GÖZ
OXŞAYIB, KÖNÜL AÇAN TOVUZ
Azərbaycanın bu dilbər
guşəsində saz-sözlə yanaşı, iqtisadi
inkişaf da ruhu oxşayır
(əvvəli
ötən sayımızda)
Bu
gün Tovuzda hər bir kəs öz həyətyanı təsərrüfatı
ilə yanaşı, həm də mövcud qurumlarda, eləcə
də sahibkarlara məxsus təsərrüfatlarda da
çalışmaqla həm özlərini, həm də
rayonun iqtisadi gücünün artırılmasına köməklik
göstərirlər.
Təbii
ki, insanlara dövlət dəstəyi, dövlət
qayğısı olanda, onlar öz işlərini bir az da
ürəklə görür və son nəticənin
uğurlu olacağına daha çox inanırlar. Həmin
inamın artırılmasında Sahibkarlığa Kömək
Milli Fondunun dəstəyi də xüsusi qeyd edilməlidir. Azərbaycan
prezidenti İlham Əliyev cənabları bu ilin aprel
ayının 12-də Nazirlər Kabinetinin 2011-ci ilin I
rübünün sosial-iqtisadi inkişafına həsr
olunmuş iclasında bildirmişdi ki, "ölkədə
aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial
proqramlar bizə çox böyük imkanlar verir. Bütün
regionların sosial-iqtisadi inkişaf proqramı uğurla
inkişaf etdirilir. Bu ilin I rübündə nəzərdə
tutulmuş investisiya layihələri vaxtında həllini
tapıb. Birinci 3
ayda regionlarda təxminən 17 min yeni iş yeri açılmışdır,
bu proses davam edir".
Bəli,
bu gün Tovuzda da həyatın bütün sahələri Azərbaycan
prezidentinin dediyi kimi, yüksələn xətt üzrə
inkişafdadır. Bu inkişafın göstəricilərini
ayrı-ayrı sahələr üzrə nəzərdən
keçirərkən kənd təsərrüfatı ilə
yanaşı, tikinti, səhiyyə, təhsil və digər
sahələrin də uğurlarını görməmək
mümkün deyil.
Tikinti meydanları
Bu
gün Tovuzda tikinti-abadlıq işləri də böyük
sürətlə aparılır. Demək olar ki, rayonun elə
bir kəndi, qəsəbəsi, məhəlləsi yoxdur ki,
orada təmir-tikinti, abadlıq işləri görülməsin.
Təbii ki, bunlar da xüsusi proqrama uyğun olaraq həyata
keçirilir. Məhz həmin proqramın tərkib hissəsi
kimi ötən il rayonda tutumu 2000 ton olan soyuducu və tutumu 10
min ton olan taxıl anbarı tikilib istifadəyə
verilmişdi. Həmçinin rayonun Qaraxanlı kəndində
15 min başlıq quşçuluq binası, Xatınlı kəndində
50 tonluq soyuducu, 80 çarpayılıq rayon mərkəzi xəstəxanasının
Axınça çayı üzərində avtomobil
körpüsünün və digər obyektlərin də
tikintisi sürətlə davam etdirilir.
Onu
da qeyd etmək lazımdır ki, Tovuz rayonunun bir neçə
kəndi düşmənlə sərhəd bölgəsində
yerləşir. Ona görə də cəbhə xəttində
olan bu yerlərə xüsusi diqqət yetirmək, buranın
strateji əhəmiyyətini dəyərləndirmək
xüsusilə vacibdir. Məhz bu səbəbdən rayon rəhbərliyinin
əsas məqsədi də Qoşa və Qaralar kəndləri
arasındakı 194 km yolun bərpası, həmçinin həmin
ərazidə 3 avtomobil körpüsünün tikintisi və
9-nun əsaslı təmirini də başa
çatdırmaqdı. Ümumiyyətlə, bu gün Tovuzun və
bütövlükdə bu bölgənin həyatında əhəmiyyətli
rol oynayan yol tikintisi xüsusi diqqət mərkəzindədir.
Elə 2009-cu ilin oktyabr ayının 7-də Azərbaycan
prezidentinin "Tovuz rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında" sərəncamı ilə rayonun
inkişafı üçün müəyyən əlavə
vəsaitlər ayrılmış və bunun sayəsində də
böyük işlər görülmüş və
görülməkdədir. Elə Tovuz-Qovlaq-Ağbaşlar, həmçinin
Tovuz-Böyük Qışlaq-Qaralar yollarının yenidən
qurulması dediklərimizi sübut edir.
Bu il
Tovuz şəhərinin yaranmasının 65 yaşı tamam
olur. Artıq Tovuz şəhərinin giriş
qapısının tikintisi tamamlanmış və şəhərdə
yenilikləri əks etdirən kifayət qədər işlər
görülmüşdür.
Təhsil, səhiyyə, sosial həyat
Bu
gün Tovuzda elektrik enerjisi, qaz, su təchizatı məsələsi
demək olar ki, hər an diqqətdə saxlanılan məsələlər
sırasındadır. Elə bu səbəbdəndir ki, əhali
elektrik enerjisi ilə fasiləsiz təmin olunur. O ki, qaldı
qaz, su məsələlərinə, bununla rayon icra
başçısı yanında yaradılmış
xüsusi qərargah məşğul olur. Nəticədə
mövcud problemlərin aradan qaldırılması işi də
sürətlənibdir. Hazırda rayonda əhalinin müəyyən
təbəqəsinə, yəni 2600 ailəyə ayda 2060 min
manatdan çox ünvanlı sosial yardım verilir.
Təhsil
sistemi də Tovuz rayonunda bütün dönəmlərdə
diqqəti çəkən sahə olmuşdu. Bu gün də
belədi. Artıq rayonda xeyli sayda məktəb binaları
tikilmiş, təmir edilmiş, onların böyük əksəriyyəti
də kompüterləşdirilmişdir. Demək olar ki, indi
rayonda hər 29 şagirdə bir kompüter düşür.
Artıq rayonda 7 məktəb mərkəzləşmiş
internet şəbəkəsinə qoşulmuşdur. Ötən
dərs ilinin yekunlarına görə, ali məktəblərə
qəbul olunan tovuzluların sayı 5 faiz artmışdır.
600-dən yuxarı bal toplayanların sayı 2 dəfə,
500-dən yuxarı bal toplayanların sayı isə daha
çox artmışdı. Bu da rayonda təhsilə göstərilən
qayğının bariz nümunəsidir. O ki, qaldı səhiyyəyə,
bu istiqamətdə də köklü işlər
görülür. Yararsız xəstəxana binaları yeniləri
ilə əvəzlənir, əsaslı təmir işləri
aparılır, müasir avadanlıqlarla təmin edilir. Yəni
Tovuzda sağlamlığa demək olar ki, həm respublika səviyyəsində,
həm də rayon səviyyəsində diqqət göstərilir.
Bu ilin yanvar ayının 9-da Azərbaycan prezidentinin şəxsi
təşəbbüsü ilə burada Olimpiya İdman
Kompleksi istifadəyə verilmişdir. Bu da gənclərin
idmana olan marağını təmin etmək istiqamətində
atılan ən uğurlu addımlardan biridir.
Bəli,
bu gün Tovuz inkişaf edir, yeniləşir, abadlaşır,
burada işsizliyin aradan qaldırılması üçün
zəruri tədbirlər həyata keçirilir. Sözə, sənətə,
mədəniyyətə xüsusi diqqətlə
yanaşılır. Azərbaycan prezidenti İlham Əliyev cənablarının
dediyi kimi, "bu gün hər bir bölgədə inkişaf
var. Ən önəmlisi ondan ibarətdir ki, bu inkişaf
davamlıdır".
O
davamlı inkişafı və müstəqilliyimizin real təntənəsinin
bariz nümunəsini Tovuza yolu düşən hər kəs
öz gözləri ilə görə bilər.
Ceyhun Rüstəmov
Ədalət.- 2011.- 4 may.- S. 7.