AZƏRBAYCAN İSVEÇRƏSİ - DOĞMA BALAKƏN...

 

(əvvəli ötən sayımızda)

 

Beləliklə, bəzi mühüm faktları oxucuların diqqətinə çatdıraq. Artıq indi etiraf olunur ki, Balakən həqiqətən əsl turizm bölgəsidir. Cənubdan tuqay meşələri, şimaldan dağlar, meşə zolaqları, rayonun ərazisindən axan dağ çayları, qışı quraq keçən mülayim iqlimi, antik abidələrlə zənginliyi Balakənə turizm zonası statusunu qazandırır. Şəhərin mərkəzində 24 hektarlıq ərazidə xüsusi layihə ilə salınmış Heydər parkındakı 53 metr hündürlükdə olan 1200 metrlik kanat yolu saatda 206 nəfərə xidmət göstərə bilir. Kanat yolu Dövlət Neft Şirkətinin vəsaiti hesabına 1,5 milyon manata tikilib və avadanlıqlar Avstriyadan gətirilib, inşası türkiyəli mütəxəssislər tərəfindən aparılır.

Bölgənin təbii imkanları yaxın gələcəkdə turizmin bütün növlərinin, eləcə də deltaplan, atçılıq, alpinizm, dağ xizəyini inkişaf etdirməyə imkan verir.

Rayonun meşələrində vələs, qızılağac, qoz, cökə, palıd, fıstıq, şabalıd, akasiya ağacları, moruq, böyürtkən, itburnu, əzgil, yemişan, göyəm, çaytikanı, çobanyastığı, kəklikotu, andız, biyan, zirinc, qaragilə, jenşen, baldırğan və başqa bitkilər də vardır.

Ən hündür dağ zirvələri Saqaltar, Buton və ən iri aşırımlar Qubek, Tinaroso və ən hündür şəlalə - Katex şəlaləsi də Balakən ərazisindədir.

Balakənin tarixi kimi adət-ənənələri də çox qədimdir.

 

Antik abidələr diqqət mərkəzində

 

Qədim və zəngin tarixə malik Balakən rayonunda yüzə yaxın tarixi və mədəniyyət abidələri, heykəl və büstlər vardır. Bunlardan 9-u ölkə əhəmiyyətli, qalanları isə yerli əhəmiyyətlidir. Rayonda mövcud olan Alban kilsəsi, atəşpərəst məbədi, Sasani hökmdarı I Qubad və Xosrov Əlişirəvan tərəfindən inşa olunan eni 2 metrə çatan Böyük Səddin qalıqları, həmçinin Hun keçidi, Azərbaycanda ən hündür minarəli məscid, dörd tərəfində təbii bulaq qaynayan Nur kilsə, dağlardan saxsı tinglərlə çəkilmiş su xətti, "Gülqala", Alazan çayı sahilində Darvaz məbədi, Arılıqbinə məbədi, Cicixana atəşpərəst məbədi, Pəri qalası, Qubek qayası və s. turistlərin böyük marağına səbəb olmaqdadır. Bundan başqa, hündür dağ şəlaləsi, Katex şəlaləsi və ondan 7 kilometr yuxarıda Məkləkan dağında "Şəhərgah", küp qəbirləri, yeraltı su anbarları və s. abidələr Balakənin qədim keçmişindən xəbər verir.

Rayon mədəniyyət və turizm şöbəsi tərəfindən turistlərin abidələrə və rayonun görməli yerlərinə səyahətini təşkil etmək üçün Turizm Portalı, 14 turist marşrutu müəyyənləşdirilmiş, marşrutlar üzrə ekskursiya mətnlərinin hazırlanması, mədəni xidmət üçün tədqiqatçı və bələdçi qrupları yaradılmışdır.

 

Bütün bunlar - Balakənin qürur mənbəyi

 

2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı tədbirlər planı tutulmuş, turizmin inkişaf planı hazırlanmışdır. Hazırda rayonda dördulduzlu "Qubek" oteli, "Balakən" mehmanxanası, "Katex", "Fantan", "Sahil", "Görüş", "Şabalıdlıq", "Üçmərtəbə", "Sərinlik" və başqa istirahət mərkəzlərində turistlərə xidmət işini yaxşı qurmaq üçün xeyli abadlıq işləri görülmüş, "Katex" və "Görüş" istirahət mərkəzlərində 16 nəfərlik lüks nömrələr, banket zalları hazırlanmış, kölgəlik və kabinələrin sayı artırılmışdır.

Keçən il rayona 7 min nəfərdən artıq turist gəlmiş və onlara yüksək mədəni xidmət göstərilmişdir. Yay aylarında rayona gələn qonaq və turistlərə mədəni xidmət göstərmək, onların mənalı istirahətini təmin etmək üçün Heydər Əliyev parkında həftədə ən azı üç dəfə rəngarəng konsert proqramları təşkil olunmuşdur. "Qubek" oteli və çoxlu sayda istirahət mərkəzlərində yaradılan gözəl şərait bu il rayona gələn turistləri özünə daha çox cəlb edəcəkdir.

  

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 25 may.- S. 7.