GÖZ OXŞAYIB, KÖNÜL AÇAN TOVUZ

 

Azərbaycanın bu dilbər guşəsində saz-sözlə yanaşı, iqtisadi inkişaf da ruhu oxşayır

 

Azərbaycan adlanan məmləkətin istənilən guşəsi özünəməxsusluğu, xüsusilə coğrafi baxımdan fərqlənməsi ilə həmişə diqqəti çəkir. Biz coğrafi baxım deyəndə burada həmin o regionun yer quruluşunu, onun malik olduğu təbii füsünkarlığı da diqqətə çatdırmaq istəyirik. Görünür, əksər iqlim qurşaqları altında olan Azərbaycanın Tanrı sevgisindən yaranması da təsadüfi deyil. Əksinə, bu Allahın Azərbaycan xalqına, Azərbaycan insanının lütfüdür ki, onun hər qarışında xaliqələr yaratmaq, onun torpağının hər qarışından bəhrələnmək mümkündür.

Azərbaycan prezidenti İlham Əliyev cənablarının bütün çıxış və məruzələrində belə bir məqam xüsusilə vurğulanır ki, Azərbaycan dövlətinin məqsədi, məramı Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı günü-gündən inkişaf etdirmək, onu dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sıraya çıxarmaqdır. Elə bu səbəbdəndir ki, ölkə prezidentinin məlum qərarı ilə regionların inkişafına dair xüsusi qərar da qəbul edilmişdir. Məhz həmin qərara uyğun olaraq Azərbaycanın regionları hər gün inkişaf edir, hər gün yeniləşir. Onun təkcə siması deyil, həm də həmin bölgədə yaşayan Azərbaycan insanının maddi durumu da yüksəlir.

Bu gün inkişaf edən, özünün uğurları ilə Azərbaycanın regionları arasında yerini daha möhtəşəm şəkildə təqdim etməyə çalışan bölgələrimizdən biri də Tovuz rayonudur.

 

Tovuzun bu günü

 

Öncədən onu qeyd edək ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra digər rayonlarımız kimi Tovuzda da həyat yenidən nizamlanmağa, müstəqil dövlətin qanunlarına uyğun yaşayıb fəaliyyət göstərməyə doğru əməli bir kurs götürdü. Sovet dönəmindən qalmış və artıq öz erasını başa vurmuş təsərrüfat sistemləri ləğv edildi. Torpaqların özəlləşməsi, hər kəsin öz əmlak payına sahib çıxması, konkret olaraq hər bir tovuzlunun özünü, öz rayonunu, öz kəndini, hətta öz məhəlləsinin sahibi kimi hiss etməsi insanlara yeni həvəs, yeni ruh yüksəkliyi gətirdi. Azadlığın, müstəqilliyin şirinliyini, dadını duyan, xalqımızın bir hissəsini təşkil edən tovuzlular da məhz yeni Azərbaycan üçün, yeni Tovuz üçün yaşayıb işləməyə başladılar. Bunun nəticəsində də rayonda həyat qaynamağa, dağılmış infrastrukturlar bərpa olunmağa başlandı.

Bu gün Tovuz sözün həqiqi mənasında bir tikinti meydanını, bir əmək meydanını xatırladır. Statistikaya müraciət etsək, onda tam əminliklə demək olar ki, təkcə bu ilin birinci rübündə rayonda məhsul istehsalının və xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki müqayisəli qiymətlərlə 30 milyon 40 min 200 manat təşkil etmişdir. Bu isə respublika üzrə ən yüksək göstəricidir. Yəni faktı bir az açıqlasaq, onda məlum olar ki, həmin müvafiq dövrlərin müqayisələrinin qiymətinin respublika göstəricisi 17,3 faiz artım deməkdir. Bu nəticəyə məhz Tovuzda, gərgin əməyin, işə peşəkar yanaşmanın, həm də hər bir məsələdə əsl sahibkar mövqeyi ortaya qoymaqla nail olunmuşdur.

 

Torpağın bərəkəti

 

Çox müqəddəs bir deyim var. Həmin bu müqəddəs deyimdə vurğulanır ki, "torpaq deyir öldür məni, dirildim səni". Əslində bu, çox böyük bir mənanı özündə əks etdirən gerçəklikdir. Söhbət heç də torpağı fiziki anlamda öldürməkdən getmir. Ümumiyyətlə, torpağın qədir-qiymətini bilən, onun alın təri ilə cücərtdiyi bar-bərəkətin dadını bilən hər kəs torpağı həmişə gözü üstə, ovcunun içində saxlayıb əzizləyir. Bilirik ki, məhz torpaq həm şərəfdi, həm namusdu, həm də son sığınacaq. Bütün bunlarla yanaşı, torpaq həm də insanı maddi və mənəvi cəhətdən yaşadan bir gerçəklik, bir varlıqdır. Elə tanrı da məhz torpağı insan üçün, insanı da torpaq üçün yaradıb.

Bu gün gəzib gerçəklikləri ilə tanış olduğum Tovuzda kənd təsərrüfatı inkişaf edən, özü də müasir tələblərə cavab verən bir inkişaf yoluna çıxan həyat anlamı təsiri bağışlayır. Baxdıqca adamın ürəyi dağa dönür, gözləri sevinir. Bar verən bağlar, əkilib-becərilən təsərrüfat sahələri, xüsusilə heyvandarlığın ət, süd, yumurta istehsalının, toxumçuluq sahəsinin, qarğıdalı, kartof, tərəvəz sahələrinin inkişafı adamı sevindirir. Təsadüfi deyil ki, təkcə ötən ilin sonlarına görə, rayonda 1078,9 ton ət, 6075 ton süd, 3 milyon 284 min ədəd yumurta istehsal edilmişdir. Bütövlükdə 2010-cu ilin I rübü ilə müqayisədə cari ilin I rübü arasındakı fərq demək olar ki, 0,2 faiz artımla qeydə alınmışdır. Bu da yenə əvvəldə dediyimiz kimi, hər kəsin təsərrüfata sahibkar kimi yanaşması, ona ən yüksək aqrotexniki qaydalara uyğun qulluq göstərilməsinin nəticəsidir. Bütün bu uğurların içərisində məhz heyvandarlıq və kənd təsərrüfatının digər sahələrində əldə edilmiş məhsulların istehsalı üçün xüsusi emal müəssisələrinin tikintisi də diqqətdən yayınmamışdır.

Ötən il kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində xeyli uğurlar əldə edən tovuzlular qazandıqları nəticələrdən ruhlanaraq indi təsərrüfat imkanlarını, əkin-biçin sahələrini bir az da genişləndiriblər, üzümçülüyə diqqəti bir az da artırıblar. Təsadüfi deyil ki, hazırda rayonda 420 hektar üzüm bağı var ki, bunun da 320 hektarı məhsuldar bağlardı. Əgər ötən il üzüm bağlarından 4970 ton məhsul götürülmüşdürsə, bu il onun daha da artırılacağına artıq şübhə yeri qalmayıb. Çünki bağlarda becərmə işləri diqqətlə aparılır, gübrə və dərmanlanma prosesləri vaxtlı-vaxtında həyata keçirilir.

Yeni üzüm bağlarının salınması rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi proqramının tərkib hissələrindən biridir. Yəni üzümçülüyün inkişafı bir çox baxımdan rayonda həm işsizliyin aradan qaldırılması, həm emal müəssisələrinin tam gücü ilə işləməsi üçün geniş imkanlar açır. Bu da son nəticədə insanların rifah halının yüksəlməsinə gətirib çıxarır. Rayonun böyük imkanları var və bunu nəzərə alan Tovuz rayon rəhbərliyi də 2-3 min hektar üzüm sahəsi salmaq və ən azı 10 ədəd mini şərab zavodları tikdirmək üçün artıq əməli fəaliyyətə başlayıblar. Bunun üçün Yuxarı Öysüzlü kəndi ərazisində dəmyə torpaqlardan yararlanmaq nəzərdə tutulur. Təbii ki, digər ərazilərdə də imkanlar nəzərə alınmaqla üzümçülüyün inkişafına şərait yaradılmaqdadır. Həmçinin rayonun Bozalqanlı, Əlimərdanlı, Əlibəyli və Düz Qırıqlı kəndlərində istixanalar düzəldilmişdir.

 

(Ardı var)

  

 

Ceyhun Rüstəmov

 

Ədalət.- 2011.- 3-4 may.- S. 7.