ANAR
ALİLİYİ
Bəzi
vaxtlar mətbuat səhifələrində Azərbaycan
Yazıçılar Birliyi haqqında qərəzli münasibətlər
ifadə edən fikirlər nümayiş olunur. Bunlardan biri də
ŞƏRQ qəzetinin 18 aprel sayında yer almışdır. Bu yazı istər
məntiqi, istərsə də əxlaqi cəhətdən tənqid
səviyyəsindən çox aşağı olduğuna
görə mən onun haqqında danışmaq istəməzdim.
Lakin burada təkcə bir quruma, yaxud ədəbi ictimaiyyətə deyil,
ümumiyyətlə insanlığa, vətəndaşlığa
və Azərbaycan ədəbiyyatının nifuzuna olan bədbin
münasibətə biganə qala bilməzdim.
Öncə
qeyd edim ki, insan özünü tanımayanda, özünü
dərk etməyəndə nəinki sözlərində məsuliyyət
hiss etmir, hətta tənqidlə təhqiri səhv salır!
Yuxarıda göstərilən qəzetdə
çıxış edən şəxsin cümlələrinin
bir neçə məqamına diqqət yetirək.
-
"Anarın indi istirahət edən ahıl
dövrüdür".
-
"Onların fəaliyyətinə ictimai
avaraçılıq deyilir".
-
"Avropanın əksər ölkələrində belə
qurumlar yoxdur, varsda eqzotika xatirinə saxlanılır".
- "Mənasız
bir-iki qəzet jurnal
buraxırlar".
Mən
həm vətəndaş, həm də elmi-ədəbi fəaliyyətlə
məşğul olan insan kimi deyə bilərəm ki,
sağlam şüurla ziddiyyət təşkil edən bu sərsəm
fikirlər imkanlarından böyük iddialarda bulunan şəxsin
məhrumiyyətə məhkum olan subyektiv ambisiyasının
təzahürüdür. Belə insanlar sözün əsl mənasında
yazıq məxluqlardır. Çünki, belə şəxslər
özünü nümayiş məqsədilə özü də
bilmədən özünü biabır edir.
Qeyd
edim ki, burada ən vacib bir məqam Anarın simasına belə
münasibət məni çox narahat edir və təəssüfləndirir.
Əlbətdə Anar haqqında hamı Nizami Cəfərov
kimi düşüncəyə və qiymətləndirici
idraka sahib ola bilməz. Belə ki, qiymətləndirməyin
özü son dərəcə qiymətli olmaq tələb
edir. Hər kəs hər hansı bir obyektə öz səviyyəsi,
öz təsəvvürləri miqdarında münasibət
göstərir. Anar aliliyi ahıllıqda daha müdrikdir və
deməli daha gərəklidir. Şəxsən mən qədirqan
münasibətlə bildirirəm ki, Anar türk dünyası
və hazırkı dünya şəxsiyyətləri
sırasında xalqımızın başını ucaldan ədib
olmaqla yanaşı, həm də nəcib
xeyirxahlığı ilə insanlara öz ləyaqətinə
görə dəstək olmağı bacaran insandır. Mən
özüm buna əyani nümunəyəm. Anar heç mənim
valideyinlərimi də tanımır. Lakin bir gəncə dəstək
olaraq dəfələrlə ali qurumlara rəsmi müraciət
etməklə mənə mənəvi dəstək olub və
əhəmiyyətli köməklik göstərib.
Tarixən
öz subyektiv baxışlarını ictimai hadisə kimi nəzərə
çarpdırmaq istəyən, "Onların fəaliyyətinə
ictimai avaraçılıq deyilir" təhqirindən
çəkinməyən insanların çoxluq təşkil
etdiyi cəmiyyətlər tənəzzül edib. Əslində
öz ziyalısının nüfuzuna hörmətlə
yanaşmaq, onu qorumaq cəmiyyətin ən ciddi məsuliyyətidir.
Ona görə də münasibət bildirdiyim mövzulara
qarşı ictimai qınaq olmalıdır. Bir də
"Avropanın əksər ölkələrində belə
qurumlar yoxdur, varsa da, eqzotika xatirinə saxlanılır"
deyən şəxs və bu kimiləri yaxşı bilməlidir
ki, Avropa cəmiyyətlərində insanlar nəinki
xalqının ictimai-siyasi şüurunda önəmli təsirə
malik olan böyük əsərlər sahibi görkəmli
yazıçısını, hətta bir-iki cizmaqarası olan
kilsə keşişini belə filosof adlandırıb ona
ehtiram göstərirlər. Bəs biz necə? Zaman-zaman
acımadan itirdiyimiz, itgisinə biganə
qaldığımız fenomenləşmiş görkəmli
şəxsiyyətlərimizi layiq olduğu səviyyədə
dəyərləndirə
bilmişikmi? Avropa xalqları ona görə inkişaf edibdir
ki, öz fikir adamlarına qədirqan olub! Məsələn,
ağıllı alman xalqı İ.Kant, F.Hegel və s.
nümayəndələrini vaxtında layiq olduqlarından da üstün dərəcədə
qiymətləndirməyi bacarıblar və ona görə də
özünü dünyaya təqdim etməyə nail olub.
Burada
vacib bir gerçəkliyi qeyd etməyi zəruri hesab edirəm.
Biz unutmamalıyıq ki, hər bir xalqın insan kimi spesfik psixologiyası və
xarakteri vardır. Ədəbiyyat bizim xalqımızın
obyektiv taleyidir. Və dərk etməliyik ki, Azərbaycanda siyasi institutlaşma ədəbi
publisistika ilə formalaşmışdır və bu zəminlə
də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan
Xalq Cumhuriyyəti qurulmuşdur. Həmçinin, 1991-ci ildən
etibarən müstəqil dövlətçiliyimizin ideoloji əsasları
milli-mənəvi dəyərlərimiz olmuşdur və bu dəyərlər
ictimai şüura ədəbiyyatla
çatdırılmışdır. Bu istiqamətdə
Anarın əsərləri əvəzedilməz xəzinədir.
Xüsusilə Xalqımızın ədəbi abidəsi olan
"Kitabi-Dədə Qorqud" haqqında hələ Sovetlər
dönəmində yazmaq, danışmaq ciddi cəsarət və
milli qeyrət tələb edirdi. Məhz, Anar buna malik
olduğunu sübut edərək sadəcə ədəbi əsər
yazmamışdır, o, “Milli Dövlət”
ideyalarının elementlərini
reallaşdırmışdır. Buna görə də bu
gün ümumxalq səviyyəsində
ali nüfuz sahibidir.
Anarın
və digər bir çox ləyaqətli ədiblərin
simasında Azərbaycan
Yazıçılar Birliyi xalqın ədəbi-mədəni
ocağıdır və bu ocağın şərəfini uca
tutmağı, qorumağı hər bir vətəndaş
özünün borcu bilməlidir.
Ruşan RUŞANZADƏ
Ədalət.- 2011.- 4 may.- S. 6.