NUR ŞƏHƏRİNİN
BU GÜNÜ
(əvvəli
ötən sayımızda)
Son
illər şəhərin təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin də inkişafı, maddi- texniki
bazasının gücləndirilməsi diqqət mərkəzində
olan məsələlərdəndir. Qeyd edək ki, keçən
il ali məktəblərə daxil olan məzunlardan bir nəfər
700 bal, 29 nəfər isə 600 baldan yuxarı göstəriciyə
nail olmuşdur.
"Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
son 27 il ərzində Mingəçevirdə cəmi 6 məktəb
binası tikilib, istifadəyə verilib. Hal-hazırda şəhərdə
19 məktəb fəaliyyət göstərir ki, onlar da
ümumilikdə 356 ədəd müasir komputerlə təchiz
edilmişdir. Şəhərin bütün sosial həyatında
olduğu kimi səhiyyə müəssisələri də
öz öhdələrinə düşən missiyanın
öhdəsindən gəlməyə
çalışmış, əhalinin sanitar-epidemioloji
sağlamlığının qorunması, yoluxucu xəstəliklərin
törədiciləri və xüsusi təhlükəli
infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər
görülmüşdür. Cari ildən etibarən şəhərin
səhiyyə və təhsil müəssisələrinin
istilik təchizatının
yaxşılaşdırılması istiqamətində də
işlərə start verilmişdir. Hazırda 4 məktəb,
2 səhiyyə obyekti, bir bağça və bir ali təhsil
müəssisəsi istiliklə təmin olunur. Ötən
müddətdə şəhərin mədəniyyət
müəssisələri də bir sıra tarixi və əlamətdar
günlərə həsr edilmiş ümumşəhər tədbirlərinin,
yubileylərin, el bayramlarının daha rəngarəng
keçirilməsinə çalışmış, şəhərin
nümunəvi məhəllələrində və Heydər Əliyev
meydanındakı səhnədə maraqlı konsert
proqramları ilə çıxış ediblər. İndiyə
qədər Mingəçevirdə
əldə olunmuş bütün uğurlarda,
görülmüş işlərdə onun zəhmətkeş
sakinlərinin böyük əməyi var. Təsadüfi deyil
ki, son iki ildə iki dəfə şəhərə səfər
etmiş dövlət başçısı İlham Əliyev
əldə olunan bütün uğurlarla yaxından
tanış olmuş, öz diqqət və
qayğısını onlardan əsirgəməyəcək
şəhərin sosial-iqtisadi inkişafında xidmətləri
olan 21 nəfəri, o cümlədən, 13 nəfəri
"Tərəqqi" medalına, 3 nəfəri
"Respublikanın əməkdar həkimi", 2 nəfəri
"Respublikanın Əməkdar mühəndisi", 3 nəfəri
"Əməkdar Mədəniyyət işçisi" fəxri
adlarına layiq görüb. Son vaxtlar ölkəmizin hər
bir regionunda inkişaf etdirilməsi vacib olan
sahibkarlığın Mingəçevirdə də
inkişafı üçün münbit şərait
yaradılıb. Burada sahibkarlığın
inkişafını şərtləndirən əsas fakt
qeydiyyat prasedurların sadələşdirilməsi, yeni bank
filiallarının açılması və əhaliyə
verilən kreditlərin durmadan artması ilə
bağlıdır. Bunun nəticəsidir ki, keçən il
bu fəaliyyət üçün qeydiyyatdan keçən
sahibkarların sayı 510 nəfər olub. Son 7 ildə
onların fəaliyyəti üçün dövlət
büdcəsindən 29 milyon manat kredit verilib. Sahibkarlığın
inkişafı ilə bağlı Mingəçevirdə yeni
müəssisələrin açılması da diqqət mərkəzində
olub. Bunlardan 6-7 il əvvəl fəaliyyətə
başlamış "Kür" Elektron Avadanlıqları
İstehsalı və "İnterenerji" MMC, eləcə də
uzun illər fəaliyyətsiz olan "Mingəçevir
İzolit" ASC özəlləşdirildikdən sonra şəhərin
indiyə qədər sabit və məhsuldar iş rejimində
işləyən əsas sənaye müəssisələridir.
Son vaxtlar fəaliyyətini bərpa edən
"Azneftmaş" və "Mingəçevir
maşınqayırma zavodu" ASC-lər həm sakinlərin
işlə təmin olunmasında, həm də ölkənin
idxal yönümlü sənaye məhsullarına olan tələbatının
ödənilməsinə yardımçı olan sənaye
müəssisələridir. Hal-hazırda Mingəçevirdə
fəaliyyətdə olan digər müəssisələr də
"Azəraqrartikinti" ATSC-nin Mingəçevir dəmir
beton məmulatları filialı, "Mingəçevir
Regenerat", "Zeynalabdin", "Kür çörək"
ASC-lər də əvvəlki illərə nisbətən daha
məhsuldar işləyib və əməkçilərinin
orta aylıq əmək haqların 30-35 faiz yüksəlməsinə
nail olublar. Bütün bu işlər isə öz müsbət
nəticəsini göstərməkdədir. Belə ki, son 7
ildə ümumi məhsul buraxılışı 1,3 dəfə,
özəl bölmədə sənaye məhsulu istehsalı
isə 5,8 dəfə artmışdır.
Son
illər Azərbaycanda turizm istiqamətində atılan məqsədyönlü
addımların sayəsi nəticəsində bir çox
regionlar turizm mərkəzinə çevrilməkdədir. Bu
sahə üzrə bir çox uğurlar qazanmış Mingəçevir
şəhəri artıq turizm mərkəzlərindəndir.
Mingəçevir Kür çayının sağ və sol
sahilini əhatə etdiyindən onun iqlimi və coğrafi
mövqeyi ilin bütün fəsillərində turizm
üçün çox əlverişlidir. Mingəçevirdə
ilin günəşli günlərinin sayı 240-250-yə
çatdığından burada il boyu su idman növləri ilə
məşğul olmaq imkanı yaranır. Yay
mövsümündə isə şirin sulu çimərliyi,
Kür qırağının əcəb füsunkar
seyrangahı ilə xoş əhval-ruhiyyə yaradan Mingəçevir
istirahət etmək istəyənlərin ən sevimli yeri ola
bilər. Qeyd edək ki, isti yayı burada keçirtmək istəyənlərin
mətbəx problemi də ola bilməz. Belə ki, mingəçevirlilər
və şəhərin qonaqları Kür çayının
sahilində eləcə də şəhərin müxtəlif
yerlərində olan restoran və yeməkxanalar şəbəkəsinin
xidmətindən istifadəyə edə bilirlər. Yeni istifadəyə
verilmiş dördulduzlu "River Side" hoteli müştərilərə
Avropa standartları səviyyəsində xidmət göstərir.
Buradakı qayıqlar, su velosipedləri və su motosiklləri
ilə gəzintiyə çıxmaq insana unudulmaz anlar
yaşadır. Mingəçeviri turizm üçün cəlbedici
edən amillərdən biri də burada ovçuluq
üçün əlverişli şəraitin
olmasıdır. İlin bütün fəsillərində
balıq ovu ilə məşğul olmaq mümkündür.
Şah mavi, şırvıd, xəşəm, sazan Mingəçevir
su hövzəsindəki balıq növlərindəndir.
Kür çayında olan xərçənglər
özünəməxsus dadı və müalicəvi əhəmiyyəti
ilə fərqlənir. Hal-hazırda Mingəçevirdə 27
mədəniyyət müəssisə ilə yanaşı
Mingəçevir Dövlət Dram Teatrının binası,
Kür çayının üzərində keçən əsrin
ortalarından qalma körpü də memarlıq abidələri
kimi gələn turistlərin zövqünü oxşaya bilər.
Hazırda Kür çayının sağ sahilində səkkiz
mərtəbəli beşulduzlu mehmanxananın tikintisi, eləcə
də yaxın gələcəkdə Kür
çayının sol sahilindəki parkın yenidən
qurulması, Mingəçevir su anbarının sahilindəki
parkın yenidən qurulması, Mingəçevir su
anbarının sahilində isə Avropa standartlarına
uyğun sağlamlıq- istirahət kompleksinin tikintisinə
başlanılacaqdır. Ümumiyyətlə, iri turizm mərkəzlərinin
yaradılması şəhərin turizm zonası kimi daha da
genişlənməsinə gətirib çıxardacaq. Nəticədə
şəhər daha çox turist qəbul edərək,
öz büdcəsini bu mənbədən gələn gəlirlə
artıracaq. Ölkəmizdə 2011- ci ilin "Turizm ili"
elan olunması da bu sahənin şəhər üzrə daha
da uğurla davam etdiriləcəyindən xəbər verir.
Bəli,
Mingəçevir tikilir,qurulur, bir-birindən maraqlı layihələrin
icrası ilə inkişafda seçilməyə
çalışır. Təsadüfü deyil ki,
görülən işlərlə yaxından tanış
olmaq üçün tez-tez regionlara baş çəkən
dövlət başçısı İlham Əliyev Mingəçevir
şəhərinə son səfərində (2010-cu il oktyabr)
burada "Kür" Olimpiya Tədris İdman mərkəzinin
açılışında iştirak etmiş, şəhərin
gözəlliyini isə bu fikirlərlə dəyərləndirmişdir.
"Mən
keçən il də, ondan əvvəlki illərdə də,
2003-cü ilə qədər də Mingəçevirdə
olmuşam. Şəhər tamamilə müasirləşib,
gözəlləşib, böyük abadlıq- quruculuq
işləri aparılır, xiyabanlar, parklar salınır,
binalar təmir olunur. Yəni Mingəçevir çox
müasir,gözəl şəhərə çevrilibdir və
bu məni çox sevindirir. Mən istəyirəm ki, hər
bir şəhərimiz öz gözəlliyi ilə
seçilsin. Sizə, bütün mingəçevirlilərə
isə bu işlərdə yeni uğurlar arzulayıram. Bir daha
sizi təbrik edirəm".
GUNEL İSAYEVA
Ədalət.- 2011.- 28 may.- S. 6.