Dünyanı gözəllik xilas edəcək

 

Salyanlıların özləri demiş, indi onların baş qaşımağa vaxtları yoxdur. Neçə illərdən bəri tökülüb qalmış tikinti-abadlıq işlərinin qızğın vaxtıdır. Rayon mərkəzindəki 5 mərtəbəli binalarla yanaşı baş küçənin ətrafındakı bütün tikililərin fasadları ağ layla üzlənməyə başlanıb. Küçə kanalizasiyaları, səkillər, baxımsız, uçulub-dağılmış ticarət obyektlərinin divarları təmir edilməklə yenidən qurulur. Hər gün əhatəsi böyüyən tikinti-abadlıq işləri yaxın vaxtlarda daha da genişləndiriləcək. Qısası, Salyan çox az zaman çərçivəsində öz simasını dəyişməlidir. Bunu ölkə Prezidenti İlham Əliyev son dəfə Salyanda olarkən bəyan edib. Salyanı dövrələyən Kür çayının axın istiqamətini dəyişməyi belə qarşılarına məqsəd qoyan rəsmilərin mövqeyi yerli sakinlərin daşqınlar probleminin həllinə hesablanmışdır. Bütün bunlar heç şübhəsiz gələcək yazıların mövzusudur, ancaq Salyan həm də ölkənin çox qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Qədim ənənələri, tarixi yaşadan bu rayon elə indinin özündə də ölkənin mədəni həyatında layiqli yer tutur. Salyanda olarkən rayonun indi başqa qayğılarla yaşadığı bir vaxtda belə bunu bir daha yəqin etdim.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan rayon şöbəsinin müdiri Elçin Hüseynov doğru deyirdi - İndi Salyanda ən "defisit" şey vaxtdır. Mayın əvvəli olduğundan bir sıra çox ciddi tədbirlər hazırlayıb yola vermək asan iş deyil. Qəlbimizin təşnəsi Şuşanın işğal tarixi, 9 may Qələbə bayramı, Ulu Öndər Heydər Əliyevin doğum günü bir-birinin arxasıncadır. "Özün gəzsən yaxşıdır, həm də hər şeyi yerindəcə görərsən"- Elçin müəllimlə elə belə də razılaşırıq.

 

Kitablar ən böyük milli-mənəvi sərvətdir

 

Böyük rus şairi A.S.Puşkin ömrünün son anlarında kitablarına baxıb "Həyatda qazandıqlarıma görə onlara hədsiz minnətdaram" ifadəsi bu mənanı çox gözəl ehtiva edir. Salyanda ilk rəsmi kitabxana - o vaxtların ifadəsi ilə qiraətxana - 1903-cü ildə xalq müəllimləri Mirzə Əziz Babazadə, Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü və zəhmətləri ilə yaradılıb. Zaman ötdükcə böyüyən, müasir tələblərə uyğunlaşdırılan kitabxana 1975-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrilib. 1978-ci ildən isə kitabxana indi yerləşdiyi geniş və rahat binaya köçürülüb.

Kitabxananın direktoru Günaydın Əhmədova ilə də elə kitabxananın oxu zalında görüşdük:

-Bax gördüyünüz bu geniş, işıqlı oxu zalında eyni vaxtda 80 nəfər kitab oxuya, dövrü mətbuatla tanış ola bilər. Nizami Gəncəvinin adını daşıyan bu kitabxananın xidmət şöbəsindəki fondda 50 min nüsxə kitab var. 1 uşaq kitabxanası, 1 gənclər kitabxanası, 5 şəhər kitabxanası, 47 kənd kitabxana filialı bizdə mərkəzləşməklə fəaliyyət göstərir. Lap ucqar kəndlərimizdə belə kitabxanalarımız həmişə insanların xidmətindədir. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "İlin kitabxanası" müsabiqəsində Aşağı Kürkənd kitabxana filialımız "İlin kənd kitabxanası" nominasiyası üzrə qalib oldu.

Ömrünün 15 ilini kitabxana işçisi, son 3 ilini direktor kimi yaşayan Günaydın xanım kitabxanada fəaliyyət göstərən, əsas vəzifələri Amerika Birləşmiş Ştatları haqqında dəqiq məlumat yaymaq, yerli sakinlərlə müxtəlif layihələr üzrə əlaqə yaratmaq, ingilis dilini öyrənmək üçün ofisi müasir texniki vasitələrlə təmin etmək olan Amerika mərkəzi haqqında ürək dolusu danışdı. Əlavə etdi ki, 2007-ci ildən fəaliyyət göstərən bu mərkəzə hər bir oxucu hər an müraciət edə bilər, buradakı materiallardan istifadə də pulsuzdur.

 

Bu yurdun tarixi də qədimdir

 

Böyük ehtimallara görə Azərbaycanda yaşamış, həm də bir sıra ölkələrə yayılmış türkdilli tayfa olan sal tayfası müasir salyanlıların ulu əcdadıdır. Marışlı, Kürsəngi küp qəbirləri, Mahmudabad, Noxudlu yaşayış yerləri bizim eranın ilk minilliklərinə aid edilir. Həmin tarixin birinci minilliyinə isə Birinci Babazanlı yaşayış yeri təsadüf edir. A.Bakıxanovun yazdığına görə hətta 1295-ci ildə Kür çayının mənsəbindəki 2 qol arasında Mahmudabad şəhəri salınmışdır.

 

(Ardı var)

  

 

Səxavət Məmmədli

 

Ədalət.- 2011.- 20-21 may.- S. 7.