Abel Məhərrəmov:
"Məmməd Əmin Rəsulzadə..."
BDU-nun rektoru ali məktəbin həyətindəki
abidə daşdan, kadr islahatlarından və müxalifətçi
tələbələrdən danışdı
Bu
gün Respublika günüdür. Müstəqilliyimizi elan etməmizdən
93, onun yenidən bərpasından isə 20 il keçir.
Ötən əsrin əvvəllərində qurulan və cəmi
23 ay davam edən Cümhuriyyətin uğurlarından biri və
bəlkə də birincisi Bakı Dövlət Universitetinin
yaradılması olub. Bu mənada BDU-nun rektoru, millət vəkili
Abel Məhərrəmovun rəhbərlik etdiyi ali təhsil
müəssisəsi barədə deyəcəkləri də
çoxdur. Bununla yanaşı son bir neçə ayda BDU-da
ciddi dəyişikliklər gedir. Cümhuriyyətin yadigarı
olan ali təhsil ocağında həyata keçirilən istənilən
bir yenilik diqqəti çəkməyə bilməz. Bu
yazıda Abel müəllim bir sıra məqamlara
aydınlıq gətirdi.
- Sabah (bu gün-red) 28 May Respublika
günüdür. BDU-nun yaradılması da AXC-nin həyata
keçirdiyi ən böyük uğurlardan biridir...
- BDU
Cümhuriyyətin oğul yadigarıdır. Bəzi şeyləri
şimal küləkləri apardı. Ancaq universitet dayanıb qala
bildi.
- BDU-nun qarşısında
neçə illərdir qoyulan daşı bu gün də biz
gördük. O daşın "göyərməsi" ilə
bağlı ümidverici nəsə deyə bilərsinizmi?
-
AXC-nin tarixi yadigarları olub. Məmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan
bəy Topçubaşov və bir çoxlarının
adını saymaq olar kı, onların hamısı
böyük tarixi şəxsiyyətlərdir. Həqiqətən
də onlar çox ağır bir dövrdə Cümhuriyyəti
yarada biliblər. Hesab edin ki, mart və ondan sonrakı aylarda
ermənilərin yerli əhaliyə qarşı
soyqırım siyasəti həyata keçirməsinin
ardınca belə bir Cümhuriyyətin qurulması çox
böyük igidlik olub. Bu insanların hər birinin
adını Azərbaycan xalqı, prezidentimiz fəxarət
hissi ilə çəkir. Cümhuriyyətin qurulmasında
xidməti olanların hər birinə bizim həm dövlət
səviyyəsində, həm də vətəndaş kimi
borcumuz var. Çox maraqlıdır ki, həmin insanların
heç biri öz əcəlləri ilə
dünyalarını dəyişməyib. Məmməd Əmin
Rəsulzadəni çıxmaqla onların hər biri müxtəlif
səbəblərdən dünyasını dəyişib. Məsələnin
ikinci tərəfinə gəlincə, bu məsələ
dövlət səviyyəsində həllini tapmalıdır.
Çünki ola bilər ki, onların hamısına kompleks
abidə ucaldılsın. Əgər müvafiq qərar olsa,
biz bunu qəbul edəcəyik.
- Məmməd Əmin Rəsulzadə
BDU-da dərs deyib. Müstəqilliyin bərpasından sonra da
BDU bir müddət onun adın daşıyıb. Onun
adının universitetə qaytarılması məsələsi
həllini tapa bilərmi?
-
Bilirsiniz ki, universitetlərin fərdi adlarla əlaqələnməsini
qadağan edən dövlət sərəncamı verildi. Azərbaycan
tarixi dərsliyində AXC ilə bağlı olan məsələlərdə
Məmməd Əmin Rəsulzadə haqqında çox
geniş məlumat verilib. BDU-nun jurnalistika fakültəsində
elmi tədqiqat laboratoriyası AXC-ni yaradanlarla bağlı fəaliyyət
göstərir. Həmin laboratoriyada 8 nəfər gənc
işləyir ki, onların bəziləri AXC-nin fəaliyyətini
araşdırır, tədqiqat işləri aparırlar.
- Musiqi Akademiyasının rəhbəri
Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyovun
adının bərpa olunması üçün uzun müddət
yazışmalar apardı və nəticəni də əldə
etdi. Sizin də belə bir cəhdiniz olubmu?
- Gəlin
açıq danışaq ki, Üzeyir Hacıbəyov böyük
dahilərimizdən biridir. Əgər Musiqi Akademiyasına
kimin adının verilməsi üzərində
düşünülsəydi, onda bir çox musiqiçilər
yada düşərdi. Ancaq onların arasında musiqi
korifeyimiz Üzeyir bəy olub. Ondan yüksək zirvə
olmayıb. Elm korifeylərimizə
gəlincə, çoxsaylı alimlərimiz var ki, biz bu
gün də onlarla fəxr edirik. Eyni zamanda da siyasi xadimlərimiz
olub. Necə ola bilər ki, BDU-ya Heydər Əliyevin adı
verilməsin? Əvvəla Heydər Əliyev BDU-nun dünya
şöhrətli məzunudur. Həmçinin də BDU-nun fəxri
doktorudur. Universitetə ad verilərkən də həmin şəxs
ya gərək çox böyük tarixi xidməti olan alim
olsun, yaxud da siyasi xadimin adını daşımalıdır.
Üzeyir bəyin adının Musiqi Akademiyasına verilməsi
düzgün addımdır və heç kim də deyə
bilməz ki, niyə Qara Qarayevin və yaxud da digərinin
adı verilmir. Ona görə də bəzi məsələləri
var ki, onlar nəzərə alınmalıdır. Məmməd
Əmin Rəsulzadə siyasi müstəvidə qəbul olunan
şəxsiyyətdir. Ancaq elm, təhsil müstəvisində
bunu düşünmək olmaz. AXC-ni quranların
hamısı Rusiyada, Fransada, Almaniyada universitetləri
bitirmiş, dünya görmüş insanlar olub. Onların
arasında böyük universiteti bitirməyən təkcə
Məmməd Əmin Rəsulzadə idi. Bəlkə də
onun vətəndaşlıq mövqeyi, siyasi baxışı
o birilərindən qat-qat güclü olub. Buna baxmayaraq, elə
bir göstərici var ki, o hökmən adamda olmalıdır.
Ona görə də biz bunu siyasi müstəvidə
qaldıra bilərik. Yəqin ki, dövlət səviyyəsində
bu məsələlər düşünülür və
onların heç biri digərindən ayrılmır da. Mən
bir ziyalı kimi hesab edirəm ki, biz AXC-ni yaradanların, onu
qoruyanların xatirəsini əbədiləşdirməliyik.
Mən bunun tərəfdarıyam.
- Universitetdə prorektorların dəyişdirilməsi
nə ilə bağlıdır?
- Son
vaxtlar ümumiyyətlə, respublikada kadr islahatları
aparılır. Bu islahatlar çərçivəsində
BDU-da da islahatlar keçirilir. Bu islahatlardan narahat olmaq da
lazım deyil. Çünki əksər prorektorlar bir vəzifədən
digər vəzifəyə keçirilir. Yəni işsiz qalan
yoxdur və hamısına da iş təklif olunur. Bəzilərinə
kafedra müdiri, bəzilərinə professor vəzifələri
təklif olunub. Onlardan elələri var ki, gələcəkdə
başqa strukturda iş verilməsi nəzərdə tutulub.
Real vəziyyət həqiqətən də bu islahatların
aparılmasını tələb edir. Digər bir tərəfdən
də həmin prorektorlar öz ərizələri ilə yerlərinin
dəyişdirilməsini istəyiblər. Hətta biz onlara
düşünmək üçün vaxt da verdik. Amma onlar
bir ay ərzində öz ərizələrini geri
götürmədilər. Beynəlxalq əlaqələr
üzrə bir neçə xarici dili bilən prorektor
lazımdır. Eyni zamanda da xaricdə bizi yaxşı təmsil
edənlərə ehtiyacımız var. Bilirsiniz ki, Boloniya
prosesinin tətbiqi ilə bağlı islahatlar aparılır.
Bunun üçün də xaricdə olmaq və oradakı
islahatları Azərbaycana gətirmək lazımdır.
Bütün bu amillər nəzərə alaraq islahatlar
aparılır.
- Amma bu yerdəyişmələrlə
bağlı müxtəlif versiyalar səslənir...
- Başqa nə versiya ola bilər?
Onlardan əvvəl də bir gündə 5
prorektor dəyişdi. Onlar işləyib,
zamanları da çatıb, dəyişdirilməlidir. Yeni güc gəlməlidir.
- Dövrün tələblərinə
uyğun olaraq islahatlar prosesi davam edəcəkmi və
potensiallı kadrların irəli çəkilməsi
mümkün olacaqmı?
- Bəli.
Bizim 15 kafedrada yeni dekan seçkisi prosesi icra
olundu. Həmin seçkilərə
xüsusi komissiya baxırdı. Elə fakültə var
ki, bir yer üzrə 5,6,8 nəfər ərizə
verib. Mayın 26-da iclas oldu və anket sorğusu
keçirildi. Anket sorğusuna gəlincə,
biz "Mən dekan olaramsa, fakültəni necə inkişaf
etdirərəm, dünyada necə tanıdaram, Boloniya prosesinin
tətbiqində hansı keyfiyyətlər əldə edə
bilərəm"-bu istiqamətli 13 sualdan ibarət sorğu
hazırlamışıq. Həmin anket
sorğusu da ərizə verənlərə paylanıb. Onlar da bu sorğu müsabiqəsi əsasında
canlı olaraq komissiya qarşısında dialoqa girirlər.
Rektor bunu istədi deyə götürdü, belə
deyil. Bunun hamısı qanun çərçivəsində
yeni təlimat əsasında həll olunan məsələdir.
Dünən də 15 nəfərin
elanını vermişik ki, onun 6 nəfərini seçəcəyik.
Qalanı isə sonra seçiləcək.
Hüquq, Beynəlxalq hüquq, Filologiya, Fizika,
Kimya, Riyaziyyat, Sosial elmlər və psixologiya fakültələrinin
dekanları seçildi. Dekanları
seçən komissiyanın 15 nəfər üzvü var ki,
onların hamısı da ağsaqqal, müdrik, yetkin
insanlardır. Komissiya üzvləri
bütün sorğuların nəticəsini mənə təqdim
edib. Təkcə hüquq fakültəsinə
8 nəfər ərizə verib ki, onların arasından dekan
seçmək o qədər də asan məsələ deyil.
- 7 prorektordan 5-nin
eyni vaxtda ərizə yazmasını nə dərəcədə
təsadüfi hesab edirsiniz? Belə bir məlumat var ki,
aksiyalarda iştirak edən tələbələrlə
bağlı yoxlamalar aparılıb və işdən
çıxarılmalar da bunun əsasında baş verib...
- Xeyr. Prorektorların yerdəyişməsi prosesinin həmin
məsələlərlə heç bir əlaqəsi yoxdur.
Çünki BDU-dan demək olar ki, aksiyalara tələbələr
getməmişdi. Əksinə, BDU
çoxsaylı ərizələr aldı ki, bu da AXC-dən,
Müsavatdan çıxanlarla bağlı idi. Hüquq fakültəsinin dossenti İbrahim Vəliyev
ərizə yazıb partiyada tutduğu postdan imtina etdi. Mitinqlərin elan olunduğu kuliminasiya dövründə
xarici diplomatik korpuslardan, ölkənin KİV-indən BDU-ya 42
videokamera gətirilmişdi ki, tələbələrin aksiyaya
çıxması prosesini lentə alsınlar. Amma bir nəfər
də olsun mitinqə gedən olmadı və həmin gün
davamiyyət 99,5 faiz oldu. Deməli, bu o deməkdir
ki, prorektorlar məsələsinin onunla heç bir əlaqəsi
ola bilməz. Həmin
dövrdə həmin prorektorlar da öz vəzifələrini
yerinə yetirirdilər. Biz də
onların özlərinin razılığı ilə bunu
fikirləşmişik. Bu məsələyə
qeyri-adi yanaşmağa dəyməz.
- Necə oldu ki, bu prosesin
hamısı eyni dövrə düşdü?
- Biz
fikirləşdik ki, bu prosesi sistemli şəkildə birdəfəlik
həll edək. Yeni düşüncəli,
xaricdə təhsil almış, xaricdə işləmiş,
dilləri bilən gənclərin bu statusu
daşımasını məqbul saydıq. Beynəlxalq əlaqələr
üzrə prorektor Moskva Dövlət Universitetini bitirib, iki il ABŞ-da işləyib, həmçinin də
neçə il Avropada çalışıb. Prorektorluqdan
çıxanların içərisində yaşı 70-i
keçənlər vardı. Ona görə
də biz onları əsasən gənclərlə əvəzləmişik.
Bu məsələdə heç bir
emossionallığa yol verilməyib.
- Yaş senzinin tətbiqi məsələsi
universitetdə necə həllini tapacaq?
- Bu məsələ
Milli Məclisdə müzakirə olundu. Ancaq
Prezident İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı
yoxdur. Sərəncam verildikdən sonra bu məsələyə
qayıtmaq olar. Mənim düşüncəmə
görə, ola bilsin ki, müəyyən
kvota artırılsın və qismən dəyişikliklər
olsun. Yəni strateji deyil, taktiki planda bu
mümkündür. Yaş senzi ölkə
üçün çox vacibdir və bu hökmən
olmalıdır ki, gənc kadrlara yol açılsın.
Ancaq yaşlıları yola salarkən bir qədər
onlara diqqət yetirilməlidir.
- BDU-da təxminən 65 və ondan
yüksək yaşlı nə qədər kadr var?
- BDU-da təxminən
130 professor varsa, onun əlli faizini yaş senzinin tətbiqi
gözləyir.
- Bəs, universitetdən qovulan tələbələrin
məsələsinə yenidən baxmaq
mümkündürmü?
- Əlbəttə ki, bu mümkündür. Təlimata
görə universitetdən xaric olunan tələbə yenidən
bərpa üçün ərizə ilə müraciət edə
bilər. Bizdə bərpa və xaricolunma
üzrə komissiya fəaliyyət göstərir. Həmin komissiyada bu məsələyə yenidən
baxıla bilər. Ancaq onun neçə
müddətdən sonra baxılmasının
mümkünlüyü barədə məqam var və bu nəzərə
alınmalıdır. Ən azı xaric olunmadan bir il keçməli, hansı səbəbə
görə universitetdən kənarlaşdırıldığı
bildirilməlidir. Məsələn görürsən
ki, tələbənin bir akademik borcu olur. Amma
vaxtında gəlib onu düzəldə bilmir. Yaxud da ailədə bədbəxt hadisə baş
verdiyindən gecikir. Biz də onu xaric etməyə
məcbur oluruq. Tələbə müraciət
edəndə də onun üzürlü səbəbdən
vaxtında problemini həll etmədiyi bəlli olur.
- Həmin tələbələrin
siyasi fəaliyyətlərinə görə xaric
olunduqları bildirilir... Belə olan halda
onların da bərpası mümkün olacaqmı?
- Gəlin,
bu məsələni siyasiləşdirməyək. Universitetlərdə siyasi fəaliyyət
qadağandır. Sizin nəzərdə tutduğunuz
tələbələr də siyasi fəaliyyətlərinə
görə deyil, akademik borc və davamiyyətə görə
BDU-dan xaric olunublar.
- Axı Boloniya sisteminə
görə onların qovulması mümkün deyil?
- Boloniya
prosesinə görə tələbə kursda qala, xaric oluna
bilməz. Ancaq Tural Abbaslı və Cavid Mehrəliyevin
universitetdən xaric olunmasının Boloniya sisteminə
heç bir aidiyyatı yoxdur. Çünki
onlar oxuduqları kursda Boloniya prosesi olmayıb. Boloniya prosesinin ikinci bir şərti də var ki, əgər
tələbə 30 faiz dərs buraxıbsa, tədrisdən
yayınıbsa o, avtomatik olaraq universitetdən xaric olunur.
Ancaq akademik borca görə belə bir şey
yoxdur.
Gültəkin Qəhrəmanlı
Ədalət.- 2011.- 28 may.- S. 5.