"Sarı gəlin" davası bitmədi

 

Bəlkə Azərbaycanın yarıdan çoxu desəm səhv etmərəm. "Sarı gəlin" mahnısını erməni xalq mahnısı kimi təqdim etməyinizə olan təəssüratlarımızın necəliyi isə yəqin ki, artıq "Facebook" sosial şəbəkəsindən və internet səhifələrindən sizə yaxşı məlumdur. Bu bizim illərlə apardığımız mücadiləyə bir cavab yox, siz tərəfdən xaincəsinə atılan bir addım idi. Və bu "uğurunuza" görə sizə təşəkkür edirik.

"Sarı gəlin" kimi bir mahnını erməni xalq mahnısı kimi milyonlarla Türk tamaşaçısına təqdim etmək ən azı onlara olan rəğbətin sonsuz nümayişidir desək səhv etmərik.. Bu sizin onlara olan sevgi və sayqılarınız, bizə olan xəyanətiniz idi, Güneri bəy!

Amma təəssüflər olsun ki, Azərbaycanla Türkiyənin münasibətlərinin pozulmasını istəyən sizin kimi insanlar olub və bundan sonra da olacaqdır, Güneri bəy! Diqqətinizə onu da çatdırım ki, sizin kimilərin "uğur" qazanmaq naminə etdiyi bu hərəkətlər Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını poza bilməz! Bundan əmin olun! Çünki içimizin, qəlbimizin Türk və Turan sevgisi o qədər böyükdür ki, başqa cür ola da bilməz...

Biz "bir millət iki dövlət"ik. Ulu öndər, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin illər öncə dediyi bu deyim zaman-zaman öz təsdiqini tapmaqdadır...

Düzdü, sevgilərimizə, məhəbbətimizə bəzən bilərəkdən, bəzən də bilməyərəkdən kölgələrin düşdüyü anlar da olmamış deyil. Təəssüflər olsun ki, türkçülük və turançılıq ideyalarına bu kölgələri salan sizin kimiləridir, Güneri bəy! Amma sonsuz sevgimiz bütün yanlışları düzəltməyə yetər. Türkiyədə nəşr olunan "Axşam" qəzetinin 24 noyabr 2009 sayındakı "Bizi yok sayamaz" adlı ermənipərəst yazını da xatırlatmaq istərdim. Türkiyənin ən nüfuzlu qəzetinin və elə ən "nüfuzlu" jurnalisti Nagehan Alçenin o yazısını oxuyanda içimdən bir tel qırıldı həmin gün. O xanımın Güneri bəy, sizin kimi bilərəkdən elədiyi yanlış da elə sevgilərimizə, məhəbbətimizə saldığı kölgələrdən biri idi deyə bilərəm. Çünki Türkiyədə nəşr olunan yetərincə tanınmış bir qəzet Qarabağın Ermənistana birləşməyinin nə demək olduğunu bilə-bilə bundan bəhs edirsə, Kanal D kimi kifayət qədər bir tanınmış televiziyanın ekranlarından "Sarı gəlin" erməni xalq mahnısı kimi təqdim olunursa buna başqa nə ad vermək olar görəsən?! Yəqin ki, heç nə!

Çünki biz Türkiyənin uğurunu da, itkisini də özümüzünkü bilmişik. Ali tribunalarda qazandığımız qələbədən isə canı bir, qanı bir qardaşlarımıza da pay düşdüyünü fikirləşmişik daim.

Elə bu günlərdə Azərbaycanın "Eurovision-2011"-də qazandığı qələbəsinin Türkiyənin də qələbəsi olduğunu Avropa çapında nümayişi bunun sübutu deyilmi?! Nigar Camalın dalğalandırdığı Türkiyə bayrağı milyonlarla insana Azərbaycan-Türkiyə qardaşlığına heç kəsin kölgə sala bilməyəcəyinə həm də bir mesaj idi. O gün heç kəs niyə Azərbaycan bayrağı deyil, Türk bayrağı dalğalandırıldığını ağlına belə gətirmədi. Çünki biz bu bayraqları bir-birindən heç bir zaman ayırmadıq, onlara olan sevgilərimizdə belə fərq olmayıb, olmayacaq da. Çünki içimizin Türk sevgisi o qədər böyük və əlçatmaz ki, başqa cür mümkün deyil.

Babasının, əcdadının qəbrini Qarabağda axtaran, özgə torpağına, özgə mədəniyyətinə, özgə incəsənətinə sahiblənməyə adətkərdə olan ermənilərə deyəcək sözə belə heyfim gəlir. Yapma, düzəltmə, saxta tarix yaza-yaza yaşayanlara yalnız zavallı kimi baxırıq. Sadəcə, o separatçıları türk tamaşaçılarına, türk oxucularına haqlı kimi göstərən sizin kimi ermənipərəst jurnalistləri vadar edənin nə olduğunu bilmirəm. Amma həm Kanal D-nin yaradıcı heyətinə, həm də Güneri bəy sizə, üzümü tutub deyirəm, mənim təsəvvürümdə bir erməni var. Əli qana batmış, cəllad. Mənim torpağımda, mənim doğulduğum yurdda at oynadan qan içən, cani. Uşaqlıq, gənclik xatirələrimin üstündən çalın-çarpaz xətt çəkən, doğma qəbirlərimə əlimi uzanalı qoyan bir separatçı. Sizin kimi "jurnalistlər" isə düşmən fitvası ilə Böyük türkün nüfuzuna, iki qardaşın dostluğuna xələl gətirənlərdənsiniz.

Amma məncə nə Bursada keçirilən "Türkiyə-Ermənistan" milli matçında bayrağımıza qoyulan qadağa, nə də "Wikileaks sənədlərində"ki, böhtan dolu yazılanlar heç bir gərginliyə səbəb ola bilmədi. Çünki hər kəs bunun Böyük Türkün şərəfinə, iki qardaşın dostluğuna xələl gətirmək məqsədi ilə edildiyini anladı. Çünki qardaşla-qardaş arasında düşmənçilik ola bilməz. Olsa-olsa küskünlük, inciklik olar. Onu da düzəltməyə bəhanə axtarar qanı bir, canı bir qardaşlar. Biz də bir ananın övladlarıyıq. Qopa bilmərik bir-birimizdən. Qopa bilmərik dünənimizdən, bu günümüzdən, sabahımızdan. Çünki Türk törəsi pozulmaz, Türk ulusu əyilməz, deyiblər!

 

 

Çingiz

 

Ədalət.- 2011.- 26 may.- S. 4.