REGİONLARDA TURİZMİN İNKİŞAFI

 

Azərbaycan Respublikasının yerləşdiyi məkanın 9 iqlim qurşağına malik olması onun beynəlxalq turizm mərkəzinə çevrilməsi şanslarını artırır. Qədim tarixə malik ərazilərimizdə minilliklərin yadigarları sayılan qədim qalalar, türbə və məzarlar tarixi, abidələr də ölkəmizə gələn turistlərin diqqətini cəlb edir və onların maraqlarına səbəb olur.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 14 iyun 2009-cu il tarixli "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı" fərmanına uyğun olaraq bu gün özünün sosial iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında turizmin inkişafı sahəsində məqsədyönlü infrastrukturların yaradılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Respublikamızın Oğuz şəhərində Calud və Xalxal kəndlərinin ərazilərində yeni turizm mərkəzlərinin tikintisinə başlanmışdır. Həmin obyektlərə 15 milyon manata yaxın sərmayə qoyulması nəzərdə tutulmuşdur. "Qoşabulaq" adlanan ərazidə təməli 2007-ci ildə qoyulmuş layihə dəyəri 2 milyon manata yaxın olan turizm obyektlərinin tikintisi hazırda surətlə davam etdirilir.

Ölkə prezidentinin tapşırığı ilə Qusar rayonunda turizm incilərindən biri - Şahdağın ətəklərində salınmış qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır.

Turizmin inkişafına yönəlmiş çoxsaylı tədbirlər sayəsində respublikamızın mənzərəli guşələrində dünya standartlarına cavab verən iri mehmanxana kompleksləri tikilib istifadəyə verilib və bu sahədə yeni layihələrin həyata keçirilməsi davam etdirilir.

Turizm sahəsinin inkişafı və ölkəmizə xaricdən gələn turistlərin sayının ilbəil artırılması üçün müasir tələblərə cavab verən mehmanxanaların tikilməsi ölkə prezidenti tərəfindən də yüksək qiymətləndirilir. Respublikamızın prezidenti cənab İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş toplantıda bildirib ki, "2011-ci ildə paytaxt Bakıda beş ulduzlu mehmanxana açılacaq. Hesab edirəm ki, bu, dünyada analoqu olmayan bir mehmanxana olacaq".

Ölkəmizə gələn turistlərin sayının ilbəil artması və onlara göstərilən xidmət sahələrinin inkişafı məqsədi ilə 2006-cı ildə turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdı. Həmin institutun nəzdində daim fəaliyyət göstərən kurslar açılmışdır. Artıq institutun məzunları dünya standartlarına cavab verən səviyyədə hazırlıq keçərək dövlət və özəl turizm sektorlarında müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

Hazırda Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların yataq yerlərinin sayı 30 mindən çoxdur. Mədəniyyət və Turizm nazirliyinin nəzdində 137 turizm şirkəti, 57 otel fəaliyyət göstərir ki, bunların da böyük əksəriyyəti regionlardadır. Bundan başqa regionlarda müasir standartlara cavab verən özəl istirahət mərkəzləri və otellər də istirahətə gələn turistlərin xidmətindədir.

Turizmin inkişafı sahəsində görülən kompleks işlərin nəticəsi olaraq ölkəmizə gələn turistlərin sayı ilbəil artmaqdadır. Bu isə regionlarda yeni iş yerlərinin açılması, sosial-iqtisadi infrastrukturların müasir tələblərə uyğun qurulması, bir sözlə, sosial-iqtisadi inkişafın irəliləməsinə şərait yaradır.

 

 

ƏŞRƏF HACIYEV

 

Ədalət.- 2011.- 26 may.- S. 7.