ONLAR VƏ MƏMLƏKƏTİMİZ
Tanınmış yazar və siyasətçi
Məhəmməd Saleh: AZƏRBAYCANDA DA İŞLƏRİN
DAHA GÖZƏL GEDƏCƏYİNƏ İNANIRAM - 2
"Onlar
və məmləkətimiz" proyektinin davamı olan bu
yazılarımızda da məqsədimiz
özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq
davam etməkdi. Biz araşdırıcı deyilik və bir
yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim
üçün maraq doğurmaya bilməz. Təbii ki, bu
gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm
də qonşu Türkiyədə bizim kimliyimiz daha çox
söhbət yaradır və bu da bizi sevindirməyə bilməz.
Yüz illər sonra da güman ki, bu məsələ yada
düşə bilər və buna qəti hökm vermək qənaətimiz
yoxdu. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri yazar
insanların məmləkətimiz və bizlər haqqında
görüşləri bizim üçün yad olmamalıdı.
Və gələcək araşdırıcılar
üçün bu gün yazılanlar daha bir fakt olaraq diqqəti
çəkəcək.
-Məhəmməd
Bəy, mənim bildiyimə görə Siz Azərbaycanda
çox olmusuz. Azərbaycanda olan dəyişikliklərlə
Özbəkistanda olan dəyişikliklər arasında nə
kimi fərqlər var? Şübhəsiz hər iki xalq öz
azadlığını, öz müstəqilliyini istəmiş.
Bunu bilirik. Amma bunların seçdiyi yollar necədi?
-Baxın
bu var. Mən Əbülfəz Elçibəyi çox
gözəl tanıyıram. Və Bakını da gözəl
bilirəm. Bakı bizim paytaxtımız olan Daşkəndə
nisbətdə çox təmizlənmiş. Özbəkistanın
paytaxtında hələ də ruslar çoxdur. Yəni, əgər
bunu rəqəmlərlə desək 100-də qırx altı
və ya yarı-yarı ruslar var. Və bax, elə buna görə
də seçkilərdə biz mərkəzdə, yəni
Daşkənddə heç bir şey qazana bilmədik.
Seçkilərdə KQB baş rol oynadı. O yerlərə
ki, o kəndlərə ki, onların əli
çatmırdı, oralarda biz qazandıq. Bizim dəstəyimiz
daha çox oldu. Mən indi hakimiyyətdə olanların da,
xalqın da nə istədiklərini bilirəm az-çox.
Xalqın bu vaxta qədər yaşadığı bir dövr
KAĞIZ dövrü kimi qiymətləndirilməlidi.
Dağılır və çökəcək. Əgər
Özbəkistan ayağa qalxsa, Azərbaycanda da işlərin gözəl gedəcəyinə
inanıram.Türkmənistanda, Daşkənddə və
bütün türk respublikalarında bir
yaxşılığa doğru yolun genişlənəcəyinə
mən inanıram. Mən belə düşünürəm
ki, Özbəkistan türk respublikalarının
açarıdır.
Elçibəyi
mən çox sevirdim. O həddən artıq təmiz və xoş
könüllü bir insan. Həddən ziyadə demokratik
görüşlü bir siyasətçi idi. Belə bir
şey var, Tevfik bəy, siyasət adamının bu cür
yumşaqlığı da bir şey deyil. Bu mənim öz fikrimdir:
qan tökmədən azadlıq qazanmaq mümkün deyil. Sən
qan tökmürsən, sənin qanını tökürlər.
Pis insanların qanı halaldır. Mən də hümanistəm.
Amma dövlət üçün, millətin
azadlığı üçün başqa yol yoxdur.
Türkiyə bir dövlət olaraq, Türklük bir qüvvət
olaraq bizim arxamızdadır. Belə deyək ki, çox ola
bilir Süleyman Dəmirəl daha yaxşı adam ola bilir, nə
bilim Çillər Qərbin, Amerikanın adamı ola bilir.
Bunlar hamısı keçib gedər. Ən əsası, ən
vacibi, ən önəmlisi TÜRKİYƏ var. Bizim
arxamızda TÜRKİYƏ var.Yenilməz TÜRK milləti
var...
Yazıya
not:
Biz hələ
bir az yaşayacayıq bu Türkiyədə. Hələ
1993-cü il idi. Mən də yenicə gəlmişəm
Türkiyəyə, Məhəmməd Saleh də
düşünürəm ki, yeni gəlib. Daha doğrusu,
özünün də dediyi kimi, qaçıb gəlib.
Qaçıb gəlib ki, Türkiyədə öz işini
davam etdirsin. İçində bu ümid var. Və Məhəmməd
Saleh belə demişdi sön sözlərində:
"Ən
əsası, ən vacibi, ən önəmlisi TÜRKİYƏ
var. Bizim arxamızda TÜRKİYƏ var. Yenilməz TÜRK
milləti var. "
Bəli,
belə demişdi 1993-cü ildə...
Sonralar,
çox sonralar mən bir daha Məhəmməd Salehi görməyəcəm,
yalnız onun haqqında türk mətbuatında
çıxan xəbərləri və yazıları izləyəcəm,
heç şübhəsiz. İzləyəcəm və
ağılalmaz şeylərin şahidi olacam.
Məhəmməd
Saleh bir ortaq davanın, yəni Türkiyə ilə Özbəkistanın
münasibətlərinin qurbanı olaraq, top kimi ora-bura
vurulacaq.
Eşidəcəyəm
ki, Türkiyədən qovmaq istəyirlər onu. Bunu mən
eşidəcəm və inanmayacam Türkiyənin bəzi
bürokratlarının ona eləyəcəyi bu
"yaxşılığa". İnanmamağa da bir əsas
yox. Mən buradayam, bu işin içindəyəm və qəsdən
mən Məhəmməd Salehlə görüşmək də
istəmirəm, bütün bu hadisələr olan zamanlarda.
Kərimov
Türkiyəyə gəlib-gedəcək və günün
birində Türkiyə dövlətindən Məhəmməd
Salehin əsil mənada sürgün olunmasını tələb
eləyəcək. Bəli, əsil mənada sürgün
olunmasını tələb edəcək.
Məhəmməd
Saleh Almaniyaya gedəcək.
Baxın,
burada mən bir mötərizə açmaq istəyirəm və
açıram (mənim nə işimə qalıb bu Məhəmməd
Saleh. Yox, söhbət burada yalnız Məhəmməd Saleh məsələsi
deyil. Türkiyənin başqa bir üzünün
tanıtılması və tanınmasıdır məsələ.
Ola bilsin, bir az keçəcək başqa bir vəziyyət
yaranacaq, ancaq buna inanmıram və Məhəmməd Salehin
başına gələn bu işlər bundan sonra şəkərə,
bala tutulsa da fərq etməz onun üçün. Bilmirəm,
bəlkə də Məhəmməd Saleh heç belə də
düşünmür. Və mən elə bu düşüncənin
qorxusundan da onunla görüşmək istəməmişəm.
Çox ola bilsin Məhəmməd Saleh böyük bir təvözakarlıq
eləyərək başqa şeylər desin. Bunun mənə
nə fərqi. Bu onun özü üçündür).
...Bəli
Kərimov tələb eləyəcək və bu tələbi
Türk Dövləti qəbul edəcək.
Qəbul
eləməyə də bilməz. Çünkü necə qəbul
eləməsin: nə boyda pullar qazanır Özbəkistanda
türk adamları. İki dövlətin münasibəti bir Məhəmməd
Salehə qurban edilməyəcək ki..
Bildiyim
qədəri Məhəmməd Saleh Türkiyədən
baş alıb gedəcək "faşist Almaniyasına".
Türkiyədən
qovlanan və özü də özbəöz bir türk
dövləti, türk vətəni üçün
mübarizə eləyən bir adam 1993-cü ildə "Ən
əsas, ən vacibi, ən önəmlisi Türkiyə var.
Bizim arxamızda Türkiyə var. Yenilməz Türk milləti
var" deyən bir adam həmən Türk Dövlətinin sərhədləri
içərisində yaşamaqdan mərhum ediləcək və
faşist Almaniyasına gedəcək...
Türk
qəzetləri bunu açıb ağartmayacaq. Bunun
üstünü vurmayacaq.
Yalnız
bir qəzetdən başqa.
"Ortadoğu"
qəzeti səsini qaldıracaq və onun bir yazarı
aşağıdakıları yazacaq :
Yazı:
Məhəmməd Saleşin dramı
"Özbəkistanın
ƏRK Partiyasının Lideri, Türk Dünyasının
tanınmış yazarı və şairlərindən Məhəmməd
SALEH bugünlərdə Kərimovun bu ölkəyə gəlişi
daha xoş keçsin deyə və Kərimovun gönlü
xoş olsun deyə rəsmi səfərdən qabaq bəhanə
edilərək sığındığı Türkiyədən,
onun sərhədlərindən kənara
çıxarılır.
Saleh
1994-ci ildə "Türkiyə ilə Özbəkistan
münasibətlərini pozursan" səbəbiylə
Türkiyədən ayrılmağa məcbur edilmişdi və
Almaniyaya getmişdi.Almaniyada təyyarədən enər-enməz
Alman TV və qəzetlərinə mənsub bir çox
jurnalist onun başına toplanmış və
soruşmuşlar:
"Siz
türksünüz. Və bir türk aşiqi olaraq
türkçüsünüz. Elə isə Türkiyə nədən
ona sığınan bir azadlıq və türk mühacirini
qovmuşdur?".
Yüksək
ürək sahibi bunları söyləmişdir": Mən
Türkiyə əleyhində heç bir şey söyləyə bilmərəm.
Türkiyədə bir neçə adamın
yanlışları bütün bir millətə aid edilə
bilməz. "
Məhəmməd
Saleh iki il yarım Almaniyada sürgündə yaşadı.
Türkiyəyə gəlməsinə göz yumuldu.
Çünki Kərimovla Türkiyə arasında bəzi
problemlər yaşanır. Özbəkistan Lideri Əfqanstandakı
Taliban qorxusu üzündən gərəksiz yuxular
görürkən, Moskvaya şirin görünmək
üçün onların təklifiylə Atinaya ziyarətə
gedəcəkdi. Beləcə Rusiya həm bir türk
Cümhuriyyəti Liderinin Türkiyəyə qarşı
gerçəkləşdirdiyi Slav-Ortodoks İttifaqının
cənub mehvərini ziyarət etməsinə kömək eləyir,
həm də Özbəkistanda hələ mənim
sözüm keçir, dinlənir kimi bir mesaj verirdi
Dünyaya.
Kərimovdan
başqa heç bir
türk Dövlətinin lideri bugünə qədər
Yunanıstanı ziyarət etmədi.
Əlbəttə,
Türkiyə Özbəkistanla Məhəmməd Salehdən
ötrü ekonomik-siyasi münasibətlərini
pozacaq deyil. Ancaq bu var ki, Məhəmməd Saleh də Kərimovun
şəxsi münasibətinə qurban vermək də
Türk Millətinin böyük ənənələrinə
yaraşmır, bəylər!
Çünki
Məhəmməd Salehlər türk millətinin gələcəyidir.
Onun liderliyini elədiyi Ərk Demokrat Partiyası bu gün
yalnız Özbəkistanda deyil, Türkmənistanda da,
Tacikistanda da, Qazaxıstanda da böyük bir güc olaraq qiymətləndirilir.
Moskva Məhəmməd Salehə xəbər üstünə
xəbər göndərərək "Kərimovla birlikdə
işləməyi "təklif edir. O, bütün bu təklifləri
rədd eləyir və israrla "Türkiyə" deyir.
Belə
bir insana göstərilən ögeylik, gələcəyin
günlük siyasətə qurban edilməsi Məhəmməd
Salehlərin şəxsində "Adryatik"dən Çin
səddinə" qədər şüarının içi
boş bir nağaraya dönüşdürülməsindən
başqa bir şey deyildir ki?
Mənə
elə gəlir ki, belə bir vəziyyətdə Kərimovu
da günahlandırmaq bir o qədər də olmaz.
Çünkü o özü də başçılıq
elədiyi rejimdə normal olanı eləyir.
Bizi
üzən Türk Hökumətinin
Kərimova bir alət olmasıdır.
İnsan
Haqlarını Müdafiə təşkilatları, ABŞ
demokratik quruluşları, Məhəmməd Salehə xəbər
göndərir, ona hər cür yardıma hazır
olduqlarını bildirirlər. Məhəmməd Saleh isə
ikinci dəfə ürəyindəki dərdləriylə,
gönül ağrılarıyla çox sevdiyi Türkiyəyə
bəlkə bir də gəlməyəcəyini bilərək
"Əlvida" deyir.
Neyləyək
ki, əziz dostum Məhəmməd Saleh, sən bu böyük
imtahanlara hazır olmasaydın, illər öncəsi
yazdığın o gözəl şeirində bu misralara yer
verməzdin:
Əgər belə fırlatmasalardı
məni ordan-bura
Necə qalxa bilərdim
düşdüyüm göy üzünə...
Gülə-gülə, Saleh!
Tofiq Abdin
Ədalət.- 2011.- 28 may.- S. 15.