SARI AŞIĞIN İŞIĞINDA
Laçın
aşıqlarının iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında "Sarı Aşığın işığında"
adlı konsert proqramı keçirilmişdir. 30-dan
artıq laçınlı aşıq çıxış
etmişdir. Tədbiri professor Məhərrəm
Qasımlı açaraq ilk sözü Laçın rayon icra
hakimiyyətinin başçısı Ramiz Cəbrayılova
vermişdi.
Sarı
aşıq yaradıcılığından, Laçın
rayonunun işğaldan əvvəlki mədəni-tarixi abidələrindən
söhbət açan cənab Cəbrayılov Azərbaycan
folkloruna, aşıq sənətinə, ümumilikdə milli
mədəniyyətimizə göstərilən dövlət
qayğısından danışdı:
Hörmətli
qonaqlar, əziz aşıqsevərlər bütün
laçınlılar adından hamınızı ürəkdən
salamlayır, Sarı Aşığın
"işığ"ına xoş gəlmisiniz
deyirəm.
Bugünkü sazlı-sözlü, qonaqlı-qaralı
gözəl məclisin belə yüksək səviyyədə
təşkilinə görə Mədəniyyət və
Turizm Nazirliyinə, Aşıqlar Birliyinə dərin minnətdarlığımı
bildirirəm.
Mənəvi
mədəniyyətimizin tərkib hissəsi olan aşıq sənətinin
yaşadılması, inkişaf etdirilməsi, belə tədbirlərlə
daha da zənginləşdirilməsi Azərbaycan
xalqının öz keçmişinə
bağlılığından, öz adət və ənənələrinə
sadiqliyindən xəbər verir, çünki aşıq sənətinin
tarixi xalqımızın tarixi qədər qədimdir. Minilliklər boyu xalqımızın
apardığı qəhrəmanlıqlarla dolu mübarizə
tarixi, vətənpərvərliyi, mənəvi keyfiyyəti, əxlaqi
dəyərləri, adət ənənələrimiz, əcdadlarımızın
gələcək haqqında arzu və istəkləri öz bədii
əksini aşıq yaradıcılığında
tapmışdır.
Saz dar
gündə el-obanın təskinliyi, dayağı, gen gündə
könülxoşluğu, gözaydınlığı
olmuşdur. Milli varlığımızın, bədii təfəkkürümüzün
şamı, çırağı olan aşıq
dünyası xalqımıza ana laylası qədər
şirin, mərhəm olmuş, toy və mərasimlərin
yaraşığına çevrilmiş, öz
ecazkarlığı ilə qəlbləri riqqətə gətirmiş,
xoş arzulara, gözəlliyə, saf duyğulara səsləmişdir.
Buna görə də sözün və
sazın hikmətindən yaranan, qüdrətlənən,
xalqın ruhunu oynadan, qəlbini ovsunlayan bu qədim sənət
el arasında dərin hörmət və məhəbbətə
malik olmuşdur.
Aşıqlıq sənəti saz çalmaq, oxumaq,
şifahi xalq ədəbiyyatının nağıl, dastan və
başqa növlərini toylarda, məclislərdə ifa edərək
yaymaq deməkdir. Aşıq xalqın sevimlisi, onun qəlbinə,
ürəyinə daha yaxın sənətkardır. Bir zamanlar aşıqlar ordunu döyüşə
getməzdən öncə ruhlandırmaq, onlarda
döyüş əzmini yaratmaq vəzifəsini yerinə
yetirmişlər. Onlar həmişə
xalqın şad və qəmgin günlərində xalqla
birlikdə sevinib kədərlənmişlər. Məhz buna görə də aşıq ədəbiyyatı
və aşıqlıq sənəti xalq arasında rəğbətlə
qarşılanaraq yaşamış və bu gün də
yaşamaqdadır.
Aşıq sənəti çoxşaxəli sənətdir. Bu sənətdə
musiqi, ifaçılıq, şeir və rəqs bir tamlıq
təşkil edir. Bu gün də
aşıq həm şair, həm bəstəkar, həm
dastançı, həm müğənni, həm aktyor, həm
də nağılçıdır. Başqa
şəkildə deyilsə o həm şeir, həm dastan, həm
də musiqi havaları yaradan, yaratdıqlarını isə
öz məlahətli
səsi, məharətli barmaqları ilə ifadə etməyi
bacaran bir sənətkardır.
Aşıq sənəti XVI əsrdə
özünün yüksək inkişaf səviyyəsinə
çatmışdır. Bu dövr həmçinin
Azərbaycan Aşıq ədəbiyatının
başlanğıc dövrü hesab olunur. Tarixi mənbələrə
görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Zəngəzur
mahalında, indiki Laçın rayonunun Güləbird kəndində
yaşayıb yaratmış Sarı Aşıq həmin
dövrdə öz bayatıları ilə xalq arasında
böyük hörmət qazanmışdır. Klassik
ədəbiyyatımızda cinas bayatı yaratmaq sahəsində
Sarı Aşıq ən böyük ustad kimi şöhrət
qazanmış, bayatı janrı Sarı Aşığın
adı ilə bağlı olmuşdur. Sarı
Aşıq ictimai-siyasi mövzuları və lirik məhəbbət
duyğularını təbii, realist boyalarla canlandıran
böyük söz ustası idi.
Sarı Aşığın həyatı və
yaradıcılığı haqqında
araşdırıcılar çox ziddiyyətli fikirlər
söyləmişlər. Belə ki, bir sıra
tədqiqatçılar onun İran ərazisindəki
Qaradağ mahalından, digərləri isə Anadoludan
olması haqqında məlumat vermişlər. Sarı Aşığın
yaradıcılığı ilk dəfə Salman Mümtaz, Bəhlul
Bəhcət, Əmin Abid kimi tədqiqatçılar tərəfindən
toplanıb çap edilmişdir. Salman Mümtaz Sarı
Aşığın üç kitabının (1925,1927,1935) tərtibçisi olmuşdur.
Sarı Aşığın
yaradıcılığının tədqiq və təhlil
edilməsi sahəsində professor M.H.Təhmasibin, Ə.Axundovun,
Hüseyn Kürdoğlunun böyük xidmətləri
olmuşdur.
Sarı Aşıq irsinin öyrənilib təbliğ
edilməsində şair, publisist Səbahəddin Eloğlunun
da xidmətləri danılmazdır.
Bəhlul
Behcət yazırdı: Osmanlı dövləti zamanında
Anadolu əyalətlərində vəziyyət ilə əlaqədar
olaraq oradakı müəyyən cərəyanlara mənsub
olan təriqətçilər öz yurdlarını tərk
edib başqa yerlərə hicrət edirlərdi. Belə hicrət edənlərdən bir dəstədə
bayatı şairi Sarıca Nəbi (Sarı Aşıq) gəlirdi.
Bəhlul Bəhcətin məlumatına görə
"Aşiq" təxəllüslü Sarıca Nəbinin rəngi
sarıbəniz olduğundan yoldaşları ona Sarıca deyirlərmiş.
Sarı Aşığın oğuz-türk tayfası -
Qaramanlı tayfasından olmasını
aşağıdakı bayatıları da sübut edir.
Aşıq Qaramanlıdır,
Xalın qara manlıdır.
Yaxşının tənəsindən,
Yenə qar amanlıdır.
Aşıq Qaramanlıdır,
Xalın qara manlıdır.
Məskənimdir Güləbird,
Əslim Qaramanlıdır.
Sarı Aşıq Həkəri çayının sol
sahilində yerləşən Maqsudlu (Məzməzək) kəndində
yaşayan Yaxşı adlı bir qıza dəlicəsinə
aşiq olur. Elə "aşiq" təxəllüsü də
buradan yaranır.
Sarı
Aşıq Həkəri çayının kənarında
özünə koma tikir, az miqdarda mal-qara
saxlayır, bağ salır, bostan əkir, yazda isə Zəngəzurun
Daşdıca və Alagöz yaylaqlarına köçərdi.
Lakin onun bu xoşbəxtliyi uzun sürmür. Yaxşını
ona vermirlər. Həyatdan küsən
aşıq ömrünün sonunadək yalqız
yaşayır, nakam eşqini nisgilli bayatıları ilə
izhar edir. Sevgilisi Yaxşının həyatdan
vaxtsız köçməsi isə onun ömrünə balta
çalır.
Dərin
kədər içərisində olan Aşiq sevgilisi
Yaxşının ölümündən sonra çox
yaşamır və öləndə də üzü qibləyə
deyil, Yaxşının qəbrinə tərəf
basdırılmasını vəsiyyət edir :
Mən Aşiq tərsinə qoy,
Tər təni, tər sinə qoy.
Yaxşını qibləsinə,
Aşiqi tərsinə qoy.
Haqq aşığının bu vəsiyyətinə əməl
olunmuş, Güləbird kəndində Həkəri
çayının sağ sahilindəki hündür bir təpədə
dəfn edilmişdir. Bu təpədən Həkəri çayının
sol sahilindəki hündür bir təpədə dəfn
edilmiş Yaxşının qəbri aydın
görünür.
1935-ci ildə Güləbird kəndindəki qəbiristanlıqda
Sarı Aşığın qəbri arxeoloqlar tərəfindən
öyrənilmiş, doğrudan da onun qibləyə deyil,
üzünün Yaxşının qəbrinə doğru
basdırıldığı aşkar edilmişdir. Sarı
Aşığın nisgilli həyatıyla bağlı xalq
arasında "Yaxşı və Aşıq" dastanı
yaranmışdır.
Sarı Aşığın bayatılarında Azərbaycan
təbiətinin gözəllikləri, başı qarlı uca
dağları, yastı yaylaqları, ceyranlı çölləri,
kəklikli yamacları, çayları, gölləri elə sənətkarlıqla
tərənnüm edilmişdir ki, sanki aşıq ölkəmizin
bədii coğrafiyasını yaratmışdır.
Sarı Aşıq lirik nəğmələr
ustasıdır. O al, yaşıl geyimli, çarpaz düyməli,
zülfü qulac-qulac gözəlləri tərənnüm edərkən
sözlə gözəllik lövhəsi yaradır. O, hər
şeydən əvvəl, gözəllərdən vəfa,
etibar, sədaqət tələb edir. Yaxşı
gözəl o kəsdir ki, öz gözəlliyinin qədrini bilə, yerində
danışıb, yerində gülə.
Sarı Aşığın
yaradıcılığında ictimai-siyasi epizodlar da
çoxdur. O
ictimai ədalətsizliyə, zorakılığa,
nadanlığa qarşı cəsarətlə
çıxış edir.
Dərin məntiqə, bədahətən şeir demək
qabiliyyətinə malik olan Sarı Aşıq öz
hazırcavablığı ilə də elin hörmətini
qazanmış, ayrı-ayrı aşıqlarla deyişmələr
zamanı onları bağlamışdır.
Ölümündən sonra Sarı Aşığın
qəbri xalqın ziyarətgahına çevrilmişdi. Nəinki
Laçın rayonundan, ətraf rayonlardan, hətta İrəvandan
da ürəklərində niyyətlə onun qəbrini ziyarətə
gəlir, məzarı üzərində şam
yandırırdılar. Onun da,
Yaxşının da qəbri müqəddəs hesab olunurdu.
1989-cu ildə Güləbird kəndindən olan görkəmli
ziyalı, şair Səbahəddin Eloğlunun təşəbbüsü
və yaxından köməkliyi ilə rayon rəhbərliyi tərəfindən
Sarı Aşığın qəbri üzərində onun
büstü qoyulmuşdu. Büstün
postamentində Yaxşının da barelyefi düzəldilmişdi.
Həmin
İlin yayında görkəmli ziyalılarımız filoloq,
şair Hüseyn Kürdoğlu, ədəbiyyatşünas
alim Şirindil Alışanovun və şair publisist Səbahəddin
Eloğlunun təşkilatçılığı ilə
rayonda böyük təntənə ilə Sarı
Aşıq günləri keçirilmişdi. Həmin
günlər rayon sakinlərinin yaddaşında dərin izlər
buraxmışdır. Respublikamızın
tanınmış elm və mədəniyyət xadimlərinin,
ziyalılarının da bu tədbirə qatılması onun əhəmiyyətini
bir daha artırırdı. Onların içərisində
türk dünyasının böyük şairləri Xəlil
Rza, Söhrab Tahir, folklorşünas alim Mirəli Seyidov, Bəhlul
Abdullayev, görkəmli yazıçı Arif Şamo,
"Aşıq Pəri" məclisinin üzvləri,
qonşu rayonların rəhbərləri və digər bir
çox ziyalılar iştirak edirdilər. Sarı
Aşığın və Yaxşının qəbri üzərində,
rayon mədəniyyət evində keçirilən tədbirlər
əsl poeziya gecələri idi. (Filmdə
Sarı Aşıq günlərindən bəzi kadrlar
gördünüz).
Bildiyiniz kimi həmin vaxtlar rayon çətin günlərini
yaşayırdı. Artıq 1988-ci ildən ermənilər
öz murdar siyasətlərini həyata keçirməyə
başlamışdılar. Laçın
özünün dinc sakinlərindən ibarət ilk şəhidlərini
vermişdi. Rayona gediş-gəliş
çətinləşmişdi. Dağlıq
Qarabağla Laçın arasındakı magistral yolla hərəkət
edənlər hər an erməni gülləsinə tuş gələ
bilərdi. Belə bir vaxtda Sarı
Aşıq günlərinin keçirilməsi, görkəmli
ziyalılarımızın rayona gəlişi əhalini ruhlandırır,
onların həyat eşqini, düşmənə
qarşı barışmazlıq, mübarizlik, vətənə,
torpağına bağlılıq hissini gücləndirirdi.
Ermənistanla sərhəddə yerləşən
Güləbird kəndindəki bayram təntənəsi ermənilər
üçün böyük bir zərbə idi.
Hazırda Abşeron rayonu Pereküşkül qəsəbəsində
kiçik bir otaqda köçkünlük həyatı
yaşayan Sarı Aşıq Xatirə Muzeyi də o günlərin
yadigarıdır. Sarı Aşığın qəbrinin
yaxınlığında yaradılmış muzeyin
açılışı da məhz Sarı Aşıq
günlərinə təsadüf edir.
Çox təəssüf ki, Laçın rayonu
işğal edildikdən sonra Sarı Aşıq Xatirə
Muzeyi də ermənilər tərəfindən yerlə-yeksan
edilmişdir.
Dağıdılmış muzeyin video
görüntüləri müxtəlif vaxtlarda ermənilər
tərəfindən internet vasitəsilə yayımlanıb.
Bu gün qüdrətli söz sərrafı, məşhur
bayatı ustası Sarı Aşığın erməni
vandalistləri tərəfindən
dağıdılmış məqbərəsi, sevgilisi
Yaxşının qəbri düşmən əlində inləyir. Sarı
Aşığın narahat ruhu bizi səsləyir. Biz təsəllini onda tapırıq ki, bu gün
Laçında Sarı Aşığın böyük sənətinin
davamçıları vardır. Azərbaycan folkloruna aid
toplularda yer alan "Əhmədin qeyrəti",
"Aşıq Qərib", "Qara Kərim"
nağıllarının müəllifi, ustad Məşədi
Dadaş, vaxtilə Bülbülün səsini bəyənib
Bakıya dəvət etdiyi,
sonradan muğam ustası kimi ad-san qazanan Aşıq Əhməd,
böyük el sənətkarları aşıq Ziyadxan,
aşıq Umbay, aşıq Cabbar və bir çox
başqaları Sarı Aşığın
yaradıcılığından ilham almışlar.
Bu gün Laçında 100-dək aşıq vardır. Aşıq
Cabbar Cabbarovun "İşıqlı" aşıqlar
ansamblı köçkünlükdən sonra da öz fəaliyyətini
müvəffəqiyyətlə davam etdirir. Aşıq
Umbayın, Aşıq Cabbarın onlarla yetirməsi
Laçının aşıqlıq sənətini zənginləşdirir.
Onların rəhbərliyi ilə Laçın
aşıqları rayonun mədəni kütləvi tədbirlərində
fəal iştirak edir, aşıqlıq sənətinin sirlərini
böyük məharətlə gənc nəslə öyrədirlər.
Onu da qeyd edim ki, 2008-ci ildə aşıq Umbayın,
2010-cu ildə isə aşıq Cabbarın yubileyi Taxta
Körpü qəsəbəsində böyük təntənə
ilə qeyd edilmişdir.
Yeri gəlmişkən onu da qeyd edim ki, aşıq
Cabbarın yubileyində bizim görkəmli xalq şairimiz,
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub da iştirak
edirdi. Zəlimxan müəllim istər həmin yubileyin
keçirilməsində, istərsə də Laçın
aşıqları ilə bağlı digər tədbirlərin
həyata keçirilməsinə yaxından köməklik
göstərir. Zəlimxan müəllimin
"Taxta Körpü"yə gəlişi, oradakı
çıxışı laçınlı məcburi
köçkünlərə əsl bayram sevinci
yaşatmış, onların gələcəyə ümidlərini
daha da artırmışdır. Fürsətdən
istifadə edərək Laçın aşıqlarına
göstərilən diqqət və qayğıya görə
Zəlimxan Yaquba laçınlılar adından xüsusi təşəkkürümü
bildirirəm.
Son illər respublikamızda milli mənəvi dəyərlərimizin
yüksək qiymətləndirilməsi, inkişaf etdirilməsi,
daha da zənginləşdirilməsi, həyata keçirilən
irimiqyaslı tədbirlər bütün
laçınlıların ürəyincə olduğu kimi
onun saz, söz adamlarını da ruhlandırır, daha
böyük yaradıcılıq uğurlarına səsləyir.
Aşıq
yaradıcılığına dövlətimiz tərəfindən
göstərilən yüksək qayğı, bu sahədə
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm
Nazirliyinin, Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər
aşıq sənətinin nəinki ölkəmizdə, xaricdə
də geniş təbliğinə imkan yaradır. 2010-cu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə
Heydər Əliyev Sarayında keçirilən və
bütün türk dünyasını əhatə edən I
Beynəlxalq Aşıq Festivalı bu cəhətdən
olduqca təqdirəlayiqdir. Tarixlərdən
keçən aşıq sənətimiz Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət
və qayğısı nəticəsində hal-hazırda
özünün yüksək inkişaf dövrünü
yaşayır və dünya səhnələrinə
çıxır. Bunun nəticəsidir ki, 2009-cu ildən
Azərbaycanın aşıq sənəti UNESCO-nun
dünyanın Qeyri-maddi mədəni irs
üzrə reprezentativ siyahısına daxil edilmişdir.
Çıxışımın sonunda bir daha
hamınıza bu gözəl tədbirdə iştirak etdiyinizə görə
minnətdarlığımı bildirirəm. Arzu edirəm
ki, Sarı Aşıqla bağlı növbəti tədbirimizi
onun yaşayıb-yaratdığı, qəbrinin yerləşdiyi
və narahat ruhunun dolaşdığı Laçın
rayonunda, Güləbird torpağında qeyd edək.
Vüsal
Ədalət.- 2011.- 3 may.- S. 6.