DÜZGÜN QİDALANMAQ DÜZGÜN GƏLƏCƏK DEMƏKDİR

 

(Əvvəli ötən sayımızda)

 

Qarpız sidikqovucudur. Qarpız, kartof, balqabağın şirələrinin gündə istifadəsi bədəndə olan şlakları azaldır. Kökdə bir sıra vitaminlər var. O qan damarlarını möhkəmləndirir, dəriyə, saça, görmə funksiyasına müsbət təsir edir. Kökün şirəsi mədə xorasının, xərçəng xəstəliklərinin müalicəsində müsbət rol oynayır, orqanizmin immunitetini yüksəldir. Avstraliya alimləri təsdiq ediblər ki, zəifgörmədə kök və qaragilədən, təmiz havadan hər gün və daim istifadə edilməsi çox vacibdir. Kök və çuğundurun şirəsi insanın sağlamlığına çox xeyirdir. Pomidorda: C, B1,B2, B3, K, PP vitaminləri, turşular var. O mədə-bağırsaqda mikrobları məhv edir, iştah açır, yemək prosesini yaxşılaşdırır. O ürək, anemiya, qaraciyər xəstəliklərinin profilaktik müalicəsində müsbət təsir edir. Gündə 1 stəkan 1-2 dəfə 30 dəqiqə yeməkdən qabaq onun şirəsini içmək məsləhət edilir. Pomidor sidikqovucudur, qanda xolestrini və qan təzyiqini azaldır. Pomidorda kalium, kalsium, maqnezium, dəmir vardır. Pomidoru çiy halda yemək xeyirdir, onu qızardanda yağda çox zərər edən maddələr əmələ gəlir. Xiyar mədə turşusunu neytrallaşdırır (xiyarın qabığı təmizlənməlidir). Xiyarın doğramacısını yağsız qatıqla yemək məsləhətdir. Balqabaqda kalium, kalsium, dəmir, maqnezium, fosfor turşusu, B1, B2, C vitaminləri var, o sidikqovucudur, mədə və 12 barmaq bağırsaq xorası və böyrək xəstəlikləri olanların balqabaqdan çox istifadəsi insana müsbət təsir edir. Hətta balqabağın tumları da qurd xəstəliklərinin müalicəsində istifadə olunur. Badımcan mədə-bağırsaq prosesini yaxşılaşdırır, onda kalium var. Uzun müddət badımcandan istifadə qanda xolestrinin miqdarını azaldır və ürəyə kömək edir. Çiy kələmin şirəsi və onun salatı, zeytun, yağ, kök, soğanla birlikdə tez-tez istifadə etmək xeyirdir. Zeytun yağı ödqovucudur. Qaraciyərdə patologiya və qanda xolestrinin səviyyəsi yüksək olanlara salatda zeytun yağının istifadəsi çox məsləhətdir. Xora, qastrit, kolit xəstəliklərinin müalicəsində kələm istifadə olunur.

Ölkəmizdə müxtəlif meyvə, tərəvəzdən başqa göyərtilər, müalicəvi otlar və ədviyyatlar var. Onlardan bəzilərini qısaca yada salmaq istəyirəm. Cəfəri göyərtisi antiseptik, dezinfeksiya edicidir. O insanı tərlədir, iştahı artırır. Cəfəri diareya və böyrəkdə daş olanda müalicədə istifadə olunur. Şüyüd soyuqdəymədə insanda olan bəlğəmi sinədən atır, mədənin köpünü götürür. Keşniş öd və sidikqovucudur. O iştahı yaxşılaşdırır. Şəkər, hipertoniya olan xəstələrin sağlamlığına müsbət təsir edir. Kərəvizdə efir yağları, zülal, palmet turşusu, C vitamini var. O sidikqovucudur, onun şirəsi böyrəkdə daş olanların müalicəsində istifadə edilir. Nanə mədə-bağırsaq patologiyasının sağalmasında həzm prosesinə müsbət təsir edir. Sumaqda da çoxlu C vitamini var, o qanda şəkərin səviyyəsini bir qədər azaldır, iştahı yaxşılaşdırır və ödqovucudur. Cirə mədədən köpü götürür, iştahı artırır və yeyilən qidanı həzmə verir. Zəfəranda çoxlu C vitamini var, o sidikqovucudur, antiseptikdir, yaxşı konservantdır, o xörəyin tez xarab olmasının qarşısını alır. Zəfəran ürək, qan xəstəliklərinin müalicəsində istifadə edilir. Zirə iştah artırır, mədə-bağırsaq prosesini yaxşılaşdırır, qıcqırmanın, çürümənin qarşısını alır. Darçın da həzm prosesini yaxşılaşdırır. İmbir insanda olan sklerozun azalmasına kömək edir. Səmənidə A, B, C vitaminləri var. Cavan səmənini maşında çəkərək balla qarışdırıb qan azlığı olan xəstəliklərdə istifadə etmək məsləhətdir, o immuniteti artırır. Kəklikotu güclü antiseptik, bakteriosid və antioksidant təsirə malikdir. O mədəni və qaraciyəri təmizləyir, qarın ağrısı və köp olanda mədə-bağırsaq funksiyasını yaxşılaşdırır. O bağırsaq qurdlarını tökür, sinədən bəlğəmi çıxarır, öskürəyi azaldır. Yapon saforası xırda qan kapilyarlarının divarlarını möhkəmləndirir və qan damarlarını genişləndirir. O irinli yaraların, xoraların sağalmasında çox müsbət təsir edir. Safora antiseptik, antibakterial təsirə malikdir, stafilakok, bağırsaq mikroblarını məhv edir. Sarımsağın xroniki katar, kolit, enterit, hipertoniya, ateroskleroz, kardioskleroz, diabet xəstəliklərinin müalicəsində müsbət təsiri haqda məlumatlar var. O bakteriosid təsirə malikdir, bakteriyaları məhv edir. Sarımsağın iyinə görə onu bəziləri az yeyir, amma insanın sağlamlığının qorunmasında çox güclüdür. Sarımsağın şirəsi böyrək daşı olan xəstələrin müalicəsində istifadə olunur. Soğanı da ateraskleroz, hipertaniya xəstəlikləri və soyuqdəymədə yemək sağlamlığa müsbət təsir edir.

Alimlərimiz tədqiqatlar aparıb izah edirlər ki, ailənin sağlamlığı üçün bu nemətlərin hər gün 50 % çiy halda istifadəsi sağlamlığı qorumaq üçün vacibdir.

Ailələrdə artıqlaması ilə xəmir xörəkləri, şirniyyat, un məmulatları, toyuq, ət yeməkləri üstünlük təşkil edir. Lakin ət yeməklərini qəbul etdikdə qana daha çox zərərli şlaklar daxil olur, bu göz, qan-damar sisteminə mənfi təsir edir, həm də gələcəkdə skleroz, xərçəng xəstəliklərinin olması riskini artırır. Ümumiyyətlə, ət xörəklərini az və ancaq gündüz vaxtlarında yemək məsləhətdir. Çox vaxt unudulur ki, göyərti, meyvə, tərəvəz əsəb, göz sisteminin normal inkişafı və fəaliyyəti üçün vacibdir.

Alimlərimiz inkişafda olan nəslin beyin fəaliyyətini yaxşılaşdırmaq, onların sağlamlığı üçün bir sıra məhsulları - yoqurt, yağlı dəniz balığı- lasos, yağsız ət, toyuq, araxis yağı, yumurta, mərci, lobya, soya, bişmiş qarğıdalı, kartof, əncir və bu kimi mineral maddələrlə zəngin olan məhsullardan istifadə etməyi məsləhət edir.

Omeqa-3 maddəsinin mənbəyi olan balıq min bir dərdin dərmanıdır, o həftədə 2-3 dəfə menyuya daxil edilməlidir. Böyük Britaniyanın Serviya Universitetinin alimləri apardıqları tədqiqatların nəticəsinə əsaslanaraq izah ediblər ki, həqiqətən yumurtada xolestrin çox olsa da doymuş yağlar onları neytrallaşdırır. Bundan əlavə yumurtada insana lazımlı mikroelementlər, zülallar var, ona görə də yumurtanı hər gün yemək olar.

Amma insanın fiziki sağlamlığı, gümrahlığı onun sağlam həyat tərzində yaşamasından, gigiyena mədəniyyətindən, rasional qidalanmasından çox asılıdır. Biz hər gün görürük ki, gigiyenaya əhəmiyyət verməyənlər küçədə gedərkən mobil telefonla danışır, telefonda və havada olan mikrobları udur, yaxud küçədən sağlamlığa zərər gətirən şirin qazlı sular, piroşki, ponçik, saqqız, dönər, rəngli şəkər, rəngli konfetlər, partladılmış qarğıdalı və s. alırlar. Şirin qazlı içkilər barədə əlavə etməliyəm ki, bu içkilərdə qənd və qəndi əvəz edən süni qənd, kimyəvi maddələr və qaz vardır. Bunlar da sağlamlığa mənfi təsir edir və susuzluğu azaltmır, çox içdikdə insanda depressiya, həyəcanlıq, qəddarlıq yaradır.

Türk professoru Karatay elmə əsaslanaraq qazlı, şəkərli suların insan sağlamlığına ciddi təhlükə törətməsini bəyan edib. Bu kimi içkiləri istifadə edərək ilk 10 dəqiqə ərzində qana 10 çay qaşığı miqdarda şəkər daxil olur, bu normal dozadan 100 dəfə artıqdır. Şəkərin bir hissəsi qaraciyərə yığılır və piylənmə başlayır, 40 dəqiqə ərzində qan təzyiqi yüksəlir.

İnsan həyatı üçün təhlükəli olsa da bu cür yeməklərin sayı artır və reklam edilir. Bunların qabağı hər bir vasitə ilə alınmalıdır və valideynlər tərəfindən də nəzarət artırılmalıdır.

Ton (tunes) balığın tərkibində civə olması səbəbindən o sinir sisteminə zərər vurur və ürək xəstəliklərinin riskini artırır. Hamilə qadına, balaca uşaqlara bu balığı yemək olmaz.

Amerika Pediatriya Akademiyasının alimləri araşdıraraq bəzi qida maddələrinin uşaq, yeniyetmə və gənclərin sağlamlığına təhlükə gətirməsini aşkar edib, onların adlarını açıqlayıblar. Partladılmış qarğıdalı (popkorn) koloriliyinə və tərkibində olan doymuş yağlara görə sağlamlığa təhlükəlidir. Qızardılmış kartofu çox yedikdə damarlarda kirəcləşmə, yer fındığı, hot-doq, sendviçlər, hamburger, cipsilər isə allergiya xəstəliyi yarada bilər.

Bu cür yeməklərlə böyüyən nəslin həyatı təhlükəli olsa da, onların sayı daim artır, reklam olunur. Bunların qabağı hər vasitə ilə alınmalıdır və valideynlər də nəzarət etməlidir.

Müasir dövrdə insanların can sağlığının etibarlı mühafizəsi ümumdövlət əhəmiyyəti kəsb edən aktual məsələdir, buna görə də insan sağlam həyat tərzində yaşamağa səy etməlidir. Sanitariya və gigiyena tələblərinin ciddi gözlənilmə vərdişini görüb-götürməlidir. Bu onların öz sağlamlığına köməkdir.

Sanitariya mədəniyyəti olmayan yerdə ümumi mədəniyyətdən söhbət gedə bilməz.

 

 

Faiqə YAQUBZADƏ

 

Ədalət.- 2011.- 26 aprel.- S. 5.