NUR ŞƏHƏRİNİN BU GÜNÜ

 

Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın diqqət mərkəzində olan ölkələrindəndir. İlbəil öz iqtisadi potensialını gücləndirən ölkəmiz son iki ildə yoxsulluq kimi bir bəlanı 3-4 dəfə azaltmışdır. Bu uğurda isə xüsusi payı olan Azərbaycan Respublikası regionlarının inkişafına dair dövlət Proqramı imza atıldığı tarixdən (11 fevral 2004-cü il) bu günə qədər Azərbaycanın inkişaf tarixinə ciddi töhfələr vermişdir. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, son 7 ildə ölkəmiz geniş tikinti meydançasına bənzəyərək, uğurlarını yeni uğurların imzaları ilə əvəzləyir. Bərabər nisbətdə olmasa da bu inkişaf tendensiyası özünü az-çox bütün şəhər və regionlarda göstərməkdədir. Məhz bu inkişaf yolunda özünə öncül yerlərdən birini qazandıran şəhərlərimizdən biri də ölkənin "Nur mənbəyi" sayılan Mingəçevir şəhəridir. "Nur şəhəri" statusunu almış, ölkəmizdə ana dilinə ilk abidə ucaldan şəhər kimi tarixə düşmüş, hazırda ölkənin 50 faizdən çoxuna elektrik enerjisi istehsal edən Nur şəhəri respublikanın dördüncü iri sənaye mərkəzidir.

Vaxtilə hər birimizin fəhlə şəhəri kimi tanıdığı Mingəçevir indi öz mənzərəsi ilə çoxlarını təəccübləndirməyi bacarır. Son illər ərzində 63 yaşlı şəhərin hər bir guşəsində geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Belə ki, salınan asfalt yollar, səkilər, abadlaşdırılmış küçə və meydanlar, park və yaşıllıqlar, eyni zamanda müasir üslubda inşa olunmuş müxtəlif təyinatlı binalar-yaşayış evləri, bank filialları, digər sosial və iqtisadi obyektlər Dövlət proqramının şəhər üzrə son 6-7 ildə reallaşdırdığı uğurlu layihələrdəndir. Bu xüsusi diqqət və qayğıya görə fərəh hissi keçirən mingəçevirlilər, eyni zamanda, ölkədə aparılan quruculuq-abadlıq işlərinin müsbət təsirini də öz həyatlarında hiss edirlər. Təsadüfi deyil ki, şəhərdə fəaliyyət göstərən və yeni tikilən istehsal müəssisələrinin, xidmət sahələrinin, eləcə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi nəticəsində ötən 7 il ərzində Mingəçevirdə 8 mindən çox iş yeri açılmışdır ki, bunun da 70 faizindən çoxu daimidir. Bu hal sevindirici fakt olsa da, lakin açılan iş yerlərinin əhalinin sayına nisbətdə az və əmək haqqının aşağı olması sakinləri narahat edən problemlərdəndir. Mübarizələrində daim inamlı olan mingəçevirlilər bütün növ problemlərin həllinin qarşıdakı illərdə aidiyyəti qurumların məsuliyyətli səyi nəticəsində aradan qaldırılmasına da ümidlidirlər. Elə iş yerindəcə həmsöhbət olduğumuz şəhər sakini Ramin İsayev də bu qənaətdədir.

"Mən üç ildir ki, işsiz idim. İndi isə gördüyünüz kimi şəhərimizin müasir qurucularındanam. Əmək haqqı minimum olsa da bu işə can-başla qol qoymuşam. Hər gün şəhərin müxtəlif nöqtələrində yenidənqurma, əsaslı təmir işləri həyata keçirilir. Kim istəməz ki, onun şəhəri müasir yaraşıqlı olmasın. Bu baxımdan son 6-7 ildə şəhərimiz öz mənzərəsini xeyli abadlaşdırmış, yeni yerləri açılmışdır. Nəhayət mənim kimi işsizlər bundan bəhrələnmişlər. Çox istərdim ki, gələcək illərdə şəhərimiz indi malik olduğu görünüşündən gözəl mənzərəyə sakinlərimiz isə yüksək həyat səviyyəsində yaşamağa nail olsun. İnanıram ki, əzəli fəhlə şəhəri olan Mingəçevir indi bizim kimi zəhmətkeşlərin hesabına gec-tez istənilən uğurlara imza atacaq".

Həqiqətən geniş abadlıq-quruculuq işlərindən sonra Mingəçevir əvvəl ki, köhnə və səliqəsiz görüntüsündən əks mənzərəyə keçid almışdır. Buna isə faktlarla nümunə göstərmək bir daha canlı sübut olar. Belə ki, ötən proqram çərçivəsində şəhərin Şərq giriş qapısı, "Nur Şəhəri" memarlıq kompleksi, Heydər Əliyev adına muzey və meydan əsaslı yenidən qurulmuş, həmin meydandan biznes mərkəzinə qədər yerüstü keçid, "Nur" olimpiya idman kompleksi, Heydər Əliyev sarayı və şəhər stadionunun tikintisi kimi iri layihələr isə reallaşdırılmışdır.

"Həmçinin şəhərin mərkəzi prospekt boyu meydandan başlayaraq Səməd Vurğun küçəsinədək olan ərazidə ulu öndərin adına Heydər parkı salınıb və Bələdiyyə meydanında müasir memarlığı özündə əks etdirən 8 metr hündürlüyündə fəvvarə inşa edilib. Həmin meydandan 20 Yanvar küçəsinə kimi olan mərkəzi prospektin sol hissəsində bir hektardan çox ərazidə şəhərin ilk qurucularının adına istirahət parkı salınaraq şəhər sakinlərinin və qonaqların istifadəsinə verilmişdir. Heydər Əliyev muzeyinin həm daxili, həm də xaric hissəsində əsaslı yenidənqurma işləri aparılıb, muzeyin tərtibatı və ekspanatları isə zənginləşdirilib. Bütün sadalanan faktlar I Dövlət proqramının Mingəçevir şəhəri üzrə həyata keçirdiyi layihələrdir. Davamlı olaraq Mingəçevir şəhərində 2008-ci ildən başlanmış geniş abadlıq və quruculuq işləri son iki ildə də uğurla davam etdirilmişdir. Belə ki, şəhərin müxtəlif ərazilərində yerləşən küçə və meydanlara, məhəllədaxili ərazilərə yeni asfalt örtüyü döşənmiş, yol kənarlarına isə 260 ədəd yeni müasir işıq dirəyi quraşdırılmışdır. Şəhərin müxtəlif park və xiyabanlarında 4 ədəd yeni fəvvarə və 500 ədəd işıqlandırıcı quraşdırılmışdır. Həmçinin şəhərin həmin guşələrində 300-dən çox oturacaq və tamet, metlax tipli yeni örtük döşənmişdir. Son 5-6 ildə Mingəçevirin əksəriyyət yaşayış binalarında da əsaslı yenidənqurma və təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, son iki ildə 120 binanın dam örtüyü şifer örtüyü ilə əvəzlənmiş, 67 binanın yumşaq dam örtüyündə əsaslı təmir işləri aparılmışdır. Zirzəmi- kommunikasiya kəmərləri şəhərin 12 binasında əsaslı, 160 binada isə cari təmir olunmuşdur. Bu dövrdə isə həyata keçirilmiş iri layihələrdən Dövlət Dram Teatrın və şəhər stadionundakı əsaslı yenidənqurma faktını göstərməklə, eləcə də "Kür" Olimpiya Tədris İdman mərkəzi, iki yeni məktəb binası tikilmiş, şahmat məktəbi isə əsaslı təmirdən çıxarılaraq istifadəçilərin ixtiyarına təhvil verilmişdir. Keçən il ölkədə "Ekologiya ili" olduğundan şəhərin müxtəlif küçə və meydanlarında, park və xiyabanlarında geniş yaşıllıq zolağları salınmış, dekorativ bitki növləri əkilmişdir. Ümumilikdə isə şəhər ərazisində 20 mindən çox ağac və kol bitkiləri əkilmişdir.

Əhalinin elektrik enerjisi, təbii qaz və su təminatı məsələləri şəhər üzrə 2008-ci ildən öz həllini tapmış məsələlərdəndir. Üç ildir ki, şəhər sakinləri elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunur. Hər iki sahədə sayğaclanma işləri yekunlaşmış və nəticədə ödəniş problemləri aradan qaldırılmışdır. Qeyd edək ki, uzun müddət qaz problemi olan "Günəşli" yaşayış massivinin sakinlər də artıq "mavi qazdan" istifadə edir. Cari ildə isə fərdi mənzillərin ümumi qaz xəttinə qoşulma prosesi davam etdirilir. Həmçinin şəhərin su və kanalizasiya xəttlərinin əsaslı yenidənqurulması istiqamətində işlər aparılır.

 

 

GUNEL İSAYEVA

 

(ardı var)

 

Ədalət.- 2011.- 27 may.- S. 7.