"NƏ QƏDƏR HƏYAT VAR, ŞEİR DƏ VARDIR"

 

Elşad Ərşadoğlu 1986-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. İlk günlərdən taleyinə Qarabağ dərdi yazılıb. Məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. Uşaqlığını bu kənddə keçirib. İlk təhsilini də bu kənddə alıb. İyirmi ilə yaxındır ki, Qarabağ dərdi ilə yaşayır. Bu dərdlə də yaradıcılığa başlayıb. İlk şeiri 2002-ci ildə "İnam yolu" qəzetində çap olunub. İlk şeirlər kitabı "Yarsan mənim ürəyimi.." 2007-ci ildə işıq üzü görüb. "Kələfin ucu" adlı ikinci şeirlər kitabı isə 2010-cu ildə çap edilib. Deyəcəyim ilk söz odur ki, özünəməxsus obrazlı dili, yaraşıqlı üslubu olan bu gənc şairin poeziyasında müsbət idealın (lirik "Mən"inin) özünü təsdiq etmək, önə çıxmaq cəhdlərinin daha cəsarətli, daha inamlı və fəal görünməsi əlbəttə ki, xoş təəssürat və rəğbət doğurur.

Elşadın əksər şeirlərində lirik qəhrəmanın oyatdığı əks-sədadan da aydın olur ki, kamil insana xas olan daxili narahatçılıqlar, həyəcan və səksəkələr, hətta bəzi məqamlarda üzə çıxan təklik və tənhalıqdan yaranan duyğular, eləcə də tədricən azalmaq, başqalaşmaq qorxusu törədən inam, ümid, vəfa, sədaqət kimi pak, etibarlı hisslər oxucunu, cəmiyyətin daxilən həyəcanlı, narahat və təlatümlü psixologiyası haqda düşünməyə vadar edir:

 

İnsanlarla dil tapmıram,

Getməyə düz yol tapmıram,

İtimizə yal tapmıram,

İnsanın yaltaq vaxtında.

 

Poetik axtarışlarına ara verməyən, müşahidələrində və məsuliyyətində davamlı olan bu gənc şairin mərhələ-mərhələ mövcud həyatın arzular, istəklər, xəyallar dünyasına, duyğu və düşüncələr aləminə belə inamlı, cəsarətli poetik səyahəti, ən azı yeni insan axtarışları xatirinə rəğbətlə qarşılanmalıdır. Bəzən təkrar, adi, sadə, hətta məlum məsələ kimi görünən, əslində isə son dərəcə çətin, ciddi, məsuliyyətli, bir qədər də təhlükəli olan belə yaradıcılıq yolu gənc sənətkar xəyalının birbaşa irəliyə, daha dərinlərə və uzaqlara, dibi, sonu görünməyən mənəvi-əxlaqi kamillik aləminə, ruhlar, arzular, xəyallar və talelər məkanına inamlı uçuşu ilə bağlıdır. Bədii yaradıcılıq prosesində bəzən tələsmə və gecikmə məqamları olsa da, fakt odur ki, belə yeni axtarış, poetik məşq yollarında, müasir psixologiyanın karlı islahata ehtiyacı olduğu bir vaxtda mənəvi-əxlaqi kamilliyin qorunmasına yönələn hər bir təzə şeirə şübhəsiz ki, zəruri ehtiyac var.

Elşad özünəməxsus bənzərsiz poetik üsluba malikdir. Yüksək obrazlılıqla, aydın, səlis poetik dillə idarə olunan, Azərbaycan şeirinin bir sıra şəkillərindən bəhrələnən bu üslub, müasir şeirin təzə nümunələrini yaratmaqla, onun daima inkişafda, yeniləşmə, cavanlaşma prosesində olduğunu nümayiş etdirir:

 

Hər sarıdan gözüm-könlüm toxuydu,

Ömrüm-günüm sanki şirin yuxuydu.

Bu dünyaya gəlmək fikrim yoxuydu,

O dünyanın acığına gəlmişəm.

 

Elşadın şeirlərini oxuduqca hiss edirsən ki, artıq poeziyada sosial ədalətsizliyin; hiylə, yalan, xüsusilə də rüşvətin torundan qurtarmaq istəyən yeni insan hisslərinin; arzu, xəyal, duyğu və düşüncələrinin şeirləşməsinin, nəzmə çəkilməsinin dövrü yetişmək üzrədir. Belə ki, tədricən ümuminin kontekstində formalaşan fərdi poetik ehtiyaclar artdıqca, lirik qəhrəmanın fədakarlığı şəxsi tələbat məcrasından çıxaraq çoxluğun arzusu, istəyi və rəyi kimi təsir göstərməyə başlayır. Belə yaradıcılıq prosesində yaranan mövzu çoxluğu bir sıra rəngarəng şeir formaları ilə öz bədii həllini tapır.

Müasir dünya Elşadın poeziyasında ayrıca, çoxsaylı suallarla dolu, cavabları çətinliklə tapılan mövzudur. "Səsimə səs verdi", "O dünyaya tələsən adam", "Bu dünya", "Bu qoca dünyanı atıb gedəsən", "Vərəmləmiş dünya", "Başqa dünyanın adamı" və digər şeirlərdə dünya canlı varlıqdır. İnsan əməlləri ilə idarə olunan, özü boyda dərd, kədər, ələm gəzdirən, pisliklərə dözən, çirkabları öz üzərinə götürən, dilə-dişə düşən bir varlıqdır:

 

Qoca dünya arsızların həmdəmi,

Qayğıkeşə özü boyda dərd imiş.

Ölməz-itməz bu dünyanın sifəti,

Ayaqqabı "padoş"u tək sərt imiş.

 

Elşad da daxil olmaqla bütün gənc qələm sahibləri mövcud olan, rastlaşdıqları ziddiyyətlər, pisliklər, ədalətsizliklər üçün ilk öncə dünyanı qınayır, onu günahkar sayır. Bilsələr də ki, dünyanı belə qorxulu, dəhşətli günə salan elə insanın özüdür, yenə də dünyadan əl çəkmirlər ki, çəkmirlər. Bu baxımdan ta qədimlərdən indiyə qədər hər dövrün, hər zamanın öz dünyası olub. Elşadın da bəxtinə bugünkü belə bir dərdli, kədərli bir dünya düşüb. Bu gənc şair özünün iti, davamlı müşahidələri ilə sosial mühitə, yaşadığı dünyaya boylandıqca cəmiyyətin, həyatın, insanın taleyi ilə bağlı çoxsaylı suallar qarşısında qalır. Mənəvi-əxlaqi azadlıq, hissi-idraki sərbəstlik məsələlərindən yaranan köklü problemlərlə üzləşməli olur. Belə ciddi, məsuliyyətli yaradıcılıq yollarında cavab tapdıqları, tapmadıqları, uğurlu, uğursuz məqamları da çox olur. Bununla yanaşı bizi qane edən odur ki, Elşad özünün poetik yaradıcılıq səngərində möhkəmdir, ayıq-sayıqdır, davamlıdır:

 

Sabaha gedən yolda unudubdu dünəninin,

Vay halına övladı manqurt olan Vətənin.

Görən bəzi insanlar niyə satır bədənin,

İnsanlığın bu qədər ucuz olan vaxtında?

 

Şəxsi müşahidə və axtarışların obrazlı ifadəsi yaddaşın, sənətkar xəyalının poetik səviyyəsindən çox asılıdır. Özünü dərk, özünü axtarmaq, hiss və fikirlər aləmini nizamlamaq, onları konkret mövzu ətrafında səliqəli bölüşdürmək, paylamaq yenə də şairin kamil yaddaşı və güclü müşahidə qabiliyyəti ilə bağlıdır. Fərdi lirik "mən" deyilən anlayış ilk öncə hisslərdə, duyğu və düşüncələrdə yetişdikdən, subyektiv mühitdə hazırlandıqdan sonra, şəxsi məcradan baş alıb həyatın işıqlı-qaranlıq guşələrini dolaşa-dolaşa uzaqlara getdikcə, dərinlərə endikcə həyatı aydın görür, insanı daha yaxşı tanıyır, sosial cəhətdən formalaşaraq ictimai məna kəsb edir. Nəticədə real müasir həyat bədii həqiqətlər şəklində daha aydın, obrazlı görünməyə başlayır. Elşadın əksər, məsələn" "Nə qədər xəyalla yaşamaq olar", "Tənhalığın acığına", "Gedirəm, özümü özümdən asım", "Zaman mənim içimdə", "Mənim üçün yağan yağış", "Anamın cinayəti" və digər şeirlərində fərdi dünyadan baş alan, əslində kənarda yox, müasir zaman və şəraitin içərisində məskən salan lirik, bir az da romantik hiss və duyğular xəyal deyil, bədii reallıqdır. Bu reallıqda tək də, cəm də aydın görünür, hər ikisinin obyekti müasir insan, məkanı müasir zamandır:

 

yaxşı ki,

Insane

Tanrı qanad verməyib.

Yoxsa

bu hüdudsuz,

uca göyləri

döndərib

su yolu edərdi insan.

Bir qənim kəsilərdi

xeyirxah mələklərə

İblisdən,

Şeytandan

betərdi insan.

yaxşı ki,

Insane

Tanrı qanad verməyib.

Yoxsa

didib bir-birinin ətini,

Allahın yanına bir-birindən

gündə şikayətə gedərdi insan...

 

Ənənələrdən bəhrələnmə, kimə isə istinad etmə, təcrübədən də aydın olduğu kimi yaradıcılıqda qəbul olunan bədii formalardandır. Amma sistemli, ardıcıl, xüsusi yaradıcılıq prosesi deyil. Elşadın poeziyasında müasirləri olan ustad sənətkarlardan bəhrələnmə halları bəzən tələb olunandan artıq olur. Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Musa Yaqub, Seyran Səxavət, Vaqif Bayatlı Odər, Salam Sarvan və digər sənətkarları istisna etmək, onlardan bəhrələnmək əlbəttə, müəyyən mənada yaxşı cəhətdir, Amma yaradıcılıq yolunu belə davam etdirmək təqlidçiliyə, ən azı nəzirəçiliyə aparıb çıxara bilər. Bunu xatırlatmaqda məqsədimiz odur ki, Elşad düzgün yaradıcılıq yolundadır. Özünəməxsus orijinal üsluba malikdir, axtarışlar, müşahidələr, obrazlar aləmi geniş və zəngindir. Orijinal yaradıcılıq yolu vardır, hal-hazırda bədii yaradıcılığının elə mərhələsindədir ki, onun bəhrələnməyə bir o qədər də ehtiyacı olmasın gərək. Qaldı ki, qabaqcıl realist ənənələrə arxalanmaq əlbəttə ki, lazımdır.

Elşadın hər iki kitabında toplanan şeirlərin hər biri sanki ayrıca, yeni bir mövzudur. Bununla yanaşı yenə də qruplaşdırma, təsnifat apararkən bu toplularda ictimai, məhəbbət və təbiət mövzusu-lirikası daha aydın görünür. Bu mövzuların hər birində Elşad gəncdir, təbiidir, səmimidir, orijinaldır.

 

Elşad, sən də elə qoca dünyada,

Məhəbbət uğrunda ömrünü fəda.

Hicranı nə qədər acı olsa da,

Vüsalı şəkərdi, baldı məhəbbət.

 

Elşadın təbiətə baxışında da ayrıca bir orijinallıq vardır. "Təbiətin sirləri", "Ətrini dər çiçəklərin", "Yağış", "Mənimçün yağan yağış", "Yayın mənzərəsi", "Təbiətin zarafatı", "Həyata bənzəyən qar", "Salxım buz", "Dağlar", "İsmayıllı" və s. şeirlərdə təbiət hər şeydən uca tutulur. Ən ləziz, ülvi hisslərin məbədgahı, vətən rəmzi kimi təbliğ olunur. Bu gənc şairin təbiətə belə gənc baxışında xüsusi bir təbiilik-məhəbbət vardır. "Mənimçün yağan yağış" şeirinin yaranma tarixçəsindən bəhs edərkən görün Elşad nə yazır: "Bu şeiri yenicə doğulmuş bir payız səhərində, gözəl bir yağışın altında yazdım. Ən qəribəsi isə o idi ki, mən onu yazıb qurtaran kimi yağış kəsdi. Gün çıxdı. Sən demə o yağış ona görə yağırmış ki, mən bu şeiri yazım..." ("Kələfin ucu", səh.132)

Elşad təbiəti gözəllik, məğrurluq, əzəmət, bütövlük nümunəsi kimi vəsf etsə də çox yerdə onu mənəvi-əxlaqi-kamil insan kimi danışdırır, onunla dialoqa girir, onu cəmiyyətə, insanlığa nümunə göstərir.

 

Arıya can verər, sevənə həvəs,

Onu doğma bilər ruhuna hər kəs.

Kimsəni incidib kefinə dəyməz,

Nə gözəl qəlbi var, gör çiçəklərin...

 

Bu yazımda Elşadın poeziyasından söhbət açmağım onun düz yolda, həqiqi poeziya mühitində olduğunu göstərmək, bu yolda ona uğurlar arzulamaqdır.

  

 

Abdulla ABASOV,

Filologiya elmləri

doktoru, professor

 

Ədalət.- 2011.- 25 may.- S. 7.