Qarabağdan gəlir bu səs

 

Həzin bir səs gəlir qulağıma. Əsrlərin o tayından adlayaraq dalğa-dalğa ləpələrlə, həzin-həzin nəğmələrlə pıçıldaşıb, Qarabağdan gələn səsdir bu səs. Gizli-gizli sevənlərin ürəyindən axıb gələrək, öz dərdini ələm-nəşəsini bütün aləmə car çəkməyə, bəyan etməyə utanır sanki, bu səs...

Bir səs gəlir qulağıma. Bu səs Qarabağın hüdudlarını aşaraq qarla, çovğunla, əsən yellərlə dilləşə-dilləşə ərmağan aparır Bəhrəmli yurdlarına. Bu səs öz yükünü həsrətlə elə tutmuşdu ki, ah-nalə, fəğan baş-başa verib dərdləşirlər elə bil ki, bu səsin sehri-məhəbbətində.

Görəsən, kimdir bu səsin sahibi? Azıb öz qatarından ayrılan durnanın ah-naləsini, qəlbinin dərinlikləri ilə, ürək ağrısı ilə oxuyan bu səsin sahibi Məmməd Şahmalı Qaraca oğlu Balakişiyevdir.

Bu səs Cabbar yanğısı, Seygah İslam hönkürtüsü, Xan Şuşinskinin "Qarabağ şikəstəsi"nin ah-naləsini, əzəmət və vüqarını Şuşaya, onun əlçatmaz, ünyetməz Qırxqızına, Kirsinə, Sanbabasına çatdırmağa tələsir. Nədir bu səsin ürəklərə od salan bir parça çınqısı, yanğısı, görəsən, ilahi?

Bu səsdə kövrəklik, həzinlik, mübarizlik var. Bu səs Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Xocavənd, Cəbrayıl, Zəngilan, Ağdərə, Xocalı və ən nəhayət Bəhrəmli yurdlarının dərdlərini yarasına məlhəm qoyan ilahi bir qüvvəni xatırladır.

Yanıqlı, hayqırtılı olan bu səsdə Qarabağ, Vətən yanğısı yuva qurmuşdur özünə. Bu yanğılı səs düz iyirmi üç ildir ki, susur. Nə pıçıldaşan güllə, bülbüllə baş-başa verir, nə də ki, daxildə yanıb qovrulan həsrətlə çiyin-çiyinə addımlayır. Düz iyirmi üç ildir ki, bu səs lal axan çayı xatırladır, həsrət yükü ilə çiyin-çiyinə addımlayaraq, heç kimlə danışmaq istəmir bu səs. Onun həsrətini çəkən insanlar neçə illərdir ki, bu səsin vaxtı ilə vurduğu zəngulələrin yolunu gözləyirlər. Vətəndə vətənsiz qalan səs isə hələ də susmağında davam edir. Bu sehirli səs ürəkdə zəncirlənib, dar bir qəfəsə salınıb elə bil ki... Vətənsiz, yurdsuz övladlarının ruhunu, qəlbini oxşamağı özünə tamamilə yasaq edib.

Çox təkidlərdən sonra bu səs azad bir quşa dönərək Qarabağa doğru pərvazlanıb uçmaq eşqi ilə çırpınaraq, zəncirlərini parça-parça edərək məhbəs həyatından çıxmağa qərar verdi.

1950-ci illərin əvvəlləri idi. Məkrli, ikiüzlü, yaltaq simalı ermənilər Xocavənd rayonunda azərbaycanlılar yaşayan kəndləri məhv etmək üçün bütün vasitələrdən istifadə edirdilər. Beləliklə də, Xocavənd rayonun Bəhrəmli kəndinin camaatını pərəm-pərəm salaraq qədim yerlərimizi talan-qarət edib, ulu keçmiş tarixi qaynaqlara söykənən Bəhrəmli yurdunu da xarabazara çevirdilər. Bəhrəmli camaatının bir hissəsi Əmirarılar, Muğanlı kəndlərinə, bir hissəsi isə başqa-başqa rayonlara üst tutub birdəfəlik getdilər.

Qaradağlı, Vərəndəli, Xanlıq, Xocavənd, Hacıkərimli, Xonaşen, Avdalılar, Əmiralılar, Bəhrəmli, Xanımalılar, Cabbarbəy kəndi, Nərgiztəpə, Qaraçux, Muğanlı kimi tarixi yerlərimizi ermənilər min bir hiylə ilə yer üzündən silməyə çalışdılar və məqsədlərinə də nail oldular.

1950-ci ildə viranə qalmış Bəhrəmli kəndinin ərazisində "Dədə Qorqud" dastanının qəhrəmanlarından biri olan Qaraca çobanın qoyun sürülərinin arxac yerləri bu günümüzə kimi qalmaqdadır ehtimallarını irəli sürənlər yəqin ki, yanılmırlar. Bəhrəmlilər Qaraca adını əziz bir xatirə kimi qəlblərində hələ də yaşadırlar. Respublika Radio və Televiziya Şirkətinin sabiq əməkdaşı, Məmməd müəllimin qardaşı Bəxtiyar Qaraca da Qaraca adını öz adı ilə qoşa yaşatmaqda keçmişimizi yaşadır bu gün.

Bəhrəmli kəndində XII-XIII əsrlərə aid qəbirüstü yazılar, başdaşları və günbəzlər 1990-cı ilə qədər qalmaqda idi.

1950-ci ildə Bəhrəmli kəndi xarabazara çevrildikdən sonra Şahmalı Qaraca kişi də Əmiralılar kəndinə köçməyə məcbur oldu. Bəhrəmli kəndinin el ağsaqqalı, seçilib-sayılan olan bu kişi 5 oğul, 4 qız böyütmüş və ali təhsil vermişdir.

Yurd itkisi ağır olar, yurd itirən dərd tapar, yurda həsrət qalan ağlar qalar, yurda dönməmək ölümə bərabərdir kəlamları günümüzün reallıqları ilə həmahəng səslənir.

1952-ci il avqust ayının 27-də Şahmalı Qaracanın ocağında bir uşaq dünyaya göz açdı. Bu uşağın adını Məmməd qoydular. Kiçik yaşlarından Məmməddə olan həzin, məlahətli səs hamının diqqətini cəlb edirdi. Təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən, Əmiralılar kəndində böyüyən bu uşaq dünyaya açıq gözlə baxır, ağsaqqallardan, ata və anasından xaraba qalmış Bəhrəmli kəndi haqqında çox eşitmişdi. Bu yurd itkisi ilə barışmayıb dərələrə, dağlara ün salan bu gənci- Məmməd Balakişiyevi həmişə bir sual düşündürürdü: "Görəsən ermənilər Bəhrəmlini niyə dağıdıblar?" Bu hisslərlə də Bəhrəmli obası haqqında materiallar toplayır, qəzet səhifələrində bu kəndin tarixini yaşatmağa çalışırdı.

Yeniyetmə Məmmədin səsində həsrət notları ilə yüklənmiş bir ah, bir fəğan, bir fəryad hamı tərəfindən hiss olunurdu.

Məmməd müəllimin uzun illər çəkdiyi yurd həsrəti 2001-ci ildə "Bəhrəmlidə nəyim qaldı?" kitabının ərsəyə gəlməsinə səbəb oldu. Kitabda keçmişimizi xatırladan, kövrək hisslərlə köklənən məqamlar çoxdur.

"...Camaat yaylaqdan yavaş-yavaş arana enirdi. Havalar artıq soyumuşdu. Hacı Bəhrəmin köçü "Yeddi dolama" deyilən yerin ayağına düşmüşdü. O, Avşı yanına çağırıb dedi:

- Uşaqlara deynən ehtiyatlı olsunlar. Bu Qaladərəsinin ermənilərindən ağlım bir şey kəsmir. Bu köpək uşağı bir dəfə də bizimlə atışıb Yetim Ələmşahla Tapdığı öldürdülər. Bunlar həmişə el dağdan qayıdanda pusqu qurub camaatın mal dövlətini dağıdırlar. İstəyirəm Sultan bəyə adam göndərəm, bir neçə cavan göndərib bizi buradan arana köçürsünlər. Heydər Balakişini göndər Sultan bəyin yanına, mənim sifarışımi ona çatdırsın".

"Hacı Bəhrəmli evdən xeyli aralı döşək qoydurub uzanmış, qəlyanına dən verirdi. Obanın ağsaqqalları da yavaş-yavaş onun yanına yığılırdı. Qara (Məmməd müəllimin böyük əmisidir) gəlib bir qıraqda dayandı.

-Sənə baban qurban, bir "Kəsmə şikəstə" ya da ki, "Pir təpəsi"ndə oxuduğun, onun adı nə idi? - deyə Hacı soruşdu.

- Baba ona "Qarabağ şikəstəsi" deyirlər.

- Hə, ay qadam alım, elə onu deyirəm.

Qara gözlərini "Gəlin qayası" tərəfə çevirib yanıqlı bir səslə oxumağa başladı. Hamının üstünə elə bil su ələnmişdi.

Hacı Bəhrəm Qaranı qucaqlayıb dedi: - Mən öləndə Bəhrəmlidə dəfn edərsiniz. Özü də dəfndə Qara oxusun. Elə oxusun ki, onun səsini eşidə bilim...

Qarabağ xanı İbrahimxəlil xanın zövcələrindən biri də Bəhrəmli kəndindən olan Xədicə xanım Şəmşədlinski olmuşdur. Şeyx Əli bəy Bəhrəmli kənd sakini tatar qızı Xədicə xanım Şəmşədlinskinin oğludur. Xocavənd rayonunun ərazisi Xədicə xanımın oğlu Əli bəyin olmuşdur.

Məmməd Şaxmalı Qaraca oğlu Balakişiyev uşaqlıqdan meylini şeirə, sənətə, musiqiyə salmış, mahnı, muğam və təsniflərimizi özünə məhsus tam, mükəmməl öyrənmiş, bir çox Qarabağ toylarına dəvət olunmuş, ağır yığnaqlı toy məclislərində məlahətli səsi ilə məclis əhlini sehrliyə bilmişdi.

Məmməd müəllim orta məktəbi bitirdikdən sonra, 1971-ci ildə azərbaycan Kənd Təsərrüfatı akademiyasına daxil olur, sonra isə Akademiyada müəllim kimi qalıb işləyir. Moskvada aspiranturanı qurtarıb, elmlər namizədi elmi adını alır. 80-nə yaxın elmi əsərin müəllifidir. Hazırda doktorluq dissertasiyasını başa vurub, Ali Atestasiya Komissiyasına təhvil vermişdir.

1972-ci ildə Gəncədə keçirilən "Muğam-72" festivalının qalibi olur. Münsiflər heyətinin üzvləri Şəmsi Bədəlbəyli, tarzən Xosrov Fərəcov və Bağman Rəhimov Məmməd müəllimin oxuduğu muğam və mahnılara yüksək qiymət verirlər. 75 nəfər iştirakçıdan yekun konsertinə Məmməd Balakişiyev, Aydın Niftəlioğlu və İsrafil Məmməd oğlu qalır. 1973-cü ildə "Oxu tar" muğam festivalının laureatı olur, 1974-cü ildə isə Respublika televiziya festivalının II dərəcəli diplomuna layiq görülür. Bu münasibətlə İlham Rəhimlinin imzası ilə "İstedadlar aşkar edilir" yazısında Sabir Quliyev, Zenfira Qafarova, Arif Mirzəyev, Məmməd Balakişiyevin gözəl səsləri, yüksək ifaçılıq qabiliyyətləri olduğu xüsusi ilə qeyd olunur.

Məmməd müəllim keçmiş xatirələrini çözələyir, kövrələ- kövrələ deyir:

- 1976-cı ildə Bakıda flarmoniyada attestasiya keçirildi. Attestasiya komissiyasının sədri, rəhmətlik Xan Şuşinski rəhmətlik Şövkət xanım Ələkbərova idi.

Xan əmi dedi ki, hər xanəndə bir dəstgahı mikrofonsuz oxuyacaq. Yaqub Məmmədov "Mirzə-Hüseyn" segahını, Şahmalı Kürdoğlu "Rast"ı, mən isə "Şahnaz"ı oxudum. Xan əmi məni yanına çağırıb dedi ki, gözəl səsin var. Əfsuslar olsun ki, əcəl xan əmiyə macal vermədi. Qarabağ hadisələri başlayan gündən əlimə qabal ğötürüb oxumamışam. Ancaq vaxtı ilə oxuduğum "Mənsuriyyə" "Qarabağ şikəstəsi"nə görə mükafatlar almışam.

- Hazırda musiqi sənətinin inkişafını necə görürsünüz?

- Bilirsiniz, vaxt var idi ki, mahnı muğamlarda xanəndələr hər bir sözün, hər bir ritmin üstündə əsim-əsim əsərdi. İndi var ki, kim necə istəyirsə, eləcə oxuyur. Bu bağışlanılası hal deyil. Xanəndənin səsi, çalğıçının çaldığı gərək yerli-yerində olsun. Keçmiş ənənələri məhv etmək yox, yaşatmaq lazımdır.

Məmməd müəllim Qarabağ yaralarına məlhəm olmaq, dərd yükündən qismən yüngülləşmək, başımıza açılan müsibətləri öz səsi ilə kürreyi-ərzə çatdırmaq məqsədi ilə oxumaq qərarını verib.

1998-ci ildə "Gənclik" qəzetinə verdiyi müsahibələrdə demişdir: -Qarabağ ağrısı, dərdi ürəyimin şah damarını zəhərləyən bir mikrobu xatırladır. Tez-tez Qarabağa baş çəkir, viranə qalmış yurd yerlərimizə tərəf yana-yana baxıram. Bax onda səsim cövlana qalxıb, haray salıb, elləri köməyə çağırmaq istəyir.

Bizim Bəhrəmli kəndi Yuxarı Qarabağda tarixi baxımdan ən qədim yurd yerimiz idi. Bunu düşmənlərimiz yaxşı bilirdilər. Bəhrəmlinin tarixi Şah Abbas dövrünə qədər gedib çıxırdı.

Ömür vəfa edəydi Şuşanın "Ərimgəldi" qayasının başına çıxaydım. Elə oxuyaydım ki, səsim bütün Qarabağa yayılaydı. Mən əsasən "Çahargah" muğamı üstündə köklənmişəm. Dərdlənəndə isə "Zəminxarə"ni özüm üçün zümzümə edirəm. "Zəminxarə" Qarabağ dərdlərinin kədərli, ağrılı notları vardır.

Biz Bəhrəmliyə qayıdacağıq. Qaraca çobanın ruhu bizi o yerlərə haraylayır.

Ümumiyyətlə, səs bizə nəsildən-nəsilə irsən keçib gəlmişdi. Əmim Qaranın, rəhmətlik atamımda yaxşı səsi var idi.

Dərd üstə dərd gələndə yaman ağır olur, - deyirlər. Məmməd müəllimin qardaşı, Moskva Dövlət Universitetinin məzunu Familətin ölümü bu ailəyə yeni bir dərd verdi. Bu dərdə dözə bilməyən Şahmalı Qaraca kişi dünyasını dəyişdi.

Məmməd müəllimin püxtələşmiş bir xanəndə kimi yetişməsində sözlü-söhbətli, sinəsi el bayatıları deyimləri ilə dolu olan Qumru ananın da rolu az olmayıb. Qumru ana əslən Əfşarlar nəslindəndir. (Qumru ana 2010-cu ilin oktyabırın 18-də dünyasını dəyişib).

Məmməd müəllimin qardaşı Famil uzun illər Əmiralılar kəndində kolxoz sədri işləyib. Bir qardaşı Çərkəz isə Xocavənd rayonunda işləyir. Əsilli, nəcabətli, soylu-köklü olan Məmməd müəllim eyni zamanda xeyirxah əməl sahibi kimi Qarabağda tanınır. Yaradıcı bir ziyalı, yurd həsrəti el təəssübü çəkən Məmməd müəllimə yeni-yeni yaradıcılıq uğurları doğma Qarabağa tezliklə qovuşmasını arzulayırıq.

  

 

Qasım QIRXQIZLI

 

Ədalət.- 2011.- 25 may.- S. 6.