Səfər
Çoxdan
arzu etdiyim bir səfər-Gürcüstan səfəri axır
ki, reallaşdı. Bu reallığı biz qadın jurnalistlərə
yaşatdığı üçün ilk öncə Azərbaycan
Qadın Jurnalistlər Assosiasiyasının prezidenti, tədbirin
təşkilatçısı Sevil Yusifovaya öz təşəkkürümüzü
bildiririk.
Səfər
çərçivəsində Gürcüstanın bir
sıra bölgələrində olduq, qədimiliyi və
müasirliyi ilə seçilən, yaşıllıqlar
qoynunda olan Tiflisin görməli yerlərini gəzdik və ən
nəhayət, soydaşlarımızın-azərbaycanlıların
sıx yaşadığı Marneuli və Qardabani rayonlarının
tələbə və məktəbliləri ilə
görüşlər keçirtdik. Bu görüşlərdən
hər birimiz xüsusi zövq aldıq. Çünki bizim
onlara, onların isə bizlərə deyiləsi çox fikirlər,
arzular oldu. Ən əsası, bu fikirlərin və
arzuların reallığa çevrilməsi məqsədilə
sonrakı dönəmlərdə konkret layihələrin həyata
keçməsinin təməli qoyuldu.
Görüşlərdən,
səmimi fikir mübadilələrindən məlum oldu ki,
bölgədə yaşayan həmyerlilərimizə həm
Gürcüstan, həm də Azərbaycan hökumətləri
tərəfindən xüsusi diqqət və qayğı
göstərilir. Belə ki, hər iki ölkə rəhbərlərinin-Azərbaycan
prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail
Saakaşvilinin başçılığı altında azərbaycanlıların
sosial problemlərinin həlli sahəsində görülən
saysız-hesabsız işlər bütün sahələrdə
özünü büruzə verir.
Səfərin
ilk günü, may ayının 9-da biz jurnalist qadınlar
Marneuli Gürcüstan Azərbaycanlıların Gənclər
İttifaqının fəal gəncləri ilə
görüşdük. Məlum oldu ki, əvvəlki illərə
nisbətdə ali məktəbə qəbul olmaq istəyənlərin
və qəbul olunanların sayı iki dəfədən
çox artıb. Sözsüz ki, belə bir artım bölgədə
təhsilin səviyyəsinin yüksəlməsinin nəticəsidir.
Bu il təkcə Sadaxlı kənd məktəbinin 42 məzunundan
19-u ali məktəbə daxil olub. Ümumilikdə isə, ali
məktəbə daxil olanların sayı ildən-ilə
artır.
Öyrəndik
ki, prezident Mixail Saakaşvili bütün rayonların ali məktəbə
qəbul olmuş gəncləri ilə şəxsən
görüşüb, onlara diqqət əlaməti olaraq, hər
birinə kompyüter hədiyyə edib. Bundan başqa digər
sosial məsələlərin həllinə də prezident
biganə qalmır və hər xırda müraciəti belə
diqqətdən yayındırmır. Məsələn,
Gürcüstan Azərbaycanlıları Konqresinin yeni
işıq üzü görən "Konqres" qəzetinə
Mixail Saakaşvilinin təbrik teleqramı göndərməsini
kiçik bir məsələyə böyük diqqətin nəticəsi
kimi qiymətləndirmək olar.
Gənclər
İttifaqının 200-dən çox üzvü, məktəblərdə
müəllim kollektivləri, həmçinin şagirdlərlə
və rayon camaatı ilə görüşdə təsdiq
olundu ki, Azərbaycanın Gürcüstanda fəaliyyət
göstərən Dövlət Neft Şirkətinin
Gürcüstan nümayəndəliyi bölgədə
yaşayan azərbaycanlıların əksər problemlərinin
həllini öhdəsinə götürərək yerinə
yetirir. Açığı bu cür fikirləri eşidəndə
sevindik və əmin olduq ki, Gürcüstanda yaşayan azərbaycanlıların
qayğısını çəkən, onlara hər cür
yardım göstərməyi özünün başlıca vəzifəsi
sayan "SOKAR" bundan sonra da soydaşlarımızın problemlərini
çözəcək.
Qeyd
edək ki, bu diqqət özünü hər sahədə
göstərir. Məsələn, 12 minə yaxın əhalisi
olan Sadaxlı kəndində xəstəxana təmir edilərək
istifadəyə verilib, yeni tibb məntəqələri
açılıb, Nazarlı, Kosalı kənd məktəbi,
100 yaşlı Alget kənd məktəbi təmir olunub,
Kosalı, Nazarlı kənd məktəblərində idman
kompleksləri tikilərək məktəblilərin
ixtiyarına verilib, aztəminatlı ailələrdə tələbələrin
təhsil haqqının ödənilməsinə yardım
göstərilib və göstərilir, Marneuli Gənclər
evinin binası alınaraq gənclərin ixtiyarına verilib, əksəriyyəti
azərbaycanlılar yaşayan Rustavi şəhərində 1
hektar sahəni əhatə edən böyük bir park
salınıb, maddi yardıma ehtiyacı olanlara diqqət və
qayğı isə hər zaman olunur. O ki, qaldı mədəni-kütləvi
tədbirlərin keçirilməsinə, bu məsələdə
də "SOKAR"ın, Azərbaycan Dövlət Neft
Şirkətinin Gürcüstanda yerləşən nümayəndəliyinin
yüksək təşkilatçılığı və
köməyi arzu olunacaq səviyyədə-yüksəkdir.
Onu
da xüsusi olaraq vurğulamalıyam ki, "SOKAR"ın hər
bir gördüyü iş soydaşlarımızda ruh yüksəkliyi
yaradır. Onlar həm də bu şirkəti özlərinin
Gürcüstandakı dayağı sayırlar. Təbii ki,
"SOKAR"ın belə bir fəaliyyəti birbaşa Azərbaycan
dövlət başçısının Gürcüstanda
yaşayan soydaşlarımıza xüsusi diqqətinin nəticəsidir.
Bu
cür təqdirə layiq diqqət və qayğı öz
yerində, həm jurnalist qadınları, həm də
Gürcüstanda yaşayan azərbaycanlıları haqlı
olaraq narahat edən məsələlər də ortaya
çıxdı.
Azərbaycanın
Gürcüstandakı Neft Şirkəti nümayəndəliyinin
fəaliyyətə başlaması ilə minlərlə azərbaycanlı
gəncin işlə təmin olunmasına baxmayaraq, xüsusilə
gənclər arasında hələ də işsizlik problemi
qalır.
Jurnalistləri
narahat eləyən digər problem isə, azərbaycanlı
balaların gələcək intellektual inkişafı ilə
bağlı olan bir məsələdir. Belə ki, təhsil
müəssisələrində azərbaycanlı uşaqlara tədris
proqramına əsasən yalnız Gürcüstan tarixi tədris
olunur. Hətta tələbələrin əksəriyyətinin
etiraflarına görə, onların Azərbaycan tarixindən
belə xəbərləri yoxdur.
Gürcüstan
azərbaycanlı Gənclər İttifaqının sədri
Leyla Məmmədova deyir ki, mükəmməl, sadə dildə
yazılmış, bizə tariximizi başa sala bilən Azərbaycan
tarixi dərsliyi yoxdur ki, tariximizi öyrənə bilək":
Elə gənclər var ki, Azərbaycandan bəzi kitablar
alıb gətirir, amma o kitablarda da tarixin ayrı-ayrı əsrləri,
illəri haqqında yazılıb deyə, tarixi
ardıcıllıqla öyrənə bilmirik. Nəticədə
də yenə tariximizdən məlumatsız oluruq. Bu, bir qrup gəncin
yox, demək olar ki, bütün gənclərin istəyidir. Əlbəttə,
bu gün tariximizi bilməməyimizi özümüzə
ayıb sayırıq. İnternetlə də bunu öyrənmək
mümkün deyil, çünki sadə dildə deyil,
anlaşılmaz və qarışıq yazılıb. Biz
tarixdə olan hadisələrə qiymət verə bilməsək,
müasir dövrdə baş verən hadisələri
düzgün qiymətləndirə bilmərik!
Ümidvarıq ki, jurnalist qadınlar bizim istəyimizi Təhsil
Nazirliyinə çatdıracaqlar".
Ali məktəb
tələbəsi Elina Cəlilovanın sözlərinə
görə, Azərbaycan tarixini şagird və tələbələr
çox çətinliklə öyrənə bilir": Buna
görə də tariximizi öyrənməyin daha asan yolu
seçilməlidir".
Jurnalist
qadınların bölgədə rastlaşdığı digər
problem isə, orta məktəbdə təhsil alan şagirdlərin
sayının yuxarı siniflərdə kəskin azalma fərqi
oldu. Oğlan uşaqları əksər hallarda qazanc əldə
etmək məqsədilə təhsildən yayınır,
qızlar isə vəhşi bir psixologiyanın qurbanı
olaraq, erkən yaşlarından nişanlanır,
azyaşlı nigahlara məruz qalırlar. Təəssüf
ki, bölgədə "qız uşağının ərə
getməyi oxumasından vacibdir", kimi köhnə prinsip hələ
də hökm sürür.
Gürcüstan
Azərbaycanlıların Gənclər İttifaqının sədri
Leyla Məmmədovanın fikrincə, erkən ailə qurmağın
fəsadları ortaya çıxır ki, bu da əksər ailələrdə
narazılığa, boşanmalara gətirib
çıxarır. Ancaq ən pisi odur ki, belə nigahların
sayı durmadan artır. Qızlar çox vaxt 15
yaşından nişanlanır və az müddətdən
sonra ərə verilir. Bu irəli inteqrasiyaya deyil, geriyə,
mövhumata aparan qaranlıq yoldur.
Jurnalist
Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova həm
dövlət, həm də qeyri-dövlət qurumları tərəfindən
erkən nigah kimi dəhşətə son qoyulmasına,
Gürcüstanda yaşayan balaca balalarımıza yardım edilməsinin
vacibliyini qeyd etdi. O, problemin həllinə kömək məqsədilə
maarifləndirmənin böyük əhəmiyyətini
vurğulayaraq, valideynlər və şagirdlər arasında
güclü təbliğat aparılmasını, məsələnin
müvafiq qurumlar qarşısında
qaldırılmasını, Assosiasiya tərəfindən layihənin
hazırlanmasını və həyata keçirilməsini təklif
etdi. Xanım Yusifova görüş zamanı
soydaşlarımıza bildirdi ki, səfər çərçivəsində
öyrəndik ki, Borçalı mahalında azərbaycanlıların
uşaqlarını özündə birləşdirən bir
uşaq təşkilatı yoxdur. "Bu təşkilatın
yaranması üçün mütləq addımlar
atılmalıdır". Gələcəyimiz məhz bu
gün uşaqların formalaşmasından
asılıdır.
Aysel
Ədalət.- 2011.- 26 may.- S. 4.