq çəkir. Əsərdən görünür ki, S.S.Axundov bu ailənin faciəsini yazmaqla Azərbaycan kəndinin ağır məziyyətlərini qələmə alır.

"Abbas və Zeynəb" hekayəsində təsvir edilən kənd quldur Səfərin vəhşiliklərinə məruz qalır. Kənddə dərəbəylik hökm sürür. Ədib hekayədə quldur Səfərin başına topladığı "dəliqanlıların" qaya dibi kəndinin yandırılıb kül etməsinə qarşı nə kimi cəza tədbirləri görüldüyünü göstərir.

"Qorxulu nağıllar"dakı "Nurəddin" və "Qaraca qız" hekayələri də çox səciyyəlidir. "Qaraca qız", "Nurəddin" S.S.Axundovun nəşr yaradıcılığının şah əsərləridir. Bu hekayələrdə də müəllif Piri babanı müdrik, alicənab, bağbanlıq sənətinin mahir ustası, Nurəddini bilikli, hazırcavab, çətinə düşən insanlara qayğı göstərən, Qaraca qızı qoçaq, mərd, sağlam, fədakar kimi işıqlı boyalarla səciyyələndirir. "Nurəddin" hekayəsində ədib bütün "müsbət, gözəl keyfiyyətləri maariflə, tərbiyə ilə bağlayır. Əgər Nurəddin diribaş, ağır və ağıllı bir uşaqdırsa bu onun ailə tərbiyəsi ilə əlaqədardır. Əgər Nurəddin rəhmdil, mehriban, qayğıkeşdirsə, səbəb müdrik qocaların nəsihətamiz fikirləridir. Əgər Nurəddin maneə və çətinliklərdən sağ-salamat qurtarırsa, bunun üçün o məktəbə, elmə, müəllimə borcludur. "Nurəddin" əsərindəki Əmiraslana uşaqlıqdan "tam sərbəstlik" verilmişdir. Nəticədə Əmiraslanın pis əməlləri onu bədbəxt edir.

S.S.Axundov uşağın tərbiyəsində valideyn qarşısında məsuliyyətli tələbləri qoyur. V.Q.Belinski deyir: "Uşağa tam sərbəstlik vermək onu məhv etmək deməkdir".

"Qaraca qız" hekayəsində S.S.Axundov Qaraca qızın simasında ədəbiyyatımızda ilk dəfə yoxsul, zəhmətkeş ailənin bitkin uşağının təsirli, ürəkağrıdıcı obrazını yaratmışdır. Müəllif bu kiçik qız uşağında ən gözəl keyfiyyətləri cəmləşdirir.

"Qaraca qız" hekayəsində Pəricahan xanım qızını ağıllı, xoşrəftar Tutu ilə oynamağa qoymur. Acığı tutanda onu qaranlıq otağa salır. Pəricahan xanım uşağın mənəvi aləmindən xəbərsiz, təkəbbürlü bir qadındır. O, uşağın istək və arzularına qarşı çıxır. Bu da sonluqda kiçik yaşlı Ağca xanımın xarakterinə mənfi təsir göstərir.

S.S.Axundovun fikrincə: "valideyn övladının arzu və istəklərini öyrənməli, nəzərə almalıdır". Axundov uşağın öyrənmək meylinə həssaslıqla yanaşır. M.Q. yazırdı ki, uşağa "gözlə, böyüyəndə bilərsən" deyib sualına cavab verməmək, onun öyrənmək meylini söndürmək deməkdir.

S.S.Axundov bir pedaqoq kimi həyatda uşağın diqqətini mühüm, ciddi şeylərə cəlb edir. Ədibin balaca qəhrəmanlarının səciyyələri gördükləri işdə, hərəkət və rəftarlarında aydınlaşır. S.S.Axundovun qəhrəmanları məqsədlərinə çatmağa çalışırlar.

M.Arif yazır: "Hekayələrdəki macəraçılıq qətiyyən əsas xəttin inkişafına xələl gətirmir, bəlkə əksinə, daha da onlardakı insan xüsusiyyətlərinin dərindən açılıb göstərilməsinə yardım edir. Çünki müəllifin bu hekayələrdə bizə göstərmək istədiyi uşaqların (Qaraca qız və Nurəddin) yaxşı sifətləri onların düşdükləri çətin şəraitdə daha yaxşı nəzərə çarpır. Onlar bu çətinlikdən qurtarıb, o birinə düşürlər, öz ağıl və fərasətləri ilə nicat yolu tapıb, ölümlə pəncə-pəncəyə gəlir, ruhdan düşmür, yenə qalib gəlirlər".

Süleyman Sani Axundov yaradıcılığa kiçik həcmli əsərlərlə başlamış olsa da ədəbiyyata gətirdiyi mövzu yeniliyi, mövzunun aktuallığı, dilinin sadəliyi, saflığı diqqəti cəlb etmiş, oxucunu daima düşündürmüşdür: "Xalq həyatının dərinliklərinə bələd olmaq, onun varlığında meydana çıxan mühüm cəhətləri izləmək S.S.Axundov sənətinin əsas xüsusiyyəti kimi diqqəti cəlb edir".

  

 

Göyərçin MUSTAFAYEVA

 

Ədalət.- 2011.- 20 may.- S. 4.